Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-330/2022 15.03.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 5 saylı regional ərazi filialı) ailə başçısını itirməyə görə əmək pensiyanın təyin edilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 5 saylı regional ərazi filialı qarşı iddia ərizəsi ilə 30.11.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, ona hüququnun yarandığı 10.03.2019-cu il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1958-ci ildə anadan olmuşdur, 28.10.1978-ci ildə X4 ilə ailə qurmuşdur. X4 1977-ci ildən 1996-cı il tarixədək kombinatda saatsaz işləmişdir, bu fakt arxiv arayışı ilə təsdiq olunur. X4 06.03.1996-cı il tarixdə vəfat etmişdir. 10.03.2019-cu ildə iddiaçının 62 yaşı tamam olduğuna görə pensiya hüququ yarandığı üçün ailə başçısını itirməyə görə pensiyaya çıxmaq üçün cavabdeh orqana müraciət etmiş, sonuncu isə bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X6 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yaranması üçün iddiaçının mərhum əri X1 münasibətdə tələb olunan sığorta stajı 08 il 04 aydır. Lakin iddiaçının mərhum ərinin “Əhaliyə Məişət Xidməti Kombinatı”-da işə daxil olma tarixi bəlli olsa da işdən azad olma barədə əmri qeyd edilməmişdir, bundan əlavə şəxsin əmək kitabçası yoxdur. Bu səbəbdən də iddia tələbinin rədd olunması xahiş edir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddianın mahiyyətindən də məlum olur ki, iddiaçının hüquqi marağı ona 10.03.2019-cu il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun; -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. -17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. -12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, iddiaçı X5 ilə 28.10.1978-ci il tarixdə nikaha daxil olmuşlar, sonuncu 07.03.1996-cı il tarixdə ölmüşdür. AR Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsinə əsasən, on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Sözügedən Qanunun müvafiq normasının tələblərinə müvafiq olaraq İddiaçı mərhum əri X2 münasibətdə qanunla tələb olunan sosial sığorta stajı 08 il 04 aydır (40 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 25 il (əmək qabiliyyətli yaş dövrü); 25 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 100 ay; 100 ay: 12 ay = 08 il 04 ay). İddiaçının mərhum ərinin sosial sığorta stajı ilə bağlı qeyd edilməlidir ki, onun əmək kitabçası yoxdur. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Tərtər rayon Dövlət Arxivinin 05.01.2022-ci il tarixli 01 nömrəli arayışında B.B.Abdullayevin “Əhaliyə Məişət Xidməti Kombinatı”-da 25.07.1977-ci il tarixdə kombinata saatsaz təyin edildiyi, lakin 1994-cü il tarixdən sonrakı illərin əmr kitabları Dövlət Arxiviə təhvil verilmədiyi üçün işdən azad olunması barədə məlumatın təqdim edilə bilmədiyi qeyd edilmişdir. Həmçinin Tərtər rayon Dövlət Arxivinin 01.02.2022-ci il tarixli 03 nömrəli məktubunda “Əhaliyə Məişət Xidməti Kombinatı”-nın əmək haqqı cədvəllərinin mühafizə olunması üçün rayon arxivinə verilmədiyi qeyd olunmuşdur. İddiaçının mərhum ərinin işdən azad edilməsi barədə əmr, eləcə də əmək haqqı cədvəllərinin arxivdə olmaması onun 25.07.1977-ci il tarixdən sonra nə qədər müddətdə işləməsini müəyyən etməyə imkan vermir. Bu səbəbdən də iddia olunan dövrlərin sığorta stajı kimi nəzərə alınması mümkün deyil. Beləliklə müəyyən olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq iddiaçının mərhum ərinin qanunla tələb edilən 08 il 04 ay sosial sığorta stajı olmadığından ailə başçısını itirməyə görə pensiya almaq hüququ yaranmır. Qeyd olunur ki, hər bir iddia tələbininin arzu olunan hüquqi nəticəsi olmalıdır. Göründüyü kimi inzibati orqanın müvafiq imtinası nəticəsində iddiaçının hüquqlarının pozulması halı baş verməmişdir. Ona görə də hazırki iş üzrə iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı ailə başçısını itirməyə görə əmək pensiyanın təyin edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-330/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-330/2022
15.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver