Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-330/2024 29.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı “X10” MMC-nin Cavabdehnə qarşı qərarın etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin direktoru X2 iştirakı ilə, İddiaçı “X10” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə (üçüncü şəxslər "xxxx" firması və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti) qarşı Cavabdeh xx.xx.2003-cü il tarixli 76 saylı qərarının etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,16564 ha həyətyanı torpaq sahəsi "xxxx" MMC-nin adına qeydə alınmışdır.
2. Şəmkir bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 76 saylı qərarına və xx.xx.2003-cü il tarixli 14 saylı icarə müqaviləsinə əsasən "xxxx" Firmasına 0,33 ha torpaq ayrılmış və bu barədə “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-3885 KOD 50400001 nömrəli şəhadətnamə tərtib edilmişdir.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, 178 nömrəli sərəncamına əsasən ünvan 1 ünvanındakı əmlak kompleksinin yerləşdiyi 12954.0 kv.m torpaq sahəsinə görə "xxxx" MMC ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında xx.xx.2022-ci il tarixli 3823 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinə əsasən icarəçi – “X10” MMC torpaq sahəsinin illik icarə haqqı 10363,2 manat, aylıq icarə haqqı 863.6 manat olmaqla hər ay vaxtlı-vaxtında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına ödəməyi, icarəyəverən - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti isə ünvan 1 ünvanındakı əmlak kompleksinin yerləşdiyi 12954.0 kv.m torpaq sahəsini “X10” MMC-nin müvəqqəti istifadəsinə verməyi öhdəsinə götürmüşdür.
4. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-1(114)-1276/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** nömrəli xx.xx.2022-ci il tarixli qeydin ləğv edilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
5. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 1(104)-135/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-1(114)-1276/2022 nömrəli qərarı ləğv edilmiş, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxs “X10” MMC) daşınmaz əmlakın dövlət reyestrində qeydin ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır.
6. "xxxx" MMC-nin Şəmkir şəhərində yerləşən 0.2017 ha sahibkarlıq torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş, inzibati orqan isə 02 noyabr 2022-ci il tarixli məktubu ilə bildirmişdir ki, təqdim edilmiş sənədlərə dair məlumatlar araşdırılmış, yerində müayinə baxışı keçirilmiş, elektron baza məlumatları ilə yoxlanılmış və təqdim edilmiş JN-3885 nömrəli şəhadətnamə ilə bazada olan çıxarışın üst-üstə düşdüyü məlum olmuşdur. Belə ki, təqdim edilmiş sənədlərdə göstərilən 0.2017 ha torpaq sahəsinin içərisində 11.7x10.3 m ölçüsündə qeyri-yaşayış binası olmaqla, 0.1141 ha hissəsini başqa vətəndaşlar istifadə edərək, adlarına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Ona görə də eyni torpaq sahəsinə dair qanunamüvafiq olmayan qaydada təkrar qeydiyyatın aparılmasının mümkün olmadığını nəzərə alaraq, 0.2017 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizənin icrası mümkün olmamışdır.
7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-40/2-938/2023 nömrəli məktubunda bildirilmişdir ki, 0.2017 ha torpaq sahəsinin içərisində yer alan əmlaklardan X1 adına ünvan 3 ünvanında yerləşən 0.0457 ha sahibkarlıq təyinatlı torpaq sahəsinə dair 28 oktyabr 2014-cü il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarış, Şəmkir şəhərində yerləşən 0.0389 ha sahibkarlıq təyinatlı torpaq sahəsinə X1 adına 14 fevral 2023-cü il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarış, Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən 0.0009 ha sahibkarlıq təyinatlı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 8.0 kv.m olan qeyri-yaşayış binasına dair X4 adına 02 iyun 2009-cu il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarış və ünvan 4 ünvanda yerləşən 27.8 kv.m olan qeyriyaşayış binasına dair X3 adına 24 oktyabr 2012-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir.
8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-40/2-1266/2023 nömrəli məktubunda bildirilmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, “X10” MMCyə məxsus xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəmkir şəhəri, 20 Yanvar kçüəsi, 122 ünvanında yerləşən 0.16564 ha torpaq sahəsi ilə "xxxx" MMC-yə Şəmkir bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 76 saylı qərarı və xx.xx.2003-cü il tarixli 14 saylı icarə müqaviləsi əsasında tərtib edilmiş JN-3885 KOD 50400002 saylı şəhadətnamə əsasında verilmiş 0.33 ha torpaq sahəsi ilə üst-üstə düşmə halı aşkar edilməmişdir.
9. Məhkəmə qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) “X10” MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən əmlak kompleksinin sahəsi 1.2954 ha, mülkiyyət forması dövlət, kateqoriyası, yaşayış məntəqələrinin torpaqları, təyinatı üzrə ictimai tikinti altında olan torpaqlardır. 2) Şəmkir bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 79 saylı qərarı ilə "xxxx" firmasının icarəsinə verilmiş 0.33 ha torpaq sahəsinin kateqoriyası, yaşayış məntəqələrinin torpaqları, mülkiyyət forması dövlət, təyinatı üzrə ictimai tikinti altında olan torpaqlardır. Həmin torpaq sahəsinin Torpaqdan müvəqqəti istifadə hüququna dair JN-3885 kod 50400001 saylı şəhadətnamədə göstərilən 0.33 ha torpaq sahəsi ilə koordinatları, döngə nöqtələri, yerləşmə vəziyyətinə görə uyğunluq təşkil edir. 3) Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömıəli çıxarışına əsasən “X10” MMC-nin adına qeydə alınmış ünvan 7 ünvanında yerləşən 0.16564 ha tikintialtı sahəsinə aiddir və həmin torpaq sahəsinin koordinatları ilə Şəmkir bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 79 saylı qərarına əsasən "xxxx" firmasının icarəsinə verilmiş 0.33 ha torpaq sahəsinin koordinatları üst-üstə düşmür. Lakin, “X10” MMC-nin X8 Xidməti ilə bağladığı xx.xx.2022-ci il tarixli, 3823 saylı icarə müqaviləsi ilə 1.2954 ha torpaq sahəsi icarəyə götürülmüşdür. Həmin torpaq sahəsi ilə Şəmkir bələdiyyəsi tərəfindən "xxxx" firmasının icarəsinə verilmiş 0.33 ha torpaq sahəsi ilə 0.1453 ha hissədə üst-üstə düşür. 0.16564 ha torpaq sahəsi,1.2954 ha torpaq sahəsinin sərhədləri daxilində yerləşməklə tikintialtı sahədir və 0.33 ha torpaqla həmsərhəd deyil. II. Məhkəmədə icraat
10. İddiaçı "xxxx" MMC Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2003-cü il tarixli 76 saylı qərarının etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, 178 nömrəli sərəncamına əsasən ünvan 1 ünvanındakı əmlak kompleksinin yerləşdiyi 12954.0 kv.m torpaq sahəsinə görə “X10” MMC ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında xx.xx.2022-ci il tarixli 3823 nömrəli icarə müqaviləsi bağlanmışdır, icarəyə verilmişdir. İcarə müqaviləsinə əsasən toıpaq sahəsinin illik icarə haqqı 10363,2 manat, aylıq icarə haqqı 863.6 manat olmaqla hər ay vaxtlı-vaxtında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına ödənilmişdir. Torpaq sahəsinə görə çıxarış alınması ilə bağlı 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət edən zaman onlara məlum olmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən “X10” MMC-nə icarəyə verilmiş 12954.0 kv.m torpaq sahəsindən 0.33 hektar torpaq sahəsi Şəmkir Bəələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarı ilə "xxxx" firmasına icarəyə verilmişdir. Qeyd olunan torpaq sahəsi Əmlak Məsələləri Dövlət Xidmətinin balasında olmasına baxmayaraq, Şəmkir rayon Şəmkir Bələdiyyəsi onun balansında olmayan torpaq sahəsini qanunsuz olaraq "xxxx" firmasına icarəyə vermişdir. Hesab edirlər ki, Bələdiyyənin qeyd olunan qərarı qanunsuz olmaqla onların torpaq sahəsindən istifadə hüququnun pozulmasına səbəb olmuşdur.
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər
13. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" firması zəruri cəlbetmə qaydasında, xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
14. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə digər müvafiq prosessual hərəkətlər edilərək, işin məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək məhkəmə hazırlıq iclasına gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
15. Cavabdeh məhkəməyə xx.xx.2024-cü il tarixli 8/06 saylı ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş, üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü ilə bağlı məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir.
16. İddiaçı "xxxx" MMC-nin direktoru X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
17. Cavabdehin iddiaya dair yazılı münasibəti məhkəməyə daxil olmuş və onunla əsaslandırılmışdır ki, Şəmkir bələdiyyəsi Şəmkir Çinar yolunun sağ tərəfindən "xxxx" firmasına abadlıq, yaşıllıq və uşaq əyləncə xidmətinin təşkili məqsədilə 0,33 ha torpaq sahəsini uzun müddətə 50 (əlli) ilə icarəyə verilməsi haqqında 29 oktyabr 2003-cü il tarixdə 76 saylı qərar qəbul etmişdir. Həmin tarixdə Şəmkir bələdiyyəsi ilə "xxxx" firması arasında 0,33 ha torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə imzalanmışdır.
18. Üçüncü şəxslər "xxxx" firmasının və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin iddiaya qarşı yazılı etirazları məhkəməyə daxil olmamışdır. Əsaslandırma hissəsi:
19. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır.
20. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bənd 9. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
21. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
22. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
23. İş materialları ilə müəyyən olunur ki, Şəmkir bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 76 saylı qərarına və xx.xx.2003-cü il tarixli 14 saylı icarə müqaviləsinə əsasən "xxxx" Firmasına 0,33 ha torpaq ayrılmış və bu barədə “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-3885 KOD 50400001 nömrəli şəhadətnamə tərtib edilmişdir.
24. Hazırda iddiaçı həmin torpaq sahəsinin Əmlak Məsələləri Dövlət Xidmətinin balasında olmasını və Şəmkir rayon Şəmkir bələdiyyəsinin onun balansında olmayan torpaq sahəsini qanunsuz olaraq "xxxx" firmasına icarəyə verdiyini əsas gətirərək, sözügedən qərarın etibarsız sayılmasını xahiş edir.
25. Həmin iddia inzibati aktın etibarsızlığının tanınması ilə bağlıdır və müəyyən etmə və ya tanınma haqqında iddia növünə aiddir. Bu növ iddianın məqsədi hər hansı qeyri-müəyyən hüquqi vəziyyətin hüquqi cəhətdən məcburi qüvvəyə malik olubolmamasının aydınlaşdırılmasından ibarətdir.
26. Azərbaycan Respublikası İPM-ə görə: Maddə 2.22. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia). Maddə 36.1. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Maddə 36.2. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Maddə 36.3. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Maddə 36.4. Hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır.
27. İnzibati-Prosessual Məcəlləsində müəyyən etmə və ya tanınma haqqında iddianın üç növü: 1) hüquq münasibətinin mövcud olub-olmamasının müəyyən olunması (İPM- in 36.1-ci maddəsinin birinci yarımcümləsi); 2) inzibati aktın etibarsızlığının tanınması (İPM-in 36.1-ci maddəsinin ikinci yarımcümləsi); 3) artıq icra olunmuş inzibati aktın qanunsuzluğunun müəyyən olunması (İPM-in 36.2-ci maddəsi) təsbit edilmişdir.
28. Müəyyən etmə və ya tanınma haqqında iddia tələb hüququnun birbaşa həyata keçirilməsinə və ya inzibati hərəkətdən qorunmağa xidmət etmir. Əksinə, bu cür iddia qaldırıldıqda, ön planda hüquqi vəziyyətin aydınlaşdırılması məqsədi ilə hüquq münasibətinin müəyyən edilməsi yaxud hüquqi statusun tanınması durur. İddiaçının müəyyən etmə haqqında iddia vasitəsilə əsas iddia icraatı üzrə icra oluna bilən icra sənədinə nail olması mümkün olmadığından (sırf müəyyən etmənin icrası mümkün deyil), bu iddia növü hər hansı bir hərəkətin edilməsi və hər hansı bir vəziyyətin dəyişdirilməsi predmetinə malik olan iddialara münasibətdə ikinci dərəcəli əhəmiyyətə malikdir. Başqa sözlə, müəyyən etmə haqqında iddia, hüquqi təminata münasibətdə cəmləşdirici funksiyanı yerinə yetirir (İPM-36.4). Əgər şəxs ona icrası mümkün hüquqi nəticələr verən başqa, daha təsirli iddia növü seçmək iqtidarındadırsa, onda müəyyən etmə haqqında iddia subsidiar xarakter daşıyacaq və bununla da mümkün sayılmayacaqdır.
29. Subsidiarlığın mahiyyəti ondan ibarətdir ki, iddiaçı müəyyən etmə haqqında iddianı seçməklə başqa iddia növlərinin işin mahiyyəti üzrə qərar çıxarılması üçün zəruri olan xüsusi mümkünlük şərtlərindən yan keçmək və ya növbəti proseslərin yaranmasına səbəb olmaq imkanına malik olmasın. İnzibati aktın etibarsızlığının tanınması haqqında iddia hüquq münasibəti baxımından müəyyən etmə haqqında iddianın xüsusi halı olduğundan, müəyyən etmə haqqında iddia növünə aid tələblər bu iddia növü üçün də eynilik təşkil edir.
30. Bu baxımdan, inzibati mühakimə icraatı qaydasında baxılan inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın mümkün sayılması üçün: 1) mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2) iddiaçının inzibati aktın etibarsızlığının tanınması ilə bağlı kifayət qədər marağı olmalı; 3) iddiaçının bu marağı inzibati aktın etibarsızlığının qısa müddətdə tanınması ilə bağlı olmalı; 4) iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli olmalı; 5. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.5, 35.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə yükü iddiaçının üzərindədir.
31. Göründüyü kimi qanunverici digər ümumi mümkünlük şərtləri ilə yanaşı inzibati aktın etibarsızlığının tanınması haqqında iddiaya iki xüsusi mümkünlük – 1) iddiaçının kifayət qədər marağının olması; 2) inzibati aktın etibarsızlığının qısa müddətdə tanınması şərtini müəyyən etmişdir. Ümumi mümkünlük şərtlərinə əlavə olaraq hər iki imperativ xüsusi şərt birlikdə mövcud olduğu halda bu növ iddia mümkün sayıla bilər.
32. Nəzərə alınmalıdır ki, maraq intensiv olmalı, iddiaçı iddia ilə geniş mənada mənfəət (hüquqi, iqtisadi və ya ideya xarakterli) güdməli, iddianın mahiyyəti üzrə təmin edilməsi iddiaçı üçün maddi və ya qeyri-maddi nəticə yaratmalıdır. Əgər iddiaçı heç bir nəticə əldə etmək məqsədi olmadan iddia qaldırırsa, bu iddia hüquqi müdafiəyə ehtiyac olmadığı üçün yolverilməzdir (mümkün deyildir). İddiaçının marağı məhkəmə qərarı qəbul edilən anda da onun üçün əhəmiyyətli olmalıdır. Keçmişdə mövcud olmuş və məhkəmə qərarı qəbul edilən anda heç bir əhəmiyyət daşımayan maraq əsaslandırılmış maraq kimi qəbul edilə bilməz. Subyektiv hüququn pozulması haqqında şərt də məhz bunda ehtiva olunur. Ümumiyyətlə hər hansı bir inzibati aktın etibarsızlığının tanınmasına dair iddia inzibati orqanla vətəndaş arasında inzibati aktın hüquqi cəhətdən etibarlılığına dair mübahisə mövcud olan hallarda hüquqi müəyyənliyin bərqərar edilməsinə xidmət edir. Qanunsuz inzibati akt ləğv olunana qədər hüquqi təsirə malik olduğu halda, etibarsız inzibati akt qəbul edildiyi andan əhəmiyyətsiz sayılır və heç bir hüquqi nəticə yaratmır.
33. Məhkəmə qeyd edir ki, hazırkı iddia, yəni inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə hər hansı müddət olması müəyyən edilməsə də, belə bir müddət qərar qəbul edilən zaman qüvvədə olan mülki-prosessual qanunvericilikdə nəzərdə tutulmuşdur.
34. Belə ki, hazırda mübahisə olunan qərar İPM və “İnzibati icraat haqqında” Qanun qüvvəyə minməzdən əvvəl (Cavabdeh 76 saylı qərarı xx.xx.2003-cü il tarixdə) qəbul edilmişdir.
35. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti Azərbaycan Respublikasının xx.xx.2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə 26-29-cu fəsillər çıxarılanadək qüvvədə olan «Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət» adlı 298-ci maddəsi ilə tənzimlənir.
36. İddiaçının öz hüququnun pozulduğunu bildiyi vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə).
37. Bununla da, iddiaçı inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddətində hazırkı tələbi barədə məhkəmədə iddia qaldırmamışdır.
38. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi və fiziki şəxslərin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı bələdiyyələr, icra hakimiyyəti orqanları və onların struktur qurumlarının cavabdeh qismində iştirak etdiyi işlər üzrə 2016-2017-ci illərdə məhkəmə təcrübəsi öyrənilərək məhkəmələrə tövsiyə olunmuşdur ki, “İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu”. Həmçinin “Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər”.
39. İddiaçı qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, yeni qanuna istinadla inzibati iddianı qaldıra bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.
40. İddiaçı inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddətində hazırkı tələbi barədə məhkəmədə iddia qaldırmamış və mübahisələndirilən qərarın qəbulundan 10 ildən çox müddət keçdikdən sonra xx.xx.2023-cü il tarixdə iddia qaldırmaqla, iddia müddətini ötürmüşdür.
41. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddəti buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.
42. Bu əsasla müddətin bərpasına dair ərizə vermələri üçün iddiaçıya hüquqi yardım göstərilməsinə məhkəmə zərurət görməmişdir.
43. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi K.N.Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli qərarında müddətin üzrlü hesab edilməsi ilə əlaqədar göstərmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetiriməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhəddində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
45. Avropa İnsan Hüquqları Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolaho və digərləri” İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
46. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, iddia mümkün sayılmamalıdır.
47. İPM-in: - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. - 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
48. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva