Məhkəmə qərarları › İş №2-1(114)-3300/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3300/2023

20.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3300/2023 20.09.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün adının siyahıya daxil edilərək, sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin orqanın üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 127 nömrəli əmrinə (Ağcakənd qəsəbəsi) əsasən İddiaçı xx.xx.2020-ci il tarixdən hərbi hissənin maliyyə xidmətinin mühasibi vəzifəsinə (vəzifə maaşı ştat cədvəlinə uyğun olaraq) 3 (üç) ay sınaq müddəti ilə işə qəbul edilmişdir.

2. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli N nömrəli əmrinə əsasən çöl şəraitində silah və sursat anbarında yükləmə-boşaltma işləri, həmçinin mühafizənin təşkili və təhlükəsizlik qaydalarına riayət olunması məqsədilə silah və sursat anbarında yükləmə-boşaltma işlərinin görülməsi üçün maddi-texniki təminat bölüyünün şəxsi heyətindən və hərbi hissənin mülki işçilərindən ayrılması əmr edilmişdir.

3. N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli N nömrəli əmrinə əsasən İddiaçı, maliyyə xidmətinin mühasibi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə - tərəflərdən birinin təşəbbüsü (işinin öz arzusu ilə) əsasən 15 fevral 2022-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir.

4. N nömrəli hərbi hissənin maliyyə xidmətinin sabiq mühasibi İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Talışkənd kəndi, Suqovuşan qəsəbəsi” istiqamətində aparılan döyüş əməliyyatlarında hərbi hissənin arxa təminatının təşkilində iştirak etməsi haqqında tərtib edilmiş xx.xx.2023-cü il tarixli 1785 nömrəli aktda göstərilir ki, həqiqətən xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hərbi hissənin maliyyə xidmətində mühasib vəzifəsində işləyən mülki işçi İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Talışkən kəndi, Suqovuşan qəsəbəsi” istiqamətində aparılan döyüş əməliyyatlarında N nömrəli hərbi hissənin arxa təminatının təşkilində iştirak etmişdir.

5. N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli 460 nömrəli arayışına əsasən N nömrəli hərbi hissənin mülki işçisi İddiaçı həqiqətən də xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Talışkən kəndi, Suqovuşan qəsəbəsi” istiqamətində aparılan döyüş əməliyyatlarında N nömrəli hərbi hissənin arxa təminatının təşkilində iştirak etmişdir.

6. N nömrəli hərbi hissənin “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqələrinin verilməsi üçün təqdim edilən döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların arxa təminat üzrə tapşırıqlarını yerinə yetirmiş mülki işçilər barəsində xx.xx.2023-cü il tarixli 478 nömrəli arayışməlumatında aşağıdakılar qeyd edilmişdir: Döyüş əməliyyatları aparılan zaman (27.09.-xx.xx.2020-ci il tarixlərdə)

1. Xidmət keçdiyi hərbi hissə (müəssisə): N nömrəli hərbi hissə

2. Rütbəsi:

3. Vəzifəsi: maliyyə xidmətinin mühasibi

4. Xidmət etdiyi hərbi hissəyə daxil olması və çıxması (tarixlər və əmrin nömrələri göstərilməklə): xx.xx.2020 Əmr 127, xx.xx.2022 Əmr 48

5. Hərbi hissənin və bölmənin döyüş əməliyyatlarına cəlb olunması və döyüş tapşırığının yerinə yetirilməsi (tarix və əmrin nömrəsi göstərilməklə): xx.xx.2020, № 663

6. Həmin dövrdə şəxsin arxa təminat üzrə tapşırıqlar ilə bağlı fəaliyyətə cəlb olunması (tarix və əmrin nömrəsi göstərilməklə): xx.xx.2020, № 663

7. İştirak etdiyi ərazilər: Tərtər rayonu, Suqovuşan, Talış kəndləri, Murovdağ Silsiləsi

8. Hansı qismdə iştirak edib, həmin dövrdə döyüş üzrə tapşırıqlar ilə bağlı hansı fəaliyyət növü ilə məşğul olub (təfsilatı məlumat verilsin): arxa təminatın təşkilində iştirak edib

9. Xəsarət (yaralanma, travma, kontuziya) alma tarixi:

10. Xəsarət (yaralanma, travma, kontuziya) aldığı ərazi:

11. Xəsarət (yaralanma, travma, kontuziya) üzrə məlumat (diaqnoz):

12. Ehtiyata və ya istefaya buraxılması (nizami hissə üzrə əmrin nömrəsi və tarixi):

13. Göndərildiyi SHXÇDX-nin idarəsinin, şöbəsinin (bölməsinin) adı: Goranboy SHXÇDX

14. Döyüşlərdə iştirakına görə təltifləri (tarix və adı):

7. xx.xx.2020-ci il tarixli 127 nömrəli əmrlə N nömrəli hərbi hissənin vəzifəsinə təyin edilmiş və xx.xx.2020-ci il tarixli N nömrəli əmrlə hərbi hissənin və bölmənin döyüş əməliyyatlarına cəlb olunması və döyüş tapşırığının yerinə yetirilməsi ilə əlaqədar arxa təminat üzrə tapşırıqlarla bağlı fəaliyyətə cəlb olunmuş, Tərtər rayonu, Suqovuşan, Talış kəndləri və Murovdağ Silsiləsi ərazilərində arxa təminatın təşkilində iştirak etmiş və xx.xx.2022-ci il tarixli N nömrəli əmrlə hərbi hissədən işdən azad edilmişdir.

8. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciətinə həmin orqanın xx.xx.2023-cü il tarixli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, təqdim olunmuş sənədlərdə vətəndaş İddiaçı işçi əmək müqaviləsi üzrə öz əmək funksiyalarını yerinə yetirdiyinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarının 10-cu abzasına uyğun olaraq döyüş əməliyyatları aparılan ərazidə olmasını təsdiq edən sənəd olmadığına görə xx.xx.2023-cü il tarixli iclas protokoluna əsasən komissiya tərəfindən ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir.

9. N saylı hərbi hissənin xx.xx.2023-cü il tarixli 2818 nömrəli məktubunda göstərilir ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Vətən müharibəsi zamanı N nömrəli hərbi hissənin tərkibində Talış-Suqovuşan istiqamətində heç bir döyüş əməliyyatlarına cəlb olunmayıb. Onun barəsində N nömrəli hərbi hissənin nizami hissəsində heç bir qeydiyyat yoxdur, hərbi hissənin döyüş əmrində adı qeyd olunmayıb, bu səbəbdən vətəndaş İddiaçı barəsində tələb olunan sənədləri köməklik etmək mümkün deyil.

10. 110 nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli 7/2375 nömrəli məktubunda göstərilir ki, Azərbaycan Respublikasının Müdafiə nazirinin müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə N sentyabr – N noyabr 2020-ci il tarixlərində Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əks-hücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmişdir. II. Məhkəmədə icraat

11. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 44 gün davam edib qələbəylə başa çatan müharibə zamanı o Talış-Suqovuşan istiqamətində silah sursatın yüklənməsi və boşaldılmasında, eləcə də qanlı döyüşlərdə hərbçilərimizin isti paltar və ərzaqla təmin edilməsində fəal iştirak etdiyinə görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, 06 may 2020-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində Goranboy rayonunun Ağcakənd qəsəbəsində yerləşən N nömrəli hərbi hissədə mühasib vəzifəsinə təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə öz ərizəsi ilə işdən azad olunmuşdur. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində Gəncə şəhərində yerləşən N saylı hərbi hissəyə mühasib vəzifəsinə işə qəbul olunub, hazırda da həmin vəzifədə işləyir. O, 44 gün davam edib müzəffər Ali Baş Komandan X2 rəhbərliyi, şəhidlərimizin qanı bahasına qələbəmizlə başa çatan İkinci Vətən müharibəsində iştirak etmişdir. Qələbəmizdə onun da az da olsa payı vardır. Belə ki, 44 gün davam edən müharibə zamanı o, Talış-Suqovuşan istiqamətində silah sursatın yüklənməsi, boşaldılmasında, eləcə də qanlı döyüşlərdə hərbiçilərimizin isti paltar və ərzaqla təmin edilməsində fəal iştirak etmişdir. 44 gün davam edən müharibə qurtarana kimi həmin vəzifələri cəbhə yoldaşlarıilə birlikdə icra etmişdir. 44 gün davam edən müharibə zamanı onun Talış- Suqovuşan istiqamətində silah sursatın yüklənməsi, boşaldılmasında, eləcə də qanlı döyüşlərdə hərbiçilərimizin isti paltar və ərzaqla təmin edilməsində fəal iştirak etməyi N saylı hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, N nömrəli əmri, N nömrəli Hərbi hissə tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 478 saylı arayış-məlumat, N nömrəli hərbi hissə komandirinin təsdiqlədiyi xx.xx.2023-cü il tarixli, 1785 nömrəli aktla, eləcə də N nömrəli hərbi hissə komandirinin verdiyi xx.xx.2023-cü il tarixli 460 nömrəli arayışlarda qeyd olununlarla da tam təsdiq olunur. 44 gün davam edib qələbəmizlə başa çatan müharibə zamanı o, Talış-Suqovuşan istiqamətində silah sursatın yüklənməsində, boşaldılmasında, eləcə də qanlı döyüşlərdə hərbiçilərimizin isti paltar və ərzaqla təmin edilməsində fəal iştirak etməyinə baxmayaraq, bununla bağlı dövlət tərəfindən müəyyən güzəştlərdən və ya hər hansı imtiyazlardan istifadə edə bilmir. Bu da onun konstitusiya ilə müəyyən edilmiş hüquqlarının pozulmasına səbəb olur. Ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədi ilə inzibati orqan olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edib 44 gün davam edib qələbəmizlə başa çatan 2-ci Vətən müharibəsində iştirak etdiyini nəzərə alıb ona müharibə veteranı adının və vəsiqəsinin verilməsinə köməklik edilməsini xahiş etsə də, həmin inzibati orqan ona xx.xx.2023-cü il tarixli, 4/3- 4428 nömrəli imtina vermişdir. Cavabdehin imtinası ilə o, razılaşmır. X3 məhkəməsində iddia qaldırmaqdan başqa yolu qalmamışdır. Qeyd edilənləri nəzərə alaraq ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məhkəmə qaydasında müəyyən edilməlidir.

1. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

2. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

3. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

4. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

5. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

6. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

7. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

8. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

9. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə məhkəməyə ünvanladığı yazılı etirazda məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

10. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

11. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında məhkəmənin hüquqi yardımından sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün adının siyahıya daxil edilərək, sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin tarixli qərardadla ərizə məhkəmənin icraatına qəbujl edilmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

12. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

13. O, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, N saylı hərbi hissədə mühasib olmasına baxmayaraq, o və hərbi hissənin bir neçə mülki işçisi hərbi hissə komandirinin əmrinə əsasən 44 günlük Vətən müharibəsində silah-sursatın yüklənməsi, boşaldılması, hərbi qulluqçuların geyim və ərzaqla təmin edilməsində iştirak etmişdir. O və digərləri Goranboy rayonunun Ağcakənd qəsəbəsində geyim, ərzaq və silah-sursatın hərbi maşına yüklənməsində və N saylı hərbi hissənin hərbi qulluqçularının Tərtər rayonunun işğal altında olan ərazilərinin azad olunması istiqamətində apardığı döyüş ərazilərinə çatdırmışdır. Daha sonra Tərtər rayonunun Talış kəndi və Suqovuşan qəsəbəsi azad olduqdan sonra korpus komandirinin əmri ilə hərbi hissənin dislokasiya yeri Talış kəndinə dəyişdirilmiş və bundan sonra o, hərbi hissə komandirinin göstərişi ilə Ağcakənd qəsəbəsindən Talış kəndi və Suqovuşan qəsəbəsinə təminat daşımışdır. O, həmin dövrdə yaralanmamış və ya travma almamışdır.

14. Cavabdeh məhkəməyə iddiaya qarşı yazılı etiraz ünvanlamışdır.

15. Etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarında olan N nömrəli hərbi hissə komandirinin təsdiq etdiyi xx.xx.2023-cü il tarixli 478 nömrəli arayış-məruzənin, xx.xx.2020-ci il tarixli N nömrəli nizami hissə üzrə əmrinin və xx.xx.2023-cü il tarixli 1785 nömrəli aktın surətindən görünür ki, İddiaçı Vətən müharibəsi zamanı xidmət etdiyi N nömrəli hərbi hissədə mülki kimi xidmət etmiş, birbaşa döyüş əməliyyatlarına cəlb edilməmiş, yalnız hərbi hissənin dislokasiya olunduğu ərazidə hərbi hissənin arxa təminatının təşkilində iştirak edərək silah-sursat anbarında yükləmə və boşaltma işlərini həyata keçirmişdir. İddiaçı oqlu N sentyabr 2020-ci il tarixdən N noyabr 2020-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində birbaşa döyüş əməliyyatlarına cəlb edilməmiş, yalnız hərbi hissənin dislokasiya olduğu ərazidə hərbi hissənin arxa təminatının təşkilində iştirak edərək silah-sursat anbarında yükləmə və boşaltma islərini həyata keçirmişdir. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Hazırkı inzibati iş üzrə təqdim edilmiş sənədlərdən sabit olur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

16. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - N saylı hərbi hissənin xx.xx.2020-ci il tarixli 127 nömrəli, xx.xx.2020-ci il tarixli N nömrəli və xx.xx.2022-ci il tarixli N nömrəli əmrləri, xx.xx.2023-cü il tarixli 1785 nömrəli aktı, xx.xx.2023-cü il tarixli 460 nömrəli və xx.xx.2023-cü il tarixli 478 nömrəli arayışları; - N saylı hərbi hissənin xx.xx.2023-cü il tarixli 2818 nömrəli məktubu; - N saylı hərbi hissənin xx.xx.2023-cü il tarixli 7/2375 nömrəli məktubu; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli imtina məktubu. Əsaslandırma hissəsi:

Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

17. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

18. İş materialları ilə müəyyən olunur ki, iddiaçı 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə silah-sursatın yüklənməsi-boşaldılması, hərbçilərin isti paltar və ərzaqla təmin edilməsində iştirak etməsini əsas gətirməklə müharibə veteranı adı və vəsiqəsi alması ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin cavabdeh xx.xx.2023-cü il tarixli məktubla onun müraciətini təmin etməkdən imtina edərək, işçi əmək müqaviləsi üzrə öz əmək funksiyalarını yerinə yetirdiyinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarının 10-cu abzasına uyğun olaraq döyüş əməliyyatları aparılan ərazidə olmasını təsdiq edən sənəd olmadığına görə sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsini məqsədəuyğun hesab etmədiyini bildirmişdir.

19. Lakin məhkəmə aşağıdakılara görə cavabdeh orqanın imtinasını əsassız sayır.

20. Belə ki, cavabdeh orqan imtinasında iddiaçının işçi əmək müqaviləsi üzrə öz əmək funksiyalarını yerinə yetirdiyini və döyüş əməliyyatları aparılan ərazidə olmasını təsdiq edən sənəd olmadığını göstərsə də, iş materialları ilə müəyyən edilir ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 127 nömrəli əmrinə əsasən xx.xx.2020-ci il tarixdən hərbi hissənin maliyyə xidmətinin mühasibi vəzifəsinə 3 (üç) ay sınaq müddəti ilə işə qəbul edilmişdir.

21. Yəni, iddiaçının N saylı hərbi hissədə əmək müqaviləsi üzrə vəzifəsi maliyyəxidmətinin mühasibi olmuş və həmin hərbi hissə Goranboy rayonu Ağcakənd qəsəbəsində yerləşmişdir.

22. Lakin N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli N nömrəli əmrinə əsasən çöl şəraitində silah və sursat anbarında yükləmə-boşaltma işləri, həmçinin mühafizənin təşkili və təhlükəsizlik qaydalarına riayət olunması məqsədilə silah və sursat anbarında yükləmə-boşaltma işlərinin görülməsi üçün maddi-texniki təminat bölüyünün şəxsi heyətindən və hərbi hissənin mülki işçilərindən ayrılması əmr edilmiş və həmin əmr əsasında hərbi hissənin mülki işçisi olan İddiaçı xx.xx.2020-ci il tarixdən (44 günlük Vətən müharibəsi başladığı gündən) xx.xx.2020-ci il tarixədək “Talışkənd kəndi, Suqovuşan qəsəbəsi” istiqamətində aparılan döyüş əməliyyatlarının arxa təminatının təşkilində iştirak etmişdir.

23. İddiaçı sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, N saylı hərbi hissədə mühasib olmasına baxmayaraq, o və hərbi hissənin bir neçə mülki işçisi hərbi hissə komandirinin əmrinə əsasən 44 günlük Vətən müharibəsində silah-sursatın yüklənməsi, boşaldılması, hərbi qulluqçuların geyim və ərzaqla təmin edilməsində iştirak etmişdir. O və digərləri Goranboy rayonunun Ağcakənd qəsəbəsində geyim, ərzaq və silah-sursatın hərbi maşına yüklənməsində və N saylı hərbi hissənin hərbi qulluqçularının Tərtər rayonunun işğal altında olan ərazilərinin azad olunması istiqamətində apardığı döyüş ərazilərinə çatdırmışdır. Daha sonra Tərtər rayonunun Talış kəndi və Suqovuşan qəsəbəsi azad olduqdan sonra korpus komandirinin əmri ilə hərbi hissənin dislokasiya yeri Talış kəndinə dəyişdirilmiş və bundan sonra o, hərbi hissə komandirinin göstərişi ilə Ağcakənd qəsəbəsindən Talış kəndi və Suqovuşan qəsəbəsinə təminat daşımışdır.

24. Göründüyü kimi, iddiaçının işçi kimi əmək müqaviləsi üzrə yerinə yetirməli olduğu vəzifənin mühasib işi olmasına və iş yerinin işğal altında olmayan Ağcakənd qəsəbəsi olmasına baxmayaraq, o, mülki işçi kimi işlədiyi hərbi hissə komandirinin əmri ilə (xx.xx.2020-ci il tarixli N nömrəli) Tərtər rayonunun Talış kəndi və Suqovuşan qəsəbəsi istiqamətində aparılan döyüş əməliyyatlarında (həmin ərazilərdə) silah-sursat yükləməkboşaltmaq üzrə təminatda iştirak etmişdir.

25. Cavabdeh orqan imtina məktubunda iddiaçının döyüş əməliyyatları aparılan ərazidə olmasını təsdiq edən sənəd olmadığını qeyd etsə də, iddiaçının Talış kəndi və Suqovuşan qəsəbəsi istiqamətində aparılan döyüş əməliyyatlarının arxa təminatında iştirak etməsi N saylı hərbi hissənin xx.xx.2020-ci il tarixli N nömrəli əmri, xx.xx.2023-cü il tarixli 1785 nömrəli aktı, xx.xx.2023-cü il tarixli 460 nömrəli və xx.xx.2023-cü il tarixli 478 nömrəli arayışlarında öz əksini tapmaqla, təsdiq olunur.

26. Hansı ki, Tərtər rayonunun Talış kəndi və Suqovuşan qəsəbəsi xx.xx.2020-ci il tarixədək işğal altında olmuşdur.

27. 110 nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli 7/2375 nömrəli məktubu ilə də təsdiq olunur ki, Azərbaycan Respublikasının Müdafiə nazirinin müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə N sentyabr – N noyabr 2020-ci il tarixlərində Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əks-hücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmişdir.

28. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə: Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında (9cu yarımbənd).

2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

30. Yuxarıda sadalanan qanunvericilik müddəalarından göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Tərtər rayonunun Talış, Suqovuşan kəndlərinin ərazilərində döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi hissənin mülki işçilərinə əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir və bu, Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılmaqla həyata keçirilir.

31. Mübahisənin maddi-hüquqi əsasını təşkil edən normaların tətbiqi və iş materiallarının tədqiqi nəticəsində məhkəmə belə hesab edir ki, hazırkı halda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçının adını müharibə veteranı adı veriləcək şəxslərin siyahısına daxil edərək, sənədlərini razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina etməsi barədə hərəkətləri qanunauyğun olmamışdır.

32. Çünki, mübahisəsiz hamıya aşkar haldır ki, hərbi hissənin mülki işçisi olsa belə, müharibə dövründə mülki şəxslərin döyüş əməliyyatları aparılan əraziyə gedib-gəlməsi, silah-sursat daşıması mümkün deyildi.

33. İddiaçının Tərtər rayonunun Talış kəndi və Suqovuşan qəsəbəsinə silah-sursat daşıması da onun əmək müqaviləsi üzrə yerinə yetirdiyi vəzifəsi olmamışdır.

34. İddiaçı məhz hərbi hissə komandirinin əmri əsasında döyüş əməliyyatlarının aparıldığı ərazilərə silah-sursat daşımaqla, döyüş əməliyyatlarının maddi-texniki təminatında iştirak yetirmişdir ki, bu halda onun adı müharibə veteranı vəsiqəsi veriləcək şəxslərin siyahısına daxil edilməli idi.

35. Bundan başqa, N saylı hərbi hissənin xx.xx.2023-cü il tarixli 2818 nömrəli məktubunda İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Vətən müharibəsi zamanı N nömrəli hərbi hissənin tərkibində Talış-Suqovuşan istiqamətində heç bir döyüş əməliyyatlarına cəlb olunmadığı, onun barəsində N nömrəli hərbi hissənin nizami hissəsində heç bir qeydiyyat olmadığı, hərbi hissənin döyüş əmrində adının qeyd olunmadığı qeyd edilmişdir.

36. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı hərbi qulluqçu olmadığından və döyüş əməliyyatlarında döyüş təminatı üzrə iştirak etmədiyindən onun adının hərbi hissənin döyüş əmrində olmaması mümkündür. İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli N nömrəli əmrinə əsasən (bu əmr ümumi olaraq verilmiş əmr olmuşdur) döyüş əməliyyatları aparılan ərazilərdə arxa təminatda iştirak etmişdir.

37. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İPM-in 14-cü maddəsində inzibati məhkəmə icraatında baxılan iddia növləri üzrə tərəflərin sübut etmə vəzifələri dəqiqləşdirilmişdir.

38. İPM-in 14.2-ci maddəsinə görə inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilələrdən müdafiəyə dair iddialar üzrə belə müdaxilələri zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür.

39. Lakin hazırkı işdə cavabdeh inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtləri mövcudluğunu və imtinasında istnad etdiyi halları sübuta yetirə bilməmişdir.

40. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

41. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə:

42. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün adının siyahıya daxil edilərək, sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar