Məhkəmə qərarları › İş №2-1(114)-3300/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3300/2025

12.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3300/2025 12.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X1 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı statusunun bərpası və vəsiqənin verilməsi» tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin binasında şifahi dinləmələr qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adının dayandırıldığı tarixdən, N2-ci ilin noyabr ayından bərpa edilməsi və müharibə veteranı vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi 15 il 6 ay Azərbaycan Ordusunda nümunəvi, qüsursuz xidmət göstərmişdir. Hərbi xidməti dövründə qadın olaraq bütün çətinlikləri dəf edərək Azərbaycan Ordusuna vicdanla, ləyaqətlə xidmət etmişdir. N0-ci ilin sentyabr ayının 27-də Vətən Müharibəsinin başlanmasından sonunadək N nömrəli hərbi hissənin motoatıcı taborunda Kəlbəcər rayonunun işğaldan azad olunması uğrunda döyüşlərdə iştirak etmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsindən 28 aprel N3-cü il tarixdə verilən 13735 saylı hərbi bilet əvəzi arayışda bildirilir ki, İddiaçı xx.xx.N0-ci ildən xx.xx.N0-ci ilədək Kəlbəcər uğurunda döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə N2-ci ilin yanvar ayında ona “Azərbaycan Respublikasının veteranı” adı verilmişdir. N2-ci ilin noyabr ayından məlum olmayan səbəbdən “Müharibə veteranı” təqaüdü dayandırılmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsindən bildirmişlər ki, müharibə veteranlarının siyahısı yenidən işlənilir, siyahı dəqiqləşdirildikdən sonra “Müharibə veteranı” statusunun və təqaüdün verilməsi bərpa ediləcək. “Müharibə veteranı” təqaüdü dayandırılan bir çox müharibə iştirakçılarının təqaüdlərinin verilməsi bərpa edilsə də, onun təqaüdünün verilməsi bərpa edilməmişdir. O, qanunsuz və əsassız olaraq dayandırılmış “Müharibə veteranı” statusunun bərpa edilməsi üçün ərizə ilə Azərbaycan Respublikasının Müdafiə Nazirinə müraciət etmişdir. Müdafiə Nazirliyindən verilən xx.xx.N3-cü il tarixli, 2/2-8604 saylı cavab məktubunda bildirilir ki, “Vətən müharibəsi zamanı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli, 22 sentyabr 1995-ci il tarixli qərarının onuncu (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində) və on birinci abzasında bütün təminat növləri üzrə tapşırıqları (döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat) yerinə yetirmədiyinə görə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 08 dekabr N2-ci il tarixli məktubuna əsasən onun “Müharibə veteranı” statusu ləğv olunmuşdur”. Bildirir ki, cavab məktubunda onun təminat növləri üzrə tapşırıqları guya yerinə yetirməməyi ilə bağlı məlumat tamamilə əsassızdır. Cavab məktubunda həmin məlumatın doğruluğunu təsdiq edəcək heç bir əsaslı sübut, dəlil göstərilməmişdir. Müharibə veteranlarının, o cümlədən onun fəaliyyətinin qanunauyğunluğu məsələsi Nazirlər Kabinetidə araşdırılmır və bu heç mümkün də deyil. İstinad olunan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 08 dekabr N2-ci il tarixli məktubu ümumi xarakter daşıyır və ayrıca onun təminat növləri üzrə tapşırıqları yerinə yetirib-yetirməməyini müəyyən etmir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N saylı hərbi hissə komandirinin N sentyabr N0-ci il tarixli, 271 nömrəli əmrindən çıxarışda bildirilir ki, Murovdağ istiqamətində gedən döyüşlərlə əlaqədar olaraq Mahhxqhq çavuşu İddiaçı 3-cü taborda döyüş tapşırığını yerinə yetirmək məqsədi ilə hərbi hissənin qazan təminatından çıxarılsın və 1-ci və 2-ci taborların qazan təminatına qoyulsun: Kəlbəcər rayonu uğurunda gedən döyüşlərdə. Hərbi hissə komandirinin əmrindən göründüyü kimi onun üzərinə qoyulan vəzifə döyüş tapşırığını yerinə yetirmək məqsədi ilə taborun qazan təminatını yerinə yetirmək olmuşdur. O, N nömrəli hərbi hissənin motoatıcı 2-ci taborunun şərti adı “Zirvə” olan postunda və “Zirvə altı” deyilən yerdə döyüşlərdə iştirak etmişdir. O, düşmən mərmiləri altında şəxsi heyətə səhər, günorta və axşam yemək bişirmişdir. QAZ-3308 markalı avtomobillə “Zirvə” postunu içməli su ilə təmin etmişdir. Düşmən seçə bilməsin deyə ərzağı gecələr işıqları söndürüb maşınla gedib gətirmişdir. Şəxsi heyət qazılmış yeraltı örtülmüş sığınacaqlarda yatırdı, gecələr yatmırdı tez-tez patrulları yoxlayırdı ki, hamı ayıq-sayıq olsun. Səhər tezdən saat 5-də onlar 3 aşpaz, 2 kişi və o, yeməyi bişirməyə başlayırdılar. Bu əziyyətinə görə 3-cu Ordu Korpusunun tərbiyəvi işlər üzrə xidmət rəisi polkovnik Manafov ona bahalı saat bağışlamışdır. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr N0-ci il tarixli, 2372 nömrəli sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin N iyun N2-ci il tarixli, 0108t nömrəli əmri ilə “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalla təltif olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N iyun N1-ci il tarixli əmri ilə “N iyun Silahlı Qüvvələrin yaranmasının 103 illiyi” münasibəti ilə döyüş və ictimai-siyasi hazırlıqda, qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsində və hərbi intizamda fərqləndiyinə görə fəxri fərmanla təltif olunmuşdur. N nömrəli hərbi hissə komandirinin mart N1-ci il tarixli əmri ilə Novruz bayramı münasibəti ilə döyüş və ictimai-siyasi hazırlıqda əldə etdiyi nailiyyətlərə, yüksək hərbi intizamı ilə fərqləndiyinə görə fəxri fərmanla təltif olunmuşdur. O, döyüş əməliyyatı zamanı təminat növləri üzrə tapşırıqları yüksək səviyyədə yerinə yetirdiyinə görə müvafiq medallarla, fəxri fərmanlarla təltif olunmuş, “Müharibə veteranı” adını torpaqlarımızın işğaldan azad olunması uğurunda döyüşlərdə iştirak edərək qazanmışdır. Təqdim etdiyi əsaslı sübutlara baxmayaraq Müdafiyə Nazirliyinin hüquqlarını pozaraq haqqını danması çox böyük qanun pozuntusu, haqsızlıq və qəbahətdir. Odur ki, onun “Müharibə veteranı” statusu ən qısa zamanda dayandırıldığı tarixdən bərpa edilməli və “Müharibə veteranı” vəsiqəsi verilməlidir. Müdafiə Nazirliyindən verilən xx.xx.N3-cü il tarixli, 2/2-8604 saylı məktubunu 07 oktyabr N3-cü il tarixdə poçt vasitəsilə almışdır. Bundan sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, müharibə veteranı statusunun ləğv olunduğu xx.xx.N2-ci ildən bərpa edilməsi və ona müharibə veteranı vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmiş və xx.xx.N4-cü il tarixli qərardadla ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddia tələbinə dair verdiyi etiraz ərizəsində göstərmişdir ki, iddiaçı Vətən müharibəsi zamanı bütün təminat növləri üzrə tapşırıqları (döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminatı) yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 dekabr N2-ci il tarixli məktubuna əsasən “Müharibə veteranı” statusu ləğv olunmuşdur. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hesab edilir ki, iddiaçı “Müharibə veteranı”, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Odur ki, iddia tələbinin rədd olunması xahiş edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.N4-cü tarixli, 2-1(114)-888/N4 saylı qərarı ilə iddianın təmin edilməsi, İddiaçı müharibə veteranı statusunun ləğv olunduğu xx.xx.N2-ci ildən bərpa edilməsi və ona müharibə veteranı vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.N4-cü tarixli, 2-1(114)- 888/N4 saylı qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.N5-ci il tarixli, 2- 1(104)-188/N5 saylı qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.N4-cü tarixli, 2-1(114)-888/N4 saylı qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı statusunun ləğv olunduğu xx.xx.N2-ci il tarixdən bərpa edilməsi və ona müharibə veteranı vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş yenidən baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi qərarı ləğv edən zaman göstərmişdir: Məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraatın ümumi qaydalarına və prinsiplərinə əsasən, əlverişli inzibati akt da ləğv edilə bilər. Lakin əlverişli inzibati akt onu qəbul etmiş və ya onu ləğv etmək üçün qanunla səlahiyyət verilmiş digər inzibati orqan tərəfindən ləğv edilə bilər. Hazırkı halda, iş üzrə cavabdeh olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaçıya münasibətdə onun müharibə veteranı statusunun ləğv edilməsi kimi hüquqi nəticə yaratmış hərəkətlər etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki vəziyyətdə bu cavabdehə qarşı iki tələblə məhkəmədə iddia qaldırıla bilərdi: - Müharibə veteranı statusunun ləğv edilməsi ilə bağlı inzibati aktin (əgər belə müvafiq inzibati akt qəbul edilmişdirsə) etibarsızlığına dair “müəyyənetmə və tanınma haqqında” iddia; Statusun ləğv olunmasına və veteranlara verilən təqüdün dayandırılmasına səbəb olmuş cavabdeh inzibati orqanın hərəkətlərin qanunsuz hesab edilməsi ilə bağlı iddia. Göründüyü kimi, İddiaçı veteran statusu verilmiş və bu statusunun ləğv edilməsi ilə bağlı inzibati aktın qəbul edilməsi hazırki vəziyyətdə iş materialları ilə müəyyən edilmir. Digər tərəfdən, iddiaçı iddia ərizəsində cavabdeh inzibati orqanın inzibati aktının etibarsızlığını və ya cavabdeh inzibati orqanın hərəkətlərin qanunsuz hesab edilməsini yox, veteran statusunun bərpa edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin yuxarıda qeyd edilən halları nəzərə alınmadan mahiyyəti üzrə qərar qəbul edilmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi inzibati prosessual qanunvericiliyin tələbləri baxımından iddiaçıya yardım göstərməli, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə vermək hüququnun olmasını bildirməli, iddia tələbini ona cavab verən orqana qarşı qaldırılmasında hüquqi yardım göstərməli idi. Lakin məhkəmə tərəfindən bu istiqamətdə müvafiq prosessual hərəkətlər edilmədən iş üzrə yekun məhkəmə qərarı qəbul edilmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək müharibə veteranı statusunun ləğv olunması və veteranlara verilən təqaüdün dayandırılmasına əsas olmuş cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi, müharibə veteranı adının dayandırıldığı tarixdən yəni N2-ci ilin dekabr ayından bərpa edilməsi və müharibə veteranı vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.N5-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmiş və məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini xx.xx.N3-cü il tarixli 13735 nömrəli hərbi bilet əvəzi arayış, N nömrəli hərbi hissə komandirinin xx.xx.N0-ci il tarixli 271 nömrəli əmrindən çıxarış, İ-1593 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsi, N iyun N2-ci il tarixli vəsiqə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N3-cü il tarixli 2/2-8604 nömrəli imtina məktubu, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyinin xx.xx.N4-cü il tarixli 3-25-2/2-V-189xx-xx/N4 nömrəli və xx.xx.N4-cü il tarixli 3-25-2/2- 106xx-xx/N4 nömrəli cavab məktubları, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyinin xx.xx.N4-cü il tarixli 3-25-2/2-Ə-106xx-xx/N4 nömrəli və xx.xx.N4-cü il tarixli 3- 25-2/2-V-121xx-xx/N4 nömrəli cavab məktubları, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.N4-cü il tarixli 3-17/2-8699/N4 nömrəli cavab məktubu, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.N4-cü il tarixli 3-17-1/2-292803/N4 nömrəli cavab məktubu, ona əlavə edilmiş sənədlər, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.N5-ci il tarixli məktubu və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.N5-ci il tarixli məktubu təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. İddia tələbi üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən inzibati orqanların təsnifatına aid edilmişdir. İddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında (9cu yarımbənd); N0-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında (10-cu yarımbənd). Bənd 2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (İnzibati Prosessual Məcəllənin 58.1 və 58.7-ci maddələri). İşdə olan sənədlər əsasında müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan tərəfindən İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırılmaqla (NK-nin xx.xx.N2-ci il tarixli TE-61m nömrəli məktubuna əsasən) veteran statusu verilmiş və bu barədə məlumatların Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Zəfər" altsisteminə daxil edilməsi təmin edilmişdir. Bu səbəbdən İddiaçı xx.xx.N2-ci ildən proaktiv qaydada Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş və xx.xx.N2-ci il tarixədək ödənilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikası Müdafi Nazirliyinə xx.xx.N2-ci il tarixli TE-785m nömrəli məktub ünvanlanaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N sentyabr N0-ci il tarixdən 10 noyabr N0-ci il tarixədək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N sentyabr N0-ci il tarixədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak edib-etməməsi haqqında sənədlər istənilmişdir. Həmin məktuba əsasən hərbi hissəyə sorğu göndərilmiş, hərbi hissədən daxil olan sənədlər razılaşdırılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilmiş və daxil olmuş xx.xx.N2-ci il il tarixli TE-985m nömrəli məktubuna əsasən iddiaçının veteran statusu ləğv edilmiş və bununla da təqaüd ödənişi dayandırılmışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ............ 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ............ 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ............ 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; ............ Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Maddə 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Maddə 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Maddə 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. Maddə 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə diqqətə çatdırır ki, inzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından, xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Hansı ki, bu «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunundan irəli gəlir. Lakin bu zaman maraqlı şəxs inzibati orqanın icraatla bağlı hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, inzibati aktı qəbul etməsinin səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. İş materiallarından aydın olur ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı statusu verilmiş və o müharibə veteranı olaraq həmin statusdan irəli gələn təminatlarla təmin edilmişdir. Bu səbəbdən cavabdeh orqan özünün əvvəlki qərarının yanlış olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etmək üçün «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət etməlidir. Yəni şəxsin xeyrinə olan inzibati aktı nə üçün ləğv etdiyini açıq şəkildə göstərməli və gəldiyi nəticəni əsaslandırmalıdır. İşin qeyd olunan halları məhkəmə tərəfindən araşdırılan zaman müəyyən edilmişdir ki, cavabdeh orqan iddiaçıya verilən müharibə veteranı statusunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N2-ci il il tarixli TE-985m nömrəli məktubu əsasında ləğv etmişdir. Məhkəmə sorğusuna isə belə cavab vermişdir ki, həmin məktub məxfi olduğu üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya" tərəfindən göndərilməsi mümkün deyil. Məhkəmə qeyd edir ki, cavabdeh orqanın həmin məktub daxil olduqdan sonra inzibati icraat aparması, iddiaçıya inzibati icraat barədə məlumat verilməsi, onun iştirakının təmin edilməsi, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırması halları mövcud deyildir ki, bununla da iddiaçının hüquqları pozulmuşdur. Nəzərə almaq lazımdır ki, inzibati orqan faktiki xarakterli hərəkətlərini təsdiq edən halların mövcudluğunu sübut etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Əksinə iş materiallarında olan sənədlərdən aydın olur ki, İddiaçı xx.xx.N0-ci il tarixdən xx.xx.N0-ci il tarixədək Kəlbəcər rayonunda döyüş əməliyyatlarında iştirak etmişdir (xx.xx.N3-cü il tarixli 13735 nömrəli hərbi bilet əvəzi arayış). Habelə, Murovdağ istiqamətində gedən döyüşlərlə əlaqədar olaraq MAHHXQHQ çavuş İddiaçı döyüş tapşırığını yerinə yetirmək məqsədilə hərbi hissənin 3-cü taborunun qazan təminatından çıxarılmış və 1-ci və 2-ci taborların qazan təminatına qoyulmuşdur (N nömrəli hərbi hissə komandirinin xx.xx.N0-ci il tarixli 271 nömrəli əmrindən çıxarış). Bundan başqa iddiaçı Azərbaycan Respublikası Prezidentinin N0-ci il 29 dekabr tarixli 2372 nömrəli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan davranışı ilə etimadın qorunması prinsipini pozmuşdur. Belə ki, etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindən biridir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral N0-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr N1-ci il tarixli qərarı). Odur ki, cavabdeh inzibati orqanın hərəkətləri qanunsuz hesab edilməlidir. Həmçinin xx.xx.N2-ci ildən iddiaçıya müharibə veteranı statusu verilərək, Prezident təqaüdünün ödənilməsinə başlanılmasına baxmayaraq, statusun ləğvinədək olan müddətdə bu barədə vəsiqə ilə təmin olunmamışdır. Ona görə də onun veteran statusu bərpa edilməklə yanaşı, ona müharibə veteranı vəsiqəsi də verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı münasibətdə müharibə veteranı statusunun ləğv olunması və veteranlara verilən təqaüdün dayandırılmasına əsas olmuş hərəkətləri qanunsuz hesab edilsin. İddiaçı müharibə veteranı statusunun ləğv olunduğu N2-ci ilin dekabr ayından (xx.xx.N2) bərpa edilməsi və iddiaçıya müharibə veteranı vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar