Məhkəmə qərarları › İş №2-1(114)-3304/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3304/2023

13.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3304/2023 13.12.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinə (bundan sonra mətndə - cavabdeh) qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********136400 nömrəli qərara əsasən neft məhsullarının topdansatış qiymətində həmin məhsulların daşınaraq çatdırılması ilə bağlı xərclər də nəzərdə tutulduğundan həmin məhsulların alışı zamanı alıcı tərəfindən digər daşınma xərclərinin çəkilməsi təchizat xərclərinə aid edilmədiyinə və neft məhsullarının daşınması ilə bağlı digər şəxslərə ödənilmiş 65000,0 manat daşıma xərclərinin gəlirdən çıxılmadığına görə kameral vergi yoxlaması ilə 13000.0 manat əlavə gəlir vergisinin hesablanması qanunamüvafiq hesab edilmişdir. Həmin qərarla razılaşmayan iddiaçı cavabdehə qarşı “**********136400 nömrəli xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qanunsuz və əsassız yazılmış borc məbləğinin silinməsi barədə cavabdehə etdiyi müraciətə müsbət cavab verilməmişdir. İddiaçı ilə "xxxx" QSC arasında 22 aprel 2019-cu il tarixli 190108 nömrəli kommersiya subkonsessiya (subfrançayzinq) müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 3.1.13-cü bəndindən görünür ki, subfrançayzinq alan neft məhsullarının daşınmasını öz nəqliyyat vasitələri ilə həyata keçirməlidir. Belə olan halda sözügedən qərarla müəyyənləşdirilən xüsusatlara istinadən müəssisəyə əlavə vergilərin hesablanması qanunsuz və əsassız olmuşdur. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək, cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********465300 nömrəli qərarının ləğv olunmasını xahiş etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia dəyişdirilmişdir. Cavabdeh iddiaya dair təqdim etdiyi xx.xx.2023-cü il tarixli etiraz qeyd olunmuşdur ki, kameral vergi yoxlaması ilə vergi ödəyicisi tərəfindən 2022-ci il üçün hesablama metodu tətbiq edilməklə xx.xx.2023-cü il tarixdə təqdim edilmiş gəlir vergisi bəyannaməsinin 229cu "Nəqliyyat xərcləri”sətrində göstərilmiş 65.500,00 manat məbləğin neft məhsullarının topdansatış qiymətində həmin məhsulların daşınaraq çatdırılması ilə bağlı xərclər də nəzərdə tutulduğundan xərclərə aid edilməsi vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə vergi orqanı tərəfindən "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********559400 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba əsaslı münasibət bildirilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci ilin gəlir vergisi üçün vergi ödəyicisinin bəyan etdiyi vergi məbləğindən əlavə 65.500*20%=13.100,00 manat manat gəlir vergisi məbləği hesablanaraq hazırkı iddia ilə mübahisləndirilən "Vergilərin, sosial sığorta və işsizlikdən sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli, **********136400 nömrəli Qərar qəbul olunmuşdur. Bundan sonra, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci il tarixli 2 nömrəli "Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə" Qərarının ləğv edilməsi və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2022-ci il 26 iyul tarixli 4 nömrəli "Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının istehsalçı, təchizat, topdansatış və pərakəndə satış tarifləri" Qərarının təsdiq edilməsi ilə əlaqədar inzibati orqanın təşəbbüsü ilə "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati icraat başlanılmışdır. Təsdiq edilən yeni Qərara əsasən topdansatış tariflərinə neft məhsullarının ölkə ərazisində topdansatış yerlərinə (ötürücü boru xətti ilə nəql istisna olmaqla) qədər daşınması və saxlanması ilə bağlı xərclər, pərakəndə satış tariflərinə neft məhsullarının respublika ərazisində pərakəndə satış yerlərinə qədər daşınması və satılması ilə bağlı olan xərclər daxil edilmişdir. Bu səbədən Qərarın qüvvəyə mindiyi tarixdən etibarən neft məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər tərəfindən həmin malların topdan qaydada alışı zamanı pərakəndə ticarət yerlərinə qədər daşınmasına görə çəkilən xərclər təchizat tariflərinə daxil edilmədiyindən, həmin vergi ödəyiciləri tərəfindən müstəqil qaydada çəkilən bu xərclər Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən birbaşa gəlirdən çıxılır. Buna görə də iddiaçının 2022-ci il ərzində neft məhsullarının daşınması ilə bağlı digər şəxslərə ödənilmiş 65.500,0 manat daşıma xərclərindən 24.700,0 manatı (xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək) Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2022-ci il 26 iyul tarixi 4 nömrəli Qərarı qüvvəyə mindiyi tarixədək olan xərclər gəlirdən çıxılan xərclərə aid edilmədiyinə görə kameral vergi yoxlaması ilə 4.940,0 manat əlavə gəlir vergisinin hesablanması qanunamüvafiq hesab edilmişdir. Başqa sözlə 2022-ci il ərzində neft məhsullarının daşınması ilə bağlı digər şəxslərə ödənilmiş 65.500,0 manat daşıma xərclərindən 40.800,0 manatı vergi orqanı tərəfindən daşınma xərci kimi tanınmış və xx.xx.2022-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci il tarixi 2 nömrəli "Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə Qərarında neft məhsullarının topdansatış qiymətində həmin məhsulların daşınaraq çatdırılması ilə bağlı (təchizatı ilə bağlı) xərclər də nəzərdə tutulduğundan həmin məhsulların alışı zamanı alıcı tərəfindən digər daşınma xərclərinin çəkilməsi təchizat xərclərinə aid edilmir və neft məhsullarının daşınması ilə bağlı digər şəxslərə ödənilmiş 24.700,0 manat daşıma xərcləri gəlirdən çıxılması qanunvericiliyə zidd olduğu üçün nəzərə alınmamışdır. Qeyd olunanlara əsasən nəticədə xx.xx.2023-cü il tarixli, **********465300 nömrəli qərarla 4.940,0 manat (24.700,0 x 20 %) əlavə gəlir vergisi (2022-ci il) hesablanmışdır. İddiaçı iddia ərizəsində İddiaçı ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2019-cu il tarixli Kommersiya subkonsenssiya (subfrayçayzing) müqaviləsinin 3.1.13-cü bəndində qeyd edilən "subfrançayz alan neft məhsullarının daşınmasını öz nəqliyyat vasitələri ilə həyata keçirir" müddəasına istinad etmişdir. İddiaçının dəlili ilə razılaşmayaraq bildirilmişdir ki, Vergi Məcəlləsinin 14.10-cu maddəsinə əsasən qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənən mallar (işlər, xidmətlər) təqdim olunarkən (ixrac istisna olmaqla) ve alınarkən vergitutma məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən qiymətlər əsas götürülür. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının "Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə" xx.xx.2015ci il tarixi 2 nömrəli qərarının 2.5-ci bəndinə əsasən ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının topdansatış tariflərinə təchizat tarifləri müəyyənləşdirilmiş neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclər daxil edilmişdir. Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tariflərinə əsasən avtomobil benzini, dizel yanacağı, reaktiv mühərrik yanacağının 1 (bir) tonu üçün təchizat tarifi 15,0 manat müəyyənləşdirilmişdir. Mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər neft məhsullarının topdan və pərakəndə satışını bu qərarla təsdiq edilmiş tariflərlə, qanunvericiliyə uyğun olaraq yol vergisi tətbiq olunan neft məhsullarının topdan satışını isə topdansatış tariflərinə yol vergisini əlavə etməklə həyata keçirirlər. Göründüyü kimi, neft məhsullarının topdansatış tarifinin tərkibində təchizat xərcləri nəzərə alınmışdır və bu təchizat xərcləri satılan neft məhsullarının satıcı tərəfindən ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə (məntəqələrinə) qədər daşınması ilə bağlı bütün xərcləri də ehtiva edir. Qeyd olunanları nəzərə alaraq, neft məhsullarının topdansatış qiymətində həmin məhsulların daşınaraq çatdırılması ilə bağlı (təchizatı ilə bağlı) xərclər də nəzərdə tutulduğundan həmin məhsulların alışı zamanı alıcı tərəfindən digər daşınma xərclərinin çəkilməsi təchizat xərclərinə aid edilmir və neft məhsullarının daşınması ilə bağlı digər şəxslərə ödənilmiş daşıma xərcləri gəlirdən çıxılmır. Təchizat xərcləri alınmış malın dəyərində nəzərə alınan xərc elementi olduğundan “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” hissəsində nəqliyyat xərcləri müstəqil xərc elementi kimi nəzərə alınmamalı, satılmış malların dəyəri kimi gəlirdən çıxılan xərclərə aid edilməlidir. Buna əsasən tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrində neft məhsullarının alıcı tərəfindən satıcının neft terminalı bazasından öz nəqliyyat vasitələri və vəsaitləri hesabına daşınması ilə bağlı müddəaların əlavə edilməsi sözügedən dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun deyildir. Yuxarıda göstərilənlərdən göründüyü kimi Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2022-ci il 26 iyul tarixli 4 nömrəli "Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının istehsalçı, təchizat, topdansatış və pərakəndə satış tarifləri" Qərar təsdiq edilənə kimi təchizat tariflərinə neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclərin daxil edildiyi göstərilmişdir ki, iddiaçının neft məhsullarını topdan qaydada alışı zamanı pərakəndə ticarət yerlərinə qədər daşınmasına görə çəkilən xərclərin Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən birbaşa gəlirdən çıxılmasını vergi orqanından tələb etməsi və vergi orqanının qeyd olunan xərclərin gəlirdən çıxılmalı olan xərclər kimi qəbul etməməsini əsassız hesab etməsi qanunvericiliyin tələbinə ziddir. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının yeni qəbul etdiyi qərarda həmin halın iddiaçının tələb etdiyi formada tənzimlənməsi onu deməyə əsas verir ki, vergi orqanı haqlı olaraq həmin dövrdə qüvvədə olan qanunvericiliyi düzgün tətbiq edərək qərarlar qəbul etmişdir. Bundan əlavə bildirilmişdir ki, iddiaçının mübahisələndirildiyi xx.xx.2023-cü il tarixli **********136400 nömrəli qərarı ləğv edən "Vergilərin, sosial sığorta və işsizlikdən sığortası haqlarının hesablanması barədə" yeni xx.xx.2023-cü il tarixli, **********465300 nömrəli qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə etmiş və onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın rədd olunmasını xahiş etmişdir. İş materiallarına mübahisələndirilən qərar və onun qəbul edilməsi ilə bağlı aparılmış icraat materiallarının təsdiqlənmiş surəti, iddiaçının təqdim etdiyi sənədlər əlavə olunmuşdur. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsində nəzərdə tutulmuş iddianın qaldırılması ilə bağlı müddətə riayət edilmişdir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 2.2-ci maddəsinə əsasən Bu Məcəllənin əsasında və ya onun icrası məqsədi ilə qəbul edilmiş normativ hüquqi aktlar bu Məcəllənin müddəalarına zidd olmamalıdır; 14.10-cu maddəsinə əsasən qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənən mallar (işlər, xidmətlər) təqdim olunarkən (ixrac istisna olmaqla) və alınarkən vergitutma məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən qiymətlər əsas götürülür; 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir; 54.0-cı maddəsinə əsasən şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz: 54.0.1. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması; 54.0.2. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması; 109.1-ci maddəsinə əsasən əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclərin və bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq kapital xarakterli digər xərclərin gəlirdən çıxılmasına yol verilmir; 109.2-ci maddəsinə əsasən qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclərin gəlirdən çıxılmasına yol verilmir; 109.3-cü maddəsinə əsasən əyləncə və yemək xərclərinin (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləri istisna olmaqla), habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol verilmir; 109.4-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyəti əyləncə və ya sosial xarakteri daşıyan vergi ödəyicisinin xərcləri bu cür fəaliyyət çərçivəsində çəkilirsə, müvafiq olaraq əyləncə və sosial xərclər gəlirdən çıxılır; 109.5-ci maddəsinə əsasən əmək haqqı kartlarının alınmasına çəkilən xərclər istisna olmaqla, fiziki şəxsin fərdi istehlakla və ya əmək haqqının alınması ilə bağlı olan xərcləri gəlirdən çıxılmır; 109.6-cı maddəsinə əsasən ehtiyat fondlarına ayırma məbləğləri yalnız bu Məcəllənin 111-ci və 112-ci maddələrinə müvafiq surətdə gəlirdən çıxılır; 109.7-ci maddəsinə əsasən faktiki ezamiyyə xərclərinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi normadan artıq olan hissəsi gəlirdən çıxılmır; 109.8-ci maddəsinə əsasən nəzarət-kassa aparatının çeki və ya qəbz (bu Məcəllənin 16.1.116.1-ci – 16.1.11-6.3-cü maddələrində nəzərdə tutulan şəxslər tərəfindən verilən qəbz və ya digər ciddi hesabat blankları istisna olmaqla) malların (işlərin, xidmətlərin) alınması ilə bağlı çəkilən xərcləri təsdiq edən sənəd hesab olunmur; 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların ( işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” xx.xx.2015-ci il tarixli 2 nömrəli Qərarının 2.5-ci bəndinə əsasən topdansatış tariflərinə təchizat tarifləri müəyyənləşdirilmiş neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclər daxil edilmişdir. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” xx.xx.2022-ci il tarixli 4 nömrəli Qərarının 5-ci bəndinə əsasən topdansatış tariflərinə neft məhsullarının ölkə ərazisində topdansatış yerlərinə (ötürücü boru xətti ilə nəql istisna olmaqla) qədər daşınması və saxlanması ilə bağlı xərclər daxil edilmişdir. Bu Qərarın 6-cı bəndinə əsasən pərakəndə satış tariflərinə neft məhsullarının Respublika ərazisində pərakəndə satış yerlərinə qədər daşınması və satılması ilə bağlı olan xərclər daxil edilmişdir. Həmin Qərarın 12-ci bəndinə əsasən bu qərarın qüvvəyə mindiyi tarixdən “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci il tarixli 2 nömrəli Qərarı ləğv edilmişdir. "İnzibati icraat haqqında" Qanunun: 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə baxışında müəyyəm edilmişdir ki, iddiaçı “ixtisaslaşdırılmış mağazalarda motor yanacağının pərakəndə satışı” ilə məşğuldur və Bərdə şəhərində “Yanacaq doldurma məntəqəsi” adlı təsərrüfat subyektidir. İddiaçı ilə "xxxx" QSC arasında 22 aprel 2019-cu il tarixdə 190108 nömrəli “Kommersiya subkonsessiyası (subfrançayzinq)” müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 3.1.13-cü bəndinə əsasən, subfrançayz alan, yəni İddiaçı neft məhsullarının daşınmasını öz nəqliyyat vasitələri ilə həyata keçirməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli, 190108 nömrəli kommersiya subkonsessiyası (subfrançayzinq) müqaviləsinə dəyişikliklər edilməsi barədə ********** saylı xx.xx.2022-ci il tarixli razılaşma Sazişinə əsasən tərəflər Subfrançayzinin 2022-ci ilin rübləri üzrə neft məhsullarının yeni satış planını təsdiq etmək barədə qarşılıqlı razılığa gəlmiş, Saziş xx.xx.2022-ci il tarixdən hüquqi qüvvəyə minmişdir. xx.xx.2019-cu il tarixli, 190108 nömrəli Müqaviləyə 1 nömrəli Əlavəyə əsasən 2022-ci il üçün İ rüb üzrə 600 ton, İİ rüb üzrə 655 ton, İİİ rüb üzrə 685 ton, İV rüb üzrə 777 ton satış planı nəzərdə tutulmuşdur. Bununla əlaqədar iddiaçı ilə X2 arasında xx.xx.2021-ci il tarixdə neft məhsullarının daşınmasına dair müqavilə bağlanılmışdır. Bu müqaviləyə, habelə cavabdeh tərəfindən təqdim edilmiş “Vergi ödəyiciləri tərəfindən satılmış və alınmış mal, iş və xidmətləri barədə” məlumata və X1 şəxsi hesab vərəqəsinə əsasən iddiaçının aldığı neft məhsulları X2 tərəfindən daşınmış, müvafiq xərclər də iddiaçı tərəfindən ödənilmişdir. Bu faktı cavabdeh tərəf mübahisələndirmir. Lakin cavabdeh həmin xərclərin nəqliyyat xərci kimi bəyannaməyə əlavə edilməsini Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” xx.xx.2015-ci il tarixli 2 nömrəli qərarının 2.5-ci bəndinə uyğun hesab etmir. Bununla bağlı, məhkəmə hesab edir ki, iddiaçının sözügedən xərcləri bəyannamədə qeyd etməsi vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu kimi qiymətləndirilə bilməz. Belə ki, vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda vergi orqanı tərəfindən vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Hazırkı işdə isə cavabdeh tərəfindən göstərilən normanın tələbinə əməl edilməmişdir. Məhkəmə qeyd edir ki, artıq yuxarıda göstərildiyi kimi iddiaçı ilə "xxxx" QSC arasında bağlanılmış sazişlərə görə, subfrançayz alan, İddiaçı neft məhsullarının daşınmasını öz nəqliyyat vasitələri ilə həyata keçirməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, iddiaçı neft məhsulunun topdansatışı ilə yox, pərakəndə satışı ilə məşğul olur və onun tərəfindən çəkilən nəqliyyat xərcləri, məhsulun pərakəndə qiymətinə əlavə olunmur və neft məhsulu Tarif Şurasının müəyyən etdiyi qiymətə uyğun olaraq satılır. Bununla yanaşı iddiaçının çəkdiyi nəqliyyat (daşınma) xərcləri Vergi Məcəlləsinin 109-cu maddəsində nəzərdə tutulan gəlirdən çıxılmayan xərclərin siyahısında nəzərdə tutulmamışdır. Belə olan halda, cavabdeh tərəfindən qəbul edilmiş kameral vergi yoxlamasının nəticələrinə dair xx.xx.2023-cü il tarixli, **********465300 nömrəli qərar qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Yuxarıda göstərilən qanunvericilik aktlarından isə görünür ki, inzibati orqan tərəfindən maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır və qanunsuz inzibati akt məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı mübahisələndirilən inzibati aktın ləğv olunmasını tələb etməkdə haqlı sayılmalıdır. İnzibati-Prosessual Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Qeyd olunanlara əsasən, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********465300 nömrəli qərarı ləğv olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin olunsun. 11 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********465300 nömrəli ləğv edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar