Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-331/2023 31.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan İnterneyşnl Mayning Kompani Limited Şirkəti) çıxarışın verilməsi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsindən daxil olmuş 24 iyun 2022-ci il tarixli **********82 saylı bildirişin ləğvi və **********, **********, **********, ********** nömrələrlə qeydə alınmış müraciətlərin müsbət həlli, belə ki, 118C, 118D və 118F nömrəli konturlarda qeyd edilən torpaq sahələri üzərində JN-118 saylı "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" əsasında mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən uyğun torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2022-ci il tarixdə müraciətlər etmişdir. Həmin müraciətlər **********, **********, **********, ********** nömrələri ilə qeydiyyata alınmışdır. Bunun üzrə əsas olaraq təqdim etdiyi JN-118 saylı "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda mövcud olan 118C, 118D və 118F nömrəli konturlarda qeyd edilən torpaq sahələrinin qızıl mədəninin ərazisində yerləşdiyi, habelə müvafiq kontur üzrə torpaq sahəsinin ölçüsünə dair dövlət aktı və elektron baza xəritələrində uyğunsuzluq olması səbəbindən ünvanladığı sözügedən ərizənin icrasından imtina edilmişdir. İddiaçı hesab edir ki, qeyd olunan imtina əsassızdır. Belə ki, qeyd olunan imtinada hüquqi əsas təsvir olunmamışdır. Eyni zamanda, bildirişdə konkret olaraq hüquqların qeydiyyatından imtinanın qanunvericilik əsasları təsbit olunmamışdır. Belə ki, nə Azərbaycan Respublikasının Torpaq Məcəlləsi və digər müvafiq normativ hüquqi aktlarda, nə də "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda torpaq sahəsinin qızıl mədəni ərazisində yerləşməsi əsası ilə ona dair hüquqların qeydiyyatından imtina halı nəzərdə tutulmuşdur. Beləliklə, imtinanın əsaslandırılmaması onun qeyri-obyektivliyinə, qərəzli olmasına dəlalət edir. Üstəlik, iddiaçıya məxsus sahə qızıl yataqlarının istismarı üçün "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" ilə faktiki mülkiyyətinə təqdim olunduqdan sonrakı illərdə "Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti"nə təqdim olunub. Həmçinin cavabdeh tərəfindən iddiaçıya "daşınmaz əmlakın dövlət reyestrindən Arayış" da təqdim edilib. İddiaçı ona məxsus torpaq sahələri üzərində qızıl yataqlarının istismarı ilə bağlı işlərə görə adıçəkilən şirkət tərəfindən kompensasiya ödənilməsi istiqamətində hüquqlarını reallaşdırmaq istəyir. Lakin cavabdeh süni maneələr törətməklə, hüquqlarının təminatına sədd çəkmiş olur. Bunun üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı ve Reyestri publik hüquqi şəxsə analoji müraciətlər ünvanlamışdır. Uzun müddət gözlədikdən sonra şəxsi təşəbbüsümlə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinin qaynar xəttinə zəng edərək cavab məktubunu əldə etməyə nail olmuşdur. İddiaçı hesab edir ki, cavabdehin 118C, 118D və 118F nömrəli konturlarda qeyd edilən torpaq sahələrinin qızıl mədəninin ərazisində yerləşdiyi, habelə müvafiq kontur üzrə torpaq sahəsinin ölçüsünə dair dövlət aktı və elektron baza xəritələrində uyğunsuzluqla bağlı qondarma mövqeyi inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlər kimi qəbul edilə bilməz. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan İnterneyşnl Mayning Kompani Limited Şirkəti iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçının vəkilinin müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi “118C, 118D və 118F nömrəli konturlarda qeyd edilən torpaq sahələri üzərində mülkiyyət hüquqlarını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. İddiaçının vəkili X2 məhkəmə iclasında iddianı müdafiə etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə cavabdehə və üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə AR İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş « Torpağa mülkiyyət hüququna dair » xx.xx.2001-ci il tarixli, JN-118 Kod-50532018 nömrəli Dövlət aktından görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 2001-ci il tarixli 02 saylı qərarı ilə 1.24 ha torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən arayışından görünür ki, İddiaçı adına Gədəbəy rayonu, Arıqdam kəndi ərazisində JN-118 nömrəli dövlət aktına əsasən 1.24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyata alınmışdır. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********82 nömrəli bildirişindən görünür ki, Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı İddiaçı müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya və onun ailə üzvlərinə Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 2001-ci il tarixli 02 saylı qərarı ilə 1.24 ha torpaq sahəsi verilmiş, bununla bağlı «Torpağa mülkiyyət hüququna dair» JN-118 Kod-50532018 nömrəli Dövlət aktı tərtib edilmişdir. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etsə də, sonuncu iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinasının əsası kimi iddiaçının müraciəti ilə əlaqədər aparılan araşdırma zamanı torpaq sahələrinin qızıl mədəninin ərazisində yerləşdiyi, habelə müvafiq kontur üzrə torpaq sahəsinin ölçüsünə dair dövlət aktı və elektron baza xəritələrində uyğunsuzluq olması qeyd olunmuşdur. Qeyd edilməlidir ki, iddiaçı ilkin olaraq torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb etsə də, sonradan müvafiq ərizə əsasında iddia tələbi dəyişdirilmiş və iddianın predmetini torpaq sahələri üzərində mülkiyyət hüquqlarını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi olmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan da qeyd olunmalıdır ki, müvafiq sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. Təqdim edilmiş sübutlarla təsdiq olunur ki, iddiaçıya qanuni əsaslarla (Gədəbəy rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə) torpaq sahəsi ayrılmış, qeyd olunan qərarın icrası ilə əlaqədar «Torpağa mülkiyyət hüququna dair» JN-118 Kod-50532018 nömrəli Dövlət aktı verilmişdir. Bundan əlavə qeyd edilməlidir ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, JN-118 nömrəli dövlət aktına əsasən İddiaçı mülkiyyətində olan 1.24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz Milli qeydiyyat sistemində onun adına qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsinin qeydiyyat orqanı tərəfindən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi mövcud qanunvericiliyin tələbidir. Bir halda ki, sözügedən torpaq sahəsi üzərində artıq iddiaçının hüquqları qeydiyyata alınmışdır, bu halda həmin əmlakla bağlı çıxarışın verilməsi labüddür və cavabdehin hər-hansı əsasla bundan imtina etməsi əsassızdır. Beləliklə işin faktiki hallarına və qanunvericiliyin müvafiq tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Odur ki, 118C, 118D və 118F nömrəli konturlarda qeyd edilən torpaq sahələri üzərində iddiaçının mülkiyyət hüquqlarını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. 118C, 118D və 118F nömrəli konturlarda qeyd edilən torpaq sahələri üzərində İddiaçı mülkiyyət hüquqlarını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi öhdəliyi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-331/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-331/2023
31.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver