Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3312/2025 16.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiya təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür.
2. İddiaçıya məxsus xx.xx.1979-cu il tarixli Д-İ 018049 nömrəli diploma və Azərbaycan Dövlət Aqrar Universitetinin Arxivinin xx.xx.2021-ci il tarixli 12/90 nmrəli arayışına əsasən, Azərbaycan Dövlət Aqrar Universitetinin (əvvəllər Azərbaycan Kənd Təsərrüfatı İnstitutu, 1991-ci ildən Azərbaycan Kənd Təsərrüfatı Akademiyası, 2009-cu ildən Azərbaycan Dövlət Aqrar Universiteti) arxivində saxlanılan sənədlərə müvafiq olaraq, X3 həqiqətən xx.xx.1974-cü il tarixdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “k/t-da mühasibat uçotu” ixtisası üzrə əyani təhsil formasının birinci kursuna qəbul olmuş (xx.xx.1974-cü il 616 nömrəli əmr) və xx.xx.1979-cu il tarixdə həmin ixtisasın əyani təhsil formasını bitirmişdir (xx.xx.1979-cu il tarixli 84 nömrəli əmr) .
3. İddiaçıya məxsus xx.xx.1986-cı il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək, xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək əmək fəaliyyəti olmuşdur.
4. Azərbaycan Respublikası Dövlət X1 xx.xx.2021-ci il tarixli 530(348)/4 nömrəli arxiv arayışında və məhkəmənin sorğusuna xx.xx.2025-ci il tarixli 3-48-DA-4F/2- 1576/1/2025 nömrəli cavab məktubunda göstərilmişdir ki, İddiaçı 17 aprel 1992-ci il tarixli 52 nömrəli əmrlə xx.xx.1992-ci il tarixdən Gəncə şəhər Ərzaq Malları pərakəndə satış ticarəti birliyi 140 nömrəli mağazaya müdir təyin edilmiş və xx.xx.1994-cü il tarixli 117 nömrəli əmrlə xx.xx.1994-cü il tarixdən işdən azad edilmişdir.
5. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə-37066/2025 nömrəli imtina cavabı verilərək, bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya teminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyi sənədlərin surətlərində qeyd edilmiş və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən xx.xx.1974-cü il tarixdən xx.xx.1979cu il tarixədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla cəmi sığorta stajı 19 il 11 ay 9 gün təşkil edir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək (işdən azadolma qeydi SSRİ möhürü ilə təsdiqləndiyindən) və xx.xx.1994-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək (möhür oxunaqlı olmadığından) olan dövrlərin doldurulma qaydası pozulduğu üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Qeyd olunan dövr üzrə əmək haqqı almağını təsdiq edən sənədləri (əmək haqqı arayışları və əmrlərdən çıxarışları) təqdim etdikdən sonra sözügedən dövrlərin sığorta stajına daxil edilməsinə baxılacaqdır. Məlumat üçün bildirilir ki, xx.xx.2024-cü il tarixli müraciəti ilə əlaqədar təqdim etdiyi Azərbaycan Respublikası Dövlət X1 xx.xx.2021-ci il tarixli arayışının əslini təqdim etdikdən sonra xx.xx.1992-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək olan dövrün sığorta stajına daxil edilməsinə baxılacaqdır. Əlavə olaraq bildirilir ki, sözügedən dövr (xx.xx.1992ci il tarixindən xx.xx.1993-cü il tarixinədək) əmək stajı kimi təsdiqlənsə belə sığorta stajı qanunla müəyyən olunan müddətə (25 il) tamamlanmır. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən ona xx.xx.2021-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilib, xx.xx.2023-cü il tarixindən 220 manata çatdırılmaqla hazırda ödənişi davam etdirilir.
6. Məhkəmənin sorğusuna 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-2-18/2-461923/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, hüquqi şəxslərin dövlət reyestri məlumatlarına əsasən Samux "xxxx" Müəssisəsi (VÖEN: **********) xx.xx.1995-ci il tarixdə qeydiyyata alınmışdır. Müəssisənin hüquqi ünvanı Samux rayonu, Nəbiağalı qəsəbəsidir. Müəssisənin fəaliyyəti hazırda aktiv vəziyyətdədir.
7. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2025-ci il tarixli 3-17-1/2- 208859/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 7-ci maddəsinə əsasən İddiaçı xx.xx.2021-ci il tarixində əmək pensiyası yaşına çatmışdır. İddiaçının təqdim etdiyi 018049 №-li diplomun surətində qeyd olunan məlumata əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1979-cu il tarixinədək təhsil aldığı dövr, ******* №-li əmək kitabçasının qeyd surətində olunan məlumata əsasən xx.xx.1979-cu il tarixindən xx.xx.1986-cı il tarixinədək, xx.xx.1986-cı il tarixindən xx.xx.1986-cı il tarixinədək, xx.xx.1987-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək, xx.xx.1988-ci il tarixindən xx.xx.1990-cı il tarixinədək, xx.xx.1990-cı il tarixindən xx.xx.1992-ci il tarixinədək, xx.xx.1998-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla onun ümumilikdə 19 il 11 ay 9 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən sonra pensiya kapitalı qeydə alınmamışdır. Məlumat üçün bildirilir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunan məlumata əsasən xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək əmək kitabçasının doldurulma qaydalarına riayət edilməmişdir (SSRİ dövrünə aid möhürdən istifadə olduğundan). Bu səbəbdən sözügedən dövrlərin İddiaçı sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Eyni zamanda bildirilir ki, təqdim edilən əmək kitabçasının surətinə əsasən xx.xx.1994-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək olan əmək fəaliyyəti dövrləri üzrə möhür oxunaqlı olmadığından sözügedən dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Əlavə olaraq bildirilir ki, İddiaçı təqdim etdiyi Dövlət X1 xx.xx.2021-ci il tarixli 53(348)/4 №-li arayışının əsli təqdim ediləcəyi təqdirdə həmin arayışa əsasən xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək olan əmək fəaliyyəti dövrü üzrə xx.xx.1992-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək əməkhaqqı aldığı dövrlərin onun sığorta stajına daxil edilməsi məsələsinə yenidən baxıla bilər. II. Məhkəmədə icraat
8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək və xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək işlədiyi barədə əmək kitabçasında qeydiyyatı aparılmış dövrün ümumi stajına daxil edilməklə, cəmi 26 il 06 ay 25 gün iş stajına əsasən xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1956-cı il tarixdə doğulmuşdur. xx.xx.1979-cü il tarixindən xx.xx.2003-cü il tarixinədək müxtəlif müəssisələrdə müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.1974-xx.xx.1979-cu il tarixlərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu əyani bitirmişdir. Diplom və əmək kitabçası var. Diplom (təhsil dövrü) və əmək kitabçasına əsasən cəmi 26 il 06 ay 25 gün iş stajı var. 65 yaşı xx.xx.2021-ci il tarixdə tamam olub, proaktiv qaydada ona yaşa görə sosial müavinət təyin olunub, ödənilir. Cavabdeh təşkilata sığorta iş stajını təsdiq edən yuxarıda qeyd etdiyi sənədləri təqdim edərək ona yaşa görə əmək pensiyası təyin etməsini xahiş etsə də, yaşa görə əmək pensiyası təyin olunmasından imtina etmişdir. Cavabdeh bildirir ki, təqdim etdiyi sənədlərin surətlərində qeyd edilmiş və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən xx.xx.1974-cü il tarixdən xx.xx.1979-cu il tarixinədək əyani təhsi aldığı illər də nəzərə alınmaqla cəmi sığorta stajı 19 il 11 ay 9 gün təşkil edir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək (işdən azadolma qeydi SSRİ möhürü ilə təsdiqləndiyindən) və xx.xx.1994-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək (möhür oxunaqı olmadığından) olan dövrlərin doldurulma qaydası pozulduğu üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Əlavə olaraq bildirilir ki, sözügedən dövr (xx.xx.1992-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək) əmək stajı kimi təstiqlənsə belə sığorta stajı qanunla müəyyən olunan müddətə (25 il) tamamlanmır. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ilden) az olduğuna görə) ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bildirir ki, cavabdehin xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək Gəncə şəhər "Ərzaq malları" ticarət birliyində işlədiyi barədə arxiv arayışı almışdır, orada 1992-1993-cü illərə aid əmək haqqı aldığı qeyd olunub, 1994-cü il üzrə işlədiyi 140 №-li mağazanın əmək haqqı cədvəlləri aşkarlanmadığından (arxivə təhvil verilmədiyindən) əmək haqqı arayışında qeydlər aparılmamışdır. Əmək kitabçasında aparılan qeydlərə əsasən (təhsil müddəti daxil) iş stajı 26 il 06 ay 25 gün təşkil edir. Cavabdeh isə onun xx.xx.1974-cü il tarixdən xx.xx.1979-cu il tarixinədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla cəmi 19 il 11 ay 9 gün sığorta stajını qəbul edir, 1992.xx.xx- 1994.09.08=02.04.21 və 1994.xx.xx-1998.12.10=04.02.25 illərdək cəmi 6 il 07 ay 16 gün iş stajını qəbul etmir. Cavabdehin əmək kitabçasında göstərilən müvafiq dövrləri əmək stajı kimi qəbul etmədiyindən, ümumi sığorta stajının qanunla nəzərdə tutulan müddətdən (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Hesab edir ki, cavabdeh təşkilat qanunauyğun hərəkətlər etmir, əmək kitabçasında yazılmış bütün dövrü ümumi iş stajına qəbul etməlidir. Cavabdehin ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina haqqındakı cavabı düzgün deyil, hesab edir ki, əmək pensiyası hüququ pozulmuşdur. III. İddianın növü və mümkünlüyü
10. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
11. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. Həmin növ iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
12. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
13. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
14. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
15. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
16. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
17. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır (qərarın 6-cı bəndi).
18. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
19. Cavabdehin nümayəndəsi X5 şifahi məhkəmə baxışı iclasında iddiaya etirazda göstərilənləri müdafiə edərək, iddianın rədd edilməsini xahiş etmişdir.
Əsaslandırma hissəsi:
VI. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
20. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
21. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının əmək kitabçasının doldurulma qaydası pozulması (xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək SSRİ dövrünə aid möhürdən istifadə olduğundan və xx.xx.1994-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək olan əmək fəaliyyəti dövrləri üzrə möhür oxunaqlı olmadığından) səbəbindən həmin dövrləri onun sosial sığorta stajına daxil etməmiş və nəticədə tələb olunan 25 il sığorta stajı tamamlanmadığından ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir.
22. Məhkəmə aşağıdakılara görə cavabdehin həmin mövqeyini əsassız hesab edir.
23. Azərbaycan Respublikasının Konstitusiyasına görə: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 1.0.2. Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1 Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
25. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə: Maddə 87. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
26. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.
27. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına görə: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə görə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
29. Göründüyü kimi, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olması.
30. İddiaçının xx.xx.1956-cı il tarixdə doğulması, xx.xx.2021-ci il tarixdə, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz halıdır.
31. İddiaçının tələb olunan 25 il sığorta stajına malik olması isə iş materialları ilə öz təsdiqini tapır.
32. Belə ki, cavabdeh iddiaçının əmək kitabçasında qeyd edilən əmək fəaliyyəti dövrlərindən xx.xx.1979-cu il tarixindən xx.xx.1986-cı il tarixinədək, xx.xx.1986-cı il tarixindən xx.xx.1986-cı il tarixinədək, xx.xx.1987-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək, xx.xx.1988-ci il tarixindən xx.xx.1990-cı il tarixinədək, xx.xx.1990-cı il tarixindən xx.xx.1992-ci il tarixinədək, xx.xx.1998-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək olan dövrü onun sosial sığorta aid edərək, sığorta stajını 19 il 11 ay 9 gün kimi qəbul etmiş, lakin xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək əmək kitabçasının doldurulma qaydalarına riayət edilməməsini (SSRİ dövrünə aid möhürdən istifadə olduğunu) və xx.xx.1994-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək olan əmək fəaliyyəti dövrləri üzrə möhür oxunaqlı olmadığını əsas gətirməklə, sözügedən dövrləri sığorta stajına daxil etməmişdir.
33. Halbuki, SSRİ Nazirlər Kabinetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin «a» bəndinə görə əmək kitabçası iş stajını təsdiq edən sübut sayılır.
34. Həmçinin, 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
35. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.
36. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X6) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır.
37. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nda "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit edilmişdir.
38. İddiaçı da qeyd edilən müddətdə işləməsinə dair əmək kitabçasını təqdim etmişdir.
39. Məhkəmə cavabdehin dəlilləri ilə bağlı qeyd edir ki, əvvəla, əmək kitabçasının doldurulması işçi tərəfindən deyil, işəgötürən tərəfindən həyata keçirildiyindən SSRİ-yə aid möhürlə təsdiqlənməsi iddiaçının təqsiri ilə bağlı olmayan haldır. Əmək kitabçasının düzgün tərtib olunması işəgötürənin məsuliyyət sferasına aiddir. Ona görə həmin hal iddiaçının sosial təminat hüquqlarının pozulmasına səbəb ola bilməz.
40. Digər tərəfdən, Azərbaycan Respublikası Dövlət X1 xx.xx.2021-ci il tarixli 530(348)/4 nömrəli arxiv arayışında İddiaçı 17 aprel 1992-ci il tarixli 52 nömrəli əmrlə xx.xx.1992-ci il tarixdən Gəncə şəhər Ərzaq Malları pərakəndə satış ticarəti birliyi 140 nömrəli mağazaya müdir təyin edildiyi, xx.xx.1994-cü il tarixli 117 nömrəli əmrlə xx.xx.1994-cü il tarixdən işdən azad edildiyi qeyd edilmişdir.
41. Eynilə, məhkəmənin sorğusuna xx.xx.2025-ci il tarixli 3-48-DA-4F/2- 1576/1/2025 nömrəli cavab məktubunda da qeyd edilmişdir.
42. Yuxarıda qeyd olunanlara əsasən iddiaçının işlədiyi müddətlər daxil olmaqla, ümumi sığorta stajının 25 ildən çox olması müəyyən edilir.
43. Bununla da, “Əmək pensiyaları haqqında” AR Qanununun 7-ci maddəsində və onun qeydində yaşa görə pensiya təyin edilməsi üçün nəzərdə tutulan dispozisiya şərtləri – yaş həddi (65 yaş) və 25 il sığorta stajı iddiaçıya münasibətdə tam ödənildiyi üçün o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuş, cavabdeh orqanın bundan imtinası isə əsassız olmuşdur.
44. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
45. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə:
46. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Gəncə şəhər “Ərzaq malları” təsərrüfat birliyində və xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək Samux rayonu Avtomotoservis və Ticarət Müəssisəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona hüququ yarandığı xx.xx.2021-ci il tarixdən əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva