Məhkəmə qərarları › İş №2-1(114)-3313/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3313/2025

11.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3313/2025 11.03.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı özəlləşdirmə paylarının dəyərinin ödənilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı özəlləşdirmə paylarının dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmədən kənar qaydada baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı dövlət özəlləşdirmə paylarının dəyərinin ödənilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə etidiyi müraciətə həmin Xidmətin xx.xx.2024-cü il tarixli 3-21-3/2-M-2893-8/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"nın 1.5-ci bəndinə əsasən dövlət özəlləşdirmə paylarının tədavüldə olma müddəti 2002-ci ilin yanvar ayının 1-dək müəyyən edilmişdir. Daha sonra dövlət özəlləşdirmə paylarının tədavüldə olma müddəti Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 587 nömrəli Fərmanı ilə 2004-cü ilin iyul ayının 1-dək, xx.xx.2004-cü il tarixli 75 nömrəli Fərmanı ilə 2008-ci ilin yanvar ayının 1-dək, xx.xx.2007-ci il tarixli 649 nömrəli Fərmanı ilə 2010-cu ilin yanvar ayının 1-dək, xx.xx.2009-cu il tarixli 202 nömrəli Fərmanı ilə 2011-ci ilin yanvar ayının 1dək 5 dəfə uzadılmış və özəlləşdirmə paylarının tədiyyə vasitəsi kimi son istifadə müddəti xx.xx.2011-ci il tarixinədək müəyyən edilmişdir. II. Məhkəmədə icraat

2. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək 1997-ci ildə özəlləşmə zamanı pay kimi ona və ailə üzvlərinə verilmiş Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən 2 ədəd özəlləşdirmə payına uyğun olaraq hər birinə 5.000 manat kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1992-ci ildə Ağdam rayonu, Yusifcanlı kəndi ermənilər tərəfindən işğal edilməsi nəticəsində yaşadıqları evdən qaçqın düşmüş və ailə üzvləri ilə birlikdə Ağdam rayonu, Alıbəyli-2 qəsəbəsi, ev 31-də məskunlaşıblar. "Azərbaycan Respublikasının dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında" Azərbaycan Respublikasının Prezidentinin 25 mart 1996-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən özəlləşdirmə çeki dövriyyəyə buraxılmışdır. Həmin ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş 2 ədəd (CB23341193- 196, CB23026101-104 və CB23026097-100) nömrəli özəlləşdirmə çekinin surətindən görünür ki, 2 nəfər ailə üzvlərinin hər birinə bir ədəd olmaqla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2 ədəd özəlləşdirmə çeki verilmiş və 30 il ərzində həmin özəlləşdirmə çekinə uygun əmlak payı qanunla müəyyən edilmiş qaydada verilməmiş və ya onun dəyəri ödənilməmişdir. Həmin çekin üzərində qeyd edilir ki, bu özəlləşdirmə çeki Azərbaycan Respublikasının Dövlət Mülkiyyəti ilə təmin edilir, eyni zamanda həmin çekin ikinci vərəqəsində "özəlləşdirmə çeki - Azərbaycan Respublikasının hər bir vətəndaşına özəlləşdirilən dövlət mülkiyyətindən əvəzsiz verilən hissəsidir" kimi qeyd edilmişdir. Aradan 30 ildən artıq vaxt keçməsinə baxmayaraq həmin özəlləşmə paylarından istifadə edə bilməmişdir. Ona görə də, dövlət özəlləşdirmə paylarının dəyərinin və ya kompensasiya ödənilməsini təmin edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi müraciət etmişdir. Həmin ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyya Nazirlyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 09 dekabr 2024-cü il tarixli 3-21-3/2-H-2893-8/2024 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin X2"nın 1.5-ci bəndinə əsasən dövlət özəlləşdirmə paylarının tədavüldə olma müddəti 2002-ci ili yanvar ayının 1-dək müəyyən edilmişdir. Daha sonra dövlət özəlləşdirmə paylarının tədavüldə olma müddəti Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci tarixli 587 nömrəli Fərmanı ilə 2004-cü ilin iyul ayının 1-dək, xx.xx.2004-cü il tarixli 75 nömrəli Fərmanı ilə 2008-ci ilin yanvar ayının 1-dək, xx.xx.2007-ci il tarixli 649 nömrəli Fərmanı ilə 2010-cu ilin yanvar ayının 1-dək, xx.xx.2009-cu il tarixli 202 nömrəli Fərmanı ilə 2011-ci ilin yanvar ayının 1-dək 5 dəfə uzadılmış və özəlləşdirimə paylarının tədiyyə vasitəsi kimi son istifadə müddəti xx.xx.2011-ci il tarixinədək müəyyən edilmədiyi üçün imtina edilmişdir. Belə olan halda başqa çıxış yolu qalmadığı üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Beləliklə yuxarıda göstərilənlrə əsasən hesab edir ki, 1997-ci ildə özəlləşmə zamanı pay kimi ona və ailə üzvlərinə verilmiş Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Komitəsi tərəfindən 2 ədəd özəlləşdirmə payına uyğun olaraq hər birinə 5.000 manat kompensasiya ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməlidir.

4. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

Əsaslandırma hissəsi:

5. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır.

6. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.

7. İş materialları ilə müəyyən olunur ki, iddiaçının tələbi 1997-ci ildə özəlləşmə zamanı pay kimi ona və ailə üzvlərinə verilmiş Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən 2 ədəd özəlləşdirmə payına uyğun olaraq hər birinə 5.000 manat kompensasiyanın cavabdeh tərəfindən ödənilməsinə yönəlmişdir.

8. Məhkəmə qeyd edir ki, özəlləşdirmə çekləri “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 mart 1996-cı il tarixli, 450 №-li Fərmanına əsasən tədavülə buraxılmışdır.

9. Həmin Fərmanın 2-ci bəndinə əsasən dövlət özəlləşdirmə payları (çekləri) Azərbaycan Respublikasının hər bir vətəndaşına Azərbaycan Respublikasına məxsus dövlət mülkiyyətinin bir hissəsinin əvəzsiz olaraq verilməsini təmin edən qiymətli kağız kimi müəyyən edilmişdir.

10. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” 16 may 2000-ci il tarixli, 878-İQ №-li Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi zamanı ödəmə vasitəsi Azərbaycan Respublikasının tədiyyə vasitəsi manat və qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət özəlləşdirmə payları (çekləri) hesab olunur.

11. Həmin Qanunun 10-cu maddəsində deyilir ki, “dövlət özəlləşdirmə payının məbləği, verilməsi şərtləri və ondan istifadə olunması qaydaları Özəlləşdirmə haqqında Dövlət Proqramı ilə müəyyənləşdirilir”.

12. Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"nın 1.5-ci bəndinə əsasən “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinə dair qanunvericilik aktlarına uyğun olaraq ölkə vətəndaşlarına paylanmış dövlət özəlləşdirmə payları (çekləri) 2002-ci il yanvar ayının 1-dək tədavüldə” tənzimləndi.

13. Sonra isə həmin müddət əvvəl 2004-cü ilin iyul ayının 1-nə qədər, sonra 2008-ci ilin yanvar ayının 1-dək, daha sonra 2010-cu ilin yanvar ayının 1-dək, ən sonda isə 2011-ci ilin yanvar ayının 1-dək uzadıldı.

14. Göründüyü kimi, iddiaçının kompensasiya ödənilməsini tələb etdiyi çeklər Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 saylı Fərmanı ilə təsdiqlənmiş İİ Dövlət Proqramının 1.5-ci bəndi ilə tədavül müddəti bitdiyi üçün tədavüldən çıxarılmışdır.

15. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddianın mümkün sayılmaması əsası qismində məhz iddiaçı tərəfindən istifadə edilməmiş dövlət özəlləşdirmə paylarına görə kompensasiyanın ona ödənilməsinin tələb edilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş prosessual müddətdə mübahisələndirilməməsi, başqa sözlə iddianın mümkünlük şərtlərinin biri qismində çıxış edən qanunvericiliklə müəyyən edilmiş iddia müddətinə əməl edilməsi ilə bağlı şərtə riayət edilməməsi halı çıxış edir.

16. Qeyd olunmalıdır ki, ilk öncə hazırki iş üzrə xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verilməlidir.

17. Belə ki, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər).

18. Həmin Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

19. Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır.

20. X1 həmçinin qeyd edilmişdir ki, İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq, iddia mümkün sayılmalıdır (4.1, 5.1, 5.2 və 5.3-cü bəndlər).

21. Məhkəmə hesab edir ki, iddiaçının ehtimal etdiyi hüquqlarının qorunması indiki məhkəmə baxışı çərçivəsində bilavasitə qanundan irəli gəlmir və onların konkret halda hüquqi müdafiəyə ehtiyacının olması müəyyən edilmir.

22. Göründüyü kimi ölkə vətəndaşlarına paylanmış dövlət özəlləşdirmə paylarının (çeklərinin) tədavüldə olma müddəti 2011-ci ilin yanvar ayının 1-dək müəyyənləşdirilmiş, bundan sonra isə tədavül müddətinin uzadılması barədə həmin Fərmana dəyişiklik edilməmişdir.

23. Məhkəmə hesab edir ki, faktiki olaraq iddiaçı ona verilmiş özəlləşdirmə çeklərindən 2011-ci ilin yanvar ayının 1-dək istifadə etmək hüququndan istifadə etməyərək bu imkanı qaçırmışdır. İddiaçı qeyd olunanları bilməli olduğu halda, dövlət aktlarının tələblərinə ciddi yanaşmamış, özəlləşdirmə çeklərini saxlamış, mübahisələndirilən prosedur qapandığı və artıq məsələ ilə bağlı subyektiv hüququnu itirdiyi halda hazırkı tələbi irəli sürmüşdür. Belə olan halda isə cavabdeh inzibati orqanın hərəkətlərinin (hərəkətsizliyinin) nəticəsində iddiaçının hansısa hüquqlarının pozulması müəyyən edilmir. Halbuki, iddianın mümkün sayılması baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır.

24. Aparılmış araşdırma ilə məhkəmə belə qənaətə gəlir ki, iddiaçının cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbinin mövcudluğu və beləliklə də, işə mahiyyəti üzrə baxmağa imkan verən şərtlər mövcud deyildir. İddiaçı hazırkı iddia ilə qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almamış, İPM-in 35.1-ci maddəsinə uyğun olaraq cavabdeh inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilməmişdir. Odur ki, iddia mümkün sayılmamalıdır.

25. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, dövlət özəlləşdirmə paylarının (çeklərinin) tədavüldə olma müddəti bitənədək, yəni 01 yanvar 2011-ci il tarixədək cavabdehin hərəkətsizliyinin mübahisələndirilməsi üçün müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürüldüyündən iddia mümkün sayılmamalıdır.

26. İPM-in: - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. - 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Nəticəvi hissə:

27. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar