Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3316/2025 24.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı ünvan 1 ünvanda yerləşən daşınmaz əmlak üzərində iddiaçının hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddia tələbi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Gəncə şəhəri, Kərpic zavod qəsəbəsi, ev 1, mənzil 6 ünvanda yerləşən mənzilin iddiaçının adına rəsmiləşdirilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə qeydiyyata alınmışdır. Daha sonra iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri, Kərpic zavod qəsəbəsi, ev 1, mənzil 6 ünvanda yerləşən daşınmaz əmlak üzərində iddiaçının hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 29 aprel 2010-cu il tarixli, ƏN-1 № 137651 nömrəli Etibarnamə əsasında X1 Gəncə şəhəri, Kərpic zavod qəsəbəsi, ev 1, mənzil 6 ünvanda yerləşən mənzilini aralarında razılaşma yolu ilə 8 500 manata almışdır. Həmən gündən bu günə kimi də iddiaçı ailəsi ilə birgə həmin ünvanda yaşayır, bütün kommunal xərcələri də ödəyir. Bu faktı məhkəmədə yaxın qonşuları X4 və X6 da təsdiq edə bilərlər. Məhluqə Əliyeva iddiaçıya verdiyi Etibarnamənin müddəti 29 aprel 2030-cu ilədək qüvvədədir. X3 xx.xx.2017-ci ildə vəfat etmişdir. Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 346 nömrəli Arayışdan göründüyü kimi, X2 nikahı haqqında akt "Vətəndaşlıq vəziyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar edilməmişdir. xx.xx.2025-ci il tarixdə Gəncə şəhəri, Kərpic zavod qəsəbəsi, ev 1, mənzil 6 ünvanda yerləşən mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə iddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmişdir. İdarənin xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2M-0008-8/2025 məktubu ilə cavab olaraq bildirilmişdir ki, "aparılmış araşdırma zamanı mərhum X2 vərəsəsi olmağınız barədə müvafiq sənədin və qanunvericiliyin tələblərinə əməl olunmaqla notariat qaydada təsdiq edilmiş müqavilənin təqdim edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən müraciətinizin icrası mümkün olmamışdır". Odur ki, mənzilin iddiaçının adına rəsmiləşdirilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etməyə qərar vermişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə ərizə və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddiaçının hazırkı mübahisə üzrə subyektiv hüququ mövcud olmadığından iddiası mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, Gəncə şəhəri, Kərpic zavod qəsəbəsi, ev 1, mənzil 6 ünvanda yerləşən **********51-05101-093003 reyestr nömrəli daşınmaz əmlak üzərində X2 xüsusi mülkiyyət hüququ xx.xx.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd edilir ki, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Nəzərə alınmalıdır ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçının mübahisəli Gəncə şəhəri, Kərpic zavod qəsəbəsi, ev 1, mənzil 6 ünvanda yerləşən daşınmaz əmlakla bağlı tələb irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. İddiaçı ərizəsində qeyd edilir ki, mübahisə predmeti olan daşınmaz əmlak X3 tərəfindən ona etibarnamə əsasında satılmışdır. Bununla bağlı, Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, mülki qanunvericiliyin tələbinə əsasən etibarnamə – bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi yazılı vəkalətdir. Etibarnaməni verən şəxs müvafiq olaraq “Etibarən edən”, etibarnamə üzrə səlahiyyətli şəxs isə “Etibar edilən” tərəf adlanır. Etibarnaməni vermiş fiziki şəxsin ölməsi ilə etibarnaməyə xitam verilir Beləliklə, göründüyü kimi etibarnamə hər hansı bir əmlak üzərində hüquqların qeydiyyatı üçün əsas deyildir. Başqa sözlə, etibarnamə ilə etibar edilən etibar edənin ona verdiyi səlahiyyətlər çərçivəsində addım ata bilər. Hər hansı bir daşınmaz əmlakın özgəninkiləşdirilməsi üçün isə mütləq qaydada yazılı müqavilə olmalı və həmin müqavilə notariat qaydasında təsdiq edilməlidir. Əks halda həmin müqavilənin heç bir hüquqi əsası olmayacaq. Bu yanaşma “Azərbaycan Respublikası Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2 aprel 2021-ci il tarixli Qərarında əks edilmişdir. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir . İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Hazırkı iş üzrə iddiaçının daşınmaz əmlakla bağlı əmlak X3 ilə olan etibarnaməsi şəxsin ölməsi əsas ilə öz hüquqi qüvvəsini itirmişdir “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Həmin Qərarın 2.3-cü bəndində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə hesab edir ki, mübahisəli mənzilin mülkiyyətçisi X2 vərəsələri hazırki iş üzrə subyektiv hüquqa malikdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı ünvan 1 ünvanda yerləşən daşınmaz əmlak üzərində iddiaçının hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-3316/2025
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3316/2025
24.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver