Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3318/2023 21.12.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mənzilin özəlləşdirilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və üçüncü şəxsin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs "xxxx" ASC) qarşı mənzilin özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. 26.11.1980-ci il tarixli qeydiyyat vərəqəsinə əsasən İddiaçı və X1 şəhəri, Kəpəz rayonu, M.A.Əliyev küçəsi, 10A ünvanına qeydiyyata alınmışlar.
2. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli 1200 nömrəli sərəncamında ünvan 2 ünvanında yerləşən 1 saylı X11 bazasında "xxxx" açıq tipli səhmdar cəmiyyətinin yaradılması qərara alınmış və Dövlət əmlakının idarə olunması baş idarəsinə tapşırılmışdır ki, 1 saylı X11 balansında olan və dəyəri "xxxx" açıq tipli səhmdar cəmiyyətinin nizamnamə kapitalına daxil edilməyən və sərəncama 1 saylı Əlavədə göstərilən sosial obyektlərin yerli İcra Hakimiyyətinin sərəncamına verilməsini təmin etmək tapşırılmışdır. Həmin 1 saylı Əlavədə (İcra Hakimiyyətinin sərəncamına verilən sosial obyektlərin siyahısında) 26-cı sırada Gəncə şəhəri, M.Əliyev küçəsi, ev 10 qeyd olunmuşdur.
3. Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyətinin 139 saylı Evlər Üçlüyünün xx.xx.2014-cü il tarixli 36 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən ünvan 1 saylı - 3 otaqlı 123,2 kv.m ümumi, 48,5 kv.m yaşayış, 74,7 kv.m yardımçı sahəsi olan evin sahibidir.
4. "xxxx" ASC Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2014-cü il tarixli 02 nömrəli protokolundan çıxarışa əsasən "xxxx" ASC-nin balansında olan İddiaçı yaşadığı ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 123,2 kv.m olan (3 yaşayış otağı 48,5 kv.m, 74,7 kv.m yardımçı sahəsi) ev bütövlüklə onun adına xüsusiləşdirilməsi qərara alınmışdır.
5. "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2014-cü il tarixli 09 nömrəli məktubunda bildirmişdir ki, Gəncə şəhəri, Mirzağa Əliyev küçəsi, 10 A saylı evdə yaşayan İddiaçı evi onun adına olmaqla aşağıdakılardan ibarətdir: 3 yaşayış otağı 48,5 kv.m , yardımçı sahə 74,7 kv.m. Həmin evin İddiaçı adına bütövlükdə özəlləşməsinə etiraz etmirlər.
6. 139 saylı Evlər Üçlüyünün xx.xx.2023-cü il tarixli arayışa əsasən İddiaçı həqiqətən ünvan 5 ünvanda yaşayır.
7. İddiaçı ünvan 6 onun adına qeydə alınması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş və İdarənin xx.xx.2023-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, aparılan araşdırma zamanı ərizəyə əlavə edilmiş sənədlərin mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunmur. Belə ki, şəxsi hesab vərəqəsinin açılması barədə qərar mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunmur. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir.
8. Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X2 xx.xx.2023-cü il tarixli M-856 nömrəli cavab məktubunda bildirilmişdir ki, ünvan 7 ünvanı Birliyin balansına aid deyildir. Həmin ünvan xüsusi mülkdür.
9. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-33/2- 10892/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, Gəncə şəhəri, Kəpəz rayonu, Sədi küçəsi, ev 17-də yerləşən mənzilə dair X8 adına xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli **********28-05101-093001 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri, Kəpəz rayonu, Zülfi Hacıyev küçəsi, 2-ci döngə, 12 nömrəli mənzilə dair X6 adına xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli **********37-05101-093002 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Digər mülkiyyətçilər adına Gəncə şəhərində fərdi yaşayış evi qeydə alınmamışdır. II. Məhkəmədə icraat
10. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, M.A.Əliyev küçəsi, ev 10A yaşayış evi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, M.A.Əliyev küçəsi, ev 10A yaşayış evi ona "xxxx" ATSC tərəfindən işçi olaraq verilmişdir. 1989-cu ildən həmin yaşayış evində yaşayır. Uzun illərdir ki, həmin yaşayış evində ailə üzvləri ilə birlikdə yaşamaqla yanaşı, həmin ünvanda qediyyatdadır. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.1993-cü il tarixli Fərmanına əsasən ev qiyməti ödənilmədən ona verilmişdir. "xxxx" ASC Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2014-cü il tarixli 02 saylı protokolundan çıxarışdan da görmək olar ki, "xxxx" ASC-nin balansında olan onun yaşadığı Gəncə şəhəri, M.A.Əliyev küçəsi, 10A saylı yaşayış evi, ümumi sahəsi 123.2 kv.m olan, 3 yaşayış otaqlı ev bütövlükdə onun adına xüsusiləşdirilməsinə dair qərar qəbul edilmişdir. Həmin dövrdə o və həyat yoldaşı X5 qeyd olunan yaşayış sahəsinə “Kartoçka Propiski“ adlı sənəd vasitəsi ilə qeydiyyata düşmüşlər. İddiaçı olaraq o, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə xx.xx.2023-cü il tarixli, ********** nömrəli müraciəti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. Müraciətinə cavab olaraq bildirilmişdir ki, aparılmış araşdırma zamanı ərizəsinə əlavə edilmiş sənədlər mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunmamış və icrasından imtina edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə rəsmi müraciətinə imtina edilmə səbəbi vətəndaş olaraq ona heç bir aidiyyəti yoxdur. Bu barədə aidiyyəti üzrə Dövlət orqanlarına müraciət etsə də onun məsələsinə qanunla müəyyən edilmiş qaydada baxılmır və o get-gələ salınaraq konstitusion hüquqları pozulur. Bir vətəndaş olaraq çox narahatdır, ona görə də, yeganə ümid yeri olaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü
13. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
14. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
15. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
16. Cavabdehin yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
17. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
18. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
19. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
20. İddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlmişlər, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
21. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
22. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır (qərarın 7-ci bəndi).
23. Üçüncü şəxsin nümayəndəsi X4 məhkəməyə verdiyi izahatında göstərdi ki, iddiaçının evi də daxil olmaqla sözügedən ərazidə olan fərdi yaşayış evləri “Gəncə Şərab” zavodu tərəfindən tikilərək işçilərə paylanmışdır. Həmin zavod 1998-ci ildə özəlləşdirilən zaman Dövlət Əmlak Komitəsinin sərəncamında göstərilmişdir ki, zavoda məxsus sosial obyektlər (yəni, işçilərə ayrılmış evlər) yerli icra hakimiyyətinin sərəncamına verilsin. Həmin dövrdə Gəncə Şəhər İcra Hakimiyyətinə dəfələrlə bu barədə bildirilməsinə baxmayaraq, evlərin çoxu yararsız olduğundan onların təmiri, saxlanması və s. xərclər nəzərə alınaraq, icra hakimiyyəti bundan imtina etmiş və evlər dövlət mənzil fonduna qəbul edilməyərək, beləliklə "xxxx" ATSC-nin balansında qalmışdır. Sözügedən evlərdə yaşayan işçilər evləri özəlləşdirmək istəyən zaman onlara imtina edildiyi üçün "xxxx" ASC Həmkarlar İttifaqı Komitəsi tərəfindən 2014-cü ildə keçirilmiş iclasda "xxxx" ASC-nin balansında olan və şəxslərin yaşadıqları evlərin onların adına xüsusiləşdirilməsi barədə qərar qəbul edilmişdir. Hazırda "xxxx" ASC işçilərə paylanmış və onların yaşadıqları həmin evlərin onların adına, o cümlədən Gəncə şəhəri, Mirzağa Əliyev küçəsi, 10 A saylı evin İddiaçı adına özəlləşməsinə heç bir etiraz etmir. Ona görə də, iddianın təmin edilməsinə dair qərar çıxarılmasını xahiş edir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
24. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - 26.11.1980-ci il tarixli qeydiyyat vərəqəsi; - Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli 1200 nömrəli sərəncamı; - "xxxx" ASC Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2014-cü ildə cəmiyyətin Baş direktoru Məmmədov M.H. ilə birgə keçirilmiş 02 nömrəli protokolundan çıxarış; - Azərbaycan Respublikası Gəncə şəhəri "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2014-cü il tarixli 09 nömrəli məktubu; - 139 saylı Evlər Üçlüyünün xx.xx.2014-cü il tarixli 36 nömrəli və xx.xx.2023-cü il tarixli arayışları; - Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X2 xx.xx.2023-cü il tarixli M-856 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-33/2- 10892/2023 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlər; - Cavabdeh orqanın xx.xx.2023-cü il tarixli imtina məktubu.
Əsaslandırma hissəsi:
Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
25. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
26. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ünvan 4 ünvanında yerləşən mənzilin onun adına qeydə alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş və İdarənin xx.xx.2023-cü il tarixli imtina məktubu ilə ərizəyə əlavə edilmiş sənədlərin mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunmadığı əsas gətirilməklə, müraciəti təmin edilməmişdir.
27. Məhkəmə aşağıdakılara görə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur.
28. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, Gəncə 1 saylı Şərab Zavodu tərəfindən zavodun işçilərinin yaşayışını təmin etmək məqsədilə evlər tikilərək işçilərə paylanmış, o cümlədən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi zavodun işçisi kimi İddiaçı verilmişdir. İddiaçı və həyat yoldaşı həmin evə qeydiyyata alınaraq, bu müddət ərzində orada yaşamışlar. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli 1200 nömrəli sərəncamı ilə 1 saylı X11 bazasında "xxxx" açıq tipli səhmdar cəmiyyətinin yaradılması qərara alınmış, eyni zamanda Dövlət əmlakının idarə olunması baş idarəsinə 1 saylı X11 balansında olan və dəyəri "xxxx" açıq tipli səhmdar cəmiyyətinin nizamnamə kapitalına daxil edilməyən və sərəncama 1 saylı Əlavədə göstərilən sosial obyektlərin yerli İcra Hakimiyyətinin sərəncamına verilməsini təmin etmək tapşırılmışdır. Həmin 1 saylı Əlavədə (İcra Hakimiyyətinin sərəncamına verilən sosial obyektlərin siyahısında) 26-cı sırada Gəncə şəhəri, M.Əliyev küçəsi, ev 10 qeyd olunmuşdur.
29. Buna baxmayaraq, sözügedən evlər, o cümlədən iddiaçının yaşadığı ev İcra Hakimiyyətinə təhvil verilməmiş və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin balansında qalmışdır. Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X2 xx.xx.2023-cü il tarixli M-856 nömrəli cavab məktubunda da bildirilmişdir ki, ünvan 7 ünvanı Birliyin balansına aid deyildir. Həmin ünvan xüsusi mülkdür.
30. Yəni, başqa sözlə, sözügedən ev dövlət mənzil fonduna aid deyildir.
31. "xxxx" ASC Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2014-cü il tarixli 02 nömrəli protokolundan çıxarışda "xxxx" ASC-nin balansında olan İddiaçı yaşadığı ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 123,2 kv.m olan (3 yaşayış otağı 48,5 kv.m, 74,7 kv.m yardımçı sahəsi) ev bütövlüklə onun adına xüsusiləşdirilməsi qərara alınsa da, həmin Cəmiyyətin belə bir səlahiyyəti mövcud olmamışdır və həmin iclas protokolu mənzilin özəlləşdirilməsi üçün əsas hesab oluna bilməz.
32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi.
33. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam.
34. Göründüyü kimi, qanunvericilik hüquqların qeydiyyatı üçün əsas qismində dövlət mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamını, orderi və ya mənzil kirayəsi müqaviləsini nəzərdə tutmuşdur.
35. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə;
36. Məhkəmə hesab edir ki, iddiaçının mənzilin onun adına özəlləşdirilməsi üçün müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məzmunda sənədləri olmadığından cavabdeh onun hüquqlarını qeydə almaqdan haqlı olaraq imtina etmişdir. Ona görə də, iddia təmin edilməməlidir.
37. İPM-in: - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
38. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
Nəticəvi hissə:
39. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva