Məhkəmə qərarları › İş №2-1(114)-3318/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3318/2025

26.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3318/2025 26.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Gədəbəy Rayon İcra Hakimiyyəti Kommunal Müəssisələri Kombinatı) “mənzil üzərində mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Giriş hissəsi: Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Gədəbəy Rayon İcra Hakimiyyəti Kommunal Müəssisələri Kombinatı) “mənzil üzərində mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə:

1. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən: - Gədəbəy Rayon İcra Hakimiyyəti Kommunal Müəssisələri Kombinatının xx.xx.2019cu il tarixli arayışa əsasən, İddiaçı həqiqətən Gədəbəy şəhərinin M.Quliyev küçəsindəki 16 nömrəli binanın 3 nömrəli mənzildə 2000-ci il tarixdən yaşayır. Tutduğu 18.71 kv.m sahə 1 otaqdan ibarətdir; - 25.02.2025-ci il tarixli, ******* nömrəli “yaşayış yeri üzrə qeydiyyat haqqında arayış”a əsasən, İddiaçı ünvan 1 ünvanında xx.xx.2005-ci il tarixdən qeydiyyatdadır; - Gədəbəy Kommunal Müəssisələri Kombinatının rəisi ilə kirayəçi İddiaçı arasında bağlanmış xx.xx.2000-ci il tarixli 20 illik müqaviləyə əsasən, kirayəçi yaşadığı sahəyə uyğun yaranmış ev kirayəsi və kommunal borcu Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatının təqdim etdiyi bildiriş əsasında kombinatın “Kapital Bank”da olan hesabına hər ay üçün 0.37 qəpik, illik 4.50 manatın vəsaitin ödəməlidir; - Gədəbəy Kommunal Müəssisələri Kombinatının rəisi ilə kirayəçi İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli 10 illik müqaviləyə əsasən, kirayəçi hər ay üçün illik 4.40 manat kommunal xidmət haqqını ödəməyə borcludur; - cavabdehin xx.xx.2025-ci il tarixli, 3-21-3-40/2-A-0185-8/24 nömrəli “mənzil üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması ilə bağlı” məktubuna əsasən, sözügedən mənzil üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasına həmin mənzilin qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədləri, yəni “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və 29 iyun 2004-cü il tarixli, 713-İİQ saylı “Daşınmaz, emlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasinın Qanunun 8.0.11 maddəsində qeyd olunan “Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi”ni və həmin orderə dair arxiv arayışını, eyni zamanda "üzərində mülkiyyət hüquqları qeydiyyata alınan və ya özəlləşdirilən mənzil dövlət fonduna və ya 2005-ci il 24 iyun tarixinədək yaradılmış mənziltikinti kooperativinə aid olduqda mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil-istismar təşkilatının arayışı (2 №-li forma) və ailə üzvlərinin (mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsine hüququ olan 18 yaşı tamam olmus, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə hüququ saxlanılan şəxsiərin) notarial qaydada təsdiq edilmiş razılıq ərizələrini qanunla müəyyən olunmuş qaydada hüquq əldə edən və yaxud onun tərəfindən vəkil edilmiş şəxs tərəfindən 11 saylı Şəmkir Ərazi İdarəsinə təqdim edildiyi təqdirdə 29 iyun 2004-cü il tarixli, 713-İİQ saylı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq qanunamüvafiq qaydada baxılacaqdır; - cavabdehin xx.xx.2025-ci il tarixli, 3-21-3-02/2-A-00xx-xx/2025 nömrəli “müraciətinizə baxılması barədə” məktubuna əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 N-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir; - Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi “Azərtexinventarlaşdırma” İstehsalahat İdarəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli fərdi yaşayış fonduna daxil olan özəlləşmə paylı mənzilin texniki pasportuna əsasən, Azərbaycan Respublikası, Gədəbəy rayonunda yerləşən mənzilin Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatının xx.xx.1998-ci il tarixli, 03 nömrəli arayışı əsasında İddiaçı adına özəlləşdirilmişdir.

2. Gədəbəy Rayon İcra Hakimiyyəti Kommunal Müəssisələri Kombinatının rəisi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 23 nömrəli məktuba əsasən, M.Quliyev küçəsində yerləşən 6 nömrəli binanın 3 nömrəli mənzili Gədəbəy Kommunal Müəssisələri Kombinatının balansındadır.

3. İddiaçının nümayəndəsi (vəkili) Vəkil tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.1992-ci il tarixli, 25 nömrəli Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatı və İddiaçı arasında bağlanmış 10 illik müqaviləyə əsasən, ev kirəsi 2.44 manat, su haqqı aylıq 15 rubl, zibil haqqı aylıq 0.56 manatdır.

4. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-3-40/2- 2395/2025 nömrəli “əmlaka dair məlumatın verilməsi haqqında” məktuba əsasən, ünvan 3 ünvanında yerləşən mənzil Milli Qeydiyyat Sistemində qeydiyyatdan keçməmişdir.

5. Gədəbəy Rayon İcra Hakimiyyəti Kommunal Müəssisələri Kombinatının rəisi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 45 nömrəli məktuba əsasən, M.Quliyev küçəsində yerləşən 5 nömrəli evin 16 nömrəli mənzili Gədəbəy Kommunal Müəssisələri Kombinatının balansındadır.

6. Gədəbəy Rayon İcra Hakimiyyəti Kommunal Müəssisələri Kombinatının rəisi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 94 nömrəli məktuba əsasən, İddiaçı ilə Gədəbəy Kommunal Müəssisələri Kombinatı arasında 01 iyul 1992-ci il tarixli 25 nömrəli müqavilə bağlanmış və o, 1992-ci ildən bu günədək kombinatın balansında olan ünvan 4 ünvanında kirayə yaşayır. Əlavə olaraq qeyd edilmişdir ki, Kombinatla bağlanmış sonuncu müqaviləyə əsasən kirayə haqqı ödənilmiş və kirayəçinin Kombinata heç bir borcu qalmamışdır.

7. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə təqdim edərək, ünvan 3 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı iddiasının onunla əsaslandırmışdır ki, iddiaçı cavabdeh orqana müraciət edərək, Gədəbəy şəhəri, M.Quliyev küçəsi, ev 5, 16 nömrəli mənzilin özəlləşdirilməsini xahiş etmiş, cavabdeh orqan xx.xx.2025-ci il tarixdə rəsmi cavab vermiş və iddiaçının qanuni əsaslarla olan tələbinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdeh orqanın imtinası əsasızdır. Belə ki, o, Gədəbəy şəhəri, M.Quliyev küçəsi, ev 5, 16 nömrəli mənzildə 1983-cü il tarixdən ailə üzvləri ilə birlikdə yaşayır. İddiaçının iki övladı həmin mənzildə yetkinlik yaşına çatmış və ailə quran günədək orada yaşamışdır. İddiaçı və arvadı hazırda da həmin mənzildə yaşayır. İddiaçı ilə Gədəbəy rayon KMK arasında bağlanmış xx.xx.2000-ci il tarixli, 11 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında iddiaçı həmin mənzilin bütün kommunal xərclərini ödəmiş, daha sonra iddiaçı ilə Gədəbəy KMK arasında xx.xx.2023-cü il tarixdə icarə müqaviləsi bağlanmışdır. 1983-cü ildən bugünkü günədək iddiaçı həmin mənzildə yaşamış və mənzilin bütün kommunal xərclərini ödəmişdir. İddiaçı həmçinin bildirir ki, xx.xx.1998-ci il tarixdə iddiaçıya “fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin” texniki pasportun tərtib edilmiş və özəlləşdirilməsinə razılıq ifadə edilmişdir. Qeyd edilən faktlara baxmayaraq, cavabdeh təşkilat iddiaçının qanuni əsaslarla əldə etdiyi mənzilin özəlləşdirilməsindən imtina etmişdir.

9. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Gədəbəy Rayon İcra Hakimiyyəti Kommunal Müəssisələri Kombinatı iştirakı adi olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur.

10. Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı etiraz məhkəməyə daxil olmuş və etirazda qeyd edilmişdir ki, sözügedən mənzil üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasına həmin mənzilin qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədləri, yəni “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və 29 iyun 2004-cü il tarixli, 713-İİQ saylı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.11 maddəsində qeyd olunan “Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi”ni və həmin orderə dair arxiv arayışını, eyni zamanda “üzərində mülkiyyət hüquqları qeydiyyata alınan və ya özəlləşdirilən mənzil dövlət fonduna və ya 2005-ci il 24 iyun tarixinədək yaradılmış mənzil-tikinti kooperativinə aid olduqda mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil-istismar təşkilatının arayışı (2 №-li forma) və ailə üzvlərinin (mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə hüququ saxlanılan şəxslərin) notarial qaydada təsdiq edilmiş razılıq ərizələrini qanunla müəyyən olunmuş qaydada hüquq əldə edən və yaxud onun tərəfindən vəkil edilmiş şəxs tərəfindən 11 saylı Şəmkir Ərazi İdarəsinə təqdim edildiyi təqdirdə 29 iyun 2004-cü il tarixli, 713-İİQ saylı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq qanunamüvafiq qaydada baxılacağı bildirilmişdir. İmtinaya əsas olan sənədlər təqdim edilmədiyi üçün ərizənin icrası tərəfimizdən mümkün olmamışdır. İddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində qeyd olunanlara oxşar izahat vermiş, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

12. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd olunanlara oxşar izahat vermiş, hüquqlarını müdafiə etdiyi şəxsin iddiasının hüquqi cəhətdən tam əsaslı olduğunu və bu səbəbdən də iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə təqdim etdikləri etiraza oxşar izahat verərək, təmsil etdiyi inzibati orqanın mövqeyinin hüquqi cəhətdən əsaslı olduğunu və bu səbəbdən də iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

14. Üçüncü şəxsə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflərindən iddiaya münasibət bildirilməmiş, məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verilməmişdir.

15. Üçüncü şəxsin nümayəndəsinin şifahi məhkəmə baxışı iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi).

16. Məhkəmə araşdırmasının predmetini aşağıdakı inzibati məhkəmə icraatı materialları təşkil etmişdir: - iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlər; - cavabdeh tərəfindən məhkəməyə sorğu əsasında təqdim edilmiş sənədlər; - Gədəbəy Rayon İcra Hakimiyyəti Kommunal Müəssisələri Kombinatının rəisinin xx.xx.2025-ci il tarixli, 23 nömrəli məktubu; - cavabdehin xx.xx.2025-ci il tarixli, 3-21-3-40/2-2395/2025 nömrəli “əmlaka dair məlumatın verilməsi haqqında” məktubu; - Gədəbəy Rayon İcra Hakimiyyəti Kommunal Müəssisələri Kombinatının rəisinin xx.xx.2025-ci il tarixli, 94 nömrəli məktubu.

Əsaslandırma hissəsi:

17. İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşlar, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur.

18. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia qaldırmışdır.

19. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir.

20. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi.

22. 1982-ci il redaksiyalı Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 4. Mənzil fondu Mənzil fondunu Azərbaycan SSR ərazisində olan yaşayış evləri, habelə başqa tikililərdəki yaşayış sahələri təşkil edir. Mənzil fonduna aşağıdakılar daxildir: dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu); Maddə 5. Dövlət mənzil fondu Dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. Maddə 10. Vətəndaşların mənzil hüquqları və vəzifələri Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər. Maddə 18. Dövlət və ictimai mənzil fondunu, mənzil-tikinti kooperativləri fondunu idarə edən orqanlar Yerli xalq deputatları Sovetlərinin mənzil fondunun idarə edilməsini Sovetlərin icraiyyə komitələri və onların yaratdıqları idarə orqanları həyata keçirirlər. Maddə 68. Yaşayış sahəsinin dəyişdirilməsi Yaşayış sahəsinin icarədarı onunla birlikdə yaşayan ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin yazılı razılığı ilə yaşayış sahəsini başqa icarədar və ya mənzil-tikinti kooperativinin üzvü ilə, o cümlədən başqa yaşayış məntəqəsində yaşayan icarədar və ya mənzil-tikinti kooperativinin üzvü, ilə dəyişdirmək ixtiyarına malikdir. Yaşayış sahəsinin dəyişdirilməsi haqqında saziş yerli xalq deputatları Sovetlərinin icraiyyə komitələri tərəfindən verilən orderlərin alındığı vaxtdan qüvvəyə minir. Maddə 73. Azərbaycan SSR-nin və digər müttəfiq respublikanın ərazilərində yerləşən evlərdə yaşayış sahəsinin dəyişdirilməsi Dəyişdirilməsi nəzərdə tutulan yaşayış sahəsi digər müttəfiq respublikanın ərazisində yerləşən evdə olduqda, yaşayış sahəsi SSR İttifaqı, Azərbaycan SSR və müvafiq müttəfiq respublika qanunvericiliyində nəzərdə tutulan qaydada dəyişdirilir.

23. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: - mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; - mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); - mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam.

24. İş üzrə inzibati icraat materialları ilə müəyyən edilir ki, hazırda mübahisələndirilən mənzil xx.xx.1992-ci il tarixli, 25 nömrəli Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatı və İddiaçı arasında bağlanmış 10 illik müqaviləyə əsasən sonuncuya yaşayış üçün verilmiş, iddiaçının adına Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi “Azərtexinventarlaşdırma” İstehsalahat İdarəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli fərdi yaşayış fonduna daxil olan özəlləşmə paylı mənzilin texniki pasportu işlənilmişdir. Daha sonrakı müqavilələr iddiaçı ilə qurum arasında xx.xx.2000-ci il tarixdə 20 illiyinə və xx.xx.2023-cü il tarixdə 10 illiyinə bağlanmışdır. İddiaçı qeyd olunan mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin ona imtina cavabı verilmiş və imtinaya əsas kimi isə göstərilmişdir ki, iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş sənədlər Ərazi İdarəsinə təqdim edilməmişdir.

25. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassız olmuş və bu, iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır.

26. İlk olaraq onu qeyd etmək zəruridir ki, mübahisəli mənzil 1992-ci ildən hazırkı iş üzrə prosessual vəziyyəti iddiaçı olan İddiaçı yaşayış üçün müqavilə əsasında istifadəsinə verilmiş, daha sonrakı illərdə müqavilənin müddəti bitdiyinə görə ardıcıl olaraq 20 il və 10 il müddətinə müqavilələr bağlanmış, əlavə olaraq iddiaçının adına Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi “Azərtexinventarlaşdırma” İstehsalahat İdarəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli fərdi yaşayış fonduna daxil olan özəlləşmə paylı mənzilin texniki pasportu iddiaçının adına tərtib olunmuşdur.

27. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərindən də göründüyü kimi, qanunvericilik Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) hüquqların qeydiyyatı üçün əsas qismində dövlət mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamını, orderi və ya mənzil kirayəsi müqaviləsini nəzərdə tutmuşdur.

28. Hazırkı işdə də olan Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatı və İddiaçı arasında bağlanmış xx.xx.1992-ci il tarixli, 25 nömrəli kirayə müqaviləsinə əsasən, ünvan 3 ünvanında yerləşən mənzil İddiaçı istifadəsinə verilmiş, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi “Azərtexinventarlaşdırma” İstehsalahat İdarəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli fərdi yaşayış fonduna daxil olan özəlləşmə paylı mənzilin texniki pasportu işlənilmişdir.

29. Qeyd olunan kirayə müqaviləsinin təsdiq edilmiş surəti Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatının xx.xx.2025-ci il tarixli 94 nömrəli məktubu ilə məhkəmə sorğusuna əsasən məhkəməyə təqdim edilmişdir.

30. Göründüyü kimi, cavabdeh orqan iddiaçının müraciətini təmin etməkdən imtina etsə də, iş materillarından Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatı ilə İddiaçı arasında bağlanmış xx.xx.1992-ci il tarixli, 25 nömrəli kirayə müqaviləsinə əsasən, ünvan 3 ünvanında yerləşən mənzil İddiaçı istifadəsinə verilməsi, iddiaçının 1992-ci il tarixdən hazırkı günədək ünvan 3 ünvanında yaşadığı müəyyən edilir. Bu səbəbdən, həmçinin iddiaçının Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) (iddiaçının deməsinə görə 1993-cü ildən, üçüncü şəxsin məhkəmə sorğusuna verdiyi xx.xx.2025-ci il tarixli 5-1-1/2-681/2025 nömrəli məktubuna əsasən 1998-ci ildən) ünvan 3 ünvanında yaşamasını nəzərə alaraq, məhkəmə Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatı ilə İddiaçı arasında bağlanmış xx.xx.1992-ci il tarixli, 25 nömrəli kirayə müqaviləsini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində nəzərdə tutulan mənzil kirayəsi müqaviləsi kimi qəbul edir.

31. Oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2526/2023 nömrəli qərarında da əks etdirilmişdir.

32. Beləliklə, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda mənzilin özəlləşdirilməsi ilə bağlı nəzərdə tutulmuş şərtlərin hamısı iddiaçıya münasibətdə ödənilir.

33. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır.

34. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. ünvan 3 ünvanında yerləşən mənzil üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması öhdəliyi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Nurəli Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar