Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3319/2025 19.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “ödənilmiş təhsil haqqının geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Giriş hissəsi: Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “ödənilmiş təhsil haqqının geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, hazırlıq icraatı üzə açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə:
1. İddiaçı cavabdeh Azərbaycan Pedaqoji Universitetinin Şəki Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, rastlaşdığı brokratik əngəldən xilas olmağına dair ona müvafiq köməklik göstərilməsini xahiş etmişdir.
2. Sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Dövlət Perdoqoji Universitetinin Şəki Filialının üzərinə ödənilmiş təhsil haqqının geri qaytarılması öhdəliyinin qoyulmasını xahiş etmişdir.
3. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(114)-3089/2024 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
4. Tələb onunla əsaslandırılmışdır ki, 2022-ci ildə keçirilən qəbul imtahanında iddiaçının əldə etdiyi nəticəyə əsasən APU-nun Şəki Filialının baxça müəllimliyinə qəbul olmuşdur. Onu da bildiririr ki, iddiaçının valideyinləri məcburi köçkündür, daimi qeydiyyat yerimi Laçın rayonu, Budaqdərə kəndidir. Hal-hazırda o, Bərdə rayonu, Balaqəcər kəndində məskunlaşmış, məcburi köçkün olmağına baxmayaraq bütün imtiyazlardan yararlansa da məcburi köçkünlük vəsiqəsini 2023-cü ildə məhkəmə qərarı ilə əldə etmişdir. Buna baxmayaraq universitet iddiaçınmın birinci kurs üçün 1950 manat təhsil haqqına borclu olduğunu iddia edir. İddiaçı bildirir ki, universitet rəhbərliyinin ona yazdığı rəsmi məktubda tələb edir ki, məcburi köçkünlük vəsiqəsini 2-ci kursda əldə edib təqdim etdiyi üçün o, birinci kursa aid olan 1950 manat təhsil haqqını ödəməlidir. Bu səbəbdən iddiaçı 1-ci kurs üçün təşkil edilən imtahanlara buraxılmamış, yenidən imtahan verməyi üçün ondan əlavə vəsait tələb edilir. İddiaçı hesab edir ki, bu, onun bir vətəndaş kimi hüquqlarının kobud pozulması deməkdir.
5. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim Emin Axundov) iddia tələbi mümkün sayılmamış, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(104)-120/2025 nömrəli qərardadə ilə qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3089/2024 nömrəli qərardadı ləğv edilmiş, iş materialları yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır.
6. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “Azərbaycan Pedaqoji Universitetinin Şəki Filialında oxumaq üçün ödədiyi 1950 manat pulun məcburi köçkün olduğu üçün ödənilməməsinin nəzərə alınması və ödədiyi pulun ona geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.
7. Məhkəmə tərəfindən tərəfindən göstərilmiş sonuncu hüquqi yardımdan sonra iddiaçı tərəfindən məhkəməyə cavabdeh qismində yanlız Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin göstərildiyi, iddia tələbi isə Azərbaycan Pedaqoji Universitetinin Şəki Filialında oxumaq üçün ödədiyi 1950 manat pulun məcburi köçkün olduğu üçün ödənilməməsinin nəzərə alınması və ödədiyi pulun ona geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini əks etdirən yeni iddia ərizəsini məhkəməyə göndərilmişdir.
8. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin xx.xx.2025-ci il tarixdə məhkəməninin icraatına qəbul edilmişdir.
9. Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı etiraz məhkəməyə daxil olmuş və etirazda qeyd edilmişdir ki, “ödənilmiş təhsil haqqının geri qaytarılması barədə” öhdəliyin Nazirliyin üzərinə qoyulmasına dair iddia tələbi əsassız olduğudan tələbin mümkünlük məsələsinə baxılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 14 sentyabr 2011-ci il tarixli, 1722 nömrəli sərəncamına əsasən: 1. 2011/2012-ci tədris ilindən etibarən Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrinin bakalavriat və magistratura təhsil səviyyələrinə yeni qəbul olunmuş və ödənişli əsaslarla təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşlarının təhsil müddəti ərzində təhsil haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələlərin həll edilməsi qeyd edilmişdir. Bu Sərəncamın icrası məqsədilə “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi ilə bağlı bəzi məsələlər barədə” xx.xx.2010-cu il tarixli, 12 nömrəli qərar qəbul edilmiş və qərarın 3-cü hissəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və dövlət ali təhsil müəssisələrinin rəhbərləri ilə birlikdə müvafiq tədris ili üçün ayrı-ayrı ixtisaslar üzrə dövlət ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) səviyyələrinə və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə ödənişli əsaslarla qəbul olunmuş məcburi köçkünlərin adlı siyahısını hər il oktyabrın 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavəsinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə dövlət ali təhsil müəssisəsi və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası arasında “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan və ödənişli əsaslarla dövlət ali təhsil müəssisəsində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında təhsil alan şəxslərə göstərilən təhsil xidmətlərinin dəyərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi barədə” X4 3.2-ci hissəsinə əsasən, dövlət ali təhsil müəssisəsi və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası aşağıdakı öhdəlikləri öz üzərinə götürür: 3.2.1. ödənişli əsaslarla təhsil alan hər bir məcburi köçkünə düşən təhsil xərclərinin məbləğinin ödənilməsi üçün zəruri olan sənədləri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tələbi ilə ona təqdim etmək. Müqavilənin 4.2-ci hissəsində qeyd edilir ki, nəzərdə tutulmuş xərclərin maliyyələşdirilməsi tərəflər arasında bağlanmış müqavilələr, adlı siyahı və ödəniş sənədləri (ödəmə hesabları/invoys, qəbzlər, çeklər və s.) əsasında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən vəsaitin birbaşa dövlət ali təhsil müəssisəsinin və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasının xəzinədəki (bankdakı) müvafiq hesabına köçürülməsi yolu ilə semestrlər üzrə həyata keçirilir. Müqavilənin bu bəndlərindən göründüyü kimi, məcburi köçkün olan təhsilalanların təhsil xərclərinin məbləğinin ödənilməsi üçün zəruri olan sənədlər təhsil müəssisəsi tərəfindən Nazirliyə təqdim edilməli və tələbənin adı siyahıya salınaraq Maliyyə Nazirliyinə göndərilməlidir. Lakin, iş materiallarından göründüyü kimi, iddiaçıya xx.xx.2023-cü il tarixdə Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən “məçburi köçkün” statusunu təsdiq edən vəsiqə verilmişdir. İddiaçı imtiyazlı şəxs kimi, “məcburi köçkün” statusunu təsdiq edən vəsiqəni təhsil müəssisəsinə təqdim etdikdən sonra qeyd edilən güzəştlər ona şamil edilmişdir. Qeyd edilən sərəncamın məzmunundan görünür ki, “məcburi köçkün” statusu olan şəxslərə imtiyazlar yalnız, təhsil müddətinə şamil olunur. Qeyd edilən normativ aktların müddəalarından görünür ki, “ödənilmiş təhsil xərclərinin geri qaytarılması barədə” iddia tələbinə görə Nazirliyin hər hansı bir məsuliyyəti və öhdəliyi mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Bu maddənin tələbindən göründüyü kimi, inzibati icraat qaydasında baxılan iddia - inzibatı icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüquq olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddia məhkəmə icraatında mümkün sayılsın. Hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilmiş zəruri şərtlərin mövcud olması müəyyən edilmir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyildir. Subyektiv mənada hüquq normativ - hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Təhsil qanunvericiliyinin tələbinə əsasən, iddiaçının cavabdehlə hər hansı bir hüquqi münasibətlər zəminində nazirlik tərəfindən iddiaçının publik hüququnun pozulması və bununla da iddiaçının iddia ərizəsində göstərilmiş tələbi irəli sürmək üçün subyektiv hüququnun yaranması birmənalı olaraq istisna olunur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi qiymətləndirmədir. Mümükünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-nin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, habelə cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını yoxlamalıdırlar. Yuxarıda şərh olunalara əsaslanaraq bildiririk ki, iddiaçının cavabdehlə hər hansı hüquq münasibətində olmaması, cavabdeh tərəfindən iddiaçının publik hüququnun pozulmasına dair faktın mövcud olmaması, habelə iddiaçının Elm və Təhsil Nazirliyinə qarşı iddia tələbi irəli sürmək üçün subyektiv hüququnun olmaması iddianı mümkünsüz hesab etmək üçün əsasdır. İddianın mümkün sayılmaması xahiş edilmişdir.
10. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd olunanlara oxşar izahat verərək, iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
11. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişlər.
12. Cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi).
Əsaslandırma hissəsi:
13. İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşlar, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur.
14. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia qaldırmışdır.
15. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir.
16. İlkin olaraq, məhkəmə iddiaçının məcburi köçkünlük məsələsi ilə bağlı onu qeyd etmək istəyir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi” tələbi Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2834/2023 nömrəli qərarı ilə təmin edilmiş, qeyd olunan qərardan apellyasiya şikayəti verilməmiş, qərar qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün cavabdeh orqana göndərilmişdir.
17. Bunun nəticəsi olaraq, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2023-cü il tarixdə AA 495231 seriya nömrəli məcburi köçkün vəsiqəsi verilmişdir.
18. Məhkəmə iddiaçının təhsil məsələsi ilə bağlı onu vurğulamağı zəruri hesab edir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 01- 08/143 nömrəli məktuba əsasən, filialda təhsil alan İddiaçı Azərbaycan Respublikası Dövlət X1 Şurasının sədrinin xx.xx.2022-ci tarixli 10/Q saylı, ADPU-nun rektorunun xx.xx.2022-ci il tarixli 2/107 saylı əmri və ADPU-nun Şəki Filialının direktorunun xx.xx.2022-ci il tarixli 02/188 saylı, əmrləri ilə ADPU-nun Şəki Filialının “Məktəbəqədər təhsil” ixtisasına ödənişli əsaslarla qəbul edilmiş, o, ilk dəfə xx.xx.2022-ci il tarixində filiala yazılı ərizə ilə müraciət edərək məcburi köçkün olduğunu, lakin vəsiqəsinin hələlik hazır olmadığını, məcburi köçkün vəsiqəsi hazırlanan kimi onu təqdim edəcəyini, təqdim edə bilmədiyi təqdirdə təhsil haqqını 100% ödəyəcəyinə söz verdiyini bildirmiş, İddiaçı məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətini filiala xx.xx.2023-cü il tarixində təqdim etmişdir. Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təsdiq olunmuş, AA495231 seriya nömrəli məcburi köçkün vəsiqəsini İddiaçı həmin tarixdə də təqdim etmiş, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” AR Qanununa uyğun olaraq, məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşı kimi xx.xx.2023-cü il tarixində İddiaçı ilə filial arasında 41 saylı nümunəvi fərdi müqavilə bağlanmış və o, filialın 02/27 saylı xx.xx.2023-cü il tarixli əmri ilə xx.xx.2023-cü il tarixindən təhsil haqqı ödəməkdən azad edilmişdir. İddiaçı Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin qərarı ilə xx.xx.2023-cü il tarixində verilmiş vəsiqədə və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(114)-2834/2023 saylı qərarında onun xx.xx.2023-cü il tarixindən əvvəlki dövr üçün məcburi köçkün statusunun olmasına dair hər hansı bir qeyd və ya göstərişin mövcud olmadığı qeyd edilmişdir. Ona görə də filial tərəfindən “Məktəbəqədər təhsil” ixtisasının İİİ tədris ilinin tələbəsi İddiaçı 2022/2023-cü il tədris ili üzrə təhsil haqqından azad edilməsi növündə güzəşt tətbiq edilməmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək ödəməli olduğu 1950.00 (bir min doqquz yüz əlli) manat təhsil haqqı məbləğindən 1200.00 (bir min iki yüz) manatını xx.xx.2024-cü il tarixində ADPU-nun Şəki Filialının bank hesabına ödəmiş, hazırda onun filiala 750.00 (yeddi yüz əlli) manat məbləğində ödənilməmiş təhsil haqqı borcu var.
19. Həmçinin, hazırkı mübahisənin əsas məğzi olan ödəniş məsələsi isə cavabdeh tərəfindən inzibati icraat materiallarına əlavə edilən "xxxx" ASC-nin Şəki Filialına İddiaçı tərəfindən (pul köçürülməsini təsdiq edən sənəddə ad, soyad və ata adı “X2” olaraq yazılmışdır) APU Şəki Filialına xx.xx.2024-cü il tarixdə 1200 manat (bir min iki yüz manat) vəsait ödənildiyi qəbz ilə müəyyən olunur.
20. Hazırkı işdə iddiaçının əsas hüquqi marağı təhsil aldığı və ödənişli əsaslarla oxuduğu təhsil müəssisəsinə məcburi köçkün statusunu əldə etdikdən sonra bundan öncə ödənilmiş illik təhsil haqqının ona geri ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır.
21. Hazırda məcburi köçkün statusu olan şəxslər təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə onların təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının 21 may 1999-cu il tarixli 668-İQ nömrəli Qanununun 6-cı maddəsində göstərildiyi kimi, “Təhsil haqqında” Azərbaycan Respublikasının 19 iyun 2009-cu il 883-İİİQ nömrəli Qanununun 14.8-1-ci və 14.8-2-ci maddələri ilə tənzimlənir.
22. “Təhsil haqqında” Azərbaycan Respublikasının 19 iyun 2009-cu il 883-İİİQ nömrəli Qanununun 14.8-1.6-ci maddəsinə əsasən, müvafiq dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan (“məcburi köçkün vəsiqəsi”nə malik olan) Azərbaycan Respublikasının vətəndaşları təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilən sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərə aiddirlər.
23. Bu Qanunun 14.8-2-ci maddəsində isə həmin Qanunun 14.8-1.3-cü, 14.8-1.5-ci və 14.8- 1.6-cı (ali təhsil müəssisələrinə münasibətdə) maddələrində nəzərdə tutulmuş şəxslərin təhsil haqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi təhsil xərcləri miqdarında ödənilir.
24. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli, 1145-VİQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli 156 nömrəli Fərmanında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli 78 nömrəli Fərmanına əsasən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun 14.8-2 maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.
25. Dövlət büdcəsi vəsaiti hesabına təhsil alan tələbələrin təhsil və təqaüd xərcləri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən ali təhsil müəssisələrindən daxil olan məlumatlar əsasında müəyyənləşdirilir. Hazırlanmış hesablamalar Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim olunur və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə təsdiq olunur. Həmin sərəncama əsasən, təsdiq olunmuş vəsaitin bölgüsünə uyğun olaraq ali təhsil müəssisələrinin aidiyyəti xərclər üzrə maliyyələşdirilməsi həyata keçirilir.
26. Sadalanan qanunvericilik normalarına əsasən, məcburi köçkün olan təhsilalanların təhsil xərclərinin məbləğinin ödənilməsi üçün zəruri olan sənədlər təhsil müəssisəsi tərəfindən Elm və Təhsil Nazirliyinə təqdim edilməli və tələbənin adı siyahıya salınaraq Maliyyə Nazirliyinə göndərilməlidir. Ali təhsil müəssisələri tərəfindən təqdim edilən məcburi köçkünlərin siyahısını Elm və Təhsil Nazirliyi Maliyyə Nazirliyinə təqdim edir və vəsait həmin adlı siyahıya uyğun olaraq ayrılır. Maliyyə Nazirliyi tərəfindən ayrılmış vəsait Elm və Təhsil Nazirliyi tərəfindən adlı siyahıya uyğun olaraq ali təhsil müəssiələrinə ayrılır.
27. Göründüyü kimi, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşlarının təhsil haqqının ali təhsil müəssisəsinə ödənilməsi səlahiyyəti mövcud deyildir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yalnız dövlət vəsaiti hesabına ödənişli əsaslarla təhsil almaq hüququ olan şəxslərin siyahılarını ali və orta ixtisas təhsili müəssisələrində alaraq, dürüstləşdirmə apardıqdan sonra güzəşt hüququ verən (indiki halda məcburi köçkün vəsiqəsi) sənədlə birlikdə siyahını Maliyyə Nazirliyinə göndərir və Maliyyə Nazirliyinin adlı siyahıya əsasən ayırdığı vəsaiti tələbinin təhsil aldığı ali və ya orta ixtisas təhsili müəssisələrinin hesabına köçürməsini həyata keçirir.
28. Cari iş üzrə isə əsasən da müəyyən edilir ki, iddiaçı tərəfindən APU-nin Şəki Filialına təhsil haqqı sonuncu məcburi köçkün vəsiqəsi almamışdan əvvəl həyata keçirilmişdir.
29. Təhsil haqqı ödənişlərinin qaytarılması öhdəliyi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin üzərinə o halda qoyula bilərdi ki, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki Filialında təhsil aldığı 2022-ci ilin İİ rübü və 2023-cü ilin İ rübü ərzində məcburi köçkün statusuna malik olsun və bunu təsdiq edən müvafiq sənədi (“məcburi köçkün vəsiqəsi”ni) təhsil aldığı müəssisəyə təqdim etsin, Nazirlik isə onu təhsil haqqısı dövlət büdcəsinin vəsaiti hesabına ödənilən sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxs kimi tanımasın. Yalnız belə olan halda Nazirliyin iddiaçı qarşısında öhdəliyi yaranmış olardı.
30. “Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 №-li qərarı ilə təsdiq edilmiş” “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair” Qaydaların 4.1.6-cı bəndinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. (xx.xx.2013-cü il tarixli 2 nömrəli qərarla yeni redaksiyada verilmişdir).
31. Məhkəmə onu da qeyd edir ki, İddiaçı xx.xx.2020-ci ildən etibarən “Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 №-li qərarı ilə təsdiq edilmiş” “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair” Qaydaların 4.1.6-cı bəndinə əsasən İddiaçı Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almaqla, ona “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqəni almaq hüququna malik olmuşlar. Lakin onlar bu hüquqdan vaxtında istifadə etməmişlər və yalnız İddiaçı DİM-nin Direktorlar Şurası tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli siyahı üzrə ödənişli əsaslarla ali təhsil müəssisəsinə qəbul edildikdən sonra məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi üçün müraciətlər etməyə başlamış və nəhayət Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı əsasında xx.xx.2023-cü il tarixdə buna nail olmuşdur.
32. İddiaçı ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak edərək ADPU Şəki Filialına qəbul olmuş və onunla filial arasında xx.xx.2022-ci il tarixli “ödənişli əsaslarla ali təhsilli mütəxəssislərin hazırlanması haqqında” müqavilə bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən, iddiaçı hər oxuduğu tədris ili üçün ADPU Şəki Filialına 1.800 manat təhsil haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı onunla ADPU Şəki Filialı arasında bağlanmış “ödənişli əsaslarla ali təhsilli mütəxəssislərin hazırlanması haqqında” xx.xx.2022-ci il tarixli müqaviləni könüllü olaraq, sərbəst iradəsini ifadə etməklə bağlamış, iddiaçının təshil haqqı ödəməklə bağlı öhdəliyinə dair hüquqi nəticə məhz həmin müqavilə əsasında yaranmışdır. Həmin müqavilə hazırda qüvvədədir və hər hansı məhkəmədə mübahisələndirilməmişdir. Göründüyü kimi, iddiaçının təhsil haqqı ödəmək öhdəliyi, könüllü olaraq bağladığı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən yaranmış, ADPU Şəki Filialının və ya Elm və Təhsil Nazirliyinin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğuna dair hallar müəyyən edilməmişdir. İddiaçının dövlət büdcəsinin vəsaiti hesabına təhsil almaq hüququ xx.xx.2023-cü il tarixdə vəsiqəni əldə etdikdən sonrakı dövrə yaranmış və ali təhsil müəssisəsi bundan sonrakı illər üçün onu təhsil haqqını ödəməkdən azad etmişdir. Məhkəmə qeyd edir ki, tələbənin təhsil haqqını ödəməkdən azad olunması üçün məcburi köçkün vəsiqəsinin olması imperativdir. İddiaçının isə təhsil aldığı iki il ərzində məcburi köçkün statusunu təsdiq edən vəsiqəsi olmamışdır.
33. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “ödənilmiş təhsil haqqının geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim Nurəli Hüseynov