Məhkəmə qərarları › İş №2-1(114)-333/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-333/2022

17.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-333/2022 17.03.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X4 və X8) dövlət aktında və şəhadətnamədə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 16.03.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, JN-0061 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında və JN- 409 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə səhvlərin aradan qaldırılaraq soyadının “Şərifova” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının ailəsinə məxsus Ağstafa rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 31 yanvar tarixli, 01 saylı qərarı ilə verilmiş JN-0061 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında nəzərdə tutulan pay torpaq sahəsi və JN-409F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə verilmiş həyatyanı torpaq sahələri vardır. Həmin torpaq sənədlərində iddiaçının soyadı düzgün qeyd edilməmişdir. Şəxsiyyət vəsiqəsində, doğum haqqında şəhadətnamədə, nikah haqqında şəhadətnamədə, diplomunda soyadı “Şərifova” qeyd edilmiş, yalnız torpağa dair sənədlərdə səhv olaraq “Hüseynova” kimi qeyd edilmişdir. Yaşadıqları evin həyətyanı torpaq sahəsi birgə nikah dövründə əldə etdikləri əmlakdır və ərindən boşandığından birgə nikah dövründə əldə edilmiş əmlak kimi tərəflər arasında bölünməlidir. Torpaq sənədlərindəki səhv bu bölgünün aparılmasını mümkünsüz edir. Bunun üçün adıçəkilən torpaq sənədlərinə olan səhvlər aradan qaldırılmalı və iddiaçının soyadı düzgün qeyd edilməlidir. İddiaçı qeyd olunan aktda və şəhadətnamədə düzəliş edilməsi məqsədilə DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmənin 01.12.2021-ci il tarixli qərardadı ilə X4 və X8 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Üçüncü şəxs X8 məhkəmə iclasında iddianı qəbul etdiyini bildirmişdir. Cavabdehin nümayəndəsi X11 əvvəlki məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinə dair Tovuz rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında “Torpağın mülkiyyətə verilməsinə dair” JN-409F nömrəli şəhədətnamə və “Torpağın mülkiyyətə verilməsinə dair” JN-61 nömrəli dövlət aktı tərtib edilmişdir. Ərazi idarəsinin arxivində, eləcə də elektron baza məlumatlarında iddiaçının adının, soy adının, ata adının texniki səhv yazılması ilə bağlı heç bir məlumat aşkarlanmamışdır. Odur ki, iddiaçının soyadına düzəliş edilməsi idarənin səlahiyyətləri xaricində olduğundan onun ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş İ-ИE 540212 nömrəli “Doğum haqqında” şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. -Ağstafa rayon Qeydiyyat şöbəsinin 10.03.2021-ci il tarixli 05/69-334/76 nömrəli arayışından görünür ki, X4 ilə İddiaçı arasında 20.12.1984-cü il tarixdə nikah bağlanmış, arvada “Şərifova” soyadı verilmişdir. -surəti işə əlavə edilmiş JN-0061 kod 50208018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktından görünür ki, Ağstafa rayon Aqrar İslahat Komissiyasının 31.01.1998-ci il tarixli 01 saylı qərarı ilə X2, X6 və X7 0.25 ha torpaq sahəsi verilmişdir. -surəti işə əlavə edilmiş JN-409F kod 50208018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, Ağstafa rayon Aqrar İslahat Komissiyasının 31.01.1998-ci il tarixli 01 saylı qərarı ilə X2, X6 və X7 0.06 ha torpaq sahəsi verilmişdir. -surəti işə əlavə edilmiş 22.04.2017-ci il tarixli, AZ-İ 247912 nömrəli “Nikahın pozulması haqqında” şəhadətnamədən görünür ki, X4 ilə İddiaçı arasında olan nikah ləğv edilmiş və arvada “Şərifova” soyadı verilmişdir. -surəti işə əlavə edilmiş 31.10.2000-ci il tarixli Ağstafa rayonu Xətai kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, 409-cu sırada adları qeyd olunmuş X1, X3 və X5 qanuni istifadəsində 0.06 ha torpaq sahəsi qeyd olunmuşdur. -surəti işə əlavə edilmiş 01.12.1997-ci il tarixli Ağstafa rayonu Xətai kənd icra nümayəndəliyində Xətai və Yenigün kəndində yaşayan, pasport qeydiyyatında olan, torpaq almaq hüququ olan Azərbaycan Respublikası vətəndaşlarının siyahısından görünür ki, X4, X8 və X5 adları 271-273-cü sırada qeyd olunmuşdur. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 18.06.2021-ci il tarixli **********67 nömrəli məktubundan görünür ki, X1 mülkiyyətində ailə üzvləri ilə birgə Ağstafa rayonu, Xətai kəndində JN-0061 nömrəli KOD 50208018 saylı “Torpağın mülkiyyət hüququna dair” dövlət Aktı ilə 0.25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeyd edilmiş, lakin arxiv məlumatlarında vətəndaşın təvəllüdü göstərilməmişdir. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin 30.01.2020-ci il tarixli, **********334 nömrəli məktubunun surətindən görünür ki, iddiaçının müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Ağstafa rayon Aqrar İslahat Komissiyasının 31.01.1998-ci il tarixli 01 saylı qərarı ilə X2, X6 və X7 0.25 ha torpaq sahəsi verilmiş və bununla bağlı JN-0061 kod 50208018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktı tərtib edilmişdir. Həmçinin Ağstafa rayon Aqrar İslahat Komissiyasının qeyd olunan qərarı ilə adları göstərilən şəxslərə 0.06 ha torpaq sahəsi verilmiş və bununla bağlı JN-409F kod 50208018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə tərtib edilmişdir. İddiaçı isə dövlət aktında və şəhadətnamədə adı qeyd olunan X5 özü olduğunu, sadəcə olaraq soyadının “Şərifova” əvəzinə “Hüseynova” yazıldığını iddia edərək müvafiq düzəliş edilməsini tələb etmiş, cavabdeh orqan isə dövlət aktında və şəhadətnamədə iddiaçının adına düzəliş edilməsinin idarənin səlahiyyətləri xaricində olduğunu bildirərək bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd edilməlidir ki, iddiaçının dövlət aktında və şəhadətnamədə müvafiq düzəliş edilməsindəki hüquqi marağı Ağstafa rayon Aqrar İslahat Komissiyasının 31.01.1998-ci il tarixli 01 saylı qərarı ilə verilmiş torpaq sahələri ilə bağlı hüquqi sənədlərin əldə edilməsidir. Qeyd olunur ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununu lə müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -2-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. İş materiallarında olan sənədlərdən, eləcə də məhkəmə tərəfindən verilmiş sorğuya cavablardan görünür ki, JN-0061 kod 50208018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktı və JN-409F kod 50208018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə, eləcə də Ağstafa rayonu Xətai kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə və Ağstafa rayonu Xətai kənd icra nümayəndəliyində Xətai və Yenigün kəndində yaşayan, pasport qeydiyyatında olan, torpaq almaq hüququ olan Azərbaycan Respublikası vətəndaşlarının siyahısında İddiaçı adı mövcud deyil, eləcə də Dövlət aktında və şəhadətnamədə adı qeyd olunan “X9”nın hazırki iş üzrə İddiaçı olması hər hansı sübutla öz təsdiqini tapmır. Digər tərəfdən İddiaçı ilə X5 eyni şəxs olması öz təsdiqini tapdığı halda belə dövlət aktında və şəhadətnamədə qeyd edilmiş ad, soyad və ata adları ilkin sənəd hesab olunan “adlı siyahı” ilə eynilik təşkil etdiyindən cavabdeh orqan dövlət aktında və şəhadətnamədə düzəliş etmək öhdəliyi daşımır. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı dövlət aktında və şəhadətnamədə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar