Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-333/2023 07.02.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı X3, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayənəsi X1 iştirakları ilə İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı X9 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1990-cı il tarixdən xx.xx.1999-cu il tarixədək işləməyini iş stajı kimi nəzərə alaraq yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1990-cı il tarixdən xx.xx.1999-cu il tarixinədək Goranboy rayon Təsərrüfatlar arası X5 satış bazasında tədarükçü vəzifəsində işləmişdir. Yaşa görə pensiya təyin edilsə də xx.xx.1990-cı il tarixdən xx.xx.1999-cu il tarixədək Goranboy rayon təsərrüfatlar arası X5 satış bazasında tədarükçü vəzifəsində işləməyi nəzərə alınmamışdır. Bununla bağlı olaraq yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdehə müraciət etmiş, lakin xx.xx.1990-cı il tarixdən xx.xx.1999-cu il tarixinədək Goranboy rayon təsərrüfatlar arası X5 satış bazasında işləməyini əmr kitabları və əmək haqqı cədvəllərinin Goranboy rayon Dövlət Arxivinə təhvil verilmədiyini əsas gətirərək sığorta stajına daxil edilməsindən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, onun xx.xx.1990-cı il tarixdən xx.xx.1999-cu il tarixədək Goranboy rayon Təsərrüfatlar arası X5 satış bazasında işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə vəzifə kimi qoyulmasına dair qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 07 fevral 2023-cü il tarixə təyin edilmişdir. İddiaçı X6 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçının faktiki sığorta stajı təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinə kimi 23 il 1ay olduğu halda, Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il nəzərə alınmışdır. Əlavə olaraq bildiririk ki, iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək olan dövrün araşdırılması zərurəti yaranmışdır. Fondun Gəncə-Daşkəsən regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən xx.xx.1992-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək Goranboy rayon Təsərrüfatlar arası X5 Satış Bazasının əmr kitabları və əməkhaqqı cədvəlləri Goranboy rayon Dövlət Arxivində aşkarlanmadığı üçün iddiaçının sözügedən müəssisədən əməkhaqqı alıb-almadığını müəyyən etmək mümkün olmamışdır. Bu baxımdan da qeyd edilən dövrün sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə araşdırmasının predmetini təşkil edir: - təsdiq edilmiş surəti işə əlavə edilmiş əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1999-cu il tarixədək Goranboy rayon Təsərrüfatlar arası X5 satış bazasında işləmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktubundan qeyd edilmişdir ki, xx.xx.1992-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək Goranboy rayon təsərrüfatlar arası X5 satış bazasının əmr kitabları və əməkhaqqı cədvəlləri Goranboy rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün sözügedən müəssisədən əməkhaqqı alıb-almadığını müəyyən etmək mümkün olmamış, bu səbəbdən qeyd edilən dövrün sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. - Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********495700 nömrəli məktubun məzmunundan görünür ki, hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri məlumatlarına əsasən Goranboy rayon Təsərrüfatlar arası X5 satış bazası barədə məlumat aşkar edilməmişdir. - Dövlət Statistika Komitəsi Goranboy rayon statistika idarəsinin xx.xx.2022-ci il tarixli, 116 nömrəli məktubunda qeyd edilmişdir ki, 1996-cı ildən yaradılmış statistik vahidlərin dövlət reyestrinin rayon üzrə bazasında Goranboy rayon Təsərrüfatlar arası X5 satış bazası adlı müəssisə mövcud olmamışdır. - Goranboy rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 56 nömrəli məktubundan görünür ki, Goranboy rayon Təsərrüfatlar arası X5 satış bazasının arxiv sənədləri mühafizə olunmaq üçün rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün olmaqla yanaşı mahiyyəti baxımından əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mahiyyəti üzrə aşağıdakılara görə əsaslıdır. Göründüyü kimi, hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının təqdim etdiyi əmək kitabçasının surətinə əsasən sonuncunun xx.xx.1990-cı il tarixdən xx.xx.1999-cu il tarixədək Goranboy rayon Təsərrüfatlar arası X5 satış bazasında işləməsini sosial sığorta stajına daxil etməkdən imtina etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Halbuki, iddiaçının xx.xx.1990-cı il tarixdən xx.xx.1999-cu il tarixədək Goranboy rayon Təsərrüfatlar arası X5 satış bazasında işləməyi iddiaçıya məxsus əmək kitabçasında öz təsdiqini tapmış, cavabdeh isə həmin əmək kitabçasının mötəbərliyini mübahisələndirməmişdir. Belə ki, işdə olan əmək kitabçasının təsdiqlənmiş surətindən məlum olur ki, X6 xx.xx.1990-cı il tarixdən xx.xx.1999-cu il tarixədək Goranboy rayon Təsərrüfatlar arası X5 satış bazasında işləmişdir. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X8) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Ona görə də məhkəmə iddiaçının xx.xx.1990-cı il tarixdən xx.xx.1999-cu il tarixədək Goranboy rayon təsərrüfatlar arası X5 satış bazasında işlədiyinə dair əmək kitabçasında göstərilən məlumatları mötəbər sübut sayır və hesab edir ki, həmin dövrlər iddiaçının əmək stajına daxil edilməlidir. Cavabdeh orqan Goranboy rayon Təsərrüfatlar arası X5 Satış Bazasının əmr kitabları və əməkhaqqı cədvəlləri Goranboy rayon Dövlət Arxivində aşkarlanmadığını əsas gətirərək iddiaçının tələb etdiyi illəri sosial sığorta stajına daxil etməkdən imtina etmişdir. Məhkəmə cavabdehin mövqeyi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tələb etdiyi illərin sosial sığorta stajına daxil edilməməli olması ilə bağlı arqumentini əsaslı hesab etmir, belə ki, cavabdeh bu barədə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bununla yanaşı iddiaçının işlədiyi müəssisə tərəfindən mübahisələndirilən dövrə dair əmr kitabları və əməkhaqqı cədvəllərinin arxivə təhvil verilməməsi iddiaçının təqsiri ilə bağlı olmayan hal olduğundan, onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalı, işçinin sosial təminat hüququna müdaxilə edilməsinə əsas olmamalıdır. Odur ki, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, iddiaçının xx.xx.1990-cı il tarixdən xx.xx.1999-cu il tarixədək Goranboy rayon Təsərrüfatlar arası X5 satış bazasında işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 34.1. maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 62.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X3 xx.xx.1990-cı il tarixdən xx.xx.1999-cu il tarixədək Goranboy rayon Təsərrüfatlar arası X5 satış bazasında işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev pr. 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə (Gəncə şəhəri, Atatürk pr. 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-333/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-333/2023
07.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver