Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-334/2022 27.01.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı diplomun tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi tələbinə dair inzibati işə açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Təhsildə X1rşı 30.11.2021-ci il tarixli iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona İ.İ.Meçkinov adına Odessa Milli Universiteti tərəfindən kompüter elmləri ixtisası üzrə verilmiş 27.07.2018-ci il tarixli, A-56315-18 nömrəli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun sözügedən universiteti bitirməsi ilə əlaqədar ona Ukrayna Təhsil və Elm Nazirliyi tərəfindən təsdiq edilmiş 27.07.2018-ci il tarixli A-56315-18 nömrəli apostil edilmiş bakalavr diplomu verilmişdir. O, ali təhsil aldığı müddətdə müvafiq fənn proqramlarını mənimsəmiş, imtahanlarda uğurla iştirak etmiş və təhsil aldığı müddətdə davamiyyəti olmuşdur. Təqdim etdiyi diploma əlavədən də görünür ki, tədris olunan fənlərin hamısından məqbul qiymətlər almışdır. Ali təhsilini başa vurduqdan sonra diplomun ölkə ərazisində tanınması üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən 18.11.2021-ci il tarixli, T-3099/03-TKTA nömrəli məktubla diplomun ölkə ərazisində tanınmasından imtina edilmişdir. Cavabdeh 11.01.2022-ci il tarixli etiraz göndərərək bildirmişdir ki, iddiaçının aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə müraciət etmişdir. İddiaçının tədis dili üzrə biliklərinin yoxlanılması zamanı tədris dilini bilmə səviyyəsinin aldığı ixtisasın mənimsənilməsi üçün qənaətbəxş hesab olunmaması səbəbilə ona müvafiq sənədin verilməsindən imtina edilmiş və bu barədə məlumat 21.01.2019-cu il tarixdə onun elektron kabinetində yerləşdirilmiş və eyni məzmunlu məktub yaşadığı ünvana göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə iddiaçı və cavabdehin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif iddia müddətləri müəyyən olunmuşdur. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, verilmiş iddia İPM-nin 2.2.1- ci və 33-cü maddələri anlamında məcburetmə haqqında iddiadır. Bu növ iddialar Azərbaycan Respublikası İPM-nin 38.2-ci maddəsində iddia müddətlərinə tabe tutulur. Yəni məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçının iddia ərizəsində imtina məktubu kimi göstərdiyi T-3099/03-TKTA nömrəli, 10.03.2021-ci il tarixli məktubun mahiyyətindən görünür ki, həmin məktub imtina məktubu olmamaqla yanaşı, iddiaçıya imtinanın 21.01.2019-cu il tarixdə müvafiq qaydalara uyğun olaraq göndərilməsi barədədir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir (1.2-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd), iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 24.4-cü maddəsində göstərilmişdir ki, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Bu maddədə nəzərdə tutulmuş müddət ötürüldüyü üçün məhkəmə iddiaçıya prosessual müddətin bərpası barədə ərizə verməyi təklif etməyi zərurəti görməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının məcburetmə haqqında iddia tələbi üzrə xüsusi mümkünlük şərtlərinə, yəni iddia müddətinə riayət edilmədiyindən iddia tələbi mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin tərkibində olan Təhsildə X1rşı İ.İ.Meçkinov adına Odessa Milli Universiteti tərəfindən kompüter elmləri ixtisası üzrə verilmiş 27.07.2018-ci il tarixli, A-56315-18 nömrəli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan:Gəncə şəhəri, H.Əliyev pr 105) vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk pr 252) şikayət verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-334/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-334/2022
27.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver