Məhkəmə qərarları › İş №2-1(114)-3344/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3344/2025

28.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3344/2025 28.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Nağıyeva Aysu Azər qızının katibliyi, İddiaçı X7 iştirakı ilə, iddiaçı X7 (bundan sonra mətndə - iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) (üçüncü şəxs Tərtər rayonu Hüsənli bələdiyyəsi) qarşı “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Tərtər rayonu Köçərli bələdiyyəsinin 26 yanvar 2007-ci il tarixli, 23 saylı qərarı ilə 0,08 ha həyətyanı torpaq sahəsinin X1 qərara alınmışdır. Torpaqların alqı-satqısına dair akt tərtib edilmiş, akt xx.xx.2007-ci il tarixində Tərtər rayon torpaq şöbəsində 32 nömrə ilə qeydiyyata alınmışdır. Tərtər rayonu Köçərli bələdiyyəsinin xx.xx.2007-cı il tarixli sahəseçmə aktına əsasən Bərdə şəhər sakini X11 maye qaz doldurma məntəqəsinin açılması məqsədi ilə ayrılacaq torpaq sahəsinə baxış keçirən zaman müəyyən edilmişdir ki, həmin torpaq sahəsi bələdiyyə mülkiyyətində olan əkinə az yararlı torpaq sahəsinə aiddir. Odur ki, A.Hacıyevə həmin torpaq sahəsindən maye qaz doldurma məntəqəsinin açılması məqsədi üçün 0,08 hektarm alqı — satqı yolu ilş ayrılıb verilməsi məqsədə müvafiqdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən tərtib edilmiş rəyə əsasən Dövlət Torpaq, və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsi bildirir ki, X3 nəzərdə tutulan torpaq, sahəsi 0,08 hektar olmaqla Köçərli bələdiyyəsini mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılacaq torpaq, sahəsi əkinə az yararlı olmaqla həmin məqsəd üçün satılması qanuna müvafiqdir. AZ-İ 300053 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X11 14 avqust 2008-ci ildə vəfat etmişdir. X4 rayon Qaraməmmədli Bələdiyyəsinin 29 noyabr 2006-cı il tarixli 11 nömrəli qərarı ilə ayrılmış 0.08 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə etdiyi müraciətinə idarənin xx.xx.2024-cü il tarixli 3-21-3-46/2-A-0063-8/2024 nömrəli imtina məktubundan görünür ki, sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, tərəfinizdən 0.08 ha torpaq sahəsinin ayrılması barədə Tərtər rayon Köçərli Bələdiyyəsinin 26 yanvar 2007-ci il tarixli 23 nömrəli qərarı, torpaq sahəsinin sahəseçmə aktı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsinin müvafiq rəyi, torpaq sahəsinin alqı-satqısına dair akt təqdim edilmiş lakin, torpaq sahəsinin yerquruluşu planı, torpaq sahəsinin yerləşmə yerinin koordinatlarını müəyyən edən plan və ölçü sənədi təqdim olunmamışdır. 0.08 ha torpaq sahəsinin ayrılması barədə Bərdə rayon X2 25 fevral 2007-ci il tarixli 02 nömrəli qərarı, Qaradağlı Bələdiyyəsi tərəfindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsinə ünvanlanmış xx.xx.2007-ci il tarixli məktub təqdim lakin, torpaq sahəsinin sahəseçmə aktı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsinin müvafiq rəyi, torpaq sahəsinin alqı- satqısına dair akt, torpaq sahəsinin yerquruluşu planı, torpaq sahəsinin yerləşmə yerinin koordinatlarını müəyyən edən plan və ölçü sənədi təqdim olunmamışdır. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tərtər rayon Köçərli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 23 saylı qərarı ilə maye qaz doldurma məntəqəsi açılması üçün verilmiş 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun X11 məxsus olması haqqında arayışın verilməsi xahiş etmişdir. xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində məhkəmənin sualları aşağdakı şəkildə cavablandırılmışdır.

1. TEKUİS-ə əsasən torpaq sahəsinin mülkiyyət forması bələdiyyə, kateqoriyası yaşayış məntəqələrinin torpaqları, təyinatı tikinti altında olan torpaq sahəsidir.

2. TEKUİS-ə əsasən həmin torpaq sahəsi üzərində başqa şəxsin, şəxslərin və ya orqanların hüquqlarının dövlət reyestrində qeydiyyata alınmayıb.

3. Torpaq sahəsi qaz kəmərinin mühafizə zolağına, elektrik xəttinin qoruma zolağına, çayların, göllərin və sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin mühafizə zonalarına düşümür

4. Qeydə alınması nəzərdə tutulan 0,08 ha torpaq sahəsinin hər hansı digər şəxslərin hüquqlarına toxunmur, üst-üstə düşmə yoxdur.

5. Hal-hazırda istifadə etməsədə iddia etdiyi və naturada göstərdiyi 0,23 ha tropaq sahəsinin koordinatlarını əks etdirən sxem rəyə əlavə edilir. 6-7. Faktiki torpaq sahəsində və yaxud qeydə alınması nəzərdə tutulan torpaq sahəsində hər hansı bir tikili mövcud deyil.

8. Tərtər rayonu Köçəri kəndi Nizami təsərrüfatının ərazisində aparılan ilkin torpaq isalhatına dair kompleks yerquruluşu layihəsinə əsasən torpaq sahəsi yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsi olmuşdur.

9. Hal-hazırda istifadə etməsədə iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi Tərtər rayonu Köçəri kəndi Nizami adına kolxozun kompleks X6 uyğundur.

10. Hal-hazırda istifadə etməsədə iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi Tərtər rayonu Köçərli kəndi Nizami adına kolxozun kompleks X5 qeyd edilmiş koordinatların daxilində yerləşir. İddiaçı X9 məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər, səbəbləri barədə məlumat təqdim etməmişdirlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı X9 məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiaçı X9 məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Tərtər rayonu Köçərli bələdiyyəsinin 26 yanvar 2007-ci il tarixli 23 saylı qərarı ilə maye-qaz yanacağ dodurulma məntəqəsi üçün verilmiş 0,08 ha tropaq sahəsi üzərindəmülkiyyət hüququnun ölmüş şəxs X11 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.

Əsaslandırıcı hissə:

İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İşin hallarından görünür ki, Tərtər rayonu Köçərli bələdiyyəsinin 26 yanvar 2007-ci il tarixli, 23 saylı qərarı ilə ilə həyətyanı məqsədilə 0,08 ha torpaq sahəsi iddiaçıya satılmışdır. Bununla bağlı tərəflər arasında “Torpaqların alqı-satqısına dair akt” bağlanmışdır. Hazırkı inzibati mübahisə mahiyyət etibarı ilə bələdiyyə qərarı ilə iddiaçıya satılmış torpaq sahəsinə hüququn qeydə alınmasından ibarətdir. Torpaq Məcəlləsinin 56-cı maddəsinə (həmin torpaq sahəsi satılan zaman qüvvədə olan redaksiyası) əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 68-ci maddəsində qeyd olunur ki, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 9.2. Bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə:

5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.

6. Bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar.

7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında qərara alınmışdır ki, Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Hazırkı mübahisə üzrə cavabdeh orqan iddiaçı tərəfindən 0.08 ha torpaq sahəsinin ayrılması barədə Tərtər rayon Köçərli Bələdiyyəsinin 26 yanvar 2007-ci il tarixli 23 nömrəli qərarı, torpaq sahəsinin sahəseçmə aktı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsinin müvafiq rəyi, torpaq sahəsinin alqı-satqısına dair akt təqdim edilmiş lakin, torpaq sahəsinin yerquruluşu planı, torpaq sahəsinin yerləşmə yerinin koordinatlarını müəyyən edən plan və ölçü sənədi təqdim edilməməsinə istinad edərək iddiaçının müraciətindən imtina edir. Həmin arqumenti əsassız hesab edən məhkəmə qeyd edir ki, işdəki mütəxəssis rəyinə əsasən yaşayış məntəqələri torpaqları olmaqla,mülkiyyət növü bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olması, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin digər şəxslərin mülkiyyətində və ya qanuni istifadəsində olan sahə ilə üst-üstə düşməməsini müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının tələbinin təmin olunmamasına əsas verən hallar mövcud deyildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Belə olan halda iddiaçı hazırkı tələbində haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. Tərtər rayonu Köçərli bələdiyyəsinin 26 yanvar 2007-ci il tarixli 23 saylı qərarı ilə maye-qaz yanacağ dodurulma məntəqəsi üçün verilmiş 0,08 ha tropaq sahəsi üzərində mülkiyyət hüququnun ölmüş şəxs X11 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh orqan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar