Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3347/2023 18.07.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarın ləğv edilməsi və borcun silinməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********81751 nömrəli qərarın ləğv edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı 14 saylı Ərazi Vergilər İdarəsinə xx.xx.2013-cü il tarixdə müraciət etdiyi ərizəsi əsasında onlar arasında xx.xx.2013-cü il tarixdə elektron sənəd mübadiləsi haqqında müqavilə imzalanmışdır.
2. 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********9478 nömrəli qərarı ilə ünvan 1ində İddiaçı məxsus obyektdə (ərzaq mağazası) nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunması nəzarət edilməsi məsələsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır.
3. Keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinin tələblərinin pozulması faktı aşkar edilərək, İddiaçı barəsində xx.xx.2022-ci il tarixli DVX seriyalı 000034 nömrəli “Nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında akt tərtib edilmişdir. İddiaçı əlavə aaşdırmaya ehtiyac olduğunu qeyd etməklə, həmin aktı imzalamaqdan imtina etmişdir.
4. 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı həmin akt da əlavə olunmaqla bildiriş göndərilərək, barəsində qəbul ediləcək qərar üzrə materiallara baxılmada iştirak etməsi üçün xx.xx.2022-ci il tarixdə İdarəyə dəvət olunmuşdur.
5. 14 saylı Ərazi Vergilər İdarəsinin Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********8175 nömrəli qərarı ilə İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən vergi ödəyicisi nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunvericilik pozulmaqla aparılan əməliyyatlara görə 30064,10 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi və həmin məbləğin xx.xx.2022-ci il tarixədək büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır.
6. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********8175 nömrəli qərar və Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə tələbnamə həm poçt vasitəsilə, həm də xx.xx.2022-ci il tarixdə iddiaçının elektron kabinetinə göndərilmiş və xx.xx.2022-ci il tarixdə oxunmuşdur.
7. İddiaçı Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********8175 nömrəli qərardan xx.xx.2022ci il tarixdə Dövlət Vergi Xidmətinə inzibati şikayət vermiş və Xidmətin xx.xx.2023-cü il tarixli **********152600 nömrəli qərarı ilə İddiaçı inzibati şikayətinin təmin edilməməsi və xx.xx.2022-ci il tarixli **********8175 nömrəli qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
8. Bakı 9 saylı Mediasiya təşkilatının İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışına əsasən İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı kommersiya mübahisəsi kimi 30.064,10 mana məbləğində cərimənin silinməsi tələbi ilə xx.xx.2023 mediasiyaya təşkilatına müraciət etmişdir.
9. İddia ərizəsinə əlavə edilmiş tibbi sənədlərlə müəyyən edilir ki, Həmzə Həmzəyevə xx.xx.2022-ci il tarixdə cərrahi əməliyyat üçün X10 Mərkəzinə müraciət etmiş və xx.xx.2022-ci il tarixdə əməliyyat olunmuşdur. O, xx.xx.2022-ci il tarixdə X6 aşağı ətraf arteriyaların rəngli doppleroqrafiyası müayinəsindən keçmiş, xx.xx.2023-cü il tarixdə X1 stend əməliyatı icra olunmuş, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə laborator müayinələrdən keçmişdir.
10. X7 xx.xx.2023-cü il tarixdə Ağstafa rayonunda ölmüşdür. II. Məhkəmədə icraat
11. İddiaçı cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022ci il tarixli **********8175 nömrəli nömrəli qərarın ləğv edilməsi və onun vergi borcunun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin 05 dekabr 2022-ci il tarixli qərarı ilə o Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 30.064,10 manat məbləğində cərimə edilmişdir. Lakin həmin qərar əsassızdır. Belə ki, o, Ağstafa rayonu ərazisində pərakəndə qaydada un şatışı ilə məşğul olur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu dövr ərzində Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilən vergi və digər məcburi ödənişləri vaxtında dövlət büdcəsinə köçürmüş, unun satışını nəzarət-kassa aparatı vasitəsilə həyata keçirmişdir. Yeni nəsil nəzarət-kassa aparatının 2022-ci ilin aprel ayında sifariş etdikdən bir neçə ay sonra Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları tərəfindən qeyd olunan yeni nəsil kassa aparatı ona təqdim edilmişdir. Həmin idarənin əməkdaşları yeni nəsil kassa aparatı təqdim edilənədək köhnə nəsil kassa aparatından əməliyyat edilməməsini bildirmişlər. O da buna görə həmin müddətdə etdiyi satışların kassa əməliyyatlarını icra etməmişdir. Buna görə də həmin dövr üzrə satılan malların kassa əməliyyatlarını icra etmədiyindən satılmış həmin mallar onlarda anbar qalığı kimi yığılmışdır. Lakin dediyi kimi yeni nəsil kassa aparatı təqdim edilənədək o, həmin malları satmışdır. Nəzərə alınsa ki, kassa əməliyyatı icra olunmadan edilən dövriyyəyə görə həmin məbləğin 10 faizi miqdarında cərimə nəzərdə tutulur, o da buna görə yeni nəsil kassa aparatı gələnə kimi həmin dövr üzrə satılan malların kassa əməliyyatını icra etmişdir Lakin həmin əməliyyatları edərkən qanun pozuntusuna yol verdiyini bilməmişdir. Buna görə də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə dəvət olunmuş və orda ona cərimə olunmağı ilə bağlı məlumat vermişlər. Həmin vaxt guya ki, onun mağazasında operativ vergi nəzarəti həyata keçirilmiş və həmin baxışla bağlı onun mağazasında akt tərtib edilmişdir. Bununla bağlı bildirir ki, akt mağazasında deyil, o, 14 saylı Ərazi Vergilər İdarəsinə çağırılan zaman orada tərtib edilmişdir. Həmin vaxt akt yerində tərtib edilmədiyindən və o, qərarla razı olmadığına görə həmin sənədlərə imza etməkdən imtina etmişdir. Bundan sonra o, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin 05 dekabr 2022-ci il tarixli qərarından Vergilər Nazirliyinə şikayət etsə də, həmin idarənin 06 yanvar 2023-cü il tarixli qərarı ilə şikayəti təmin edilməmişdir. Bundan sonra o bir neçə yerlərə müraciət etsə də heç bir nəticə əldə edə bilməmişdir. Bu mübahisənin məhkəmədən kənar qaydada həlli mümükün deyildir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan başqa qeyd etmək istəyir ki, o 14 saylı Ərazi Verigilər İdarəsində olarkən yəni 27 oktyabr 2022-ci il tarixdə 24 oktyabr 2022-ci il tarixli nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qərarı rəsmi qaydada ona vermişlər. Lakin qeyd olunan kassa əməliyyatları pərakəndə satış qaydasında 4.000 manatdan artıq məbləğ üzrə nağd formada həyata keçirilən kassa əməliyyatları üzrə adlı siyahısından görünür ki, o həmin əməliyyatları iyul-avqust aylarında etmişdir. Yuxarıda da qeyd etdiyi kimi onu nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanuna edilmiş dəyişikliklə bağlı 27 oktyabr 2022-ci il tarixdə tanış etmişlər. Həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi baş vergi xidməti müşaviri X9 tərəfindən qəbul edilmiş 05 dekabr 2022-ci il tarixli qərar qəbul edilərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri pozulmuşdur.
13. İddiaçı məhkəməyə iddia ərizəsi ilə yanaşı buraxılmış müddətin bərpasına dair ərizə təqdim etmiş və ərizəni onunla əsaslandırmışdır ki, 14 saylı Ərazi Vergilər İdarəsinin 05 dekabr 2022-ci il tarixli **********8175 saylı qərarından Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə şikayət etsə də, həmin İdarənin 06 yanvar 2023-cü il tarixli qərarı ilə inzibati şikayətin təmin edilməməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra o mübahisənin məhkəmədən kənar həlli üçün mediasiya təşkilatına şikayət etmişdir. Lakin mediasiya təşkilatında onlar razılığa gələ bilməmiş və prosesin davam etdirilməməsi barədə arayış verilmişdir. Həmin ərəfələrdə, yəni 21 yanvar 2023-cü il tarixdə onun anası rəhmətə getmiş və dəfn işləri, yas mərasimləri onun bu işlə məşğul olmasına maneələr yaratmışdır. Bundan başqa, onun atası ürək xəstəliyindən əziyyət çəkir. Hadisədən bir neçə ay qabaq əməliyyat olsa da tam sağalmamışdır. Anası rəhmətə gedəndən sonra atasının vəziyyəti ağırlaşmış və mart ayında onu məcbur xəstəxanaya yerləşdirmiş, ona təkrar baxış zamanı yenidən stend əməliyyatına ehtiyac olduğu bildirilmiş və o əməliyyat olunmuşdur. Yuxarıda göstərdiyi bu hallar onun həmin qərardan şikayət vermə müddətinin ötməsinə səbəb olmuşdur.
14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər
15. Məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə işin hazırlıq iclası xx.xx.2023cü il tarixə təyin edilmiş və bu barədə tərəflərin iddia ərizəsində göstərilmiş ünvanlarına məhkəmə bildirişi göndərilmiş, həmçinin iddiaçının mobil nömrəsinə Elektron məhkəmə informasiya sistemi vasitəsilə göndərilmiş sms-xəbərdarlıq ona çatdırılmışdır.
16. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri və ya mümkünsüzlüyü ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir.
17. Məhkəmə hazırlıq iclasının iddiaçının iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
18. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur.
19. Etiraz onunla əsaslandırılmışdır ki, uçot-baza məlumatlarına əsasən İddiaçı vergi ödəyicisi kimi 15 noyabr 2013-cü il tarixdə fəaliyyət növü "İxtisaslaşdırılmış mağazalarda sair məhsulların pərakəndə satışı" olmaqla uçota alınmış, 22 yanvar 2019cu il tarixdən isə ƏDV qeydiyyatına alınmışdır. 14 saylı Ərazi Vergilər İdarəsinin 24 oktyabr 2022-ci il tarixli **********9478 saylı Operativ vergi nəzarətinin keçirilməsi haqqında Qərarına əsasən İddiaçı sahibkarlıq fəaliyyəti göstərdiyi ünvan 1i ünvanda yerləşən ərzaq mağazasında 27 oktyabr 2022-ci il tarixdə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 23 iyul 2022-ci il tarixdən 31 avqust 2022-ci il tarixədək olan dövr ərzində 32 ədəd çek olmaqla 428.641,0 manat məbləğin nəzarət-kassa aparatına mədaxil edildiyi, "Nağdsız hesablaşmalar haqqında" Qanunun 34.11-ci maddəsinə əsasən hər satış üzrə 4000,0 manatdan artıq olan 32 sayda çekdən 300.641,0 manat məbləğin nağdsız ödənilməli olduğu halda, nağd qaydada ödənildiyi və "Nağdsız hesablaşmalar haqqında" Qanunun tələblərinin pozulduğu faktı aşkar edilərək, bu barədə 27 oktyabr 2022-ci il tarixli DVX 000034 saylı akt tərtib edilmişdir. İddiaçı akta imza etməkdən imtina etmiş, bu barədə tərtib edilmiş sərbəst aktda əlavə araşdırmaya ehtiyac olduğu üçün aktı imzalamaqdan imtina etdiyi qeyd edilmişdir. Həmçinin İddiaçı operativ vergi nəzarəti tədbiri zamanı izahat verərək malları özünə məxsus olan "Ford" markalı avtomobillə kənd ərazisində səyyar qaydada mal satdığını, malların bir qismini nisyə verdiyini, yeni nəsil nəzarət-kassa aparatı ona gec verildiyi üçün satdığı malların dəyərini cəmləyərək böyük rəqəmlərlə kassaya mədaxil etdiyini, 4000,0 manatdan artıq məbləğin nağdsız ödənilməli olmasından məlumatı olmadığını bildirmişdir. Operativ vergi nəzarətinin nəticələri barədə akt və əlavə edilmiş sənədlər 31 oktyabr 2022-ci il tarixli **********470600 saylı bildirişlə İddiaçı hüquqi ünvanına və elektron qutuya göndərilmiş, məktub poçtdan geri qayıtmamış, elektron qutuda isə 31 oktyabr 2022-ci il tarixdə saat 14:45-də oxunmuşdur. Tərtib edilmiş akt əsasında İdarənin 05 dekabr 2022-ci il tarixli **********8175 saylı Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərara əsasən İddiaçı barəsində 30.064,1 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar və Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə Tələbnamə İdarənin 05 dekabr 2022-ci il tarixli **********304700 saylı məktubu ilə İddiaçı hüquqi ünvanına və elektron qutuya göndərilmiş, məktub poçtdan geri qayıtmamış, elektron qutuda isə 08 dekabr 2022-ci il tarixdə saat 08:41-də oxunmuşdur. Bundan əlavə vergi orqanı tərəfindən İddiaçı Vergi qanunvericiliyinə (inzibatçılığına) edilmiş dəyişikliklər barədə ("Nağdsız hesablaşmalar haqqında" Qanununa və Vergi Məcəlləsinə edilmiş dəyişikliklər barədə) 12 yanvar 2022-ci il tarixli **********171100 saylı və "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikası Qanununa riayət edilməsi barədə 20 oktyabr 2022-ci il tarixli **********279900 saylı bildiriş məktubları göndərilmiş, vergi ödəyicisi tərəfindən həmin məktublar elektron qutuda müvafiq olaraq 21 yanvar 2022-ci il tarixdə saat 23:30-da və 20 oktyabr 2022-ci il tarixdə saat 19:09-da oxunmuşdur. İddiaçı şikayət vermə müddətinin bərpa edilməsi barədə ərizəsinə münasibətdə isə qeyd edilir ki, 05 dekabr 2022-ci il tarixli **********8175 saylı Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar və Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə Tələbnamə İdarənin 05 dekabr 2022-ci il tarixli **********304700 saylı məktubu ilə İddiaçı hüquqi ünvanına və elektron qutuya göndərilmiş, məktub poçtdan geri qayıtmamış, elektron qutuda isə 08 dekabr 2022-ci il tarixdə saat 08:41-də oxunmuşdur. İddiaçı Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 05 dekabr 2022-ci il tarixli **********8175 saylı Qərarından İnzibati şikayətinin araşdınlması barədə 08 dekabr 2022-ci il tarixli **********215900 saylı ərizə ilə Dövlət Vergi Xidmətinə müraciət etmişdir. Dövlət Vergi Xidmətinin 06 yanvar 2023-cü il tarixli **********152600 saylı inzibati şikayətin təmin edilməməsi haqqında Qərarı İddiaçı elektron qutusuna göndərilmişdir.
20. Cavabdehin nümayəndəsi X8 məhkəmə iclasında iddiaya etirazda qeyd edilənləri müdafiə etdiyini bildirməklə, iddia qaldırmaq üçün buraxılmış müddətin bərpasına dair ərizənin təmin edilməməsini və iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir.
Əsaslandırma hissəsi:
21. Məhkəmə proses iştirakçısını dinləyərək, iş materiallarında olan və təqdim edilmiş sənədləri nəzərdən keçirib aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia mümkün sayılmamalıdır.
22. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bənd 9. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
23. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
24. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
25. İşin müəyyən edilmiş hallarına görə, iddiaçıya məxsus obyektdə həyata keçirilmiş operativ vergi nəzarətinin nəticəsində Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********8175 nömrəli qərar qəbul edilmiş və həmin qərara əsasən İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən vergi ödəyicisi nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunvericilik pozulmaqla aparılan əməliyyatlara görə 30064,10 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir.
26. Hazırda iddiaçı həmin qərarı mübahisələndirərək, bu barədə xx.xx.2023-cü il tarixdə məhkəmədə iddia qaldırmaqla, Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********8175 nömrəli qərarın ləğv olunmasını xahiş edir.
27. Bu halda iddiaçının tələbi mübahisələndirmə haqqında iddia növünə aid olduğundan həmin növ iddianın mümkün sayılması üçün xüsusi mümkünlük şərti olan müddətə riayət edilib-edilməməsi yoxlanılmalıdır.
28. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinə görə: Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan,şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
29. «İnzibati icraat haqqında» Qanuna görə: Maddə 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Maddə 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
30. Tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli Elektron sənəd mübadiləsi haqqında müqavilədə aşağdakılar təsbit olunmuşdur: Bənd 2.5. Tərəflər müəyyən edilmiş formatda tərtib edilən və göndərilən elektron sənədin kağız (və ya yazılı şəkildə digər məlumat daşıyıcısı) üzərindəki sənədin ekvivalenti olduğunu və onunla eyni hüquqi qüvvəyə malik olduğunu qəbul edirlər. Bənd 2.7. Vergi orqanı tərəfindən göndərilmiş və vergi ödəyicisinin elektron qutusuna daxil olmuş sənədlər ona verilmiş (təqdim edilmiş) sayılır. Bənd 4.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri var: 4.1.7. Vergi orqanı tərəfindən elektron şəkildə göndərilmiş sənədlərlə mütəmadi olaraq (3 gündə bir dəfədən gec olmayaraq)tanış olmaq və lazımi tədbirlər görmək.
31. 30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinə əlavə edilən: Maddə 13.2.72. elektron kabinet - vergi ödəyicisi kimi uçota alınma zamanı təqdim edilən ərizəyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, gücləndirilmiş elektron imza və (və ya) vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir. Maddə 70.2-1. Sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra.
32. "İnzibati icraat haqqında" Qanuna görə: Maddə 62.2. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdə sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən son maraqlı şəxsə təqdim olunmuş sayılır.
33. Məhkəmə araşdırması zamanı cavabdeh orqanın nümayəndəsi tərəfindən təqdim edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2022-ci il tarixli **********81751 nömrəli qərar xx.xx.2022-ci il tarixli məktubla poçt vasitəsilə, həmçinin, iddiaçı ilə vergi orqanı arasında bağlanmış Elektron sənəd mübadiləsi haqqında xx.xx.2013-cü il tarixli müqaviləyə uyğun olaraq xx.xx.2022-ci il tarixdə iddiaçının elektron kabinetinə göndərilmiş və xx.xx.2022-ci il tarixdə saat 08:41-də oxunmuşdur.
34. İddiaçı Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********8175 nömrəli qərardan xx.xx.2022-ci il tarixdə Dövlət Vergi Xidmətinə inzibati qaydada şikayət vermiş və həmin Xidmətin xx.xx.2023-cü il tarixli **********152600 nömrəli qərarı ilə şikayətin təmin edilməməsi qərara alınmışdır.
35. Yuxarıda sadalanan qanunvericilik normalarının məzmununa əsasən, mübahisələndirilən qərar elektron üsulla xx.xx.2022-ci il tarixdə iddiaçının elektron kabinetinə göndərildiyindən ən geci xx.xx.2022-ci il tarixdə, poçt vasitəsilə iddiaçının ünvanına xx.xx.2022-ci il tarixdə göndərildiyindən ən geci xx.xx.2022-ci il tarixdə çatdırılmışdır.
36. İddiaçı sözügedən qərarı elektron kabinetdə oxuduğu xx.xx.2022-ci il tarixdə ondan inzibati qaydada Dövlət Vergi Xidmətinə şikayət vermiş və xx.xx.2023-cü il tarixdə isə şikayəti təmin edilməmişdir.
37. Məhkəmə onu da qeyd edir ki, mübahisələndirilən qərarda ondan şikayət vermə qaydası və müddəti nəzərdə tutulduğu üçün ona və "İnzibati icraat haqqında" Qanunun 73.1-ci maddəsindəki 6 aylıq xüsusi müddət deyil, İPM-in 38.1-ci və "İnzibati icraat haqqında" Qanunun 73.1-ci maddələrində nəzərdə tutulmuş 30 günlük müddət şamil edilir.
38. Göründüyü kimi, iddiaçının sözügedən qərarı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməməsi və müddəti ötürməsi işin mübahisə olunmayan halıdır.
39. Bu zaman məhkəmə onu da nəzərə alır ki, İddiaçı mübahisələdirilən qərarı məhz elektron kabinetdə oxuduğu xx.xx.2022-ci il tarixdə də ondan inzibati qaydada Dövlət Vergi Xidmətinə şikayət vermiş, xx.xx.2023-cü il tarixdə isə şikayəti təmin edilməmişdir.
40. Eyni zamanda iddiaçı özü də müddət ötürdüyünü dərk və etiraf edərək, iddia ərizəsinə müddətin bərpasına dair ərizə əlavə və müddəti ötürməsini 14 saylı Ərazi Vergilər İdarəsinin 05 dekabr 2022-ci il tarixli **********8175 saylı qərarından Dövlət Vergi Xidmətinə şikayət etməsi və həmin İdarənin 06 yanvar 023-cü il tarixli qərarı ilə inzibati şikayətin təmin edilməməsi haqqında qərar qəbul edilməsi, bundan sonra mübahisənin məhkəmədən kənar həlli üçün mediasiya təşkilatına şikayət etməsi, lakin mediasiya təşkilatında razılığa gələ bilməmələri, həmin ərəfələrdə, yəni 21 yanvar 2023-cü il tarixdə onun anasının rəhmətə getməsi və dəfn işləri, yas mərasimlərinin onun bu işlə məşğul olmasına maneələr yaratması, bundan başqa, atasının ürək xəstəliyindən əziyyət çəkməsi və hadisədən bir neçə ay qabaq əməliyyat olsa da tam sağalmaması, anası rəhmətə gedəndən sonra atasının vəziyyətinin ağırlaşması və mart ayında onu məcbur xəstəxanaya yerləşdirməsi və yenidən stend əməliyyatı olunması ilə əlaqələndirərək, yuxarıda göstərdiyi bu halların onun həmin qərardan şikayət vermə müddətinin ötməsinə səbəb olduğunu göstərmişdir.
41. Məhkəmə iddiaçının əsas gətirdiyi halları müddətin buraxılmasının üzrlü səbəbi kimi qəbul etmir və qeyd edir ki, müddətin bərpası üçün elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu şəxsin iradəsindən asılı olmasın, onların yaranması və dəf edilməsi şəxsin imkanı xaricində olsun və bu səbəblər şəxsin müddəti ötürmədən iddia qaldırmasına maneə törətsin və ya məhdudiyyət yaratmış olsun.
42. Lakin hazırkı işdə iddiaçının gətirdiyi arqumentlər sadalanan üzrlülük meyarlarına cavab vermir.
43. Belə ki, əvvəla, hazırkı mübahisə inzibati hüquq münasibətlərindən irəli gələn mübahisə olduğundan və qanunla həmin növ mübahisələr üçün ilkin mediasiya sessiyasında iştirak tələb olunmadığından iddiaçının mübahisənin həlli üçün mediasiya təşkilatına müraciəti məcburi olmamışdır.
44. Lakin bununla yanaşı, nəzərə alsaq ki, “Mediasiya haqqında” Qanunun tələblərinə görə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, inzibati orqanlar tərəfindən inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi, yaxud inzibati orqanın digər hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələr (həmin Qanunun 4.3-cü maddəsində nəzərdə tutulmuş mübahisələr (o cümlədən “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati ərazi vahidləri arasında ərazi məsələləri ilə bağlı mübahisələr) istisna olmaqla) bu Qanuna uyğun olaraq, mediasiya vasitəsilə həll oluna bilər (m.30) və mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur (m.35.1). Bu zaman, iddiaçının 14 saylı Ərazi Vergilər İdarəsinin Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********81751 nömrəli qərarını müabhisələndirmək üçün müddətin axımının Bakı 9 saylı Mediasiya təşkilatının İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışının verildiyi tarixdən başlanması qəbul edilsə belə, yenə də iddiaçı tərəfindən müddət ötürülmüşdür.
45. İddiaçının atasının xəstəliyi və anasının ölümü ilə bağlı dəlillərinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərlə mübahisələndirilən qərarı qəbulundan sonrakı dövrdə iddiaçının atası Həmzə Həmzəyevə xx.xx.2023-cü il tarixdə X15 Xəsətəxanasında stend əməliyatının icra olunduğu, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə isə laborator müayinələrdən keçdiyi, iddiaçının anası X5 xx.xx.2023-cü il tarixdə Ağstafa rayonunda öldüyü müəyyən edilir ki, bu da iddiaçının həmin hallar aradan qalxdıqdan sonra da vaxtında iddia qaldırmadığını göstərir.
46. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 24.6. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir.
47. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir.
48. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır.
49. Prosesual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır.
50. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “K.N.Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMKnın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetiriməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhəddində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
52. Avropa İnsan Hüquqları Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolaho və digərləri” İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
53. Göründüyü kimi, iddiaçı iddia qaldırmaq üçün qanunda nəzərdə tutulmuş müddəti üzrlü səbəblər olmadan ötürmüşdür.
54. Məhkəmə onu da qeyd edir ki, iddianın qərarın ləğvi hissəsi mümkünlük şərtlərinə cavab vermədiyindən həmin tələbdən asılı olan, digər tələb – vergi borcunun silinməsi tələbi üzrə mümkünlük şərtlərinin yoxlanılmasına ehtiyac qalmamışdır. Çünki həmin borc sözügedən qərarla hesablanmışdır.
55. Buna görə də, İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia mümkün sayılmamalıdır.
Nəticəvi hissə:
56. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva