Məhkəmə qərarları › İş №2-1(114)-3349/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3349/2023

19.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3349/2023 19.07.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehna qarşı travmanın səbəb əlaqəsinin dəyişdirilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehna qarşı Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli qərarında travmanın səbəb əlaqəsinin dəyişdirilərək "Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır" kimi qeyd olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Gəncə Şəhər Psixiatriya Xəstəxanasında stasionar, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Respublika Psixiatriya Xəstəxanasında ambulator, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Gəncə Şəhər Psixiatriya Xəstəxanasında ambulator müalicələr almış, xx.xx.2022-ci il tarixdə “Psixi Sağlamlıq Mərkəzi” PHŞ-də müayinədə olmuşdur.

2. xx.xx.2022-ci il tarixli 11659 saylı şəhadətnaməyə əsasən xx.xx.1992-ci il təvəllüdlü İddiaçı MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətnamələndirilmiş və Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə “Mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu, özünü kəsmələrlə. Vegetativ damar davamsızlığı, nevrotik təzahürlərlə. Sol çiyin, sol saidin ön səthinin kəsilmiş yaralarından sonrakı bərkimiş dəri çapıqları. Çoxsaylı kariyes” diaqnozu “Ümumi xəstəlikdir” səbəb əlaqəsi ilə müəyyən edilmiş və “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı qəbul edilmişdir. II. Məhkəmədə icraat

3. İddiaçı cavabdeh Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona qoyulmuş "keçirilmiş beyin silkələnməsi nəticəsində emosional pozuntu F06.6" diaqnozunun hərbi xidmət vəzifələrini icra edərkən alınması kimi qeyd edilməsinin cavabdehin üzərinə vəzifə kimi qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbini onunla əsaslandırmışdır ki, o, 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. 02 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Murovdağ istiqamətində düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində xəsarət almış, buna baxmayaraq o, döyüşlərdə iştirak etmişdir. Səhəri gün onun başı hərlənməyə, ürəyi bulanmağa başlamış, müvazinətini saxlaya bilməmiş, qusmuşdur. Sonralar vəziyyəti düzəlmiş, lakin bu kimi hadisələr hər gün təxminən 1-2 saat baş vermişdir. Müharibənin ağır vəziyyəti olduğundan o, hospitala gedə bilməmişdir. Müharibə bitdikdən sonra xx.xx.2020-ci ildə ehtiyata buraxılmışdır.xx.xx.2022-xx.xx.2022-ci və xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə Gəncə şəhəri Psixiatriya Xəstəxanasında, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə Respublika Psixiatriya Xəstəxanasında, xx.xx.2022-ci il tarixdə MN-nin MHP-da müayinə və müalicə olunmuşdur. Ona “keçirilmiş beyin silkələnməsi nəticəsində emosional labil pozuntu F06.6” diaqnozu qoyulmuşdur. O, qeyd edilən xəstəliyi hərbi xidmət vəzifələrini icra edərkən almışdır. Lakin Hərbi Həkim Komissiyasının 11659 saylı xəstəlik haqqında şəhadətnaməsində onun xəsarətinin yaranma səbəbi kimi “Hərbi xidmət dövründə yaranmışdır” qeyd edilməmişdir. Ona bu faktın yalnız məhkəmə tərəfindən müəyyən edilə biləcəyini bildirmişlər. Beyin silkələnməsindən sonra gözündə də problemlər yaranmışdır. Hərbi Həkim Komissiyasına bununla bağlı etdiyi müraciətinə müsbət cavab ala bilməmişdir.

5. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər

6. Məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə işin hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərin iddia ərizəsində göstərilmiş ünvanlarına məhkəmə bildirişi göndərilmiş, həmçinin iddiaçının mobil nömrəsinə Elektron məhkəmə informasiya sistemi vasitəsilə göndərilmiş sms-xəbərdarlıq ona çatdırılmışdır.

7. Eyni zamanda, İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq iddiaçıya xx.xx.2023-cü il tarixli sərəncam göndərilərək, hazırkı iddianı qaldırmaqda hüquqi marağının Mərkəzi Hərbi Həkim Komissiyasının qərarının diaqnozun səbəb əlaqəsinin dəyişdirilməsindən ibarət olduğu və belə olan halda həmin tələbin mübahisələndirmə haqqında iddia növünə aid olmaqla həmin növ iddianın mümkün sayılması üçün İPM-in 38-ci maddəsində nəzərdə tutulmuş müddətlərə riayət edilməli olması bildirilmiş və hazırlıq iclasınadək tələbin düzgün ifadə edildiyi dəqiqləşdirilmiş iddia ərizəsinin məhkəməyə təqdim edilməsi, buraxılmış müddətin bərpa edilməsinə dair ərizənin də iddia ərizəsinə əlavə edilməsi təklif olunmuşdur.

8. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə müddətin bərpasına dair ərizə ünvanlamış və ərizədə göstərmişdir ki, Hərbi Həkim Komissiyasına etdiyi müraciətinə müsbət cavab ala bilməmişdir. Hazırda qeyd edilən bir aylıq müddəti ötürmüşdür. Lakin dəfələrlə cavabdeh orqana müraciət etdiyindən hər dəfə də mübahisənin məhkəməyədək həllinə ümid etmişdir. İddia müddətini ötürdüyündən məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyi zaman həm də cavabdeh orqana yeni müraciəti rəsmi göndərmişdir. Göstərilənlərə əsasən iddia müddətinin bərpa edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

9. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasına iddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə məhkəməyə gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü ilə bağlı məlumat verməmişdir. Məhkəmə hazırlıq iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

10. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli qərarında travmanın səbəb əlaqəsinin dəyişdirilərək "Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır" kimi qeyd olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

11. İddiaçı məhkəmə iclasında iddia ərizəsini və müddətin bərpasına dair ərizəni müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

12. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, xx.xx.2022-ci il tarixli 11659 saylı şəhadətnaməni təxminən 4-5 ay əvvəl almış və orada xəstəliyin səbəbinin “Hərbi xidmət dövründə yaranmışdır” kimi qeyd edilmədiyini bilmişdir. Həmin qərarı qanunda nəzərdə tutulmuş müddətdə mübahisələndirməməsinin səbəbi isə onun özünün və atasının xəstəliyi ilə bağlı olmuşdur. O, xəstəliyi ilə bağlı xəstəxanalarda müalicə olunduğundan vaxtında iddia qaldıra bilməmişdir. Xəstəliyi ilə bağlı onda olan bütün sənədləri iddia ərizəsinə əlavə etmişdir. O, savadsız olduğundan 30 gün ərzində iddia qaldırmalı olduğunu bilməmişdir.

13. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

Əsaslandırma hissəsi:

14. Məhkəmə iddiaçını dinləyərək, iş materiallarını nəzərdən keçirib aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia tələbi mümkün sayılmamalıdır.

15. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bənd 9. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

16. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

17. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

18. İşin müəyyən edilmiş hallarına görə, xx.xx.2022-ci il tarixli 11659 saylı şəhadətnaməyə əsasən xx.xx.1992-ci il təvəllüdlü İddiaçı MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətnamələndirilmiş və Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə “Mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu, özünü kəsmələrlə. Vegetativ damar davamsızlığı, nevrotik təzahürlərlə. Sol çiyin, sol saidin ön səthinin kəsilmiş yaralarından sonrakı bərkimiş dəri çapıqları. Çoxsaylı kariyes” diaqnozu “Ümumi xəstəlikdir” səbəb əlaqəsi ilə müəyyən edilmiş və “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı qəbul edilmişdir.

19. Hazırda iddiaçı həmin qərarı mübahisələndirərək, bu barədə xx.xx.2023-cü il tarixdə məhkəmədə iddia qaldırmaqla, travmanın səbəb əlaqəsinin dəyişdirilməsini xahiş edir.

20. Bu halda iddiaçının tələbi mübahisələndirmə haqqında iddia növünə aid olduğundan həmin növ iddianın mümkün sayılması üçün xüsusi mümkünlük şərti olan müddətə riayət edilib-edilməməsi yoxlanılmalıdır.

21. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinə görə: Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

22. «İnzibati icraat haqqında» Qanuna görə: Maddə 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Maddə 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

23. İddiaçının sözügedən qərardan 2023-cü ilin əvvəllərində (yanvar-fevral ayları) məlumatlı olması, lakin onu qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməməsi və müddəti ötürməsi işin mübahisə olunmayan halıdır.

24. Belə ki, İddiaçı müddətin bərpasına dair ərizəsində Hərbi Həkim Komissiyasına etdiyi müraciətinə müsbət cavab ala bilmədiyini, bir aylıq müddəti ötürdüyünü, dəfələrlə cavabdeh orqana müraciət etdiyindən hər dəfə də mübahisənin məhkəməyədək həllinə ümid etdiyini bildirmiş, iclas zamanı sədrlik edənin suallarına cavab olaraq isə bildirmişdir ki, xx.xx.2022-ci il tarixli 11659 saylı şəhadətnaməni təxminən 4-5 ay əvvəl almış və orada xəstəliyin səbəbinin “Hərbi xidmət dövründə yaranmışdır” kimi qeyd edilmədiyini bilmişdir. Həmin qərarı qanunda nəzərdə tutulmuş müddətdə mübahisələndirməməsinin səbəbi isə onun özünün və atasının xəstəliyi ilə bağlı olmuşdur. O, xəstəliyi ilə bağlı xəstəxanalarda müalicə olunduğundan vaxtında iddia qaldıra bilməmişdir. Xəstəliyi ilə bağlı onda olan bütün sənədləri iddia ərizəsinə əlavə etmişdir. O, savadsız olduğundan 30 gün ərzində iddia qaldırmalı olduğunu bilməmişdir.

25. Göründüyü kimi, iddiaçı iddia müddətini ötürməsinin səbəbi kimi ərizəsində dəfələrlə cavabdeh orqana müraciət etdiyindən hər dəfə də mübahisənin məhkəməyədək həllinə ümid etdiyini bildirsə də, iclas zamanı bunu özünün və atasının xəstəliyi ilə əlaqələndirmiş, xəstəliyi ilə bağlı xəstəxanalarda müalicə olunduğundan vaxtında iddia qaldıra bilmədiyini göstərmişdir.

26. Lakin iş materiallarına əlavə edilmiş tibbi sənədlərlə müəyyən edilir ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Gəncə Şəhər Psixiatriya Xəstəxanasında stasionar, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Respublika Psixiatriya Xəstəxanasında ambulator, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Gəncə Şəhər Psixiatriya Xəstəxanasında ambulator müalicələr almış, xx.xx.2022-ci il tarixdə “Psixi Sağlamlıq Mərkəzi PHŞ-də müayinədə olmuşdur.

27. Məhkəmə tərəfindən iddiaçıya mübahisələndirdiyi qərardan məlumatlı olduğu vaxtdan sonrakı müalicələri barədə tibbi sənədləri, yəni qərarı əldə etdikdən sonra onun iddia qaldırmasına maneə törətmiş və ya məhdudiyyət yaratmış halları təsdiq edən sənədlər təqdim etmək təklif olunmuş, iddiaçı xəstəliyi ilə bağlı onda olan bütün sənədləri iddia ərizəsinə əlavə etdiyini bildirmişdir.

28. Məhkəmə iddiaçının dəlillərini müddətin buraxılmasının üzrlü səbəbi kimi qəbul etmir və qeyd edir ki, müddətin bərpası üçün elə səbəblər üzrlü hesab edilə bilər, onların mövcudluğu şəxsin iradəsindən asılı olmasın, onların yaranması və dəf edilməsi şəxsin imkanı xaricində olsun və bu səbəblər şəxsin müddəti ötürmədən iddia qaldırmasına maneə törətsin və ya məhdudiyyət yaratmış olsun.

29. Lakin hazırkı işdə iddiaçının gətirdiyi arqumentlər sadalanan üzrlülük meyarlarına cavab vermir. Belə ki, xx.xx.2022-ci il tarixli qərarın iddiaçıya təqdim olunması barədə məlumat olmadığından onun deməsinə görə, 2023-cü ilin fevral ayından məlumatlı olmasını nəzərə alaraq, həmin vaxtdan 30 gün müddətində iddia qaldırmalı olduğu halda, bunu etməmiş və həmin tarixdən etibarən iddia müddətinin ötürülməsini üzürlü hesab edəcək əsasları məhkəməyə təqdim etməmişdir.

30. İddiaçının savadsız olduğundan 30 gün ərzində iddia qaldırmalı olduğunu bilməməsinə dair dəlili də müddətin ötürülməsinin səbəbinin üzrlü sayılmasına əsas ola bilməz.

31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 24.6. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir.

32. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir.

33. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır.

34. Prosesual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır.

35. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “K.N.Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMKnın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetiriməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhəddində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

37. Avropa İnsan Hüquqları Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolaho və digərləri” İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

38. Göründüyü kimi, iddia qaldırmaq üçün qanunda nəzərdə tutulmuş müddəti üzrlü səbəblər olmadan ötürmüşdür.

39. Buna görə də, İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və İddiaçı Cavabdehna qarşı Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli qərarında travmanın səbəb əlaqəsinin dəyişdirilərək "Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır" kimi qeyd olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə:

40. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar