Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-335/2022 19.01.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və vəkili X4, cavabdeh Şəmkir rayon Qeydiyyat şöbəsinin nümayəndəsi X5 ştirakı ilə İddiaçı cavabdeh Şəmkir rayon Qeydiyyat şöbəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi) “Doğum haqqında” təkrar şəhadətnamənin Ukrayna Respublikasının müvafiq qurumlarından alınaraq ona təqdim edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Şəmkir rayon Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə 01.12.2021ci il tarixdə məhkəməyə müraciət edərək, ondan şəxsiyəti təsdiq edən sənəd tələb edilmədən Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı (bundan sonra BMT QAK) tərəfindən ona verilmiş Himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınması barədə Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun 1966-cı ildə Ukrayna SSR, Voroşilovqrad vilayəti (indiki Luqansk vilayəti) Staniçno-Luqansk rayonunun VVAQ şöbəsi tərəfindən doğum faktının qeydiyyata alınmasını təsdiq edən “doğum haqqında” təkrar şəhadətnamənin Ukrayna Respublikasının müvafiq qurumlarından alınaraq ona təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 22.05.1966-cı il tarixdə Ukrayna SSR, Voroşilovqrad vilayəti - indiki Luqansk vilayəti, Staniçno-Luqansk rayonunda anadan olmuşdur. 1966-cı ildə Staniçno-Luqansk rayon VVAQ şöbəsi (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsi) tərəfindən doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. Daha sonra doğum haqqında şəhadətnaməni itirdiyi üçün Staniçno-Luqansk rayon VVAQ şöbəsi tərəfindən doğum haqqında təkrar şəhadətnamə ilə təmin edilmişdir. X1b, onun barəsində heç bir məlumatı yoxdur, anası X2 13.07.1930-cu il tarixdə Ukrayna SSR-də anadan olub, təxminən 2000-ci ildə Ukrayna Respublikasında vəfat etmişdir. İddiaçı 1973cü ildə Staniçno-Luqansk rayonunda fəaliyyət göstərən orta məktəblərdən birində birinci sinfə getmiş, 1981-ci ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. Məktəbi bitirdikdən sonra yaşadığı rayonda peşə məktəbində iki aylıq kursa gedərək makinaçı ixtisasına yiyələnmiş, daha sonra təhsilini davam etdirməmişdir. 23.05.1983-cü il tarixdə Voroşilovqrad vilayəti - indiki Luqansk vilayəti, Staniçno-Luqansk rayon daxili işlər orqanı tərəfindən SSRİ nümunəli pasportla təmin edilmiş, elə həmin tarixdə də Staniçno-Luqansk rayonu, Pionerskaya küçəsi ev 3, mənzil 6 ünvanında yaşayış yeri üzrə qeydiyyata düşmüş, 28.05,1986-cı il tarixdə həmin ünvandan yaşayış yeri üzrə qeydiyyatdan çıxmışdır. Daha sonra 15.09.1988-ci il tarixdə Staniçno-Luqansk rayonu, Sverdlova küçəsi, ev 205 ünvanında yaşayış yeri üzrə qeydiyyata düşmüş, 05.06.1990-cı il tarixdə həmin ünvandan yaşayış yeri üzrə qeydiyyatdan çıxmışdır. 07.08.1982-ci il tarixdə X7 ilə nikaha daxil olmuş, həmin nikahdan onların 10.04.1983-cü il tarixdə bir oğlu (X10) doğulmuşdur. 1991-ci ilin aprel ayında Azərbaycana gəlmiş və Şəmkir rayonunda məskunlaşmış, həmin vaxtdan indiyə kimi də Şəmkirdə müxtəlif ünvanlarda kirayədə yaşamışdır. Azərbaycana gələndə Ukrayna SSR tərəfindən verilmiş SSRİ nümunəli pasportla gəlmiş, doğum haqqında şəhadətnaməni Azərbaycana gəldiyi zaman özü ilə gətirməmişdir. 2005-ci ildən SSRİ nümunəli pasportlar qüvvədən düşdüyü üçün hazırda onun şəxsiyyətini təsdiq edən etibarlı sənədi yoxdur. Vətəndaşlığını və şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün vətəndaşlığı olmayan şəxs kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) himayəsindədir və himayə sənədi ilə təmin edilmişdir. Dövlət Miqrasiya Xidməti də həmin himayə sənədi əsasında onu Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata almışdır. Doğum haqqında şəhadətnaməsi olmadığı üçün Ukraynanın Azərbaycandakı Səfirliyindən Ukrayna vətəndaşının pasportunu ala bilmir. Bu səbəbdən də onun doğum haqqında təkrar şəhadətnamə ilə təmin olunması zərurəti yaranmışdır. Hazırda ünvan 2 ünvanında yaşayır və Dövlət Miqrasiya Xidməti tərəfindən həmin ünvanda olduğum yer üzrə qeydiyyata alınmışdır. Buna görə də o, 06.10.2021 -ci il tarixdə Şəmkir rayon Qeydiyyat şöbəsinə müraciət edərək ondan şəxsiyyəti təsdiq edən sənəd tələb etmədən BMT QAK tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğum yer üzrə qeydiyyata alınması barədə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun 1966-cı ildə Ukrayna SSR, Voroşilovqrad vilayəti - indiki Luqansk vilayəti, Staniçno-Luqansk rayonunun VVAQ şöbəsi tərəfindən doğum faktımın qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin Ukrayna Respublikasının müvafiq qurumlarından alınaraq ona təqdim edilməsini təmin etmələrini xahiş etmiş, cavabdeh isə 16.10.2021-ci il tarixli, 05/Q-441 nömrəli məktubla bundan imtina etmişdir. İddiaçı və vəkili X6 iddianı müdafiə etmişlər. Cavabdehin nümayəndəsi X8 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçısının şəxsiyyətini təsdiq edən sənəd olmadığına görə təkrar doğum haqqında şəhadətnamənin istənilməsi ilə bağlı ərizənin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş SSSR nümunəli Xİ-EД seriyalı 511873 nömrəli pasportdan görünür ki, Lısenko (Lisenko) Yelena (Olena) Vasilyevna Ukrayna vətəndaşı olmaqla 22.05.1966-cı ildə Ukraynanın Luqansk vilayəti, Staniçno-Luqansk rayonunda anadan olmuşdur. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 08.09.2021-ci il tarixli, ******* nömrəli arayışından görünür ki, 22.05.1966-cı il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. -Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 06.10.2021-ci il tarixli, 25/TA- 38/OYQ nömrəli arayışından görünür ki, 22.05.1966-cı il təvəllüdlü vətəndaşlığı olmayan şəxs İddiaçı BMT QAK verdiyi himayə sənədi əsasında 16.09.2022-ci il tarixinədək ünvan 3 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. -surəti işə əlavə edilmiş Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi tərəfindən 16.09.2021-ci il tarixdə, 22.05.1966-cı ildə anadan olmuş İddiaçı verilmiş və 16.09.2022-ci il tarixədək etibarlı olan himayə sənədində adı çəkilən şəxsin BMT QAK-ın mandatı altında olan şəxs olması, BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin hökümət orqanlarından adı çəkilən şəxsin Azərbaycan Respublikası ərazisində qalmasına şərait yaradılmasını və məcburi geri qaytarılmasının qarşısının alınmasını xahiş etdiyi və sənədin surətinin Daxili İşlər Nazirliyinə, Xarici İşlər Nazirliyinə və Dövlət Miqrasiya Xidmətinə göndərilməsi qeyd edilmişdir. -Şəmkir rayon Qeydiyyat şöbəsinin 16.10.2021-ci il tarixli, 05/Q-441 nömrəli məktubundan görünür ki, İddiaçı şəxsiyyətini təsdiq edən sənədi olmadığına görə təkrar doğum haqqında şəhadətnamənin istənilməsi ilə bağlı ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər. Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” Azərbaycan Respublikası Qanununun:- -2-ci maddəsinin ikinci bəndinə əsasən vətəndaşlığı olmayan şəxslər - Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olmayan şəxslərdir. -4-cü maddəsinin birinci bəndinə əsasən Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının digər qanunları və Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələri ilə digər qaydalar müəyyən edilməyibsə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası vətəndaşları ilə bərabər bütün hüquqlardan və azadlıqlardan istifadə edirlər və bütün vəzifələri yerinə yetirirlər. Üçüncü bəndinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onların sosial və əmlak vəziyyəti, irqi və milli mənsubiyyəti, cinsi, dili, dinə münasibəti, fəaliyyətinin növü və xarakterindən və digər hallardan asılı olmayaraq Azərbaycan Respublikasında qanun və məhkəmə qarşısında bərabərdirlər. Azərbaycan Respublikası ərazisindəki əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinin ikinci hissəsində müəyyən edilmiş qaydada məhdudlaşdırıla bilər. -5-ci maddəsinin 8-ci bəndinə əsasən Azərbaycan Respublikası ərazisində müvəqqəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyata alınmalıdır və onlar üçün müəyyən olunmuş müddətlər qurtardıqdan sonra Azərbaycan Respublikasını tərk etməlidirlər. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin:- -3.0.2-ci maddəsinə əsasən vətəndaşlığı olmayan şəxs – heç bir dövlət tərəfindən onun qanununa əsasən vətəndaş hesab edilməyən şəxsdir. -21.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar (bu barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir). -21.6-cı maddəsinə əsasən BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır. “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Konvensiyanın 5-ci maddəsinin birinci bəndinə əsasən hüquqi yardımın göstərilməsi zamanı Razılığa gələn Tərəflərin ədliyyə müəssisələri bir-biri ilə əlaqələri, əgər bu Konvensiyada digər ünsiyyət qaydaları nəzərdə tutulmamışdırsa, öz mərkəzi, ərazi və digər orqanları vasitəsilə həyata keçirirlər. Razılığa gələn Tərəflər, bilavasitə əlaqələrin həyata keçirilməsinə səlahiyyəti olan öz mərkəzi, ərazi və digər orqanlarının siyahısını müəyyən edirlər və öz ratifikasiya fərmanlarını və ya qoşulma haqqında sənədlərini saxlanca verən zaman bu barədə depozitarini məlumatlandırırlar. -6-cı maddəsinə əsasən isə Razılığa gələn Tərəflər qarşılıqlı hüquqi yardımı sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulan prosessual və digər hərəkətlərin yerinə yetirilməsi, xüsusilə də sənədlərin tərtib edilməsi, onların öz sahibinə ötürülməsi və təqdim edilməsi, baxışın, axtarışın, götürmənin həyata keçirilməsi, maddi sübutların ötürülməsi, ekspertizanın keçirilməsi, tərəflərin, üçüncü şəxslərin, şübhəli şəxslərin, təqsirləndirilənlərin, zərərçəkmişlərin, şahidlərin, mülki iddiaçıların, mülki cavabdehlərin, onların nümayəndələrinin, müqəssirlərin qanuni nümayəndələrinin, ekspertlərin dindirilməsi, tanınmaya təqdimetmə, o cümlədən videorabitə, videoçəkiliş və digər texniki vasitələrdən istifadə etməklə şəxslərin axtarışı, istintaqı aparılan cinayət işində əməliyyat-axtarış tədbirlərinin, cinayət təqibinin həyata keçirilməsi, cinayət məsuliyyətinə cəlb etmək və ya hökmün icrasını təmin etmək üçün şəxslərin verilməsi, cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və əmlakın, habelə cinayətdən əldə edilən gəlirlərin axtarışı və həbsi (götürülməsi), mülki işlər, kommersiya və digər mübahisələr üzrə qərarların icra edilməsi üçün mülki cavabdehlərin əmlak və pul vəsaitlərinin axtarışı, icra qeydlərinin, mülki işlər və hökmlər üzrə məhkəmə qərarlarının tanınması və icrası yolu ilə həyata keçirirlər. Razılığa gələn Tərəflər qarşılıqlı hüquqi yardımı, eyni zamanda, ədalət mühakiməsindən və ümumilikdə cəmiyyətin maraqlarından və işin hallarından irəli gələn və Razılığa gələn Tərəflərin daxili qanunvericiliyinə uyğun olan digər qayda və üsullarla həyata keçirə bilərlər. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericilik aktlarında vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənəd kimi himayə sənədi müəyyən olunmasa da Azərbaycan Respublikası Miqrasiya Məcəlləsində həmin sənəd şəxsin şəxsiyyətini müəyyən edilməklə yaşadığı yer üzrə qeydə alınması üçün əsas hesab olunmuş və iddiaçıya verilmiş himayə sənədi Azərbaycan Respublikası dövlət orqanı tərəfindən qəbul edilmişdir. Digər tərəfdən iddiaçı Azərbaycan Respublikasına gəldiyi zaman qanuni əsaslarla, yəni ona məxsus SSSR nümunəli pasportla gəlmiş, həmin sənəd sonradan baş vermiş dəyişikliklər əsasında qüvvəsini itirmişdir. Lakin hər bir halda bu cür dəyişiklik şəxsin hüquqlarının məhdudlaşdırılmasına əsas verməməlidir. Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikası qanunvericiliyində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə, Azərbaycan Respublikası vətəndaşları arasında heç bir ayrı seçkilik qoyulmamış, Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırılması müəyyənləşdirilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən sözügedən məsələyə şəxsi həyata və ailə həyatına hörmət hüququnu tənzimləyən 8-ci maddənin kontekstindən yanaşılır. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 8-ci maddəsinin 1. bəndinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Bununla belə, AİHM-in dəfələrlə ifadə etdiyi kimi, 8-ci maddənin əsl məqsədi qoruma altına alınan hüququn istifadə olunmasında dövlət orqanlarının istədiyi kimi müdaxilə etməsinə qarşı şəxsi qorumaqdır. Bu zaman dövlətlər əlavə olaraq həm də şəxsi həyatın qorunmasına “hörmət” göstərilməsini təmin edəcək pozitiv öhdəliklər də daşıyırlar. Bununla yanaşı, bu sahədə Razılığa gələn Dövlətlər hər nə qədər geniş mülahizə səlahiyyətinə sahib olsalar da, AİHM şəxsi həyata və ailə həyatına hörmət hüququna gətirilən məhdudiyyətin “zəruriliyinin” inandırıcı olub-olmadığını dəyərləndirmək üçün xüsusilə yerli hakimiyyət orqanları tərəfindən təqdim olunan və yerli məhkəmələr tərəfindən müraciəti rədd etmək üçün istinad olunan əsası rəhbər tutmaqdadır. Lakin hazırkı işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi tərəfindən verilmiş 16.09.2021-ci il tarixli himayə sənədi əsasında şəxsin müraciəti təmin edilməlidir. Bele ki, qeyd edildiyi kimi, iddiaçı ona məxsus sənədlərlə vətəndaşı olduğu ölkəyə qayıda bilmir və lazımı sənədləri əldə edə bilmir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti həmin himayə sənədi əsasında onun vətəndaşlığı olmayan şəxs kimi statusunu tanımış və ünvan 3 ünvanı üzrə qeydiyyata almışdır. Məhkəmə bu halda hesab edir ki, iddiaçıdan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən ona verilmiş Himayə Sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınmağı barədə Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun 22.05.1966-cı ildə Ukrayna SSR, Voroşilovqrad vilayəti (indiki Luqansk vilayəti) Staniçno-Luqansk rayonunun VVAQ şöbəsi tərəfindən doğumun qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin Ukrayna Respublikasının müvafiq qurumlarından alınaraq ona təqdim edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı 22.05.1966-cı ildə Ukrayna SSR, Voroşilovqrad vilayəti (indiki Luqansk vilayəti) Staniçno-Luqansk rayonunun VVAQ şöbəsi tərəfindən doğum faktının qeydiyyata alınmasını təsdiq edən “doğum haqqında” təkrar şəhadətnamənin Ukrayna Respublikasının müvafiq qurumlarından alınaraq ona təqdim edilməsi öhdəliyi Şəmkir rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-335/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-335/2022
19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver