Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3351/2023 14.09.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qərarın ləğvi və pensiyanın yenidən hesablanması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması barədə xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və xx.xx.2020-ci il tarixdə işdən azad edilməyi ilə əlaqədar işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün müraciət etdiyi xx.xx.2023-cü il tarixdə fərdi hesabında toplanmış 18010,36 manat məbləğində pensiya kapitalının qulluq stajına əlavələr azaldılmamaqla pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçıya xx.xx.2000-ci il tarixdə xidmət illərinə görə pensiya təyin edilmişdir.
2. ИТ-İ № ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.2000-ci il tarixdə Azərbaycan Respublikası DİN “Siqnal” İLİİ Gəncə İstismar sahəsində mexanik vəzifəsinə qəbul edilmiş, xx.xx.2000-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş, xx.xx.2001-ci il tarixdə AR DİN BDYPİ-nin Siqnal İLİ İdarəsinin Gəncə İstismar sahəsində mexanik vəzifəsinə bərpa edilmiş, xx.xx.2020-ci il tarixdə AR ƏM-nin 70-ci maddəsinin “e” bəndinə (dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdığına görə) tutduğu vəzifədən azad edilmişdir.
3. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh orqana müraciət edərək, pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalına əsasən pensiyasının yenidən hesablanaraq əlavə edilməsini xahiş etmişdir.
4. Əmək pensiyasının yenidən hesablanmasınadək iddiaçının pensiya məbləği 829,43 manat (sığorta hissəsi 279,07 manat, qulluq stajına əlavələr 474,96 manat, maddi yardım 75,40 manat) məbləğində təşkil etmişdir.
5. Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17- 1/3-7-5923/2023 nömrəli qərarla iddiaçının əmək pensiyası yenidən hesablanaraq, 829,43 manat (sığorta hissəsi 529,21 manat, qulluq stajına əlavələr 224,82 manat, maddi yardım 75,40 manat) məbləğində müəyyən edilmişdir.
6. İddiaçı pensiyasının yenidən hesablanması üçün aprel 2023-cü il tarixdə cavabdeh orqana müraciət etmiş və Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, ona xx.xx.2000-ci il tarixindən xidmət illərinə görə pensiya təyin edilmişdir. Sonrakı artımlar nəzərə alınmaqla onun əmək pensiyası 829,43 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilib: 1) əmək pensiyasının sığorta hissəsi-279,07 manat; 2) qulluq stajına görə əmək pensiyasına əlavə- 474,96 manat, maddi yardım-75,40 manat. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən “bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin (qulluq stajına görə əmək pensiyasına əlavələr alan şəxslər) əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır”. Ona əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 18010,36 manat pensiya kapitalı qeydə alınmışdır. Sonuncu dəfə işdən azad olduğu tarixədək (xx.xx.2020-ci il) topladığı sığorta kapitalı sonrakı illər üzrə indeksləşdirilməklə müəyyən edilmiş 18010,36 manat “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1 maddəsinə uyğun olaraq 72 aya bölünərək (18010,36:72=250,14 manat) əmək pensiyasının sığorta hissəsinin (279,07 manat) üzərinə əlavə olunmaqla pensiyasının sığorta hissəsi 529,21 (279,07+250,14) manat müəyyən edilmişdir. Eyni zamanda sözügedən Qanunun 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavənin məbləği (474,96 manat) həmin artım qədər (250,14 manat) azaldılmışdır. Nəticədə hazırda əmək pensiyasının sığorta hissəsi 529,21 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği 224,82 (474,96-250,14) manat və Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əlavə – 75,40 manat maddi yardım ödənilir. II. Məhkəmədə icraat
7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 21 fevral 2023-cü il tarixdə etdiyi müraciətə əsasən pensiyasının üzərinə müraciət tarixinə fərdi hesabında toplanmış 18010,36 pensiya kapitalı : 72 = 250,14 manat, mövcud 829,43 manat pensiyasına əlavə edilməklə pensiyasının yenidən hesablanması vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1955-ci il tarixdə doğulmuşdur. 1 mart 2000-ci il tarixindən xidmət illərinə görə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi xətti ilə yaşa görə əmək pensiyası alır. Pensiyaya çıxdıqdan sonra mülki sahədə əmək fəaliyyətini davam etdirmiş, 2020-ci ilin iyun ayına kimi işləmişdir. xx.xx.2023-cü il tarixdən pensiyasının aylıq məbləği 829,43 manat təşkil edir. 2023-cü ilin fevral ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına pensiyasının fərdi hesabında toplanmış pensiya kapitalına əsasən yenidən hesablanması haqqında müraciət etmişdir. Lakin pensiyasınıın məbləğində heç bir dəyişiklik olmamışdır. Ona gecikdirilmiş halda verilmiş cavabdan belə məlum olmuşdur ki, onun işdən azad olunduğu xx.xx.2020-ci il tarixdə fərdi hesabında olan pensiya kapitalını gözlənilən pensiya müddəti aylarının sayına bölməklə pensiyanın sığorta hissəsinə əlavə etdiklərini və bu zaman qulluq stajına əlavədən artım qədər azaldıldığı, bu səbəbdən də pensiyanın məbləğində dəyişiklik olmadığını bildirmişlər və bu zaman ona “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş 29.2-ci maddəsinə istinad edilərək, qulluq stajına görə əlavə almaq hüququ olan əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiyası yenidən hesablanarkən pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği azadıldığını göstərirlər”. Bir də məktubda əlavə olaraq bildirilir ki, sonuncu dəfə işdən azad olduğu tarixədək (xx.xx.2020-ci il) toplanmış sığorta kapitalı sonrakı illər üzrə indeksləşdirilməklə müəyyən edilmiş 18010,36 manat pensiya kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq 72 aya bölünərək (18010,36:72=250,14 manat) əmək pensiyasının sığorta hissəsinin (279,07 manat) üzərinə əlavə olunmaqla pensiyasının sığorta hissəsi 529,21 (279,07+250,14) manat müəyyən edilmişdir. Eyni zamanda sözügedən Qanunun 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavənin məbləği həmin artım qədər (250,14 manat) azaldılıb. Daha sonra 3 dəfə müraciəti olsa da onlar birinci məktuba yazılmış cavabı şablon şəklində istifadə edərək hər dəfə şəxsi kabinetinə oturdurlar. Mərkəzi Filialın cavabları ilə razılaşmır.
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
10. Məhkəmənin hüquqi yardımından sonra iddiaçı şifahi məhkəmə baxışı iclasında məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və xx.xx.2020-ci il tarixdə işdən azad olunmaqla əlaqədar işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün müraciət etdiyi xx.xx.2023-cü il tarixdə fərdi hesabında toplanmış 18010,36 manat pensiya kapitalını qulluq stajına əlavələr azaldılmamaqla pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmiş və ərizə məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. III.İddianın növü və mümkünlüyü
11. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
12. Hazırkı iddia İPM-in həm 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə, həm də 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növlərinə aiddir. Belə ki, iddiaçı xx.xx.2020-ci il tarixdə işdən azad edilməyi ilə əlaqədar işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün müraciət etdiyi xx.xx.2023-cü il tarixdə fərdi hesabında toplanmış 18010,36 manat məbləğində pensiya kapitalının qulluq stajına əlavələr azaldılmamaqla pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etsə də, onun hüquqi marağının təmini yalnız əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğvi ilə mümkündür. Yəni, iddiaçının əmək pensiyasının yenidən hesablanması üçün əvvəlcə yenidən hesablama barədə qərar ləğv edilməlidir.
13. İPM-in 2.2-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); - 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia).
14. İPM-ə görə: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
15. Hazırkı işdə iddianın qaldırılması üçün İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə (30 günlük) riayət edilmişdir.
16. Belə ki, cavabdeh orqan tərəfindən qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli qərarın iddiaçıya rəsmi qaydada göndərilməsini təsdiq edən sübut növü cavabdehin nümayəndəsi tərəfindən təqdim edilməmişdir. Cavabdehin nümayəndəsi iddiaçıya əmək pensiyasının yenidən hesablanması barədə məlumatın verilməsi barədə xx.xx.2023-cü il tarixli məktub təqdim etsə də, həmin məktubun iddiaçıya çatdırılmasını (onun tərəfindən rəsmi qaydada alınmasını) təsdiq edən sübut mövcud deyildir.
17. Elektron hökümət portalından çıxarış edilmiş sosial arayışdan da görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət edərək, xx.xx.2023-cü il tarixli ərizəyə cavab almadığını bildirmiş, eyni zamanda pensiyanın yenidən hesablanması ilə bağlı xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərdən yenidən müraciət etmişdir.
18. İddiaçı iclas zamanı dəfələrlə müraciət etməsinə baxmayaraq, yenidən hesablama ilə bağlı qərarın ona yalnız 2023-cü ilin iyun ayında təqdim edildiyini bildirmişdir.
19. Məhkəmə hesab edir ki, əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli qərarı iddiaçıya təqdim edilmədiyi və xx.xx.2023-cü il tarixli məktubda da ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadığı və iddiaçı hazırkı tələblə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etdiyi üçün «İnzibati icraat haqqında» Qanunun 73.2-ci maddəsinin tələblərinə müvafiq olaraq iddiaçı tərəfindən müddətin ötürülmədiyi müəyyən edilir.
20. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
21. Məhkəmə hazırkı iddianın mübahiisələndirmə və məcburetmə haqqında iddia növlərinə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
22. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
23. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
24. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
25. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia tələbini müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
26. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur.
27. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçıya Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 1 mart 2000-ci il tarixdən xidmət illərinə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixdən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən əmək pensiyası həmin tarixdən Mərkəzi Filial tərəfindən ödənilir. Sonrakı artımlar nəzərə alınmaqla onun əmək pensiyası 829,43 manat (əmək pensiyasının sığorta hissəsi-279,07 manat və qulluq stajına görə əmək pensiyasına əlavə-474,96 manat) məbləğində olmaqla ödənilib. İddiaçının sonuncu dəfə işdən azad olduğu tarixədək (xx.xx.2020-ci il) topladığı sığorta kapitalı sonrakı illər üzrə indeksləşdirilməklə müəyyən edilmiş 18010,36 manat “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1 -ci maddəsinin tələblərinə uyğun olaraq 72 aya bölünərək (18010,36:72=250,14 manat) əmək pensiyasının sığorta hissəsinin (279,07 manat) üzərinə əlavə olunmaqla pensiyasının sığorta hissəsi 529,21 (279,07+250,14) manat müəyyən edilib. Eyni zamanda sözügedən Qanunun 1 yanvar 2023-cü il tarixədək qüvvədə olmuş 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavənin məbləği (474,96 manat) həmin artım qədər (250,14 manat) azaldılıb. Nəticədə, əmək pensiyasının sığorta hissəsi 529,21 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği isə 224,82 (474,96-250,14) manat və Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əlavə - 75,40 manat təşkil edir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur.
28. Cavabdehin nümayəndəsi X2 şifahi məhkəmə baxışı etirazda göstərilənlərə istinadla iddianın rədd edilməsini xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
29. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Sosial arayış; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-N-87541/2023 nömrəli məktubu; - İddiaçının pensiya işi üzrə inzibati icraat materialları.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
30. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
31. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya ilkin olaraq xidmət illərinə görə xx.xx.2000-ci il tarixdə pensiya təyin edilmişdir. İddiaçı həmin vaxtdan sonra əmək fəaliyyətini davam etdirmiş və fərdi şəxsi hesabında xx.xx.2020-ci il tarixədək 18010,36 manat pensiya kapitalı yığmışdır.
32. İddiaçı xx.xx.2020-ci il tarixdə AR ƏM-nin 70-ci maddəsinin “e” bəndinə (dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdığına görə) tutduğu vəzifədən azad edilməsinə və bununla da işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsinə baxmayaraq, cavabdeh orqan tərəfindən iddiaçının pensiyasının avtomatlaşdırılmış qaydada yenidən hesablanması həyata keçirilməmişdir.
33. İddiaçı özü xx.xx.2023-cü il tarixdə cavabdeh orqana müraciət edərək, pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalına əsasən pensiyasının yenidən hesablanaraq əlavə edilməsini xahiş etmiş və bundan sonra cavabdeh tərəfindən əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-5923/2023 nömrəli qərar qəbul edilmişdir. Həmin qərarla iddiaçının əmək pensiyası 829,43 manat (sığorta hissəsi 529,21 manat, qulluq stajına əlavələr 224,82 manat, maddi yardım 75,40 manat) məbləğində müəyyən edilmişdir. Əmək pensiyasının yenidən hesablanmasınadək də iddiaçının pensiya məbləği 829,43 manat (sığorta hissəsi 279,07 manat, qulluq stajına əlavələr 474,96 manat, maddi yardım 75,40 manat) məbləğində təşkil etmişdir.
34. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 37.1. İşləyən əmək pensiyaçılarına: 37.1.1. Yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır.
35. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2023cü il tarixədək qüvvədə olan redaksiyasına görə: Maddə 29.2. Bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır (5 noyabr 2022-ci il tarixli 627-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 15 dekabr 2022-ci il, “Azərbaycan” qəzeti 16 dekabr 2022-ci il, № 275) ilə 29.2-ci maddə ləğv edilmişdir).
36. Göründüyü kimi, hazırkı mübahisə “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2023-cü il tarixədək qüvvədə olan 29.2 və 37.3.1-ci maddələrinin müddəalarına müvafiq olaraq pensiyanın sığorta hissəsinin, ona pensiya təyin edildikdən sonrakı dövr üzrə fərdi şəxsi hesabında toplanan sığorta kapitalı əsasında yenidən hesablanması ilə bağlıdır.
37. İşin faktiki hallarına əsasən iddiaçıya xx.xx.2000-ci il tarixdə pensiya təyin edilmiş, o, həmin vaxtdan sonra əmək fəaliyyətini xx.xx.2020-ci il tarixədək davam etdirmiş və fərdi şəxsi hesabında 18010,36 manat məbləğində pensiya kapitalı yığmışdır.
38. İddiaçı xx.xx.2020-ci il tarixdə işdən azad olması ilə bağlı onun pensiyasının avtomatlaşdırılmış qaydada yenidən hesablanmasının həyata keçirilməli olmasına baxmayaraq, cavabdeh orqan bunu etməmiş və iddiaçının özünün xx.xx.2023-cü il tarixdə müraciəti əsasında həmin dövrdə artıq qüvvədə olmayan (ləğv edilmiş) maddəyə - Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə istinadla, həmin normada müəyyən edilmiş qaydada, yəni qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablamışdır ki, bu da pensiyanın yenidən hesablanması barədə xx.xx.2023-cü il tarixli qərarın qanunsuz olmasına dəlalət edir.
39. Cavabdeh orqanın iddiaçının işdən azad edildiyi, yəni işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi xx.xx.2020-ci il tarixi əsas götürməklə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun həmin dövrdə qüvvədə olan 29.2-ci maddəsində nəzərdə tutulmuş qaydada yenidən hesablama aparması qanunauyğun olmamışdır.
40. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, iddiaçının pensiyasının yenidən hesablanması xx.xx.2023-cü il tarixdə həyata keçirilmişdir ki, həmin dövrdə artıq qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğinin həmin artımlar qədər azaldılmaqla yenidən hesablaması barədə tələb və ya norma olmamışdır.
41. Belə olan halda, iddiaçının müraciət etdiyi xx.xx.2023-cü il tarixdə toplanmış pensiya kapitalına əsasən əmək pensiyasının sığorta hissəsi “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanmalı idi.
42. Məhkəmə hesab edir ki, cavabdeh orqanın qeyd edilən normalara əsasən pensiyanın yenidən hesablanmaması nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur.
43. Ona görə də, pensiyanın yenidən hesablanması barədə xx.xx.2023-cü il tarixli qərar ləğv edilməli və iddiaçının xx.xx.2020-ci il tarixdə işdən azad edilməyi ilə əlaqədar işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün müraciət etdiyi xx.xx.2023-cü il tarixdə fərdi hesabında toplanmış 18010,36 manat məbləğində pensiya kapitalının qulluq stajına əlavələr azaldılmamaqla pensiyanın yenidən hesablanması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.
44. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
45. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə:
46. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı: İddia təmin edilsin. İddiaçı əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3- 17-1/3-7-5923/2023 nömrəli qərar ləğv edilsin və onun xx.xx.2020-ci il tarixdə işdən azad edilməyi ilə əlaqədar işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün müraciət etdiyi xx.xx.2023-cü il tarixdə fərdi hesabında toplanmış 18010,36 manat məbləğində pensiya kapitalının qulluq stajına əlavələr azaldılmamaqla pensiyanın yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva