Məhkəmə qərarları › İş №2-1(114)-3357/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3357/2023

12.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3357/2023 12.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiya təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hərbi xidmət illərinin sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür.

2. İddiaçıya məxsus xx.xx.1976-cı il tarixli HЗ ******* nömrəli hərbi biletə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 3-43-9/2-1022/2023 nömrəli və xx.xx.2023cü il tarixli 272 nömrəli arayışlarına əsasən İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olmuşdur.

3. xx.xx.1981-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək Bərdə rayon maye qaz doldurma İdarəsində, xx.xx.1981-ci il tarixdən xx.xx.1984-cü il tarixdən X9 İdarəsində, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək və xx.xx.1985-ci il tarixdən xx.xx.2001-ci il tarixədək “Azelxoz” Təmir Tikinti Trestində, xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “Gəncə Elektrikşəbəkə” ATSC-də, xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək "xxxx" MMCnin Bərdə paylayıcı elektrik şəbəkəsinin Şirvanlı şəbəkə sahəsində, xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək Mingəçevir Ərazi Elektrik Şəbəkəsinin Bərdə enerji satış bölməsində, xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək Mingəçevir Ərazi Elektrik Şəbəkəsinin Bərdə şəbəkə rayonunun EVX-i və y/st istismarı təmiri və sazlama xidmətində işləmişdir.

4. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixli imtina cavabı verilərək, bildirilmişdir ki, təqdim etdiyi sənədlərin surətlərinə əsasən sığorta stajı 23 il 8 ay 12 gün təşkil edir. Həmçinin, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Təqdim etdiyi hərbi biletin surətində soyadı düzgün qeyd edilmədiyi üçün (2 formada – Ələsgərov və Ələkbərov) xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmət müddətinin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2023-cü il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilib. II. Məhkəmədə icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin X4rşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun 1979-cu ildən 2003-cü ilədək əmək kitabçasında qeyd edilmiş, 1976-cı ildən 1978-ci ilədək hərbi xidmət dövrü keçdiyi müddətin əmək stajına daxil edilərək DSMF tərəfindən pensiyasının hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 23 il 8 ay 12 gün və 2 il hərbi xidmət dövrünün işlədiyi əmək stajının pensiyasına hesablanması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının şöbəsinə ərizə və sənədlərlə müraciət etmişdir. Lakin onun ərizəsi nəzərə alınmamış, iş stajı haqqında Bərdə rayon Dövlət Arxivindən verilmiş 27 iyul 1981-ci il tarixli əmək kitabçasında qeyd olunmuşdur ki, xx.xx.1979-cu ildə 34 nömrəli əmrlə Bərdə rayon maye qaz doldurma İdarəsində fəaliyyətə başlamışdır. Hərbi xidmət illəri 1976-cı 1978-ci illərdə olmuşdur. Azərbaycan Respubilikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin verdiyi arayışda qeyd olunmuşdur. İşlədiyi barədə məlumatlar öz əksini tapmışdır. Ona aid olan sənədlərin surətlərini təsdiq etdirmişdir. Sənədləri qanuna uyğun hazırlanmışdır. Hal-hazırda əmək kitabçası özündədir. xx.xx.1979-cu ildən xx.xx.2003-cü ilədək işlədiyi dövrlər qeyd olunmuşdur. Dövlət Sosial Müdafiə Fondu ona imtina verir, imtinanı onunla əsaslandırır ki, hərbi biletinin 1-ci səhifəsində, soyadı Ələkbərov gedir. Hərbi biletdəki soyad Ələsgərov oxunur, Ələkbərov soyadı idarə tərəfindən bəhanə edilir. Həmin Ələkbərov soyadının mötərizəyə alınması onu göstərir ki, bu texniki bir səhvdir. Onun bütün sənədləri də onun soyadı Ələsgərov kimi qeyd olunmuşdur. Onun əmək illəri və hərbi xidmət keçdiyi illər də şamil olmaqla hesablanaraq staj kimi qəbul edilməlidir.

7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

8. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

9. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir.

10. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

11. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

12. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Bərdə rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

13. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

14. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

15. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edildikdən sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun əmək kitabçası və 1976-cı ildən 2003-cü ilədək əmək kitabçasında qeyd edilmiş 1976-cı ildən 1978-ci ilədək hərbi xidmət keçdiyi müddətin əmək stajına daxil edilməsinə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə icraata qəbul edilmişdir.

16. İş üzrə şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

17. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

18. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclası zamanı iddiaçıya məhkəmə tərəfindən edilmiş hüquqi yardımdan sonra o, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu dövrün sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə məhkəmənin həmin tarixli qərardadı ilə icraata qəbul edilmişdir.

19. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

20. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur.

21. Etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarından aydın olur ki, iddiaçı ona yaşa görə görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2023-cü il tarixdə Mərkəzi Filiala müraciət etmişdir. Mərkəzi Filial tərəfindən inzibati icraatın nəticəsi olaraq iddiaçıya xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə-111377/2023 nömrəli məktub ünvanlamışdır. Sözügedən məktub ilə iddiaçıya 23 il 8 ay 12 gün sığorta stajı olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliyin tələblərinə əsasən mümkün olmadığı bildirilmişdir. Bundan sonra iddiaçı xx.xx.1976-xx.xx.1978-ci il tarixlərində hərbi xidmət keçdiyi dövrün sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün məhkəməyə müraciət etmişdir. Hesab edirlər ki, iş üzrə iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Belə ki, İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2023- cü il tarixdə Mərkəzi Filiala müraciət etmişdir. Mərkəzi Filial tərəfindən inzibati icraatın nəticəsi olaraq iddiaçıya xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə-111377/2023 nömrəli məktub ünvanlamışdır. Sözügedən məktubla bildirilmişdir ki, iddiaçının sığorta stajının qanunvericiliklə nəzərdə tutulmuş sığorta stajından (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Belə ki, O.X3 təqdim etdiyi sənədlərə əsasən sığorta stajı 23 il 8 ay 12 gün təşkil edir. Sözügedən məktubda qeyd edilmişdir ki, İddiaçı təqdim etdiyi hərbi biletin surətində iddiaçının soyadı düzgün qeyd edilmədiyi üçün (2 formada - Ələsgərov və Ələkbərov) xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmət müddətinin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Bundan başqa, 01.01,2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı qeyd olunmuşdur. Həmçinin, iddiaçının əlavə sənədlər (hərbi xidmət haqqında arayış) təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla biləcəyi qeyd edilmişdir. Əlavə olaraq, iddiaçıya qanunvericiliyin tələblərinə uyğun olaraq xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edildiyi bildirilmişdir. İddiaçı xx.xx.1976-ci il tarixdən xx.xx.1978-ci il tarixədək olan hərbi xidmət dövrünün həqiqiliyinə dair əsaslı şübhələr mövcuddur. Belə ki, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarına əsasən hərbi xidmət təqdim edilən hərbi bilet və ya hərbi xidmət keçmə barədə verilmiş müvafiq arayışa əsasən sığorta stajına daxil edilir. O.X3 təqdim etdiyi hərbi biletin surətində soyad hissəsində iki soyad - Ələkbərov və Ələsgərov yazılmışdır. Bu səbəbdən də həmin hərbi biletin iddiaçıya məxsusluğu şübhə altında qalır.

22. Cavabdehin nümayəndəsi X7 şifahi məhkəmə baxışı iclasında iddiaya etirazda göstərilənləri müdafiə edərək, iddianın rədd edilməsini xahiş etmişdir.

23. O, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, iddiaçının soyadı ilə bağlı hərbi biletindəki qeydlərin düzgünlüyünün müəyyən edilməsi üçün onlar tərəfindən sorğu verilməmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

24. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - İddiaçıya məxsus xx.xx.1981-cı il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasısının təsdiqli surəti; - İddiaçıya məxsus xx.xx.1976-cı il tarixli HЗ ******* nömrəli hərbi biletin təsdiqli surəti; - Azərbaycan Respublikası Səfərbərlk və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 2-43-9/2-1022/2023 nömrəli məktubu və xx.xx.2023-cü il tarixli 272 nömrəli arayışı; - Cavabdeh orqanın xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə-111377/2023 nömrəli imtina məktubu; - İddiaçının pensiya işi üzrə icraat materialları.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

25. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

26. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən isə O.X3 təqdim etdiyi sənədlərə əsasən sığorta stajının 23 il 8 ay 12 gün təşkil etməsi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Bu zaman iddiaçının hərbi biletinin surətində soyad hissəsində iki soyadın - Ələkbərov və Ələsgərov yazılması və xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması əsas gətirilmişdir.

27. Məhkəmə aşağıdakılara görə cavabdehin həmin mövqeyini əsassız hesab edir.

28. Azərbaycan Respublikasının Konstitusiyasına görə: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

29. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 1.0.2. Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1 Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

30. Göründüyü kimi, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olması.

31. İddiaçının xx.xx.1958-ci il tarixdə doğulması, xx.xx.2023-cü il tarixdə, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz halıdır.

32. İddiaçının tələb olunan 25 il sığorta stajına malik olması isə iş materialları ilə öz təsdiqini tapır.

33. Belə ki, iddiaçıya məxsus əmək kitabçasına əsasən o, xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək Bərdə rayon maye qaz doldurma İdarəsində (1 il 10 ay 16 gün), xx.xx.1981-ci il tarixdən xx.xx.1984-cü il tarixdən X9 İdarəsində (3 il 1 ay 14 gün), xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək (1 ay 25 gün) və xx.xx.1985-ci il tarixdən xx.xx.2001-ci il tarixədək (16 il 6 ay 10 gün) “Azelxoz” Təmir Tikinti Trestində, xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “Gəncə Elektrikşəbəkə” ATSC-də (1 il 1 ay 29 gün), xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək "xxxx" MMC-nin Bərdə paylayıcı elektrik şəbəkəsinin Şirvanlı şəbəkə sahəsində (4 ay), xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək Mingəçevir Ərazi Elektrik Şəbəkəsinin Bərdə enerji satış bölməsində (2 ay 7 gün), xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək Mingəçevir Ərazi Elektrik Şəbəkəsinin Bərdə şəbəkə rayonunun EVX-i və y/st istismarı təmiri və sazlama xidmətində ( 3 ay 27 gün) işləmişdir.

34. Həmin dövr 23 il 8 ay 8 gün təşkil edir. Cavabdeh orqan həmin dövrü mübahisələndirməmiş və iddiaçıya pensiya hüququ verən sosial sığorta stajı kimi qəbul etmişdir.

35. Bundan əlavə, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmət müddəti də vardır ki, o da nəzərə alınan zaman iddiaçının sığorta stajının 25 ildən çox olması müəyyən edilir.

36. Cavabdeh orqan tərəfindən də məhz həmin dövr mübahisələndirilərək, iddiaçının sosial sığorta stajına daxil edilməmişdir. Buna əsas kimi isə İddiaçı təqdim etdiyi hərbi biletin surətində onun soyadının düzgün qeyd edilməməsi, yəni soyadının 2 formada - Ələsgərov və Ələkbərov kimi qeyd edilməsi göstərilmişdir (həm imtina məktubunda, həm yazılı etirazda).

37. Lakin məhkəmə cavabdeh orqanın həmin dəlillərini əsaslı saymır. Belə ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinə sorğu verilərək xx.xx.1958-ci il təvəllüdlü İddiaçı hərbi xidməti barədə məlumat verilməsi xahiş edilmiş və şöbə tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-43-9/2-1022/2023 nömrəli məktubda İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olması bildirilmişdir. Eyni zamanda, iddiaçı da iclas zamanı həmin şöbənin eyni məzmunlu xx.xx.2023-cü il tarixli 272 nömrəli arayışını təqdim etmişdir.

38. Halbuki, cavabdeh orqan inzibati icraatı apararkən təqdim edilmiş sənədlərin (hazırkı işdə iddiaçıya məxsus hərbi biletin) mötəbərliyinə şübhələr olmasını aşkar edəcəyi halda, müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görməli idi. Bu onun inzibati orqan kimi vəzifəsindən irəli gəlir. Cavabdeh orqan isə öz vəzifəsini icra etməmiş və inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, sənədin mötəbərliyinin müəyyən edilməsi üçün heç bir tədbir görməmişdir.

39. Qanunvericiliyin tələbinə görə isə pensiya təyinatı zamanı hərbi xidmət dövrü hərbi biletə və ya Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, yaxud vətəndaşın xidmət etdiyi orqanların müvafiq arayışına əsasən müəyyən edilir ki, cavabdeh orqan iddiaçının hərbi biletində iki soyadın göstərilməsinin onun mötəbərəliyinin şübhə altına alan əsas hesab edəcəyi təqdirdə, özü müstəqil şəkildə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq bölməsinə sorğu verməklə, məlumatların mötəbərliyini dəqiqləşdirə, ən pis halda, iddiaçıdan bu barədə sənəd tələb edə bilərdi.

40. Hansı ki, bunu məhkəmə icraatı zamanı məhkəmə etmiş və sorğu əsasında əldə edilmiş arayışla iddiaçının həqiqətən də hərbi biletdə göstərildiyi kimi, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək keçmiş Sovet ordu sıralarında həqiqi hərbi xidmət keçməsi öz təsdiqini tapmışdır.

41. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti.

42. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə görə: Bənd 6. Hərbi xidmət, milli təhlükəsizlik, daxili işlər, Dövlət Sərhəd Xidməti və Prezidenti mühafizə orqanlarında xidmət dövrünü, eləcə də əsirlikdə olma müddətini təsdiq üçün aşağıdakılar qəbul edilir: hərbi biletlər; əsgər kitabçaları; hərbi komissarlıqların, hərbi hissələrin, Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Milli Təhlükəsizlik Nazirliyinin, Dövlət Sərhəd Xidməti, Prezidenti Mühafizə xidməti orqanlarının arayışları; arxiv və hərbi müalicə müəssisələrinin arayışları; hərbi qulluq barədə sənədlərə əsasən əmək kitabçasında aparılan qeydlər. Müdafiə Nazirliyindən qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olma müddəti Müdafiə Nazirliyinin arayışlarına əsasən müəyyən edilir.

43. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti;..

44. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na görə: Bənd 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.5. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respub-likasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti – hərbi biletə və ya Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, yaxud yuxarıda qeyd olunan orqanların müvafiq arayışına əsasən;..

45. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

46. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, iddiaçının hərbi biletinin surətində soyad hissəsində iki soyad - Ələkbərov və Ələsgərov yazılması iddiaçının təqsiri ilə bağlı olmayan haldır, ona görə ki, hərbi bileti iddiaçı doldurmamışdır və bu səbəbdən də həmin hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz.

47. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçının əmək kitabçasında qeyd edilmiş və mübahisələndirilməyən əmək fəaliyyəti dövrləri (23 il 8 ay 8 gün), eləcə də mübahisələndirilən xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək olan hərbi xidmət müddəti (2 il 1 ay 15 gün) nəzərə alındıqda, iddiaçıya münasibətdə qanunvericiliklə nəzərdə tutulmuş dispozisiya şərtlərinin, yəni həm 25 il sığorta stajı və həm də yaş həddi ilə bağlı şərtlərin mövcudluğu müəyyən olunur.

48. Buna görə də iddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuş, cavabdeh orqanın bundan imtinası isə əsassız olmuşdur.

49. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

50. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

51. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu illərin sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar