Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3358/2023 16.08.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək verilməmiş əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1965-ci il tarixdə Bərdə rayonun Nağılar kəndində anadan olmuş, hazırda Bərdə rayonu, Mehdixanlı kənd inzibati ərazi dairəsi, Tağılar kəndində yaşayır. İddiaçı Dövlət Sosial Müdafiə Fonduna xx.xx.2023-cü il tarixində pensiya ödənişi ilə bağlı müraciət etmişdir. Həmin müraciətə xx.xx.2023-cü il tarixli, 3-17-1/2-N-61803/2023 nömrəli məktubla cavab verilərək bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Araşdırma məlumatına əsasən bildirilir ki, iddiaçının əlilliyə görə əmək pensiyası ödənişi əlillik müddətinin bitməsi səbəbindən dayandırılmışdır. Əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemi vasitəsi ilə həyata keçirilir. Əlillik vəziyyəti yenidən qiymətləndirilərkən iddiaçıya xx.xx.2021-ci il tarixindən orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlillik müəyyən edilmişdir. Bildirilir ki, yeni əlillik dərəcəsi əlillik müddətinin bitdiyi tarixdən sonra 6 ay ərzində müəyyən edilmədiyindən həmin dövrlər üzrə iddiaçıya pensiya ödənişinin edilməsi qanunvericiliklə mümkün deyildir. İddiaçı həmçinin, elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində müraciətini qeydə aldıraraq ötən dövr üzrə fərq məbləğinin ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17/2-N-3078/2023 nömrəli məktubda bildirilmişdir ki, son dövrlər ölkədə pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq məqsədilə pensiyaların minimum məbləği 2,5 dəfə artırılaraq 280 manata çatdırılmış, bütün növ pensiyaların sığorta hissəsi əvvəlki illərdə müvafiq olaraq 16,6%, 11,4%, 10% və 14,7% artırılmış, nəticədə orta aylıq pensiya məbləği təxminən 423 manata, yaşa görə əmək pensiyasının orta aylıq məbləği isə 456 manata yüksəldilmişdir. Pensiya təyinatı prosesinin sadələşdirilməsi üçün 1 yanvar 2019-cu il tarixindən əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsinə başlanılmış və təqribən 71 min nəfərə e-pensiya təyinatı aparılmışdır. Həmçinin vətəndaşların hazırda topladıqları pensiya kapitalı, pensiyaya çıxacağı tarix və yaşı, eləcə də ehtimal edilən pensiya məbləği ilə bağlı müfəssəl məlumat əldə edə bilməsi üçün "Pensiya kalkulyatoru" elektron xidməti yaradılmışdır. İddiaçının əlilliyinin bitdiyi tarixlə (xx.xx.2020-ci il) yeni təyinat tarixi (xx.xx.2021-ci il) arasında 6 aydan çox vaxt keçdiyinə görə sonuncuya qanunvericiliyin tələblərinə əsasən ötürülmüş dövr üzrə əmək pensiyasının ödənilməsi mümkün deyildir. Bildirilmişdir ki, iddiaçıya xx.xx.2007-ci il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Belə ki, dövlət tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2014-cü il tarixdə Nazirliyin tabeliyində Dövlət- Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müvafiq Tibbi-sosial ekspert komissiyası tərəfindən təkrar müayinə edilərək, iddiaçıya "Ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs" səbəbi ilə 1 il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmiş, xx.xx.2015-ci il tarixdən ikinci dərəcə əlilliyi "Əlillik altsistemi" tərəfindən avtomatlaşdırılmış qaydada 5 il müddətinə (xx.xx.2020-ci il tarixinədək) uzadılmışdır. Əlavə olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq sizin əlillik vəziyyətiniz dövlət tibb müəssisəsinin 0232003AAT61 nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və sizə "Ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs" səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyini barədə qərar qəbul edilmişdir. Beləliklə, pensiya ödənişiniz yenidən əlil hesab edildiyiniz xx.xx.2021-ci il tarixindən bərpa edilmiş və mütəmadi olaraq bank hesabınıza ödənilir. Belə ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulması və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək verilməmiş pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdeh qismində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının qeyd olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1965-ci il təvəllüdlü, İ Qarabağ Veteranıdır. Uzun zamandır ki, ümumi xəstəliklərdən - göz əlilliyindən əziyyət çəkir. Dövlət- Tibbi müəssəsinin göndərişi əsasında xx.xx.2014-cü il tarixdə Nazirliyin tabeliyində Dövlət- Tibbi Sosial Ekpsertiza və Reabiltasiya Agentliyinin müvafiq Tibbi-sosial ekspert komissiyası tərəfindən təkrar müayinə edilərək ona ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbi ilə 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Daha sonra isə xx.xx.2015-ci il tarixdən ikinci dərəcəli əlilliyi əlillik altsistemi tərəfindən avtomatlaşdırılmış qayadada 5 il müddətinə yəni xx.xx.2020-ci il tarixədək uzadılmışdır . Buradandan görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdə təkrar həkim komissiyasından keçməli idi və ona əlillik nəticəsində təyin edilmiş pensiyası verilməli idi. Lakin iddiaçı həkim komissiyasından keçmədiyi üçün xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər iddiaçı pensiya almamışdır. Belə ki, xx.xx.2020-ci il tarixdə həkim komissiyasından keçməli olmasına baxmayaraq iddiaçı həmin zaman ölkədə baş verən Korona virus pandemiyası zamanı Korona virusa yoluxduğu üçün həkim komissiyasından keçə bilməmişdir. Korono virusa yoluxub 14 gün müddətinə sağalmasına baxmayaraq yenə də iddiaçı halsız olduğu üçün heç bir iş görə bilmirdi. Buna görə də iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər pensiya ala bilməmişdir. Lazimi təşkilatlara müraciət etdiyi zaman isə 6 aydan çox vaxt ərzində həkim komissiyasından keçmədiyi üçün ona həmin vaxtlar əmək pensiyası verilməmişlər. Hal-hazırda iddiaçı xx.xx.2021-ci il tarixdən həkim komissiyasından keçdiyi üçün pensiya alır. Hazırda iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər verilməli olan və verilməmiş pensiyanı ala bilmədiyi üçün məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi tələbini müdafiə edərək iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı iddiaya dair xx.xx.2023-cü il tarixli, 3-17-1/2-170988/2023 nömrəli etirazını təqdim etmiş və imtina əsaslarını müdafiə etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. İş materiallarına iddiaçı tərəfindən təqdim edilmiş əlilliyin qiymətləndirilməsi ilə bağlı materiallar, cavabdehin etirazı, iddiaçının müavinət işinin təsdiqlənmiş surəti əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İPM-nin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İşin faktiki hallarından görünür ki, iddiaçıya müxtəlif vaxtlarda əlillik təyin edilmiş, sonuncu dəfə xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ikinci dərəcə əlillik müəyyən edilmişdir. Əlillik müddəti bitdikdən sonra əlilliyi yenidən qiymətləndirilmiş, xx.xx.2021-ci il tarixdə Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinə nəticəsində iddiaçıya müddətsiz ikinci dərəcə əlillik təyin edilmiş, təyinat tarixi xx.xx.2021-ci il olmuşdur. Həmin tarixdən iddiaçıya əlilliyə görə əmək pensiyası ödənilməyə başlanmışdır. İddiaçı ondan asılı olmayan – tibb müəssisələrinin səhlənkar yanaşması nəticəsində təkrar müayinəsinin 6 aydan çox uzandığını əsas gətirərək xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməmiş əmək pensiyasının ödənilməsini xahiş etmişdir. Cavabdehin etirazının əsaslarına görə iddiaçının sonuncu əlilliyi xx.xx.2021-ci il tarixdə müəyyən edilmişdir. İddiaçının tələb etdiyi dövrdə əlillik dərəcəsi mövcud olmadığından və təkrar əlillik dərəcəsi əlillik müddətinin bitdiyi tarixdən sonra 6 ay ərzində müəyyən edildiyindən həmin dövrlər üzrə pensiya ödənişinin edilməsi qanunvericiliyin tələblərinə ziddir. Mübahisə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək pensiyasının ödənilməsi ilə bağlıdır. “Əmək pensiyaları haqqında” Qanunun 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. 32.2. Əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun müəyyən olunduğu gündən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi bütün əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu dövrü üçün, bu Qanunun 7ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. (2 iyul 2021-ci il tarixli 356-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 iyul 2021-ci il, № 151) yeni məzmunda 3.3-1-ci maddə əlavə edilmişdir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, əlilliyə görə müavinət əlillik müddətində ödənilir və şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Başqa sözlə, şəxsə əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyə görə pensiya təyin edilir və ödənilir. Məhkəmə qeyd edir ki, iddiaçının əlillik müddəti xx.xx.2020-ci il tarixdə bitsə də, 6 aydan çox – 08 ay 27 gün sonra – xx.xx.2021-ci il tarixdə əlilliyi qiymətləndirilmişdir. Bu səbəbdən də "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası qanununun Əlilliyin müəyyən edilməsi başlıqlı 3-cü maddəsinin 3.3-1-ci bəndi iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi hərəkəti etməkdən cavabdehin imtina etməsi qanuna uyğun olmuşdur. Məhkəmə cavabdehin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının əlilliyinin müddəti xx.xx.2020-ci il tarixdə bitmiş xx.xx.2021-ci il tarixdə isə bərpa edilmişdir. İddiaçının ötürülmüş müddət də daxil olmaqla olan şəxs hesab edilməsi üçün müəyyən edilən müddət (6 ay) xx.xx.2021-ci il bitmişdir. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanunun 3.3-1-ci maddəsinin xx.xx.2021-ci il tarixdə qüvvəyə minməsini nəzərə alaraq qeyd olunur ki, iddiaçının ötürülmüş müddət də daxil olmaqla əlilliyi olan şəxs hesab edilməsinin son müddətinin (6 ay) bitdiyi tarixdə (xx.xx.2021) sözügedən norma qüvvədə olmamışdır. Beləliklə, iddiaçı sözügedən tarixlər arasındakı dövrdə əlilliyi olan şəxs hesab edilmədiyi üçün ona həmin dövrlər üzrə əlilliyə görə əmək pensiyasının ödənilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, bunun əksi isə cavabdeh tərəfindən sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək verilməmiş əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-3358/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3358/2023
16.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver