Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-336/2020 10.02.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinin etibarnamə üzrə nümayəndəsi X1 oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinə qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək xx.xx.1999-cu il tarixdən xx.xx.2004-cü il tarixədək Yevlax NEM-nin Mingəçevir filialında gözətçi vəzifəsində, 1973-cü il tarixdən 1998-ci il tarixədək Bərdə rayon Lənbəran kolxozunda olan stajının sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinin (bundan sonra mətndə cavabdeh) üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia “xx.xx.1999-cu il tarixdən xx.xx.2004-cü il tarixədək Yevlax NEM-nin Mingəçevir filialında gözətçi vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi” hissəsində təmin edilməmişdir. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının 1999-2004-cü illərdə Yevlax NEM-nin Mingəçevir filialında işləməsi barədə müvafiq sorğular göndərilmiş, daxil olan sənədlər əsasında iddiaçının iş stajını qarşılıqlı yoxlamaq mümkün olmamışdır. İddiaçının 1999-cu ilədək olan Lənbəran kolxozundakı 20 il 05 ay 12 gün stajı isə əmək kitabçasında qeyd edilməmişdir. Odur ki, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, iddia tələbinin mahiyyətindən də məlum olur ki, iddiaçının 1973-cü il tarixdən 1998-ci il tarixədək Bərdə rayonu Lənbəran kolxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsində əsas məqsədi ona yaşa görə əmək pensiyasının təyin olunmasıdır. Məhkəmə hesab edir ki, iddiaçının 1973-cü il tarixdən 1998-ci il tarixədək Bərdə rayon Lənbəran kolxozunda işlədiyi illər sosial sığorta stajına daxil edilsə belə, onun yaşa görə əmək pensiyasına çıxması üçün tələb olunan minimum stajı ödəmir. Belə ki, 1964-cü il 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş və iddiaçının qeyd etdiyi illərdə qüvvədə olmuş “Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında” SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli 859 №-li Qərarı ilə təsdiq edilmiş “Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işə çıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staj müddətinə daxil edilmir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965- ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). Kolxozun nümunəvi nizamnaməsinin 33-cü bəndində qeyd edilir ki, kolxozda iş günü, müddəti, qaydası, istirahət günləri; hər il pullu məzuniyyətlər verilməsi qaydası, habelə əmək qabiliyyətli kolxozçuların ictimai təsərrüfatda əmək iştirakı minimumu, sınaq müddətini keçmə qaydaları kolxozun daxili intizam Qaydaları ilə tənzim olunur. Yəni kolxozda iş vaxtının minimum adam günü normasının (minimumun) müəyyən edilməsi həmin kolxozun daxili Qaydaları ilə müəyyən edilir. İddiaçının 1973-1998-ci illərə dair təqdim etdiyi arxiv arayışında minimum əmək günü norması (norma günü) 1973-cü ildə 260, digər illərdə isə 180 gün qeyd edilmişdir. İddiaçı 1973, 1976, 1979, 1981-1983, 1989-1990, 1992-1998-ci illərdə əmək günü norması yerinə yetirməklə, həmin illər üzrə 15 il, digər illər üzrə natamam şəkildə yerinə yetirdiyi üçün (127+120+71+62+12+100+15+100+143=750 (faktiki işlədiyi):180 (norma)=4 il 2 ay) 4 il 2 ay, cəmi ümumilikdə kolxozda işlədiyi müddət 19 il 2 ay təşkil etmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində deyilir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin "Qeyd" hissəsində deyilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1- dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı xx.xx.1954-cü il təvəllüdlü olmaqla, xx.xx.2018-ci il tarixdə (63 yaş 6 ay) pensiya yaşına çatmışdır. İddiaçının yaşa görə əmək pensiyası hüququ əldə etməsi üçün onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud da azı 25 il sığorta stajına malik olması tələb olunur. Cavabdeh iddiaçının hərbi xidmətdə olduğu 2 il sosial sığorta stajının olmasını etiraf edir. İddiaçının kolxozda işlədiyi müddət 19 il 2 ay olmaqla, bunların cəmi 21 il 2 ay təşkil edir, bu isə 25 ildən azdır. Ona görə də iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verib-verməməsi araşdırılmalıdır Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları"nın 4.2.1ci bəndində deyilir ki, yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış (Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla) pensiya sığorta kapitalının (PSK) gözlənilən pensiya ödənişi müddəti aylarının sayına nisbəti kimi (SH=PSK/T) müəyyən edilir. Qaydaların 4.2.2-ci bəndinə görə, yaşa görə pensiyanın təyin olunması üçün ilk növbədə müraciət edən şəxslərin pensiya kapitalı hesablanır. Bu məqsədlə onun 2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesabının sığorta hissəsində 2006cı ilin 1 yanvar tarixinə qeydə alınır. Qaydaların 4.2.3-cü bəndinə əsasən, x xxxx 2017-ci il tarixdən etibarən Qanuna edilmiş dəyişikliklərə əsasən, Qanunun 29.1-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, 2006-2016-cı illər üzrə isə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilir. Qeyd olunan üsulla iddiaçının pensiya kapitalının məbləğini hesablamaq üçün onun xx.xx.2006-cı ilədək mövcud olan (arxiv arayışında göstərilən) 21 il 2 ay müddət 701,47 manata vurulur, alınmış 14847,78 manat məbləğ gözlənilən pensiya ödənişi müddətinin aylarına (144 ay) bölünməklə 103,91 manat məbləğ alınır. Bu isə hazırda əmək pensiyasının minimum məbləğindən azdır. Deməli, tələb olunan müddət iddiaçının sosial sığorta stajına daxil edilsə belə, onun pensiya hüququ yaranmış olmur. Belə qənaətə gəlinir ki, inzibati orqanın imtina etməsi nəticəsində iddiaçının hüquqlarının pozulması halı baş verməmişdir. Məhkəmə onu da qeyd edir ki, hər bir iddia tələbininin arzu olunan nəticəsi olmalıdır. İddia təmin olunacağı halda belə həmin nəticə yaranmırsa, yəni iddiaçı istəyinə çata bilmirsə, belə mübahisəyə mahiyyəti üzrə baxılmasının mənası və əhəmiyyəti yoxdur. Ona görə hazırki iş üzrə iddia tələbi mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinə qarşı 1973-cü il tarixdən 1998-ci il tarixədək Bərdə rayonu Lənbəran kolxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan sürəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev pr. 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk pr. 252) şikayət verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-336/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-336/2020
10.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver