Məhkəmə qərarları › İş №2-1(114)-336/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-336/2022

01.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-336/2022 01.06.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh N nömrəli hərbi hissəyə qarşı iddia ərizəsi ilə 01.12.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun işdən çıxarılması ilə bağlı müvafiq əmrin ləğv edilməsi və onun əvvəlki vəzifəyə bərpa olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 23.10.2013-cü il tarixdən N nömrəli hərbi hissədə manqa komandiri vəzifəsinə təyin edilmiş, sonra hərbi hissədə ona əvvəlcə gizir, sonra isə leytinant rütbəsi verilmişdir. 2019-cu ilin yanvar ayından N nömrəli hərbi hissədə Qazax X4nın 2-ci sərhəd komandanlığının ehtiyat zastavasının rəis müavini vəzifəsində işə başlamış və xidmət etdiyi dövrdə daima ona verilən əmr və tapşırıqları vaxtı-vaxtında yerinə yetirmişdir. Lakin heç bir əsas olmadan təxminin 05 noyabr 2021-ci il tarixdə iddiaçının xidmət etdiyi hərbi hissədən azad edilməsi ilə bağlı əmr verildiyi ona bildirilmişdir. Hesab edir ki, barəsində verilmiş əmr qanunsuz və əsassızdır, bu səbəbdən də ləğv edilməlidir. Məhkəmənin 14.04.2022-ci il tarixli qərardadı ilə cavabdeh N nömrəli hərbi hissə əsl cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti ilə əvəz edilmişdir. Məhkəmənin 14.04.2022-ci il tarixli qərardadı ilə iddiaçının “03.11.2021-ci il tarixli, 2078 ş/h nömrəli əmrin ləğvi və işə bərpa” barədə iddianın dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı Dövlət Sərhəd Xidməti rəisinin 23 noyabr 2019-cu il tarixli, 1720 ş/h nömrəli əmri ilə “Qazax” X4, 4-cü sərhəd komendantlığının təminat üzrə zabiti vəzifəsinə təyin edilmişdir. İddiaçı qeyd olunan vəzifəyə təyin edildikdən sonra həmin komendantlığın birləşmiş anbarlar rəisi baş gizir X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş dövlət əmlakı olan əşya və ərzaq məhsullarını xeyli miqdarda ziyan vurmaqla mənimsəyərək talamış, həmçinin təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş özgə əmlakı mənimsəyərək talamağa cəhd etmiş, habelə vəzifəli şəxs kimi tamah və sair şəxsi niyyətlərlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı etmişdir. İddiaçı Məmməd Quliyevlə birlikdə müvafiq qeydiyyat kitablarında və qaimələrdə aparacağı qeydlərin, habelə imzalanması üçün komendanta və onun təminat üzrə müavininə təqdim edəcəyi aylıq hesabatların məzmununun reallığı əks etdirməməsi barədə razılığa gəlmiş və müxtəlif vaxtlarda hissə-hissə 793,764 kq mal əti konservi, 99,576 kq qablaşdırılmış süd, 7.694 kq quru çay, 257.3 litr meyvə şirəsi, 74,99 kq yuyucu vasitə, 608,16 kq makaron, 50.463 kq tomat pastası, 84,535 kq bitki yağı, 100 kq un, 100 kq şəkər tozu, 3 kq kərə yağı, 4.8 kq cemi qanunsuz olaraq anbardan götürüb müxtəlif üsullarla komendantlığın ərazisindən çıxarmışdır. Sərhəd döyüş məntəqələrinə aparmaq adı ilə “UAZ” markalı “Q 045 SQ” hərbi dövlət qeydiyat nömrə nişanlı avtomobilə yüklətdirib ərzaq və əşyalardan gəlir əldə edərək ümumilikdə maddi məsul şəxs kimi onlara etibar edilmiş özgə əmlakını mənimsəyərək talamışlar. Beləliklə İddiaçı M.F.Quliyevlə birlikdə onlara etibar olunmuş dövlət əmlakına xeyli miqdarda ziyan vurmaqla 10496,11 manat dəyərində əşya və ərzaq məhsullarını mənimsəyərək talamış və faktla bağlı onların barəsində AR CM-nin 179.2.1, 179.2.3, 179.2.4, 29, 179.2.1, 29, 179.2.2, 179.2.3 və 313-cü maddələri ilə cinayət işi başlanılmış və məhkəmə istintaqında qeyd olunan cinayət əməllərinin törədilməsi onların özlərinin etirafedici ifadələri ilə yanaşı, digər sübutlarla təsdiq edilərək sübuta yetirlmişdir. 21 yanvar 2021-ci il tarixdə baş leytenant İddiaçı və baş gizir Məmməd Quliyev törətdikləri cinayət nəticəsində dövlətə vurulmuş maddi ziyanın ödənilməsi üçün hər biri tərəfindən 5250 manat, habələ gələcəkdə barələrində cinayət təqibinə qanunda nəzərdə tutulmuş müvafiq əsasla xitam verilməsi üçün əlavə ödənilməli məbləğin bir qismi 02 fevral 2021-ci il tarixdə hər biri tərəfindən 600 manat olmaqla, ümumilikdə 11700 manat pul Respublika Hərbi Prokurorluğunun hesabına ödənilmiş və Gəncə Hərbi Məhkəməsinin 18 iyun 2021-ci tarixli qərarı ilə barələrində AR CM-nin 179.2.1, 179.2.3, 179.2.4, 29, 179.2.2, 179.2.3-cü maddələri ilə başlanmış cinayət təqibinə hissəvi xitam verilmiş və eyni tarixli hökmlə İddiaçı AR CM-nin 313-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 1700 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Yuxarıda göstərilənlərlə əlaqədar olaraq İddiaçı attestasiyası komissiyasına çıxarılmış və “Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını məqəsəduyğun hesab edilmiş və Dövlət Sərhəd Xidməti rəisinin 03.11.2021-ci il tarixli, 2078 ş/h nömrəli əmri ilə tərxis edilərək ehtiyata buraxılmışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Gəncə Hərbi Məhkəməsinin 18.06.2021-ci il tarixli, 1-1(095)- 097/2021 nömrəli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinmiş və barəsində cərimə cəzası təyin edilmişdir. -surəti işə əlavə edilmiş Gəncə Hərbi Məhkəməsinin 18 iyun 2021-ci tarixli, 1-1 (095)- 097/2021 nömrəli “cinayət təqbinə hissəvi xitam verilməsi haqqında” qərarından görünür ki, İddiaçı barəsində başlanılmış cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. -surəti işə əlavə edilmiş Attestasiya komissiyasının yekun rəyindən görünür ki, 2-ci sərhəd komendantlığının təminat üzrə zabiti baş leytenant İddiaçı « Hərbi vəzifə və hərbi xidmət haqqında » AR Qanununun 41.0.6-cı maddəsinə görə müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılması məqsədəuyğun hesab edilmişdir. -surəti işə əlavə edilmiş Dövlət Sərhəd Xidməti rəisinin 03.11.2021-ci il tarixli, 2078 ş/h nömrəli əmrindən görünür ki, baş leytenant İddiaçı 2-ci sərhəd komendantlığının təminat üzrə zabiti vəzifəsindən azad olunmaqla Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə aid olan hazırki iddianın müddətlə bağlı ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən qərar cavabdeh orqan tərəfindən 03.11.2021-ci il tarixdə verilmiş və iddiaçı hazırki tələb üzrə iddia ərizəsini 29.11.2021-ci il tarixdə məhkəməyə təqdim edilməsi üçün poçt xidmətinə vermişdir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, iddia ərizəsinin məzmunu ilə müəyyən olunur ki, Dövlət Sərhəd Xidməti rəisinin 03.11.2021-ci il tarixli, 2078 ş/h əmrinə əsasən iddiaçı 2-ci sərhəd komendantlığının təminat üzrə zabiti vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı hesab edir ki, qeyd olunan əmr qanunsuz olduğundan ləğv edilməli, eləcə də o, əvvəlki işinə bərpa edilməlidir. Odur ki, hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti Dövlət Sərhəd Xidməti rəisinin 03.11.2021-ci il tarixli, 2078 ş/h əmrinin qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş, eləcə də məhkəmənin müvafiq sorğusuna əsasən əldə edilmiş sənədlərlə müəyyən olunur ki, İddiaçı vəzifəyə təyin edildikdən sonra öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş dövlət əmlakını xeyli miqdarda ziyan vurmaqla mənimsəyərək talamış, həmçinin digər cinayətlər törətməkdə təqsirli bilinmiş, barəsində AR CM-nin 179.2.1, 179.2.3, 179.2.4, 29, 179.2.1, 29, 179.2.2, 179.2.3 və 313-cü maddələri ilə cinayət işi başlanılmış və məhkəmə istintaqında qeyd olunan cinayət əməllərinin törədilməsi onun öz etirafedici ifadələri ilə yanaşı, digər sübutlarla da təsdiqini tapmışdır. Nəticə etibarilə müvafiq cəzaya məruz qalaraq məhkum edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən yuxarıda qeyd olunan əməllərin törədilməsi işin mübahisəsiz halıdır. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X1:- -1-ci maddəsinə əsasən hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. -2-ci maddəsinə əsasən hərbi intizam hər bir qulluqçunun hərbi borcunu və öz Vətəni Azərbaycan Respublikasının müdafiəsi üçün şəxsi məsuliyyət daşımasını şüurlu surətdə dərk etməsinə əsaslanır. -3-cü maddəsinə əsasən hərbi intizam hər bir hərbi qulluqçunu: Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi riayət etməyə, hərbi andın və hərbi nizamnamələrin tələblərini dəqiq yerinə yetirməyə, komandirlərin (rəislərin) əmr və sərəncamlarına sözsüz tabe olmağa, hərbi xidmətin bütün çətinlik və məhrumiyyətlərinəmətinliklə tab gətirməyə, hərbi borcunu yerinə yetirərkən, öz qanını və hətta həyatını belə əsirgəməməyə; hərbi və dövlət sirlərini möhkəm saxlamağa; namuslu və doğruçu olmağa, hərbi işi vicdanla öyrənməyə, ona tapşırılan silahı, döyüş texnikasını və digər texnikanı, hərbi əmlakı və xalq əmlakını hər vasitə ilə qorumağa; komandirlərə (rəislərə) və böyüklərə hörmət etməyə, əsgəri nəzakət və salamvermə qaydalarına əməl etməyə; hərbi hissədən kənarda özünü ləyaqətli və namuslu aparmağa, ictimai asayişin özü və başqaları tərəfindən pozulmasına yol verməməyə, vətəndaşların şərəf və ləyaqətinin qorunmasına hərtərəfli səy göstərməyə məcbur edir. İstinad olunan qanunvericiliyin tələblərindən də göründüyü kimi, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi intizam hərbi qulluqçuların yüksək şüurluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə, xalqımızın beynəlmiləlçilik ənənələrinə sadiq olmalarına və vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Lakin bunlar öz hərbi borcuna etinasız yanaşan hərbi qulluqçulara məcburiyyət tədbirlərinin tətbiqini istisna etmir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: -1-ci bəndinə əsasən, bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. -2-ci bəndində əsasən, bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularına tətbiq edilir. -156-cı bəndinin e) yarımbəndinə əsasən, hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. -165-ci bəndinə əsasən xidməti uyğunsuzluğa, hərbi qulluqçu şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməməklə cəza tədbirlərinə məhkum olunmuş hərbi qulluqçularla hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhətlər verilir. -168-ci bəndində deyilir ki, hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun:- -1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 18-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarına (dövlət orqanlarının strukturuna daxil olan qurumlara) həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi sahəsində hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimlənməsi qaydalarını müəyyən edir. -41.0.6-cı maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Mübahisələndirilən əmrin məzmunu ilə müəyyən olunur ki, iddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İşin halları ilə də təsdiq olunur ki, həqiqətən iddiaçının törətdiyi əməllər onun xidməti vəzifəsi ilə bir araya sığmayan hərəkətlərdir və bu səbəbdən də o, xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Dövlət Sərhəd Xidməti rəisinin 03.11.2021-ci il tarixli, 2078 ş/h nömrəli əmri verilərkən qanun pozuntusuna yol verilməmiş, əmr qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar