Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3367/2025 18.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X7 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «pensiya təyin edilməsi» tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin binasında şifahi dinləmələr qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «pensiya təyin edilməsi» tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Goranboy rayonunun Düzqışlaq (keçmiş Ağamalıoğlu) kəndində yerləşən «Həzi Aslanov» adına kolxozda sıravi kolxozçu işlədiyi 1983-cü ilin iyun ayından 1998-ci ilin fevral ayına kimi olan müddətin sosial sığorta stajıma daxil edilməsini və güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1983-cü ildən 1998-ci ilədək Goranboy rayonunun Ağamalıoğlu kəndində yerləşən «Həzi Aslanov» adına kolxozda işləmiş və əmək haqqı almışdır. 1999-cu ildə «Həzi Aslanov» adına kolxozun inzibati binasında yanğın baş vermiş, nəticədə binanın içərisində olan bütün sənədlər yanıb məhv olmuşdur. Goranboy rayon Dövlət Arxivinə ərizə ilə müraciət edərək ona kolxozda işlədiyinə dair arayış verilməsini xahiş etmiş və Goranboy rayon Dövlət Arxivi iddiaçıya verdiyi arayışında bildirmişdir ki, 1999-cu ildə Ağamalıoğlu kəndində «Həzi Aslanov» adına kolxozun inzibati binasında yanğın hadisəsi baş vermiş, nəticədə əşyalar və yanar konstruksiyalar yanaraq məhv olmuşdur. Bu Goranboy rayon DYMN-nin 03 sentyabr 2014-cü il tarixli 227 №-li arayışı ilə də təsdiq olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin arayışı qəbul etməyərək iddiaçıya cavab məktubu ilə bildirmişdir ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir və bu barədə məhkəməyə müraciət etmək hüququm vardır. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə dair etiraz ərizəsində göstərmişdir ki, iddiaçıya ünvanlanmış imtina məktunun məzmunundan göründüyü kimi iddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçası və güzəştli arayışda qeyd olunan məcburi dövlət sosial sığorta haqları ödənilən dövrlər ümumi və güzəştli sığorta stajına daxil edilmiş, 2008- ci ilin iyun, avqust, 2009-cu ilin may ayları sığorta stajına daxil edilməməsinin səbəbi məcburi dövlət sosial sığorta haqları ödənilməməsi, 01.06. 1983-cü il tarixdən xx.xx.1998-ci il tarixədək Goranboy rayonu, Düzqışlaq kəndi, H.Aslanov adına kolxozda işlədiyini iddia etdiyi dövrlər isə əmək kitabçasında qeyd olmaması ilə əsaslandırılmışdır. Beləliklə, iddiaçının mübahisələndirilən əmək fəaliyyəti xx.xx.1983-cü il tarixdən xx.xx.1998-ci il tarixədək Goranboy rayonu, Düzqışlaq kəndi, H.Aslanov adına kolxozda İşlədiyini iddia etdiyi dövrlər və xx.xx.2008-xx.xx.2008, xx.xx.2008-xx.xx.2008, xx.xx.2009 xx.xx.2009-ci il tarixləri (3 ay) olan dövrü əhatə edir. xx.xx.1983-cü il tarixdən xx.xx.1998-ci il tarixədək Goranboy rayonu, Düzqışlaq kəndi H.Aslanov adına kolxozda işlədiyini iddia etdiyi dövrlərə münasibətdə qeyd olunur ki, işçinin işlədiyini təsdiq edən əsas sənəd əmək kitabçası, əmək kitabçası olmadıqda isə arxiv arayışıdır. Hazırda mübahisəli dövrlər barəsində iddiaçı tərəfindən yuxarıda qeyd edilən sənədlər təqdim edilmədiyi müəyyən edilib. İddiaçı tərəfindən təqdim edilən Goranboy rayon Dövlət yanğından Mühafizə İdarəsinin xx.xx.2017-ci il tarixli arayışı ilə "H.Aslanov adına kolxozda 1999-cu il tarixdə yanğın baş verdiyi, bina və sənədlərin yanaraq məhv olduğu müəyyən olunmuşdur. Göstərilir ki, kolxozun binasında yanğın baş verməsi ilə iddiaçının 1983-cü il tarixdən 1998-ci il tarixədək (15 il) orada işləyib, əmək kitabçasında qeydiyyat aparılmaması barədə səbəbli əlaqə yoxdur. Bundan əlavə olaraq, MEİS-in "Sığortaolunanlar alt sistemi vasitəsi ilə xx.xx.2008-xx.xx.2008, xx.xx.2008xx.xx.2008, xx.xx.2009-xx.xx.2009-ci il tarixləri (3 ay) üçün məcburi dövlət sosial sığorta haqları ödənilmədiyi müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq, həmin dövrlər sığorta stajına daxil edilmədiyindən ümumi sığorta stajı 25 ildən az, güzəştli sığorta stajı isə 12 il 6 aydan az təşkil etdiyindən iddiaçıya 60 yaşının tam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunauyğun deyildir. Odur ki, iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddianın məzmununa uyğun izahat verib tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbi ilə bağlı göstərdi ki, iddiaçının ümumi və güzəştli iş stajı pensiya təyinatına əsas vermədiyi üçün ərizənin icrasından imtina edilmişdir. Odur ki, tələbin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddihüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. («İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.2, 1.3, 1.4, 2.1, 4.1, 4.2 və 5.1-ci bəndləri). İş materialları ilə müəyyən edilir ki, iddiaçının ümumi sığorta stajı 19 il 2 ay 21 gün təşkil edir. Onun Goranboy rayonunun Ağamalıoğlu kəndində yerləşən «Həzi Aslanov» adına kolxozda xx.xx.1983-cü il tarixdən xx.xx.1998-ci il tarixə kimi işləməsi əmək kitabçasında göstərilməmişdir. Hazırda iddiaçı həmin dövrün sosial sığorta stajına daxil edilməsinə nail olmaq istəyir Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.2. Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Göründüyü kimi, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə və Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»na (2 nömrəli əlavə) əsasən iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün aşağıdakı şərtlər ödənilməlidir: a) 60 yaşın tamamlanması; b) azı 25 il ümumi iş stajının mövcud olması; c) azı 12 il 6 ay xüsusi (Siyahıda nəzərdə tutulmuş güzəştli) iş stajının mövcud olması; d) əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının toplanmış olması. İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuş və xx.xx.2023-cü il tarixdə 60 yaşı tamam olmuşdur. İddiaçının 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixədək ümumi iş stajı üzrə tələb olunan şərt isə ödənilmir. Belə ki, onun ümumi iş stajı 25 ildən az 19 il 2 ay 21 gün, güzəştli iş stajı isə 12 il 6 aydan az olaraq 12 il 4 ay 16 gün təşkil edir. Onun Goranboy rayonunun Ağamalıoğlu kəndində yerləşən «Həzi Aslanov» adına kolxozda xx.xx.1983-cü il tarixdən xx.xx.1998-ci il tarixə kimi işləməsi əmək kitabçasında göstərilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X6) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Bənd 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Göründüyü kimi, əmək pensiyalarının təyin olunması sahəsində mövcud olan Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən sosial sığorta stajının müəyyən olunmasında əsas sənəd əmək kitabçası hesab olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. Hazırkı iş üzrə iddiaçının 1983-1998-ci illərdə işləməsinə dair əmək kitabçası, əmrlər, əmək haqqı cədvəlləri və arxiv arayışı mövcud deyildir. Qanunvericiliyin tələblərinə əsasən, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir. Bu halda iddiaçı hüquqi marağına uyğun olaraq 1983-1998-ci illərdə kolxozda işləməsi faktının müəyyən edilməsi barədə iddia qaldırmalıdır. Lakin, bu cür iddialara xüsusi icraat qaydasında ümumi (rayon, şəhər) məhkəmələr tərəfindən baxıldığından və inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növlərinə uyğun olmadığından hazırkı tələbə inzibati icraat qaydasında baxıla bilməz. İddiaçının həmin ərizəsi təmin ediləcəyi halda, qətnamənin qüvvəyə minməsi nəticəsində sözügedən illər iddiaçının sosial sığorta stajı kimi qəbul ediləcəkdir və iddiaçı hüquqi marağına bu yolla nail olacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; .................. Odur ki, iddia tələbi mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-ProsessualMəcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «pensiya təyin edilməsi» tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Əliyev
Məhkəmə qərarları › İş №2-1(114)-3367/2025
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3367/2025
18.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver