Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3368/2025 24.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “adının vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçıya məxsus AA******* seriya nömrəli, FİN xxxxxxx nömrəli şəxsiyyət vəsiqəsi xx.xx.2022-ci il tarixdə verilmişdir. İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.2004-cü il tarixdə Bərdə rayonunda anadan olmuş və hazırda Kəlbəcər rayonu, Almalıq kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında məskunlaşmışdır. İddiaçıya Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən, AA seriyalı, 497655 nömrəli məcburi köçkün vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-36-3/2-1504/2025 nömrəli məktuba əsasən, X1 rayonundan məcburi köçkün olmuş, komitə tərəfindən ona xx.xx.2023-cü il tarixdə məcburi köçkün statusunu təsdiq edən sənəd (vəsiqə) verilmişdir. Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində məcburi köçkün kimi qeydiyyatda olmaqla faktiki məskunlaşmışdır. Ədliyyə Nazirliyi Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/8-B-265/2025 nömrəli məktubuna qoşma şəklində əlavə edilmiş xx.xx.2006-cı il tarixli, 941 nömrəli doğum haqqında akt qeydinə əsasən, İddiaçı (ata adında iki “k” hərfindən birinin üstündən xətt çəkilməklə) xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikası, Bərdə rayonunda anadan olmuş, “atası haqqında məlumat” qrafasında X7 (adda iki “k” hərfindən birinin üstündən xətt çəkilməklə), “anası haqqında məlumat” qrafasında X2 göstərilmişdir. İddiaçı “vahid aylıq müavinətinin bərpa edilməsinə köməklik göstərilməsi barədə” ərizə ilə Cavabdehnə (bundan sonra mətndə cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli, 5-55/2-B-17-073/2024 nömrəli məktubu ilə bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci, müavinət və kommunal xidmətlər üzrə güzəştlərin əvəzinə verilən vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4-cü maddəsinə uyğun olaraq, məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), lakin ərazisi işğal olunmuş rayondan əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan şəxslərə aylıq müavinətin verilməsi şamil edilmir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı cavabdehə qarşı “onun adının vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilərək dövlət tərəfindən verilən vahid aylıq müavinətin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı xahiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, o, anası ilə bir yerdə öz el-obalarından məcburi çıxarıldılaraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində məskunlaşmışlar. Hal-hazırda da orda yaşayırlar. O, məcburi köçkün statusuna malikdir və vəsiqənin seriya nömrəsi AA 497655, verilmə tarixiisə xx.xx.2023-cü il tarixdir. İddiaçı qeyd edir ki, dövlət tərəfindən ona verilən vahid aylıq müavinət 2017-ci ildə dayandırılmış, dayandırılmasına səbəb isə anasının icma nümayəndəsi olmayan şəxslə ailə həyatı qurması göstərilmişdir. O hesab edir ki, vahid aylıq müavinətinin dayandırılması konstitusion hüquqlarını pozmuşdur. İddiaçı xx.xx.2024-cü il tarixdı tələblə cavabdeh orqana müraciət etsə də, ona imtina cavabı verilmişdir. İddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddiaçıya və cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaçı məhkəmə teleqram göndərərək iştirakı olmadan işə baxılmasını xahiş etsə də, cavabdeh iddiaya dair münasibət bildirməmiş, nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə icraatı iştirakçılarının şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - iddiaçıya məxsus şəxsiyyət vəsiqəsi; - iddiaçıya məxsus AA seriyalı, 497655 nömrəli məcburi köçkün vəsiqəsi; - Ədliyyə Nazirliyi Kəlbəcər rayon Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli, 113 nömrəli məktub; - Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin xx.xx.2025-ci il tarixli, 3-36-3/2-1504/2025 nömrəli məktub; - Ədliyyə Nazirliyi Bərdə rayon Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/8- B-265/2025 nömrəli məktub. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanun Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Maddə 6. Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və digər qanunvericilik aktlarında başqa hal nəzərdə tutulmayıbsa, qaçqınlar Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edir, onlarla eyni vəzifələri daşıyırlar. Qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış şəxsə müəyyən edilmiş qaydada aşağıdakı təminatlar verilir: dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”: Bu Qayda “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin (bundan sonra – aylıq müavinət) ödənilməsi qaydalarını müəyyən edir.
1. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə verilir: 1.1. ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla);
2. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: 2.6. valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara; İddiaçının validenyləri məsələsi ilə məhkəmə onu qeyd edir ki, iddiaçı valdeynləri arasında rəmi nikah olmadan doğulmuş, qanunvericiliklə müəyyən edilmiş qaydada nə nikah rəsmi qaydada bağlanmış, nə də ki nikah məhkəmə yolu ilə pozulmuşdur. Beləliklə, iddiaçı X9 “məcburi köçkün” statusuna malik olan valideyni-anası ilə eyni ünvanda Kəlbəcər rayonu Almaqlı kəndində pasport qeydiyyatında olduğundan, onun da məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlərdən istifadə etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2002-ci il tarixdə 2744 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış və xx.xx.2011-ci ilədək qüvvədə olmuş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat” valideynlərindən atası (ailə başçısı) “məcburi köçkün” statusuna malik olan uşaqlara yemək xərci üçün aylıq müavinətin verilməsini nəzərdə tuturdu. Mədinə Əliyevanın doğulduğu vaxt anası (ailə başçısı) məcburi köçkün statusunda olmuş və onun həmin dövrdə qüvvədə olmuş Təlimata əsasən, iddiaçı "məcburi köçkün" statusuna malik olan uşaq olmaqla doğulduğu gündən bu statusdan irəli gələn yemək xərci üçün müavinət almaq hüququ yaranmışdır. Sonradan xx.xx.2011-ci ildən qanunvericilikdə baş vermiş dəyişikliklə valideynlərinin yalnız hər ikisi məcburi köçkün statusunda olan uşaqlara müavinətin verilməsinin nəzərdə tutulması iddiaçının ziyanına şərh və tətbiq edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 1.2 və 2.6cı bəndlərində göstərilən vahid aylıq müavinətin hər iki valideyni “məcburi köçkün” statusuna malik olan uşaqlara təyin edilməsi ilə bağlı tələb yalnız yeni qaydanın qəbul edildiyi xx.xx.2017-ci il tarixdən sonra doğulmuş uşaqlara münasibətdə keçərlidir, qeyd edilən müddəa əvvəlki qanunvericiliklə hüququ yaranmış şəxslərə, o cümlədən iddiaçı övladı X3 münasibətdə tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin norma tələblərinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Habelə, qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. İddiaçı adının vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim Nurəli Hüseynov