Məhkəmə qərarları › İş №2-1(114)-3369/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3369/2022

24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3369/2022 24.11.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı vəkili Vəkil, cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) kompensasiyanın ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, Əhməd Cəmil küçəsində 0.1133 ha torpaq sahəsində yerləşən ümumilikdə 1298.35 kv.m qeyri-yaşayış sahəsinin ½ hissəsinə, yəni 649.2 kv.m sahəyə görə- 1 623 000 (649x2500) manat, həmin qeyri-yaşayış sahəsinin içərisində olan avadanlıqların (əmlakların) məhv edilməsinə görə 150 000 (300 000/2) manat və 11.3 sot torpaq sahəsinin ½ hissəsi, yəni 5.65 sot sahəyə görə - 113 000 (5.65x20 000) manat, toplam 1.886000 manat kompensasiyanın dövlət büdcəsi hesabına Gəncə Şəhər İcra Hakimiyyətindən tutularaq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsi tərəfindən **********25-06301 reyestr nömrə ilə qeydə alınmış, xx.xx.2007-ci il tarixli “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən” çıxarışa əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Əhməd Cəmil küçəsində olan 0,1133 ha torpaq sahəsində yerləşən 3 girişli, 356,6 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binası (“Elnur” yeməkxanası) paylı mülkiyyət hüququ üzrə 1/2 hissəsi İddiaçı və digər 1/2 hissəsi isə X5 məxsus olmuşdur. Eləcə də, “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 39 saylı, xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Əhməd Cəmil küçəsində yerləşən 1133 kv.m (0,1133 ha) torpaq sahəsi İddiaçı və X5 15 il müddətinə icarəyə verilmişdir. Sonra mülkiyyətçilər tərəfindən həmin qeyri-yaşayış sahəsi genişləndirilmiş, əlavə olaraq ümumi sahəsi -941,75 kv.m. təşkil edən “Şadlıq sarayı” və bir sıra digər qeyri yaşayış sahələri inşa olunmuşdur. xx.xx.2008-ci il tarixli “Qeyri-yaşayış fondunun qəbul” Aktından müəyyən olunur ki, əlavə inşa olunmuş ümumi sahəsi -941,75 kv.m. təşkil edən “Şadlıq sarayı” və bir sıra digər qeyri-yaşayış sahələrinin istismarına Kəpəz rayonu İcra Hakimiyyəti Başçısının müavininin sədriliyi ilə, Gəncə şəhərinin baş memarının, Gəncə şəhər GEM-in direktorunun və X10 Yanğın Nəzarəti İdarəsinin böyük inspektorunun iştirakı ilə keçirilən komissiya tərəfindən icazə verilmişdir. Bundan sonra, Gəncə şəhəri Kəpəz rayonu İcra Hakimiyyəti Başçısının 216 saylı, xx.xx.2008-ci il tarixli sərəncamı ilə “Elnur” şənlik evi istismara qəbul edilmiş və şənlik evinin 1/2 hissəsi X4, 1/2 hissəsi isə İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. Yuxarıda göstərilən və paylı mülkiyyətdə olan hər iki, yəni 356,6 kv.m. və 941,75 kv.m, toplam-1298,35 kv.m. qeyriyaşayış sahəsi içərisində olan avadanlıqlarla birlikdə 2011-ci ilin iyun ayında Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən heç bir xəbərdarlıq edilmədən sokülmüşdür və yerində X12 Teatrı binası inşa olunmuşdur. Xüsusi olaraq qeyd edirik ki, paylı mülkiyyətdə olan qeyri yaşayış sahəsinin və içərisində olan avadanlıqların sökülməsinə görə hal-hazıradək İddiaçı heç bir kompensasiya ödənilməmişdir. Lakin mülkiyyətin digər payçısı olan X4 payına düşən hissə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən kompensasiya edilmiş və həmin payçı tərəfindən söküntü ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı gələcəkdə hər hansı bir iddiasının və tələbinin olmayacağına dair öhdəlik götürülməsi barədə iltizam verilmişdir. İddiaçı payına düşən kompensasiyanın ödənilməsinə dair Gəncə Şəhər İcra Hakimiyyətinə çoxsaylı həm şifahi, həm də rəsmi müraciətlər olunsa da, hal-hazıradək heç bir əməli tədbirlər görülməmişdir. Cavabdehin Ə-277-091 saylı, xx.xx.2022-ci il tarixli cavabında qeyd olunmuşdur ki, göstərilən qeyri-yaşayış binasının 2011-ci ildə sökülməsi ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən heç bir qərar verilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, sözügedən qeyri-yaşayış binasının sökülməsi ilə bağlı bu günə kimi İddiaçı pul və ya digər şəkildə kompensasiya ödənilməmişdir. İddiaçının vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında bildirmişdir ki, həqqətən iddiaçıya məxsus obyektin yerləşdiyi sahədə X12 Teatrı tikilmişdir, eyni zamanda digər paylı mülkiyyətçiyə kompensasiya ödənilmişdir. Ona görə də qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 39 saylı, xx.xx.2007-ci il tarixli müqavilədən görünür ki, Gəncə şəhəri, Əhməd Cəmil və M.A.Abbaszadə küçəsinin kəsişməsində yerləşən 0.1133,0 kv.m torpaq sahəsi Kəpəz bələdiyyəsi tərəfindən 15 il müddətinə İddiaçı və X5 icarəyə verilmişdir. -surəti işə əlavə edilmiş xx.xx.2007-ci il tarixli, ********* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Əhməd Cəmil küçəsində 0.1133 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli qeyriyaşayış binası (“Elnur” yeməkxanası) paylı mülkiyyət hüququ üzrə 1/2 hissədə İddiaçı və 1/2 hissədə X4 adına qeydiyyata alınmışdır. -surəti işə əlavə edilmiş Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 216 nömrəli sərəncamından görünür ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 04 mart 1998-ci il tarixli 5348 saylı və Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin 02 may 2005-ci il tarixli 10-200 saylı icazəsi əsasında Ə.Cəmil küçəsində inşa edilmiş ümumi sahəsi 135,3 kv.m. olan - on iki yemək otağından; 39,0 kv.m. - banket zalından; 231,1 kv.m. - böyük banket zalından; ümumi sahəsi 97,0 kv.m. olan - dəhlizlərdən; 36,8 kv.m. - bufetdən; ümumi sahəsi 31,7 kv.m. – olan mətbəxdən; 10,9 kv.m. - anbardan; 6,9 kv.m. - qab yuma otağından; ümumi sahəsi 16,5 kv.m. - olan beş sanitar qovşağından; ümumi sahəsi 32,7 kv.m. olan - on altı açıq eyvandan; 3,2 kv.m. - örtülü eyvandan; 67,3 kv.m. - mansard-anbardan; 189,0 kv.m. - açıq eyvandan; 6,0 kv.m.; 10,3 kv.m. - köməkçi otaq-dan; 6,5 kv.m. - açıq eyvandan; 19,3 kv.m. - kababxandan və 2,25 kv.m. - sanitar qovşağından ibarət “Elnur” şənlik evinin istismara qəbul edilməsi və 1/2 hissəsinin X4, 1/2 hissəsinin İddiaçı adına rəsmiləşdirilməsi qərara alınmışdır. -işə əlavə edilmiş X1 xx.xx.2022-ci il tarixli 127 nömrəli mütəxəssis rəyindən görünür ki, ********* qeydiyyat nömrəli xx.xx.2007-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı və X5 məxsus, Gəncə şəhəri, Kəpəz rayonu, Əhməd Cəmil küçəsində 0,1133 ha torpaq sahəsində yerləşmiş, ümumi sahəsi 1298,35 kv.m. olmuş (sökülmüş qeyri- yaşayış sahəsinin istifadəsində olmuş torpaq sahəsində X12 Teatrı binası inşa olunmuşdur) qeyri-yaşayış sahəsinin 1/2 hissəsinə, yəni 649,2 kv.m. sahəyə görə İddiaçı dəymiş zərərin əvəzi olaraq, hazırkı dövrdə kompensasiyanın dəyəri 974000,0 manat məbləğində müəyyən edilir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olmaqla mahiyət baxımından qismən əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə və digər sübutlarla müəyyən edilmişdir ki, Gəncə şəhəri, keçmiş Əhməd Cəmil küçəsi, indiki Azərbaycan Bayrağı küçəsində yerləşən, paylı mülkiyyət hüququ üzrə 1/2 hissədə İddiaçı, 1/2 hissədə isə X5 məxsus qeyri-yaşayış binası cavabdeh tərəfindən 2011-ci ildə sökülərək yerində X12 Teatrı binası inşa olunmuşdur. İddiaçı mülkiyyətin digər payçısı olan X4 payına düşən hissədə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən kompensassiya ödənildiyini, lakin ona kompensasiya ödənilmədiyini bildirərək ümumilikdə 1298.35 kv.m qeyri-yaşayış sahəsinin ½ hissəsinə, yəni 649.2 kv.m sahəyə görə- 1 623 000 (649x2500) manat; həmin qeyriyaşayış sahəsinin içərisində olan avadanlıqların (əmlakların) məhv edilməsinə görə 150 000 (300 000/2) manat və 11.3 sot torpaq sahəsinin ½ hissəsi, yəni 5.65 sot sahəyə görə -113 000 (5.65x20 000) manat olmaqla, cəmi 1.886000 manat kompensasiya ödəməsini tələb etmiş, cavabdeh orqan isə iddiaçıya və digər şəxsə məxsus qeyri-yaşayış sahəsinin sökülməsi ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən hər hansı qərar və ya sərəncamın verilmədiyini bildirərək onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, məsuliyyətin yaranması üçün ilk növbədə ziyan və onun hüquqa zidd hərəkət nəticəsində vurulması, eləcə də hərəkətlə nəticə arasında səbəbli əlaqə mövcud olmalıdır. Bu şərtlər tam ödənildikdə məsuliyyət yaranmış olur. Eyni zamanda vurulmuş zərərin yaranmasının əsasında cavabdeh şəxsin təqsirli hərəkəti dayanmalı və məsuliyyət də bu təqsirə görə yaranmalıdır. Cavabdeh orqanın imtina məktubundan göründüyü kimi, sonuncu iddiaçıya məxsus yaşayış sahəsinin sökülməsi ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən hər hansı qərar və ya sərəncamın verilmədiyi bildirilmişdir. Məhkəmə cavabdeh orqanın qeyd olunan arqumentini aşağıda qeyd olunanlara əsasən əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə yerli icra hakimiyyətlərinin başçılarının fəaliyyətini tənzimləyən “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” təsdiq edilmişdir. Həmin Əsasnamənin:- -1.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin İ hissəsinə uyğun olaraq, yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər. -1.3-cü bəndinə əsasən yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını (Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını və qanunlarını, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin fərman və sərəncamlarını, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını), Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tuturlar. Qeyd olunan Əsasnamənin 3.11-ci və 4.11-ci bəndlərində yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrindəki vəzifələri və səlahiyyətləri öz əksini tapmışdır. Həmin müddəların məzmunundan da aydın olur ki, müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək, eləcə də şəhərsalma fəaliyyətində dövlətin, ictimaiyyətin və fərdin maraqlarının uzlaşdırılmasını təmin etmək və təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq şəhərsalma fəaliyyətinə nəzarəti həyata keçirmək birbaşa yerli icra hakimiyyətlərinin başçılarının vəzifəsi kimi təsdiq edilmişdir. Nəzərə alınmalıdır ki, X12 Teatrı binası memorial abidə olmaqla müvafiq ərazidə dövlət mülkiyyətində olan əmlak hesab edilir. Bu baxımdan müvafiq ərazidə inşa ediləcək dövlətə məxsus tikili birbaşa həmin ərazidəki yerli icra hakimiyyəti orqanının icazəsi və nəzarəti əsasında dövlət tərəfindən ayrılmış vəsait hesabına həyata keçirilə bilərdi. Deməli iddiaçıya vurulmuş ziyanın yaranmasının əsasında cavabdeh şəxsin təqsirli hərəkəti dayanır. Beləliklə, iş materiallarından müəyyən olunur ki, iddiaçının və digər payçının icarəsində olmuş torpaq sahəsində yerləşmiş qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən dövlət ehtiyacları üçün sökülmüşdür, lakin iddiaçıya müvafiq kompensasiya ödənilməmişdir. Sözügedən mübahisə ilə bağlı məhkəmə bir sıra qanunvericilik aktlarını vurğulamağı məqsədəmüvafıq hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının:- -13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfındən müdafiə olunur. -29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşmmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.Əmlakın tam müsadirəsinə yol verilmir.Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər isə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun:- -1.1.1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün “alınma” dedikdə dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması nəzərdə tutulur. -7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. -7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. -54.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. -56.1.5-ci maddəsinə əsasən bu Qanuna əsasən alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər nəzərə alınır. Məhkəmə qeyd edir ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən sökülmüş həmin yaşayış sahəsi və digər tikililərə görə kompensasiya ödənilməməsi iddiaçının konstitusion hüquqlarını pozmaqla Azərbaycan Respublikası İnzibati İcraat Haqqında Qanunun 12-ci maddəsinə də ziddir. Belə ki, iddiaçı qanuni icarəsində olmuş torpaq sahəsində inşa etdiyi tikililərin bir hissəsi (sonradan artırılmış 941,75 kv.m) üzərindəki mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmasa da, həmin əmlak sonrakı dəyişikliklərlə birgə Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 216 nömrəli sərəncamına əsasən istismara qəbul edilmiş və iddiaçı, eləcə də digər mülkiyyətçinin adına rəsmiləşdirilməsi qərara alınmışdır. Göründüyü kimi, sözügedən qeyri-yaşayış obyekti iddiaçının və digər mülkiyyətçinin qanuni əsaslarla sahibliyində və istifadəsində olmuş, sonuncular həmin tikililərdən istifadə etməklə faktiki mülkiyyəti kimi davranmışlar. Məhkəmə hesab edir ki, iddiaçı qanuni istifadəsində olmuş torpaq sahəsində inşa etdiyi tikililərin iddiaçının və digər şəxsin mülkiyyəti kimi qəbul edilməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentləri baxımından da əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafıəsi haqqında» Avropa Konvensiyasmın 20 mart 1952-ci il tarixli Protokolunun (1 saylı Protokolun) 1-ci maddəsinə əsasən hər bir fıziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlarına müvafıq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Həmin maddədə göstərilən «mülkiyyət» və «əmlak» anlayışı iqtisadi maraqların geniş spektrini özündə ehtiva edir.Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairəsinə daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir.Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfındən şəxsin müvafıq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından «mülkiyyət» anlayışı müstəqil məna daşıyır. «Van Marle və başqaları Niderlanda qarşı» iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, maddi dəyəri olan hər hansı hüquq 1-ci maddədə ifadə olunmuş «əmlak» anlayışı ilə əhatə olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «X7rşı» qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsində «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqları da, «mülkiyət hüquqları» hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın «hüquq» kimi tanınmaması, istərsə də, bu qanunla tərəfındən həmin marağın mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda «mülkiyyət» hesab edilməsinin qarşısını almır.Həmin qərarda Avropa Məhkəməsi qeyd etmişdir ki, şəhərin planlaşdırılması qaydalarının pozulması və hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda, ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibidir və evdəki bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsusdur. Ərizəçinin tikidiyi ev onun üçün mühüm iqtisadi maraq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyət»ə bərabərdir. Həmin qərarda həmçinin göstərmişdir ki, ərizəçiyə adekvat kompensasiyanın təyin edilib-edilməməsi məsələsinin həll edilməsi nəzərə alınmalı olan amillərdəndir. Daha sonra, Avropa Məhkəməsi «Akimova Azərbaycana qarşı» qərarında eyni mövqedən çıxış edərək, ərizəçinin mənzilə olan hüququnun müvafıq qeydiyyata alınmamasını onun mülkiyyətçi kimi tanınması üçün maneə hesab etməmişdir. «Sporronq və Lonnrot İsveçə qarşı» məhkəmə işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarında isə göstərilmişdir ki, mülkiyyəti onun dəyərinə uyğun ağlabatan məbləğdə kompensasiya ödəmədən müsadirə etmək qeyri mütənasib tədbirdir. Belə ki, kompensasiya ödənilmədən mülkiyyətin müsadirə olunmasına yalnız müstəsna hallarda haqq qazandırıla bilər, əks təqdirdə mülkiyyət hüququ «xəyali» və «səmərəsiz» hüquq olaraq qalardı. «Akverdiyev Azərbaycana qarşı» işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarında isə vurğulanmışdır ki, əmlaka sahib olmaq "mövcud əmlakın sahibliyi" ilə məhdudlaşmır. O, həmçinin aktivləri, və ərizəçinin mülkiyyət hüququndan effektiv istifadə edə biləcəyinə dair ağlabatan və "legitim gözləntinin" olmasını iddia edə biləcək tələbləri də ahatə edir. Gözlənti o zaman legitimdir ki, o, qanunvericiliyin müddəası və ya sözü gedən əmlak maraqlarına toxunan hüquqi akt əsasında yaranmış olsun. Beləliklə, yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, iddiaçının qanuni istifadəsində olmuş torpaq sahəsində inşa edilmiş xx.xx.2007-ci il tarixli, ********* nömrəli çıxarışa əsasən mülkiyyətdə olmuş və sonradan müvafiq əlavə və dəyişikliklər edilmiş qeyri-yaşayış sahəsi dövlət ehtiyacları üçün alınaraq sökülsə də, cavabdeh tərəfindən iddiaçıya müvafiq həcmdə kompensasiya ödənilməmişdir. İddiaçıya dəymiş maddi ziyanın hesablanması üçün məhkəmə tərəfindən müstəqil qiymətləndiriciyə müraciət olunmuş və qiymətləndirmə işi üzrə mütəxəssis rəyinə əsasən sökülmüş qeyri-yaşayış sahəsinin 1/2 hissəsinə, yəni 649,2 kv.m. sahəyə görə dəymiş zərər 974000,0 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tələbin “11.3 sot torpaq sahəsinin ½ hissəsi, yəni 5.65 sot sahəyə görə kompensasiyanın ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iş materiallarına əlavə edilmiş “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə əsasən sözügedən torpaq sahəsi 15 il müddətinə iddiaçının və digər şəxsin icarəsinə verilmişdir, deməli sözügedən torpaq sahəsinə dair icarə müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə başa çatmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, həmin torpaq sahəsi ilə bağlı iddiaçının kompensasiya hüququ istisna olunur. Bundan əlavə, tələbin “həmin qeyri-yaşayış sahəsinin içərisində olan avadanlıqların (əmlakların) məhv edilməsinə görə kompensasiyanın ödənilməsi hissəsi də əsaslı sayıla bilməz. Belə ki, iddiaçı söküntü zamanı məhv olunduğunu iddia etdiyi avadanlıqlar (əmlaklar) barədə zəruri məlumat (adı, növü, modeli, markası, istehsal ölkəsi, təyinatı və s.) təqdim etmədiyindən bu hissədə ona dəymiş zərərə görə kompensasiya məbləği müəyyən etmək mümkünsüzdür. Həmçinin iddiaçı özü də tələbin həmin hissəsinə görə kompensasiya məbləğini hansı meyar əsasında hesabladığını əsaslandırmamışdır. Bu səbəbdən də məhkəmə tələbi həmin hissədə də əsassız hesab edir. Qeyd olunanlarla yanaşı, iddiaçı 1298.35 kv.m qeyri-yaşayış sahəsinin ½ hissəsinə, yəni 649.2 kv.m sahəyə görə cavabdehdən 1 623 000 manat kompensasiya tələb etmişdir. Məhkəmə tələbi həmin hissədə qismən əsaslı hesab edir və gəldiyi nəticəni onunla əsaslandırır ki, müvafiq mütəxəssis rəyinə əsasən dəymiş zərər 974000,0 (doqquz yüz yetmiş dörd min) manat həcmində müəyyən edilmişdir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 974000,0 (doqquz yüz yetmiş dörd min) manat məbləğində pul dövlət vəsaiti hesabına Gəncə Şəhər İcra Hakimiyyətindən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, X1 xx.xx.2022-ci il tarixli 127 nömrəli mütəxəssis rəyinin verilməsinə görə 100 (bir yüz) manat məhkəmə xərci də cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1 maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia qismən təmin edilsin. Gəncə Şəhər İcra Hakimiyyətindən dövlət büdcəsi hesabına 974000,0 (doqquz yüz yetmiş dörd min) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Gəncə Şəhər İcra Hakimiyyətindən 100 (bir yüz) manat məhkəmə xərci tutularaq -“ X3 MMC-nin (VÖEN **********) "xxxx" ASC Ağa Neymatulla şöbəsi, kod: 506957, VÖEN ********** (bankın VÖEN-i), İBAN:AZ94BRES********************, M/h:AZ80NABZ******************** SWİFT BRESAZ22 saylı hesabına ödənilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar