Məhkəmə qərarları › İş №2-1(114)-337/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-337/2020

20.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-337/2020 20.02.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsinə (bundan sonra AR ƏƏSMN yanında DSMF-nin Goranboy rayon şöbəsi) qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh AR ƏƏSMN yanında DSMF-nin Goranboy rayon şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, onun 1982-1983-cü illərdə “Azərbaycan” kolxozunda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1982-1983-cü illərdə “Azərbaycan” kolxozunda fəhlə işləmişdir. İddiaçı pensiyaya çıxması ilə əlaqədar DSMF-nin Goranboy rayon şöbəsinə müraciət etmiş, lakin cavabdeh orqan həmin illərin sosial sığorta stajına daxil edilməsindən imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X2 bildirmişdir ki, arxiv arayışı ilə iddiaçının əlavə 701,47 manat pensiya kapitalı yaranır, yəni 12814,53 + 663,65 = 13516,00.Arxiv arayışı ilə müəyyən edilmiş müddət məhkəmə tərəfindən sosial sığorta stajına hesablansa iddiaçıya pensiya təyin edilməsi üçün əsas yaranar. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -AR ƏƏSMN yanında DSMF-nin Goranboy rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, **********3 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı əlilliyə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. -Goranboy rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 120 nömrəli arxiv arayışından görünür ki, İddiaçı1983-cü ildə “Azərbaycan” kolxozunda işləmiş və əmək haqqı almışdır. -Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2018-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı ümumi xəstəlik (gözdən əlillik) səbəbindən 2-ci dərəcə əlillik verilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qisməntəmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da qismənəsaslıdır. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.2018-ci il tarixədək 17 il 4 ay 16 gün sosial sığorta stajı olmaqla fərdi hesabın sığorta hissəsində 12814.53 manat pensiya kapitalı qeydə alınmışdır. Ona xx.xx.2018-ci il tarixə əlilliyə görə əmək pensiyası təyin etmək üçün 12 il 4 ay sığorta stajı və 12905.97 manat fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tələb olunur. Ona məxsus əmək kitabçasında qeyd olunan və xx.xx.2006-cı ildən xx.xx.2018-ci ilədək olan sosial sığorta stajı nəzərə alınmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış 12814.53 manat pensiya kapitalı iddiaçıya pensiya təyinatına imkan verməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun; - 3.1. maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. - 21.1. maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; 3.1. maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. 3.2. maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda əmək pensiyasının təyin edilməsi üçün əsas hesab olunur. İddiaçı 1982-1983-cü illərdə “Azərbaycan” kolxozunda işləməsini iddia etsə də Goranboy rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 120 nömrəli arxiv arayışı ilə onun yalnız 1983-cü ildə işləməsi və əmək haqqı alması öz təsdiqini tapmışdır. Məhkəmə sözügedən arxiv arayışını mötəbər sübut kimi qəbul edir. Bundan əlavə məhkəmə iclasında cavabdehin nümayəndəsi arxiv arayışı ilə iddiaçının fərdi hesabın sığorta hissəsində əlavə 701,47 manat pensiya kapitalı yarandığını və həmin müddətin məhkəmə tərəfindən iddiaçının sosial sığorta stajına hesablanacağı təqdirdə ona əlilliyə görə əmək pensiyasının təyin edilməsinin mümkün olduğunu bildirmişdir. Göründüyü kimi qeyd olunan müddətin iddiaçının sosial sığorta stajına hesablanması pensiya təyinatı baxımından da onun maraqlarına uyğundur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsininə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qisməntəmin edilsin. İddiaçı 1983-cü ildə“Azərbaycan” kolxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar