Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-337/2023 18.01.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X2, üçüncü şəxs X4 etibarnamə üzrə nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Goranboy rayon X8nə qarşı “xx.xx.2006-cı il tarixli, 19 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddiaçı cavabdeh Goranboy rayon X8nə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən xx.xx.2006-cı il tarixli, 19 nömrəli qərarının ləğv edilməsi”ni xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 1990-cı ilin yanvar ayının 13-də Goranboy rayonunun Ballıqaya kəndi erməni faşizmləri tərəfindən yandırıldıqdan sonra iddiaçıya dövlət tərəfindən indiki, Goranboy rayonu Yuxarı Ağcakənd qəsəbəsində (keçmiş Şaumyan rayonunun Ballıqaya kənd) yerləşən fərdi yaşayış evi verdilər. İddiaçının atası X9 polis orqanında işləmişdir. Sonuncu 1993-cü ildə Qarabağ müharibəsi zamanı vətənimizin müdafiəsi zamanı gedən döyüşlərdə iştirak edərək qəhrəmancasına Şəhid olmuşdur. Goranboy rayonu Yuxarı Ağcakənd qəsəbəsində iddiaçının atasına verilən ev yaşamaq üçün yararsız olduğundan uzun illər kirayələrdə yaşamışlar. Dövlətin Şəhid ailələrinə verdiyi imtiyazlardan yaralanaraq Şəhidin yeganə övladı kimi iddiaçıya Goranboy rayon Aşağı Ağcakəndində ümumi sahəsi 0.60 ha torpaq sahəsi verilmişdir. Uzun illərdiki həmin torpaq sahəsində yaşamaq üçün fərdi yaşayış evi tikdirmiş və həmin torpaq sahəsində yüzə yaxın meyvə ağacları əkmişdir. Cənab Prezidentimiz tərəfindən Şəhid ailəsinə verilən həmin torpaq sahəsi Goranboy rayon X3 19 iyun 2006-cı il tarixli 19 nömrəli qərarı ilə Goranboy rayon Balakürd kənd sakini X6 0.30 ha torpaq sahəsi alqısatqı yolu ilə satılmışdır. Cənab Ali Baş Komandan tərəfindən Şəhidin adına verilmiş ümumi sahəsi 0.60 ha torpaq səhəsindən 0.30 ha torpaq sahəsi satan bələdiyyə sədri alqı-satqı ilə bağlı iddiaçıgilə heç bir məlumat verməmişdir. Goranboy rayon X8 torpaq sahəsini satarkən hərrac keçirilməsi haqqında bütün qaydaları pozmuşdur. Belə ki, hərracın keçirilməsi barədə yerli mətbuatda xəbər yayılmamışdır. Hərrac formal olaraq keçirilmişdir. Bu zaman iddiaçıgilin uzun illər həmin torpaq sahəsində istifadəsi nəzərə alınmamış və Şəhid ailəsinə verilən torpaq sahəsində qanunla müəyyən olunmuş hüquqları pozulmuşdur. İddiaçı hesab edir ki, uzun illər həmin torpaq sahəsində məskunlaşmaqla yanaşı böyük bağ saldığı üçün qanunla müəyyən olunmuş qaydada ilk növbədə bələdiyyə həmin torpaq sahəsini hərraca çıxarmalı və iddiaçıya təklif etməli idi. Baxmayaraq ki, həmin torpaq sahəsi Cənab Prezidentimiz tərəfindən Şəhid ailəsi olaraq ona verilmişdir. Ona görə hesab edir ki, Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində yerləşən Ballıqaya kəndində yerləşən ümumi sahəsi 0.30 ha torpaq sahəsinə dair Goranboy Rayon X3 25 iyul 2006-cı il tarixli, 78 nömrəli alqı-satqı müqaviləsi əsasında maraqlı şəxsin X4 adına keçirilməsi tam qanunsuzdur və Şəhid ailəsinə təcavüz kimi dəyərləndirir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsi alqı-satqı yolu ilə qanuna zidd formada X1. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinin yerini o zamanlar iddiaçıya göstərilsə də, heç bir əlavə sənəd verməmişlər. Cavabdeh iddiaya dair münasibət bildirməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barəsində məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi izahatında bildirmişdir ki, öz şəxsi mülkiyyətlərində olan torpaq sahəsini iddiaçı zəbt etmiş və tərk etməkdən imtina edir. Məhkəmə iddia ərizəsi və iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, hazırkı iddia mümkün sayılmamalıdır. Məhkəmə əvvəl qeyd edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddiadır. Belə ki, iddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin üçüncü şəxsin mülkiyyətinə verilməsinə dair Goranboy rayon X3 xx.xx.2006-cı il tarixli, 19 nömrəli qərarının ləğvini məhkəmədən tələb edir. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, bu zaman, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddianın qaldırılması üçün digər mümkünlük şərtləri ilə yanaşı, iddia qaldırmaq səlahiyyətinə əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürsün. Başqa sözlə, inzibati orqanın qəbul etdiyi inzibati aktla (mübahisələndirmə haqqında iddialarda) hüququn pozulma ehtimalının mövcud olması üçün şəxs ən azından həmin hüquqa malik olmalıdır. Yəni, şəxsin subyektiv hüququ yoxdursa, inzibati orqan tərəfindən onun pozulma ehtimalı və şəxsin hüquqi müdafiəyə ehtiyacı da mövcud olmur. Qanunverici tərəfindən bu qaydanın nəzərdə tutulması hər hansı şəxsin heç bir əsas olmadan iddia qaldırmasının qarşısının alınması məqsədlərinə xidmət edir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçı mübahisələndirdiyi bələdiyyə qərarına əsasən üçüncü şəxsə satılmış 0.30 ha həyətyanı torpaq sahəsinin ona məxsus olduğunu bildirsə də, həmin torpaq sahəsinin iddiaçının mülkiyyətində olduğunu və ya ona verildiyini müəyyənləşdirməyə imkan verən hüquqmüəyyənedici sənədlər təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının torpaqdan istifadə etməsinə ixtiyar verən müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və onlarla bağlanan müqavilə, bu torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair məhkəmə qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər əsaslar mövcud deyildir. Bu da iddianın mümkün sayılmaması üçün əsaslardan biridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir(1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar(2.3-cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüququ və azadlığının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub–olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirməsindən söhbət gedə bilməz. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Goranboy rayon X8nə qarşı “xx.xx.2006-cı il tarixli, 19 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair ərizəsi mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-337/2023
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-337/2023
18.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver