Məhkəmə qərarları › İş №2-1(114)-3370/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3370/2023

19.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3370/2023 19.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Gəncə şəhər Birləmiş Xəstəxanası publik hüquqi şəxsinin Z.Məmmədov adına xəstəxanasına qarşı ölüm haqqında tibbi şəhadətnamənin verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhər Birləşmiş Xəstəxanası publik hüquqi şəxsinin Z.Məmmədov adına xəstəxanasına qarşı ölüm haqqında tibbi şəhadətnamənin verilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Doğum haqqında AZ-İV 556722 nömrəli şəhadətnaməyə əsasən xx.xx.1996-cı il tarixdə Gəncə şəhərində doğulmuş İddiaçı atası X7, anası X4r.

2. Gəncə şəhər Birləşmiş Xəstəxanası publik hüquqi şəxsinin Z.Məmmədov adına xəstəxanasının xx.xx.2023-cü il tarixli arayışına əsasən X6 xx.xx.2022-ci il tarixdə xəstəxananın reanimasiya şöbəsində “Narkotik preparatdan zəhərlənmə, komatoz vəziyyət” diaqnozu ilə müalicədə olmuşdur. Aparılmış müalicələrə baxmayaraq xx.xx.2022-ci il tarixdə saat 18:55 radələrində ölüm baş vermişdir.

3. İddiaçı ölüm haqqında tibbi şəhadətnamənin verilməsi barədə Gəncə şəhər Birləşmiş Xəstəxanası publik hüquqi şəxsinin Z.Məmmədov adına xəstəxanasına müraciət etmiş, lakin həmin publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 82 nömrəli cavab məktubu ilə bundan imtina edilərək bildirilmişdir ki, xx.xx.1976-cı il təvəllüdlü ünvan 1 ünvanında yaşamış X6 həqiqətən xx.xx.2022-ci il tarixdə saat 17:50-də xəstəxananın Reanimasiya şöbəsinə “Narkotik preparatla zəhərlənmə, komatoz vəziyyət” diaqnozu ilə kənar ağır vəziyyətdə daxil olmuşdur. Xəstəyə bütün lazımi reanimasion tədbirlərin aparılmasına baxmayaraq, xəstədə xx.xx.2022-ci il tarixdə saat 18:55-də ölüm baş vermişdir. Meyid polis əməkdaşlarına təhvil verilmişdir. Yuxarıda göstərilən ölüm səbəbi ilə əlaqədar qanuna əsasən xəstəxana tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi qanunvericiliyə uyğun olmadığı üçün həmin şəhadətnamənin verilməsindən imtina edilmişdir.

4. Gəncə şəhər Birləşmiş Xəstəxanası publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəyə əlavə edilmiş: - 10.08.2023-cü il tarixli 117 nömrəli məktubda qeyd edilir ki, xəstəxananın reanimasiya şöbəsinə xx.xx.2022-ci il tarixdə saat 17:50-də "Narkotik preparatla zəhərlənmə, komatoz vəziyyət" diaqnozu ilə kənar ağır vəziyyətdə xx.xx.1976-cı il təvəllüdlü ünvan 3 ünvan sakini X6 daxil olmuşdur. Aparılan bütün reanimasion tədbirlərə baxmayaraq, xx.xx.2022-ci il tarixdə saat 18:55-də xəstədə ölüm baş vermişdir və meyid polis əməkdaşlarına təhvil verilmişdir. Xəstənin qohumlarının ölüm haqqında tibbi şəhadətnamənin verilməsi üçün müraciətinə görə bildirilmişdir ki, ölmüş şəxsin diaqnozu ilə bağlı qanunvericiliyə əsasən həmin şəhadətnamənin xəstəxana tərəfindən verilməsi qanuna uyğun deyil və bu barədə izahlı şəkildə xx.xx.2023-cü il tarixdə 82 nömrəli arayış verilmişdir. Bundan başqa bildirilmişdir ki, polis müstəntiqi tərəfindən işin cinayət tərkibli olmadığına dair sənəd təqdim edilərsə, xəstəxana həmin ölüm haqqında tibbi şəhadətnamənin verilməsini təmin edəcəkdir. - Gəncə şəhər Birləşmiş Xəstəxanası publik hüquqi şəxsin xəstəlik tarixi, xəstənin müalicəsi üçün göndəriş, müşahidə gündəliyi və epikrizdən müəyyən edilir ki, xəstəxananın reanimasiya şöbəsinə xx.xx.1976-cı il təvəllüdlü X6 xx.xx.2022-ci il tarixdə saat 17:50-də "Narkotik preparatla zəhərlənmə, komatoz vəziyyət" diaqnozu ilə (XBT kodu - T40) kənar ağır vəziyyətdə daxil olmuş, o, stasionara cəlb olunmuş, lakin xx.xx.2022-ci il tarixdə saat 18:55-də ölüm baş vermiş və onun meyidi polis əməkdaşlarının razılığı ilə evə göndərilmişdir. II. Məhkəmədə icraat

5. İddiaçı cavabdeh Gəncə şəhər Birləşmiş Xəstəxanası publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixdə saat 18:55-də Gəncə şəhər Birləşmiş Xəstəxanası publik hüquqi şəxsin Z.Məmmədov adına xəstəxanada ölmüş atası X6 barəsində tibbi şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1976-cı ildə anadan olmuş ünvan 4 ünvanda yaşamış atası X6 xx.xx.2022-ci il tarixdə saat 18:55-də Gəncə şəhər Z.Məmmədov adına xəstəxanada ölmüşdür. Bu həmin xəstəxana tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 82 №-li arayışla təsdiq olunur. Belə ki, həmin arayışda göstərilir ki, X6 həqiqətən xx.xx.2022-ci il tarixdə saat 17:50-də xəstəxananın reanimasiya şöbəsinə “narkotik preparatla zəhərlənmə, komatoz vəziyyət” diaqnozu ilə kənar ağır vəziyyətdə daxil olmuşdur. Xəstəyə bütün reanimasion tədbirlərin aparılmasına baxmayaraq, xəstədə xx.xx.2022-ci il tarixdə saat 18:55-də ölüm baş vermişdir. Meyid Polis şöbəsinin əməkdaşlarına təhvil verilmişdir. Həmin arayışda qeyd edilir ki, yuxarıda göstərilən ölüm səbəbi ilə əlaqədar qanuna əsasən xəstəxana tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi qanunvericiliyə uyğun olmadığı üçün həmin şəhadətnamənin verilməsindən imtina edilmişdir. Hesab edir ki, tibb müəssisəsinin atasının ölümünə dair tibbi şəhadətnamə verilməsindən imtinası tamamilə qanunsuzdur.

7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

8. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

9. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

10. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

11. Cavabdehin yerləşdiyi yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

12. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

13. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

14. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

15. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

16. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

17. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

18. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, atası narkotik vasitədən istifadə nəticəsində komatoz vəziyyətə düşmüş, onu əvvəlcə A.Səhhət adına xəstəxanaya, oradan isə göndərişlə Z.Məmmədov adına xəstəxanaya aparmışlar. Z.Məmmədov adına xəstəxana atasını “narkotik preparatla zəhərlənmə, komatoz vəziyyət” diaqnozu ilə qəbul edərək stasionar müalicəyə cəlb etmiş, lakin görülmüş tədbirlərə baxmayaraq 1 saat sonra atası ölmüşdür. Xəstəxanaya gələn polis əməkdaşları atasının yarılmasını təklif etsələr də, əmisinin buna etirazından sonra polis əməkdaşlarının razılığı ilə atasının meyidini evlərinə aparmış və dəfn etmişlər. Atasının ölüm səbəbi həm onlara, həm həkimlərə, həm də polislərə aşkar olmuş, onun üzərində heç bir zorakılıq əlamətləri olmamışdır. Buna baxmayaraq, atasına ölüm haqqında şəhadətnamə ala bilmələri üçün xəstəxana onlara ölüm haqqında tibbi şəhadətnamə verməkdən imtina etmişdir.

19. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

20. Gəncə şəhər Birləşmiş Xəstəxanası publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədə iddia ərizəsinin təmin olunması barədə qərarın çıxarılmasının məhkəmənin mülahizə buraxıldığı qeyd edilmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

21. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Doğum haqqında AZ-İV 556722 nömrəli şəhadətnamənin surəti; - Azərbaycan Respublikası Tibbi Ərazi üzrə Bölmələrinin İdarə etmə Birliyinin publik hüquqi şəxs Z.Məmmədov adına Xəstəxananın xx.xx.2023-cü il tarixli arayışı; - Gəncə şəhər Birləşmiş Xəstəxanası publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 82 nömrəli cavab məktubu; - Gəncə şəhər Birləşmiş Xəstəxanası publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəyə əlavə edilmiş sənədlər.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

22. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

23. İş materialları ilə müəyyən olunur ki, iddiaçının atası xx.xx.1976-cı il təvəllüdlü X6 xx.xx.2022-ci il tarixdə saat 17:50-də Gəncə şəhər Birləşmiş Xəstəxanası publik hüquqi şəxsinin Z.Məmmədov adına xəstəxanasına “Narkotik preparatdan zəhərlənmə, komatoz vəziyyət” diaqnozu (XBT kodu – T40) ilə qəbul edilmiş və aparılmış reanimasion tədbirlərə baxmayaraq, 11 saat sonra - xx.xx.2022-ci il tarixdə saat 18:55 radələrində ölüm baş vermiş, meyid polis əməkdaşlarının razılığı ilə ailə üzvlərinə təhvil verilmiş və dəfn edilmiş, lakin X5 ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir.

24. X2 oğlu İddiaçı ölüm haqqında tibbi şəhadətnamənin verilməsi barədə Gəncə şəhər Birləşmiş Xəstəxanası publik hüquqi şəxsinin Z.Məmmədov adına xəstəxanasına müraciət etmiş, həmin xəstəxana tərəfindən isə xx.xx.2023-cü il tarixli 82 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, xx.xx.1976-cı il təvəllüdlü ünvan 1 ünvanında yaşamış X6 həqiqətən xx.xx.2022-ci il tarixdə saat 17:50-də xəstəxananın Reanimasiya şöbəsinə “Narkotik preparatla zəhərlənmə, komatoz vəziyyət” diaqnozu ilə kənar ağır vəziyyətdə daxil olmuşdur. Xəstəyə bütün lazımi reanimasion tədbirlərin aparılmasına baxmayaraq, xəstədə xx.xx.2022-ci il tarixdə saat 18:55-də ölüm baş vermişdir. Meyid polis əməkdaşlarına təhvil verilmişdir. Yuxarıda göstərilən ölüm səbəbi ilə əlaqədar qanuna əsasən xəstəxana tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi qanunvericiliyə uyğun olmadığı üçün həmin şəhadətnamənin verilməsindən imtina edilmişdir.

25. Məhkəmə hesab edir ki, tibb müəssisəsinin iddiaçının atasının ölümünə dair tibbi şəhadətnamə verməkdən imtinası əsassız və qanunsuz olmuşdur.

26. Belə ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 39-cu maddəsinə görə insanın ölüm anını tibb işçisi (həkim, feldşer) təsdiq edir. İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

27. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”na görə: Bənd 4.1. “Ölüm haqqında tibbi şəhadətnamə’' (bundan sonra “şəhadətnamə”) mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Bənd 4.3. Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Bənd 4.4. Aşağıdakı hallarda tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmətibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir: 4.4.1. hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri zamanı; 4.4.2. infeksion xəstəliklər və ya onlara şübhə olduğu hallarda; 4.4.3. tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırılmalı olan ölüm hallarında; 4.4.4. zorakı ölümə şübhə olduğu hallarda; 4.4.5. ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda; 4.4.6. ölənin qohumları tərəfindən müayinə və müalicəsi ilə bağlı şikayət olduğu hallarda; 4.5. Ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir. Bənd 4.7. Şəhadətnamədə bilavasitə ölümə səbəb olmuş xəstəlik, travma və ya digər hallar və ölümün baş verməsinə təsir etmiş, lakin onun birbaşa səbəbi olmamış digər vacib hallar da ardıcıllıqla qeyd olunmalıdır. Ölümün səbəbi “Xəstəliklərin və Sağlamlıqla Bağlı Problemlərin X1 (XBT-10)” üzrə kodlaşdırılmalıdır. Bənd 4.8. Şəhadətnamə həkim və ya feldşer tərəfindən “Ölüm haqqında tibbi şəhadətnamə” elektron registri vasitəsilə doldurulur, məlumatı dolduran şəxs və tibb müəssisəsinin rəhbəri tərəfindən elektron imza ilə imzalanır. Şəhadətnamənin verilməsi üçün müraciət edən şəxs vəfat edənin və özünün şəxsiyyətini və qohumluq əlaqəsini təsdiq edən sənədləri tibb müəssisəsinə təqdim etməlidir. Tibb müəssisəsi tərəfindən qeyd edilən sənədlər yoxlanıldıqdan sonra vəfat edənin müraciət etmiş ailə üzvü və ya qohumu şəhadətnaməni elektron xidmət vasitəsilə əldə edə bilər. Bənd 4.9. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.1-ci maddəsinə uyğun olaraq, ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün X3 Sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülür. Bənd 5.3. Şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur.

28. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: Maddə 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 194. Ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na görə: Bənd 8.2. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. Bənd 8.3. Ölüm haqqında məlumatın Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatın EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsləri qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Bənd 8.4. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Bənd 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.

30. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarının 9.1-ci bəndində göstərilmişdir ki, “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər.

31. Hazırkı işin müəyyən olunmuş hallarına görə, iddiaçının mərhum atası 1976-cı il təvəllüdlü X6 müalicə olunduğu tibb müəssisəsində - Z.Məmmədov adına xəstəxanada ölmüş, ölümünə səbəb “narkotik preparatla zəhərlənmə, komatoz vəziyyət” diaqnozu olmuşdur ki, onun da XBT kodu (Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin X1 - Dərman vasitələri, medikamentlər və bioloji maddələrlə zəhərlənmə (T36-T50) - T40 - Narkotiklərlə və psixodisleptiklərlə (hallüsinogenlərlə) zəhərlənmə) – T40 kimi müəyyənləşdirilmişdir.

32. Belə olan halda, «İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası»nın 4.5-ci bəndinin tələblərinə görə həmin şəxsin (X2) ölümü barədə ölüm haqqında tibbi şəhadətnamə stasionar müalicə aldığı tibb müəssisəsi – hazırkı iş üzrə cavabdeh Gəncə şəhər Birləşmiş Xəstəxanası publik hüquqi şəxsinin Z.Məmmədov adına xəstəxanası tərəfindən verilməlidir.

33. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 26 dekabr 2022-ci ildə vəfat etmiş X5 ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyi Gəncə şəhər Birləşmiş Xəstəxanası publik hüquqi şəxsinin Z.Məmmədov adına xəstəxanasının üzərinə qoyulmalıdır.

34. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

35. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. 26 dekabr 2022-ci ildə vəfat etmiş X5 ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyi Gəncə şəhər Birləşmiş Xəstəxanası publik hüquqi şəxsinin Z.Məmmədov adına xəstəxanasının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar