Məhkəmə qərarları › İş №2-1(114)-3373/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3373/2024

22.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3373/2024 22.08.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “1992-ci ildən 2005-ci ilədək istifadə edilməmiş məzuniyyətlərə görə kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra məntdə - iddiaçı) xx.xx.1969-cu il tarixdə Qazax rayonun, Kalininkənd qəsəbəsində anadan olmuş, hazırda Ağstafa rayonu, Vurğun qəsəbəsində qeydiyyatda olmaqla yaşayır. İddiaçı 1992-2014-cü illərdə Azərbaycan Respublikası Cavabdeh X3 Xidmətinin Ağstafa rayon X3 Hissəsində müxtəlif vəzifələrdə işləmiş və yaş həddi ilə əlaqədar 2014cü ildə təqaüdə çıxmışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək 1992-ci ildən 2005-ci ilə kimi istifadə edilməmiş məzuniyyətlərə görə kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1992-ci il tarixdən başlayaraq Azərbaycan Respublikası Cavabdeh X3 Xidmətinin Ağstafa rayon X3 Hissəsində müxtəlif vəzifələrdə işləmişdir. Yaş həddi ilə əlaqədar olaraq 2014-cü il tarixdə təqaüdə çıxmışdır. Həmin vaxtı 1992-ci ildən 2005-ci ilə kimi X3 X7 Nazirliyinin tərkibində olan zaman 1992-ci ildən 2005ci ilə kimi məzuniyyətə çıxmamış və ona həmin məzuniyyətə çıxmadığı illər üçün kompensasiya ödənilməmişdir. Hesab edirdi ki, həmin məzuniyyətə çıxmadığı illər üçün kompensasiya təqaüdə çıxarkən son haqq-hesab ödənilən zaman ödəniləcəkdir. Ona görə ki, bu məsələ ilə əlaqədar kütləvi şəkildə rəhbərliyə dəfələrlə şifahi müraciət etmişlər və onlara bildirilmişdir ki, son haqq-hesab ödənilən zaman mütləq şəkildə kompensasiyanın ödənilməsi FHN tərəfindən təmin ediləcəkdir. Lakin, o, yaş həddi ilə əlaqədar təqaüdə çıxan zaman da həmin kompensasiya ona ödənilməmişdir. Bununla da onun vətəndaş hüquqları kobudcasına pozulmuşdur. Bundan sonra o, həmin məzuniyyət illəri ilə bağlı kompensasiyanın ödənilməsi üçün Azərbaycan Respublikası Cavabdehnə rəsmi müraciət etmişdir. Lakin, hələ də tərəfindən olunmuş rəsmi müraciət Dövlət qurumu tərəfindən cavablandırılmamışdır. Ona görə də hazırki tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi yazılı izahatında və məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, o, 1992-ci il tarixdən başlayaraq Azərbaycan Respublikası Cavabdeh X3 Xidmətinin Ağstafa rayon X3 Hissəsində müxtəlif vəzifələrdə işləmiş, yaş həddi ilə əlaqədar olaraq 2014-cü il tarixdə təqaüdə çıxmışdır. Həmin vaxt 1992-ci ildən 2005-ci ilə kimi X3 X7 Nazirliyinin tərkibində olan zaman, 1992-ci ildən 2005-ci ilə kimi iddiaçı məzuniyyətə çıxmamış və ona həmin məzuniyyətə çıxmadığı illər üçün kompensasiya ödənilməmişdir. O hesab etmişdir ki, həmin məzuniyyətə çıxmadığı illər üçün kompensasiya təqaüdə çıxarkən son haqq-hesab ödənilən zaman ödəniləcəkdir. Ona görə ki, bu məsələ ilə əlaqədar kütləvi şəkildə rəhbərliyə dəfələrlə şifahi müraciət etmiş və ona bildirilmişdir ki, son haqq-hesab ödənilən zaman mütləq şəkildə kompensasiyanın ödənilməsi FHN tərəfindən təmin ediləcəkdir. Lakin, iddiaçı yaş həddi ilə əlaqədar təqaüdə çıxan zaman da həmin kompensasiya ödənilməmişdir. Bununla da iddiaçının vətəndaş hüquqları kobudcasına pozulmuşdur. Bundan sonra iddiaçı həmin məzuniyyət illəri ilə bağlı kompensasiyanın ödənilməsi üçün Azərbaycan Respublikası Cavabdehnə rəsmi müraciət etmiş, lakin hələ də rəsmi müraciət cavabdeh tərəfindən təmin edilməmişdir. Ona görə də yuxarıda qeyd edilənləri rəhbər tutaraq hazırki tələblə öhdəliyin icrası qaydasında məhkəməyə müraciət etmişdir. Xüsusi ilə qeyd edir ki, eyni tələblə Azərbaycan Respublikası Cavabdeh X3 Xidmətinin Ağstafa rayon X3 Hissəsinin iki əməkdaşı X5 və X6 eyni tələblə 2023 və 2024-cü illər ərzində Gəncə İnzibati Məhkəməsinə müraciət etmişlər, onların iddiaları təmin olunmuş, həmin qərarlar qanuni qüvvəsini almış və icra olunmuşdur. Həmçinin onu da Məhkəmənin diqqətinə çatdırır ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2-1(114)-4067/2023 saylı qərarı ilə iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Bundan sonra Azər Həsənov tərəfindən Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2-1(114)-4067/2023 saylı qərarından apellyasiya şikayəti verilmiş və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(104)-322/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş və Gəncə İnzibati Məhkəməsinin həmin qərarı ləğy edilərək iddia təmin edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Ona görə iddinın təmin olunmasına dair Qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi məktubda bildirmişdir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddiaçı hazırkı iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. 2011-ci il 1 yanvar tarixindən sonra və hal-hazırda inzibati mübahisələr üzrə iddia müddəti tətbiq edilən iddialara dair iddia müddəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsi ilə tənzimlənir. 2011-ci il 1 yanvar tarixinədək isə müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraatda iddia müddəti Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan tarixədək qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənmişdir. Həmin maddəyə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni xx.xx.2011-ci il tarixədək inzibati orqanların qərarlarının və hərəkətlərinin (hərəkətsizliyinin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti xx.xx.2011-ci il tarixədək ötürülmüşdürsə, onlar yeni qanuna görə mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta və ya hərəkətə (hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi "köhnəlmiş" tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır. xx.xx.2011-ci il tarixədək iddiaçı ona 1992-ci il tarixdən 2005-ci il tarixə kimi istifadə edilməmiş məzuniyyətlərə görə kompensasiyanın ödənilməməsini mübahisələndirmək hüququ olmasına baxmayaraq, cavabdehin həmin hərəkətlərini (hərəkətsizliyini) mübahisələndirməmiş, Mülki Prosessual Məcəlləsinin xx.xx.2011-ci il tarixədək qüvvədə olan 298-ci maddəsində nəzərdə tutulan müddəti ötürmüş və onun cavabdehin həmin hərəkətlərini (hərəkətsizliyini) məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmışdır. Qeyd olunanları nəzərə alaraq, İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə uyğun olaraq iddianın mümkün sayılmaması barədə məhkəmə tərəfindən qərardad qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etiraz əsaslarını müdafiə edərək iddianın mümkün sayılmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddia ərizəsi və iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, hazırkı iddia mümkün sayılmamalıdır. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Belə ki, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. 2011-ci il 1 yanvar tarixinədək müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti 2000-ci il 1 sentyabr tarixindən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsi ilə, 2011-ci il 1 yanvar tarixindən isə iddia müddəti tətbiq edilən iddialar üzrə iddia müddəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə tənzimlənir. 2000-ci il 1 sentyabr tarixindən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni xx.xx.2011-ci il tarixədək inzibati orqanların qərarlarının və hərəkətlərinin (hərəkətsizliyinin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti xx.xx.2011-ci il tarixədək ötürülmüşdürsə, onlar yeni qanuna görə mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta və ya hərəkətə (hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. (Misal üçün: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-1216/2024 nömrəli, xx.xx.2023-cü il tarixli 2- 1(102)-2107/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2645/2023 nömrəli, xx.xx.2023cü il tarixli 2-1(102)-2394/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)- 2985/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2940/2023 nömrəli, xx.xx.2024-cü il tarixli 2- 1(102)-384/2024 nömrəli qərarları). Belə yanaşma hüquqi müəyyənlik prinsipinə əsaslanır. İşin araşdırılan hallarından da göründüyü kimi, iddiaçı onun 1992-ci ildən 2005-ci ilədək istifadə edilməyən məzuniyyətlərə görə cavabdeh tərəfindən müvafiq kompensasiyanın hesablanıb ona ödənilməsi barədə tələblə bağlı əvvəllər məlumatlı olduğu halda, o, iddianı MPM-in 298-ci maddəsi üzrə müəyyən edilmiş müddəti buraxmaqla qaldırmışdır. Məhkəmə hesab edir ki, belə situasiyalarda hər bir halda hüquqi müəyyənlik prinsipinin xüsusi əhəmiyyəti və həmin prinsipin təmin olunması ilə bağlı ictimai maraq nəzərə alınmalıdır. Hazırkı mübahisəyə münasibətdə 1992-2005-ci illər üzrə istifadə olunmamış məzuniyyətə görə kompensasiyanın ödənilməsindən cavabdehin imtinasının iddiaçı tərəfindən 2011-ci il 1 yanvar tarixinədək mübahisələndirildiyi iş üzrə materiallardan görünmür və bu baxımdan onun yeni qanunvericiliyə əsasən həmin imkanı itirdiyi qəbul olunmalıdır. Belə ki, iddiaçı cavabdehin həmin hərəkətlərinin mübahisələndirilməsi barədə həmin dövrdə və həmin zaman kəsiyində iddia qaldırmaq imkanına malik olmasına rəğmən, həmin zaman kəsiyində müvafiq hüquqi müdafiə imkanlarından yararlanmamışdır. İddia müddətinə əməl olunması şəxsin iradəsinə bağlıdır və onun məsuliyyət sferasına aid edilməlidir. Bu baxımdan şəxs müddətin ötürülməsinin onun təqsirkar davranışına bağlı hüquqi nəticələrini qəbul etməyə borcludur. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər. Məhkəmə qeyd edir ki, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmə tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Belə olan məhkəmə hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “1992-ci ildən 2005-ci ilədək istifadə edilməmiş məzuniyyətlərə görə kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair ərizəsi mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar