Məhkəmə qərarları › İş №2-1(114)-338/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-338/2024

01.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-338/2024 01.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh N nömrəli hərbi hissəyə qarşı əmrin əsasının dəyişdirilməsi tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh N nömrəli hərbi hissəyə qarşı N saylı hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli Nəç nömrəli əmrinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6. maddəsi və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuzluğa) ehtiyata buraxılması hissəsində dəyişdirilərək, xəstəliyə görə ehtiyata buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. xx.xx.2018-ci il tarixli SX ******* nömrəli hərbi biletindən məlum olur ki, İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək N nömrəli hərbi hissədə həqiqi hərbi xidmət keçmiş, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Daşaltı-Şuşa istiqamətində gedən döyüşlər zamanı düşmən tərəfindən atılan minaatan mərmisi partlayışı nəticəsində xəsarət almışdır.

2. İddiaçı aldığı xəsarətlə əlaqədar olaraq ilkin tibbi yardım göstərildikdən sonra Füzuli MDM-nə, daha sonra N nömrəli hərbi hissəyə göndərilmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə stasionar müayinə və müalicədə olmuşdur. Müalicəsini davam etdirmək üçün İmişli RMX-na göndərilmiş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək İmişli RMX-da “Partlayış travması nəticəsində (xx.xx.2020) keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər. Sağ təpə nahiyəsinin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur.

3. N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli 24 nömrəli qərarı ilə N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı xx.xx.2022-ci il tarixdə saat 14:00-dan xx.xx.2022-ci il tarixdə saat 16:00-dək xidməti yerinə gəlməməsi əməlində Azərbaycan Respublikasının CM-nin 333.3-cü maddəsinin tərkibi yaranmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən onun barəsində cinayət işinin başlanması rədd edilmişdir.

4. N nömrəli hərbi hissənin “V” taborunun komandiri tərəfindən xx.xx.2022-ci il tarixdə raport tərtib edilərək “V” taborun “F” qrupunun kəşfiyyatçısı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı döyüş hazırlığı planında nəzərdə tutulan təlimlərdən və tədbirlərdən xəstəliyini bəhanə gətirərək yayındığını, xidmətə çıxmamaqla və dəfələrlə günün nizam qaydalarını pozaraq şəxsi heyətə pis nümunə olduğunu, hərbi hissə komandirinin İddiaçı ilə fərdi söhbət aparan zaman işlətdiyi ifadələri taborun şəxsi heyəti yanında təhrif etdiyinə və təxribat yönlü fikirlər səsləndirdiyini nəzərə alaraq şərəf məhkəməsinə çıxarılması barədə müvafiq sərəncam verilməsi xahiş edilmişdir.

5. N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının şərəf məhkəməsinin xx.xx.2022-ci il tarixli 5 nömrəli qərarı ilə MAHHXHQ əsgər İddiaçı Azərbaycan Ordusunun sıralarından xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün vəsatət qaldırılması qərara alınmış və N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli təqdimatı ilə İddiaçı xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün vəsatət qaldırılmışdır.

6. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 11104 nömrəli arayışı ilə İddiaçı “Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər. Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ-damar davamsızlığı” diaqnozlu travmasının stasionar müayinədən sonra şəhadətləndirilməsi qərara alınmışdır.

7. Xüsusi Təyinatlı Qüvvələr Komandanının xx.xx.2022-ci il tarixli Nəç nömrəli əmri ilə əsgər İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq hərbi xidmətdən ehtiyyata buraxılmışdır.

8. N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 281 nömrəli əmri ilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı, 1-ci xüsusi əməliyyat taborun xüsusi əməliyyat qrupunun kəşfiyyatçısı, “Hərbi xidmətkeçmə haqıqnda” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, N nömrəli hərbi hissə komandirinin N sentyabr 2022-ci il tarixli Nəç nömrəli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmiş, 29 sentyabr 2022-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinə göndərilmişdir.

9. İddiaçı xx.xx.2022-ci il tarixdə 33 saylı şəhər Poliklinikası tərəfindən ixtisaslaşdırılmış müayinə və müalicə üçün Səhiyyə Nazirliyi 2 nömrəli X2 göndərilmiş, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Səhiyyə Nazirliyi 2 nömrəli X1 “Baş beyinin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kobud psixi və davranış pozuntuları. Fəlakət (müharibə) keçirtdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur. xx.xx.2022-ci il tarixdə 33 saylı şəhər Poliklinikası tərəfindən müayinə üçün Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinə göndərilmiş, Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin direktoru, Bakı şəhər Baş Səhiyyə İdarəsinin baş psixiatrı tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunub, "Fəlakətdən sonra (müharibə) yaranmış xroniki şəxsiyyət dəyişikliyi F 62.0. Üzvi dissosiativ pozuntu F 06.5” diaqnozu təyin olunmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin rəisi tərəfindən xəstəliyin səbəb əlaqəsinin təyini üçün hərbi-həkim komissiyasına göndərilmişdir.

10. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xəstəlik haqqında xx.xx.2022-ci il tarixli 14465 nömrəli qərarı (xəstəlik haqqında şəhadətnamə) ilə İddiaçı şəhadətləndirilərək, onun aldığı “Mülayim dərəcədə ifadə olunmuş üzvi dissosiativ pozuntu, kobud davranış pozuntuları ilə. Mülayim dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişiklikliyi. Partlayış travması, keçirilmiş qapalı kəlləbeyin travması, baş beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, sefalgik və insomnik sindrom ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi. Sağ əlin ön və yan səthinin, sol əlin ön səthinin, çənənin və sağ yanağın bərkimiş dəri çapıqları” travmasının səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilməklə, “Xəstəliklər cədvəli”nin 14 “b”, 18 “b”, 23 “b” maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il tarixli 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə) əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmişdir.

11. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının N nömrəli hərbi hissənin komandirinə ünvanladığı xx.xx.2023-cü il tarixli 8661 nömrəli məktubunda bildirilmişdir ki, gizir İddiaçı xx.xx.2021-ci il tarixdə Hərbi Həkim Komissiyası tərəfindən tibbi şəhadətləndirilməsi üçün Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına müraciət etmiş, xx.xx.2022-ci il tarixdə “Stasionar müayinədən sonra şəhadətləndirilməlidir” qərarı verilmişdir. Gizir İddiaçı stasionar müalicəsi bitdikdən sonra xx.xx.2022-ci il tarixdə təkrar şəhadətləndirmək üçün müraciət etmişdir. Müdafiə nazirinin 123 nömrəli əmrinin “Xəstəliklər cədvəli”nin 14 “b”, 18 “b”, 23 “b” maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə) əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” qərarı verilmişdir.

12. Ambulator kitabçadan (xəstəlik tarixindən) 108683 nömrəli çıxarışından məlum olur ki, İddiaçı “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez tez dekompensasiyalar, dissosativ daxilolmalar, funksional tutmalar, intihar cəhdləri ilə F07.0” diaqnozu ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin ambulator müalicədə olmuşdur.

13. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 4376 nömrəli rəyində diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalar, dissosativ daxilolmalar, funksional tutmalar, intihar cəhdləri ilə F07.0” kimi qeyd edilmişdir.

14. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” publik hüquqi şəxs 33 nömrəli şəhər Poliklinikasının xx.xx.2023-cü il tarixli 468 nömrəli cavab məktubunda bildirilmişdir ki, ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olan xx.xx.1999-cu il təvəllüdlü vətəndaş İddiaçı xx.xx.2022-ci il tarixdən F.06.8, F.62.0, F07.8 diaqnozu ilə 33 nömrəli Şəhər Poliklinikasının psixiatr kabinetində qeydiyyatdadır. Məktubda qeyd olunan xx.xx.2022 -ci il tarixdən xx.xx.2023-cü il tarixədək İddiaçı aşağıdakı müraciətləri qeyd olunmuşdur: Stasionar müayinə və müalicə: xx.xx.2022-xx.xx.2022 2 saylı KPX (F.06.8, F62.0, F07.8 diaqnozu ilə) stasionar müalicə; xx.xx.2022 PSM (F.62.0, F06.5 diaqnozu ilə) stasionar müalicə; xx.xx.2022-xx.xx.2023 2 saylı KPX (F06.8, F62.0, F07.8 diaqnozu ilə) stasionar müalicə; xx.xx.2023-xx.xx.2023 2 saylı KPX (F06.8, F62.0, F07.8 diaqnozu ilə) stasionar müalicə; xx.xx.2023-xx.xx.2023 2 saylı KPX (F06.8, F62.0, F07.8 diaqnozu ilə) stasionar müalicə; xx.xx.2023-xx.xx.2023 2 saylı KPX (F06.8, F62.0, F07.8 diaqnozu ilə) stasionar müalicə. Ambulator müraciətlər: xx.xx.2022-ci il ambulator gəliş, 2 saylı KPX göndəriş; xx.xx.2022-ci il (Pulsuz dərman); xx.xx.2022-ci il (Pulsuz dərman); xx.xx.2022-ci il 2 saylı KPX göndəriş; xx.xx.2023-cü il (Pulsuz dərman); xx.xx.2023-cü il 2 saylı KPX göndəriş; xx.xx.2023-cü il (Pulsuz dərman); xx.xx.2023-cü il əlillik təyinatı üçün HMK müayinəsi (33 nömrəli Şəhər Poliklinikası); xx.xx.2023-cü il əlillik təyinatı üçün HMK müayinəsi (2 saylı KPX); xx.xx.2023-cü il göndəriş (2 saylı KPX); xx.xx.2023-cü il təkrar HMK müayinəsi (33 nömrəli Şəhər Poliklinikası); xx.xx.2023-cü il HMK təkrar müayinə (2 saylı KPX); xx.xx.2023-cü il tarixdə vətəndaş İddiaçı 1 saylı RPX göndəriş almış, lakin epikriz təqdim etməmişdir.

15. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin xx.xx.2024-cü il tarixli 184 nömrəli cavab məktubuna əlavə edilmiş: - xx.xx.2024-cü il tarixli 101 nömrəli arxiv arayışından məlum olur ki, vətəndaş İddiaçı həqiqətən xx.xx.2022-ci il tarixdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında, xx.xx.2022-ci il tarixdə N nömrəli hərbi hissədə (Gəncə hospitalında) ambulator müayinələrdə və xx.xx.2020-ci il tarixdə N nömrəli hərbi hissənin (Gəncə hospitalın) Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. Diaqnoz: 1. Keçirilmiş Q.K.B.T (qapalı kəllə beyin travması,xx.xx.2020) Baş beyin silkələnməsindən sonrakı astenonevrotik təzahürü. (xx.xx.2022, BKH). Hal-hazırda cərrahi müalicə tələb edən patalogiya aşkar olunmadı (xx.xx.2020, 230 h/h). Partlayış travması nəticəsində keçirilmiş (xx.xx.2020) qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər. Baş təpə nahiyyəsinin kor qəlpəl yaralanmasından sonrakı bərkimiş dəri çapıqları. Hərbi travmadır, Azərbaycan Respublikası müdafiəsi zamanı alınmışdır. Keçirilmiş ikitərəfli pnevmoniya ilə fəsadlaşmış kəskin hipertenziya Covid keçirilməsindən sonrakı vəziyyət. Xəstəlik, hərbi xidmət dövründə alınmışdır (xx.xx.2020,230 h/h). Azərbaycan Respunlikasının Nazirlər Kabinetinin 200635 nömrəli qərarı ilə qəbul edilmiş əsasnaməyə əsasən hərbi xidmətə yararsızdır. Xəstəliyə görə 15 (on beş ) gün məzuniyyət verilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Baş Klinik X4 6041 nömrəli və 6628 nömrəli çıxarışı epikrizlərində diaqnoz “Xroniki qeyri-spesifik böyük ölçülü bilateral qasıq limfadeniti. Partlayış travması (xx.xx.2020), qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı” kimi qeyd edilmişdir. II. Məhkəmədə icraat

16. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, onun “Hərbi xdmətkeçmə haqqında” Əsasnamənin “Xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılmağı haqqında N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli Nəç nömrəli əmrinin ona aid hissəsində ləğv edilərək “xəstəliyə görə” maddəsi ilə ehtiyata buraxılması haqqında yeni əmrin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək N №-li hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 44 günlük Vətən Müharibəsində iştirak etmiş, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Füzuli istiqamətində yaralanmışdır. Aldığı yaralanma ilə əlaqədar xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Hacıqabul RMX-da, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N №-li hərbi hissədə, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək İmişli RMX-də müayinə və müalicədə olmuşdur. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir (Diaqnoz: “Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı astenonevrotik təzahürlər. Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin sirkələnməsindən sonrakı vegetativ-damar davamsızlığı”. Şəhadətləndirilməyi haqqında arayışın 10-cu bəndində isə onun stasionar müayinədən sonra şəhadətləndirilməli olduğu göstərilmişdir (əsas: AR MN Mərkəzi Hərbi Poliklinikasının 11104 №-li, xx.xx.2023-cü il tarixli arayışının surəti, ərizəyə əlavə olunur). Lakin o, heç bir şəhadətləndirilmə keçirilmədən N №-li hərbi hissə komandirinin (Xüsusi Təyinatlı Qüvvələr Komandanının) xx.xx.2022-ci il tarixli N əç №-li əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Hesab edir ki, onun hərbi xidmətdən ehtiyata buraxılmağı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 161-ci, 162-ci, 163-cü maddələrinin tələblərinin kobud şəkildə pozulması ilə müşayiət edildiyindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmağı haqqında N №-li hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli Nəç №-li əmrində dəyişiklik olunaraq həmin Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) ehtiyata buraxılması göstərilməlidir. Belə ki, onunla heç bir söhbətləşmə aparılmamış, ehtiyata buraxılmağı barədə ona heç bir xəbərdarlıq edilməmiş və ehtiyata buraxılmağa təqdim olunmazdan əvvəl hərbi xidmətə yararlılıq səviyyəsini yoxlanılması məqsədi ilə şəhadətləndirilmək üçün Hərbi Həkim Komissiyasına göndərilməmişdir. Baxmayaraq ki, AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2022-ci il tarixli arayışında onun stasionar müalicədən sonra şəhadətləndirilməyinin zəruri olduğu qeyd edilmişdir. Hesab edir ki, o, ehtiyata buraxılmazdan əvvəl şəhadətləndirilmək üçün Hərbi Həkim Komissiyasına göndərilmiş olsaydı o halda hərbi xidmətə yararsız hesab olunardı və “xidməti uyğunsuzluğa görə” maddəsi ilə yox, “xəstəliyə görə” maddəsilə ehtiyata buraxılmış olardı. Belə ki, o, ehtiyata buraxıldıqdan 2 ay sonra Səfərbərlik və HXÇ üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsi tərəfindən AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına şəhadətləndirilməyə göndərilmiş və Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab olunmuşdur. Onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “xidməti uyğunsuzluğa görə” maddəsi ilə ehtiyata buraxılmağı ilə əlaqədar inzibati araşdırmanın aparılması və araşdırmanın nəticələrinə görə onun “xidməti uyğunsuzluğa görə” maddəsilə ehtiyata buraxılmağı haqqında N №-li hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli N №-li əmrinin ləğv edilərək (və ya etibarsız hesab edilməsi) “xəstəliyə görə” maddəsi ilə ehtiyata buraxılmağı haqqında yeni əmrin verilməsi barədə qərar qəbul edilməsi xahişi ilə o, etibarnamə üzrə nümayəndəsi vasitəsi ilə cavabdehə və N №-li hərbi hissə komandirinə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət etmişdir. Cavabdehə ünvanladığı ərizə baxılması və nəticəsi haqqında müraciət müəllifinə məlumat verilməsi göstərişi ilə AR Müdafiə Nazirliyi tərəfindən 5/808 №-li xx.xx.2023-cü il tarixli məktubla N №-li hərbi hissəyə göndərilmişdir. Lakin müraciəti cavabsız və nəticəsiz qalmışdır.

18. İddiaçı məhkəməyə ərizələr ünvanlayaraq, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əsl cavabdeh N nömrəli hərbi hissə ilə əvəz olunması və N saylı hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli Nəç nömrəli əmrinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6. maddəsi və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuzluğa) ehtiyata buraxılması hissəsində dəyişdirilərək xəstəliyə görə ehtiyata buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, məhkəmənin qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi və cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizələr icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü

19. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş və iddia düzgün cavabdehə qarşı verilmişdir.

20. Hazırkı iddia İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir.

21. İPM-in 2.2-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia).

22. İPM-ə görə: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Maddə 8.1.3. İnzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır

23. Məhkəmə qeyd edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan həmin növ iddianın xüsusi mümkünlük şərti kimi İnzibati-Prosessual Məcəllənin 38-ci maddəsinə əsasən iddia müddətinə dair şərt ödənilmişdir. Belə ki, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə buraxılmış prosessual müddət bərpa edilmişdir.

24. Hazırki mübahisə iddiaçı ilə cavabdeh inzibati orqan arasında əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı olduğundan və iddiaçının xidməti yaşayış sahəsi olmadığından, hazırkı işə iddiaçının yaşayış yeri üzrə baxılır. İddiaçının yaşayış yeri olan Gədəbəy rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

25. Məhkəmə hesab edir ki, iddia ərazi aidiyyəti üzrə düzgün verilmişdir və ona Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

26. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər

27. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

28. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

29. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

30. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, tərəflərindən işin tam və hərtərəfli araşdırılması üçün iddiaçının ehtiyata buraxılmasına dair əmrin verilməsinə əsas olmuş sənədiər nəzərdən keçilmiş və xidmət müddətində bır sıra kobud intizam pozuntuları törətdiyi müəyyən edilmişdir. Belə ki, İddiaçı “əsgər” hərbi rütbəsində müddətdən artıq həqiq hərbi xidmətində olarkən xx.xx.2022-ci il tarixdə saat 14:00-da xidmət yerinə gəlməli olduğu halda, heç bir üzrlü səbəblər olmadan gəlməyərək xx.xx.2022-ci il tarixdə saat 16:00-da gəlmişdir. Qeyd olunan faktla bağlı hərbi hissədə təhqiqat aparılarkən, MAHHXHQ əsgər İddiaçı guya səhhətində olan narahatçılıqla bağlı, eləcə də anası və atasının qulluğa ehtiyacı olduğundan xidmətini davam etdirmək istəmədiyini və Ordu sıralarından tərxis olunmaq istədiyini bildirmiş, lakin xidməti vəzifələrinin icrasından azad olunması üçün hər hansı bir tibbi sənəd və ya arayış təqdim etməmişdir. İddiaçı əməlində cinayət tərkibi olmadığından əməlinə hüquqi qiymət verilərək CPM-nin 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, İddiaçı təkrarən xx.xx.2022-ci il tarixdə saat 13:00-da xidmət yerini üzrsüz səbəbdən özbaşına tərk etmiş və xx.xx.2022-ci il tarixdə saat 08:0Qda xidmət yerinə qayıtmışdır. Qeyd olunan faktla bağlı hərbi hissədə xidməti araşdırma aparılaraq MAHHXHQ əsgər İddiaçı intizam qaydasında cəzalandırılmışdır. Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2014-cü il tarixli 050 nömrəli əmri iiə təsdiq edilmiş “Azərbaycan Respublikası Siiahlı Qüvvələrində hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi işinin təşkiii haqqında” Qaydaların 2.1.1 -ci yanmbəndində göstərildiyi kimi xidmət yerini özbaşına tərk etmə və üzrlü səbəblər olmadan xidmət yerinə gəlməmə əməlləri kobud intizam pozuntuları hesab olunur. Həmçinin, MAHHXHQ əsgər İddiaçı xx.xx.2022-ci il tarixdə qadağan olunduğu halda xidmət yerinə “smartfon” tipli mobil telefon gətirərək istifadə etməsi aşkar edilmişdir. Bununla da onun tərəfindən Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.20219-cu il tarixli 010 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunda məxfilik rejiminin təmin ediiməsi haqqında Təlimat”ın, Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin “Azərbaycan Ordusunda mobil telefonların istifadəsi zamanı informasiya təhlükəsizliyinin təmin olunması haqqında” 09 aprel 2020-ci il tarixli 088 nömrəii əmrinin, eləcə də N nömrəli hərbi hissə komandirinin “N nömrəli hərbi hissədə və tabeliyində olan birləşmə və hissələrdə məxfilik rejiminin təmin edilməsi üzrə zəruri tədbirlərin həyata keçirilməsi haqqında” 08 dekabr 2021-ci il tarixii 0111 nömrəli və “Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin 09 aprel 2020-ci il tarixli 088 nömrəli əmrinin tələblərinin icrası haqqında” xx.xx.2020-ci il tarixli 038 nömrəli əmrlərinin tələbləri kobud şəkildə pozmuşdur. İddiaçı xidmət vaxtı yol verdiyi kobud intizam pozuntularına, hərbi hissə daxilində müəyyən olunmuş qayda-qanun və tələblərə əməl etmədiyinə və eləcə də digər nöqsanlarına görə dəfələrlə aidiyyəti vəzifəlilər tərəfindən fərdi söhbətlər aparılmasına baxmayaraq xidmətində müsbət tərəfə dönüş yaratmayaraq intizamsızlıq etməkdə davam etmiş, komandir və rəislərə qarşı hörmətsizlik edərək tabesizlik və saymamazlıq nümayiş etdirərək digər şəxsi heyətə də mənfi nümunə olmuş, bununla da hərbi hissədə nizam-intizamın qorunub saxlanılması işinə ciddi maneçilik törətmişdir. İddiaçı xidmətdə olarkən, gündəlik xidməti fəaliyyətlər zamanı nizamnamə tələblərinə riayət etmədiyindən, qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq rütbə və vəzifədə böyük olan şəxslərlə mübahisə etdiyinə, qadağan olunduğu halda xidmət yerinə “smartfon” tipli mobil telefon gətirərk sosial şəbəkələrdən aktiv şəkildə istifadə istifadə etdiyinə, təlimlərə getməmək üçün xəstəliyini bəhanə gətirərək xidməti vəzifələrinin icrasından yayındığına, vəzifə borclarını layiqincə yerinə yetirmədiyinə, habelə komandir, rəislərə və döyüş yoldaşlarına dəfələrlə yalan danışdığına, xidmət etdiyi bölmənin döyüş hazırlığının və ictimai-siyasi hazırlığının yüksəldilməsində komandirlərə və xidmət yoldaşlarına köməklik göstərmək əvəzinə, əksinə mənfi təsir göstərdiyinə görə xx.xx.2022ci il tarixdə Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2015-ci il tarixli 24 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların şərəf məhkəmələri haqqında Əsasnamə”nin 3-cü bəndinə uyğun olaraq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının şərəf məhkəməsində dinlənilmişdir. Həmin Əsasnamənin 5.2.6-cı yarımbəndinə uyğun olaraq MAHHXHQ əsgər İddiaçı “xidməti uyğunsuzluğa görə" ehtiyata buraxılması üçün şərəf məhkəməsi tərəfindən komandanlıq qarşısında vəsatət qaldırılmışdır. O, şərəf məhkəməsində dinlənilərkən şərəf məhkəməsinin qəbul etdiyi qərarla razı olduğunu bildirmişdir. Ehtiyata buraxılması ilə əlaqədar “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 162-ci maddəsinə uyğun olaraq İddiaçıla iki dəfə fərdi söhbət aparılmış, həmin Əsasnamənin 163-cü maddəsinə əsasən səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi həkim komissiyasına müayinə üçün göndərilməsi bildirilsə də, müayinəyə getməkdən qəti şəkildə imtina etmiş və qısa müddətdə ehtiyata buraxılmasını xahiş etmişdir. Söhbətləşmə vərəqələri MAHHXHQ əsgər İddiaçı tərəfindən öz xətti ilə yazılmış və imzası ilə təsdiq edilmişdir. Bildirirəm ki, MAHHXHQ əsgər İddiaçı hərbi xidmətə olan münasibəti, onun nizamnamələr və digər normativ hüquqi sənədlərlə müəyyən edilmiş hərbi xidmətkeçmə qaydalarını mütəmadi olaraq pozması, komandirlərə tabe olmaması, bununla da hərbi hissədə formalaşmış ümumi nizam-intizamın vəziyyətinə və xidmətin ahənginə mənfi təsir etməsi səbəbindən təxirəsalınmaz tədbirlərin görülməsinə zərurət yarandığından barəsində “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə uyğun olaraq xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması qərarı verilmiş və N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli Nəç nömrəli əmri ilə ehtiyata buraxılmışdır. Belə ki, Azərbaycan Respublikasının xx.xx.1994-cü il tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 50-ci bəndinə əsasən “Komandir hərbi hissədə, gəmidə (bölmədə) möhkəm daxili intizam yaratmalı, müəyyən edilmiş qayda-qanunun pozulması hallarının, hərbi hissənin, gəminin (bölmənin) döyüş qabiliyyətinə ziyan vura biləcək hər bir hadisənin qarşısını qəti surətdə almalıdır. Hər bir komandir (rəis) tabeliyində olanların ciddi hərbi intizamın zəruriliyini şüurlu surətdə dərk etmələrinə səy göstərməli, baş verə biləcək cinayətlərin, xoşagəlməz hadisə və hərəkətlərin qarşısını vaxtında almalı və onların yaranmasına səbəb ola biləcək amilləri vaxtında aşkar edib aradan qaldırmalı, hərbi intizamı və ictimai qayda-qanunu pozanlara qarşı mübarizədə ictimaiyyətin gücündən də istifadə etməyə diqqət yetirməlidir. Bundan başqa Azərbaycan Respublikasının xx.xx.1994-cü il tarixli 885 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı X3”nin 5-ci bəndinə əsasən “Hər bir komandir (rəis) .... intizamı pozanlara qarşı ciddi tədbirlər görməlidir.” “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 163-cü maddəsinə əsasən “Ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularında başqa) səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilir. Buraxılmanın səbəbləri müəyyənləşdiriləndən sonra onun nəticəsi nəzərə alınır.” Göründüyü kimi MAHHXHQ əsgər İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasının səbəbləri əvvəlcədən müəyyən edildiyindən və özü də hər iki söhbətləşmə zamanı bunu xahiş etdiyindən Əsasnamənin bu norrnasınin nəzərə alınmasına zərurət olmamışdır. Beləliklə, yuxarıdakılara əsasən iddiaçının ordu sıralarından ehtiyata buraxılmasında qanunla müəyyən olunmuş heç bir norma və prossedur pozulmamışdır.

31. İddiaçı məhkəmənin iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş emişdir.

32. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, onun barəsində Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə stasionar müayinədən sonra şəhadətləndirilməsi qərara alınmış, bundan sonra ona stasionar müalicə üçün hərbi hissə tərəfindən yeni göndəriş verilmişdir. O göndəriş üzrə səhəri gün klinikaya stasionar müalicə üçün müraciət etdikdə, ona yer olmadığı bildirildilmişdir. Respublika üzrə bütün hərbi qulluqçular Baş Klinik Hospitalında (Məkəzi Hərbi Klinik Hospital) müalicə olunduqlarından belə halların olması normal olduğundan o, gözləmişdir. Daha sonra isə onu hərbi hissəyə geri çağırıb onun vərəqini əlindən almışlar. Daha sonra isə ona ehtiyata buraxıldığı bildirilmişdir.

33. Məhkəmə qərarının elan edilməsi xx.xx.2024-cü il tarixə təxirə salınmışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

34. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - İddiaçıya məxsus xx.xx.2018-ci il tarixli SX ******* nömrəli hərbi bilet; - N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli 24 nömrəli qərarı; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 11104 nömrəli arayışı; - N nömrəli hərbi hissənin “V” taborunun komandirinin xx.xx.2022-ci il tarixli raportu; - N nömrəli hərbi hissəni müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının şərəf məhkəməsinin xx.xx.2022-ci il tarixli 5 nömrəli qərarı; - Xüsusi Təyinatlı Qüvvələr Komandanının xx.xx.2022-ci il tarixli Nəç nömrəli əmri; - N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 281 nömrəli əmri; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xəstəlik haqqında xx.xx.2022-ci il tarixli 14465 nömrəli qərarı (xəstəlik haqqında şəhadətnamə); - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının N nömrəli hərbi hissənin komandirinə ünvanladığı xx.xx.2023-cü il tarixli 8661 nömrəli məktubu; - N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 66 nömrəli arayışı; - Xəstəlik tarixindən çıxarışlar; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 4376 nömrəli rəyi; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” publik hüquqi şəxs 33 nömrəli şəhər Poliklinikasının xx.xx.2023-cü il tarixli 468 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusu əsasında əldə edilmiş İddiaçı şəhadətləndirilməsinə dair sənədlər. Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

35. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsalıdır və təmin edilməlidir.

36. Məhkəmə araşdırmaları nəticəsində iş materialları və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək N nömrəli hərbi hissədə həqiqi hərbi xidmət keçmiş, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Daşaltı-Şuşa istiqamətində gedən döyüşlər zamanı düşmən tərəfindən atılan minaatan mərmisi partlayışı nəticəsində xəsarət almışdır. Aldığı xəsarətlə əlaqədar olaraq ilkin tibbi yardım göstərildikdən sonra Füzuli MDM-nə, daha sonra N nömrəli hərbi hissəyə göndərilmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə stasionar müayinə və müalicədə olmuşdur. Müalicəsini davam etdirmək üçün İmişli RMX-na göndərilmiş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək İmişli RMX-da “Partlayış travması nəticəsində (xx.xx.2020) keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər. Sağ təpə nahiyəsinin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur.

37. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 11104 nömrəli arayışı ilə İddiaçı “Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər. Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ-damar davamsızlığı” diaqnozlu travmasının stasionar müayinədən sonra şəhadətləndirilməsi qərara alınmışdır.

38. N nömrəli hərbi hissənin “V” taborunun komandiri tərəfindən xx.xx.2022-ci il tarixdə raport tərtib edilərək “V” taborun “F” qrupunun kəşfiyyatçısı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı döyüş hazırlığı planında nəzərdə tutulan təlimlərdən və tədbirlərdən xəstəliyini bəhanə gətirərək yayındığını, xidmətə çıxmamaqla və dəfələrlə günün nizam qaydalarını pozaraq şəxsi heyətə pis nümunə olduğunu, hərbi hissə komandirinin İddiaçı ilə fərdi söhbət aparan zaman işlətdiyi ifadələri taborun şəxsi heyəti yanında təhrif etdiyinə və təxribat yönlü fikirlər səsləndirdiyini nəzərə alaraq şərəf məhkəməsinə çıxarılması barədə müvafiq sərəncam verilməsi xahiş edilmişdir. N nömrəli hərbi hissəni müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının şərəf məhkəməsinin xx.xx.2022-ci il tarixli 5 nömrəli qərarı ilə MAHHXHQ əsgər İddiaçı Azərbaycan Ordusunun sıralarından xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün vəsatət qaldırılması qərara alınmış, N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli təqdimatı ilə İddiaçı xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün vəsatət qaldırılmış və Xüsusi Təyinatlı Qüvvələr Komandanının xx.xx.2022-ci il tarixli Nəç nömrəli əmri ilə əsgər İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq hərbi xidmətdən ehtiyata buraxılmışdır.

39. Məhkəmə qeyd edir ki, hazırki mübahisənin predmetini iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmağı haqqında N №-li hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli Nəç №-li əmrində dəyişiklik olunaraq, iddiaçının ehtiyata buraxılması əsasının həmin Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) qeyd edilməsi təşkil edir.

40. Məhkəmə aşağıda qeyd olunanlara əsasən iddia tələbini qanuni və əsaslı hesab edir.

41. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 11104 nömrəli arayışı ilə İddiaçı “Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər. Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ-damar davamsızlığı” diaqnozlu travmasının stasionar müayinədən sonra şəhadətləndirilməsi qərara alınmışdır.

42. Göründüyü kimi, iddiaçının stasionar müayinədən sonra şəhadətləndirilməli olduğu göstərilmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə hərbi hissə tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçıya stasionar müalicə üçün göndəriş verilmiş, lakin onun cavabı gözlənilmədən, iddiaçı şəhadətləndirilmə keçirilmədən N №-li hərbi hissə komandirinin (Xüsusi Təyinatlı Qüvvələr Komandanının) xx.xx.2022-ci il tarixli, N əç №-li əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır.

43. Məhkəmə cavabdehin “İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasının səbəbləri əvvəlcədən müəyyən edildiyindən və özü də hər iki söhbətləşmə zamanı bunu xahiş etdiyindən Əsasnamənin bu normasının nəzərə alınmasına zərurət olmamışdır” dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasının səbəbləri əvvəlcədən müəyyən edildiyi halda onun şəhadətləndirilməyə göndərilməsi, habelə stasionar müalicədən sonra şəhadətləndirilməli olmasına dair MHHK-nın qərarı üzrə yeni göndərişin verilməsinə də zərurət olmazdı. Cavabdeh bütün bunları etdiyi halda, stasionar müalicənin və təkrar şəhadətləndirilmənin cavabını gözləmədən (xx.xx.2022-ci il tarixdə stasionar müalicəyə göndəriş verdikdən 5 gün sonra) xx.xx.2022-ci il tarixdə ehtiyata buraxılma barədə əmr vermişdir.

44. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının heç bir şəhadətləndirilmə keçirilmədən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmağı haqqında N №-li hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli Nəç №-li əmrinin qəbul edilməsi qanunsuz və əsassız olmuşdur.

45. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənyə görə: Bənd 156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: v) xəstəliyə görə — hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar; ... e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); Bənd 163. Ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularında başqa) səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilir. Buraxılmanın səbəbləri müəyyənləşdiriləndən sonra onun nəticəsi nəzərə alınır... Bu Əsasnamənin 156-cı maddəsinin «ə» bəndi, 158-ci maddəsinin «b» bəndi ilə buraxılmaya təqdim olunanlar, habelə ehtiyatdan çağırılan və 156-cı maddəsinin «q» bəndi ilə buraxılmaya təqdim olunanlar adətən hərbi-həkim komissiyasının müayinəsinə göndərilmirlər.

46. Məhkəmə həmçinin qeyd edir ki, N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli 24 nömrəli qərarı ilə N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı xx.xx.2022-ci il tarixdə saat 14:00-dan xx.xx.2022-ci il tarixdə saat 16:00-dək xidməti yerinə gəlməməsi əməlində Azərbaycan Respublikasının CM-nin 333.3-cü maddəsinin tərkibi yaranmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2ci maddəsinin tələblərinə əsasən onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda (2-ci səhifə, 2-ci abzas) İddiaçı səhhəti ilə bağlı hərbi xidmətini davam etdirə bilmədiyini, ona görə də ordu sıralardan təxris olunmaq istədiyini bildirdiyi qeyd edilmişdir.

47. Məhkəmə onu da nəzərə alır ki, iddiaçı ehtiyata buraxıldıqdan sonra stasionar müalicədə olmuş və onun Azərbaycan Respublikasının müdafiəsi zamanı xx.xx.2020-ci il tarixdə aldığı travma - Mülayim dərəcədə ifadə olunmuş üzvi dissosiativ pozuntu, kobud davranış pozuntuları ilə. Mülayim dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişiklikliyi. Partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, sefalgik və insomnik sindrom ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi. Sağ əlin ön və yan səthinin, sol əlin ön səthinin, çənənin və sağ yanağın bərkimiş dəri çapıqları kimi müəyyən edilmişdir.

48. Məhkəmə qeyd edir ki, cavabdehin etirazında qeyd etdiyi “iddiaçının hərbi qulluqçuya uyğun olmayan davranışları” da məhz onun Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı travmalarla bağlı olmuşdur.

49. Məhkəmə hazırkı qərarın motivasiyası kimi həm də iddiaçının hərbi xidmətə bərpa olunmaq istəməsini, yalnız ehtiyata buraxılma əmrinin əsasının dəyişdirilməsini xahiş etməsini və onun Vətən müharibəsi zamanı xidmətini və travma alması halını nəzərə alır.

50. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

51. Hazırkı mübahisəyə münasibətdə cavabdehin yuxarıda göstərilən qaydada iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, iş üzrə obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur.

27. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməli, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmağı haqqında N №-li hərbi hissə komandirinin (Xüsusi Təyinatlı Qüvvələr Komandanının) xx.xx.2022-ci il tarixli N əç №-li əmri dəyişdirilərək, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən ehtiyata buraxılması kimi qeyd edilməlidir.

52. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

53. Beləliklə qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunacaq maddi hüquq normalarına əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir.

54. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir.

Nəticəvi hissə:

30. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmağı haqqında N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli Nəç nömrəli əmri dəyişdirilərək, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən ehtiyata buraxılması kimi qeyd edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar