Məhkəmə qərarları › İş №2-1(114)-3384/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3384/2025

29.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3384/2025 29.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Məmmədova Ərkinaz Kamal qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə (bundan sonra mətndə cavabdeh) (üçüncü şəxs X6) qarşı “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Xanlar rayon Xanlar bələdiyyəsinin 21 dekabr 2004-cü il tarixli, 20 saylı qərarına əsasən yararsız torpaq sahəsindən 1,0 ha torpaq sahəsi tikinti işlərinin aparılması üçün İddiaçı satılması qərara alınmışdır. Torpaqların alqı-satqısına dair akt tərtib edilmiş, akt xx.xx.2004-cü il tarixində Xanlar rayon torpaq şöbəsində 154 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2004-cü il tarixli qəbz ilə müəyyən edilir ki, İddiaçı tərəfindən torpaq satışı ilə bağlı hesabına ******* manat məbləğində ödəniş edilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi tərəfindən tərtib edilmiş rəyə əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi bildirir ki, İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsi cəmi 1,0 hektar olmaqla Xanlar bələdiyyəsinin mülkiyyətinə aiddir. Satılması nəzərdə tutulan torpaq sahəsi yararsız torpaq sahəsi olmaqla həmin məqsəd üçün satılması qanunamüvafiqdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi tərəfindən tərtib edilmiş arayışına əsasən Xanlar bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 20 saylı qərarı ilə İddiaçı 1,0 hektar tikinti işlərinin aparılması məqsədi ilə torpaq sahəsinin alqı-satqı qaydasında satılması nəzərdə tutulmuşdur. Torpaq sahəsi Gəncə-Qazax zonasına aiddir.Həmin torpaq sahəsi 19 ballı V keyfiyyət qrupu yararsız olmaqla cəmi 1.0 hektardır və normativ qiyməti ******* manatdır .Satılacaq torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olmaqla ilk dəfə satılır. Göygöl rayon Dövlər Arxivinin xx.xx.2025-ci il tarixli arxiv arayışına əsasən Göygöl rayon Bələdiyyəsinin 21 dekabr 2004-cü il tarixli 20 saylı qərarı əsasında bələdiyyənin Qızılqaya qəsəbə ərazisindəki alqı-satqı predməti olan yararsız torpaq sahəsindən 1.0 hektar ayrılıb İddiaçı tikinti işlərinin aparılamsı ümün alql-satqı yolu ilə satıldığı göstərilmişdir. Əsas: Fond №212, siy. № 1, iş № 28, vpr. 13.14. İddiaçı Göygöl rayonu, Quşqara kəndində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə etdiyi müraciətinə idarənin xx.xx.2025-ci il tarixli 3-21-3-33/2-2073/2025 nömrəli imtina məktubundan görünür ki, aparılan araşdırma zamanı, torpaq sahəsinin Ərazi İdarəsinin elektron baza (AzCAD) məlumatlarına əsasən bələdiyyə mülkiyyətində olan ehtiyat fondu torpaqlarına, bir hissəsinin isə başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir, bu səbəbdən ərizənizin icrası mümkün olmamışdır. İmtina ilə razılaşmayan iddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən 1.0 ha torpaq sahəsi üzərində hüququnun tikinti məqsədli torpaq sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair etirazını təqdim etmişdir. Etirazda imtina əsasları təkrarlanmış və əlavə olaraq qeyd edilmişdir ki, Aparılan araşdırma zamanı, torpaq sahəsinin Ərazi İdarəsinin elektron baza (AzCAD) məlumatlarına əsasən, bələdiyyə mülkiyyətində olan ehtiyat fondu torpaqlarına, bir hissəsinin isə başqa şəxsə, yəni X4 məxsus **********87- 06301 reyestr nömrəli çıxarışla üst-üstə düşdüyü müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində məhkəmənin sualları aşağdakı şəkildə cavablandırılmışdır. 1.İddiaçı naturada təqdim etdiyi Göygöl rayonu.Qızılqaya qəsəbəsində yerləşən faktiki istifadəsində olan 1.0 ha tikinti məqsədli torpaq sahəsi naturada ölçülərək sahəsi, sərhədləri və döngə nöqtələri dəqiqləşdirildi. Xanlar rayonu Qızılqaya qəsəbəsi X9 Ərazisində Aparılan Torpaq İslahatına X5 Lahiyəsinə (DWJ) məlumatlarına əsasən bələdiyyə ehtiyyat fondu (BEF) torpaqlarıdır.Elektron baza məlumatlarında isə mülkiyyət forması bələdiyyə kateqoriyası ehtiyyat fond torpaqları təyinatı üzrə çoxillik əkmələr olan torpaqlar kimi qeyd edilib.

2. İddiaçı naturada təqdim etdiyi Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən faktiki istifadəsində olan 1.0 ha tikinti məqsədli torpaq sahəsi üzərində başqa şəxsin şəxslərin və ya orqanların hüquqları qeydiyyata alınmamışdır.

3. İddiaçı naturada təqdim etdiyi Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən faktiki istifadəsində olan 1.0 ha tikinti məqsədli torpaq sahəsi üzərindən və hava məkanından kommunikasiya xətti keçməsi halı müşahidə olunmadı. Elektron kadastr bazası məlumatlanna istinadən, torpaq sahəsinin mühafizə və qorunma zonalarında yerləşməsi halı aşkarlanmamışdır.

4. İddiaçı naturada təqdim etdiyi Göygöl rayonu.Qızılqaya qəsəbəsində yerləşən faktiki istifadəsində olan 1.0 ha tikinti məqsədli torpaq sahəsi digər şəxslərin hüquqlarına toxunmur,üst-üstə düşmə yoxdur.

5. İddiaçı naturada təqdim etdiyi Göygöl rayonu,Qızılqaya qəsəbəsində yerləşən faktiki istifadəsində olan 1.0 ha tikinti məqsədli torpaq sahəsinin konfuqrasiyası və koordinatları rəyə əlavə edilmiş cizgi planında əks olunmuşdur.

6. İddiaçı naturada təqdim etdiyi Göygöl rayonu,Qızılqaya qəsəbəsində yerləşən faktiki istifadəsində olan 1.0 ha tikinti məqsədli torpaq sahəsində tikinti yoxdur.Boş torpaq sahəsidir.

7. İddiaçı Famil qızının naturada təqdim etdiyi Göygöl rayonu,Qızılqaya qəsəbəsində yerləşən faktiki istifadəsində olan 1.0 ha tikinti məqsədli torpaq sahəsi. Xanlar rayonu Qızılqaya qəsəbəsi X11 Ərazisində Aparılan Torpaq İslahatına X5 Lahiyəsinə (DWJ) əsasən J№58 saylı (kod ********) saylı dövlət aktı ilə üst-üstə düşür.J№58 saylı (kod ********) dövlət aktı ilə ayrılmış 1.0 ha torpaq sahəsi sözü gedən torpaq sahəsinin qonşuluğunda yerləşir və faktiki olaraq qonşuluğunda hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır.Son elektron baza məlumatlarına əsasən üst-üstə düşmə halı yoxdur. 8.İddiaçı naturada təqdim etdiyi Göygöl rayonu,Qızılqaya qəsəbəsində yerləşən faktiki istifadəsində olan 1.0 ha tikinti məqsədli torpaq sahəsi ayrılan zaman bələdiyyə ehtiyyat fond torpaqları kateqoriyasına aid olub. 9.İddiaçı naturada təqdim etdiyi Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən faktiki istifadəsində olan 1.0 ha tikinti məqsədli torpaq sahəsi Xanlar rayonu X1 Planından Çıxarışa əsasən J№58 saylı (kod ********) dövlət aktı ilə ayrılmış torpaq sahəsinin hüdudları daxilində (üst-üstə düşmə) görsənsədə,faktiki olaraq sözü gedən torpaq sahəsinin qonşuluğunda yerləşir.Beləki J№58 saylı (kod ********) dövlət aktı əsasında ayrılmış 1.0 ha torpaq sahəsi faktiki vəziyyətinə uyğun olaraq hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır. 10.İddiaçı naturada təqdim etdiyi Göygöl rayonu.Qızılqaya qəsəbəsində yerləşən faktiki istifadəsində olan 1.0 ha tikinti məqsədli torpaq sahəsi Xanlar rayonu X1 Planında Çıxarışda (miqyas 1:10 000) torpaq sahəsinin ayrılması ölçüləri göstərilmədiyi üçün uyğunluq və ya qeyri uyğunluq müəyyən edilmədi. 11.Xanlar rayonu X1 Planından Çıxarışda sözü gedən torpaq sahəsinin koordinatları ölçüləri göstərilmədiyindən hər hansı şəxslərlə üst-üstə düşmə halı aşkarlanmadı.

12. Rəy hazırlanan zaman verilən sualların cavabı 2005-ci il tarixli Xanlar rayonu Qızılqaya qəsəbəsi X13 Ərazisində Apanlan Torpaq islahatına X5 Lahiyəsinə (DWJ) və yeni elektron baza məlumatlarına (TEKUtS) əsasən hazırlanmışdır. İddiaçı və cavabdehin nümayəndəsi X3 məhkəmə iclasına gəlmiş, üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat təqdim etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbininin dəqiləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilməsini və Xanlar rayon Xanlar bələdiyyəsinin 21 dekabr 2004-cü il tarixli, 20 saylı qərarı ilə ona satılmış və faktiki istifadəsində olan 1.0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və torpaq sahəsinin plan və ölçüsü sənədinin və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş,ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçının faktiki istifadə etdiyi 1.0 ha torpaq sahəsinin mütəxəssis rəyi ilə də göründüyü kimi üst-üstə düşmə halı yoxdur və qeyd etmişdir ki, Xanlar rayon Xanlar bələdiyyəsinin 21 dekabr 2004-cü il tarixli, 20 saylı qərarı ilə torpaq sahəsi ayrılan zaman sahibkarlıq məqsədi ilə ayrılsa da, torpaq sahəsi kənd təsərrüfatı təyinatlı bələdiyyənin ehtiyyat fonduna daxil olan torpaq sahəsi olduğundan qanunvericilikdə sahibkarlıq məqsədi ilə mülkiyyətə verilməsinin nəzərdə tutulmamışdır, bu səbəbdən etirazı müdafiə edərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

Əsaslandırıcı hissə:

İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İşin hallarından görünür ki, Xanlar rayon Xanlar bələdiyyəsinin 21 dekabr 2004-cü il tarixli, 20 saylı qərar ilə həyətyanı məqsədilə 1.0 ha torpaq sahəsi iddiaçıya satılmışdır. Bununla bağlı tərəflər arasında “Torpaqların alqı-satqısına dair akt” bağlanmış, iddiaçı tərəfindən bələdiyyənin hesabına ödəniş edilmişdir. Hazırkı inzibati mübahisə mahiyyət etibarı ilə bələdiyyə qərarı ilə iddiaçıya satılmış torpaq sahəsinə hüququn qeydə alınmasından ibarətdir. Torpaq Məcəlləsinin 56-cı maddəsinə (həmin torpaq sahəsi satılan zaman qüvvədə olan redaksiyası) əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 68-ci maddəsində qeyd olunur ki, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.3. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub olmamasından asılı olmayaraq haqqı ödənilməklə aşağıdakılara verilir: 7.3.1. fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına; 7.3.2. fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına və onların kooperativlərinə; 7.3.3. sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 9.2. Bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə:

5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.

6. Bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar.

7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında qərara alınmışdır ki, Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(102)- 716/2024 saylı qərarında ifadə edilmiş mövqeyə əsasən: İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinin rəyində satılması nəzərdə tutulan torpaq sahəsi cəmi 1,0 hektar olmaqla Xanlar bələdiyyəsinin mülkiyyətinə aiddir. Satılması nəzərdə tutulan torpaq sahəsi yararsız torpaq sahəsi olmaqla həmin məqsəd (tikinti işlərinin aparılması) üçün satılması qanunamüvafiq olması qeyd edilmişdir.Vurğulamaq lazımdır ki, bu rəy torpaq sahəsi ayrılan zaman səlahiyyətli orqan tərəfindən verilmişdir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin rəy verilən zaman qüvvədə olan redaksiyasına əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanın əvvəlki redaksiyasına əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanları” səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Yuxarıda da qeyd edildiyi kimi hazırki iş üzrə torpağın təyinatı və satılmağa uyğunluğu ilə bağlı rəy həmin dövr üçün səlahiyyətli orqan olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumu Xanlar rayon şöbəsi tərəfindən verilmişdir. İşdə olan sənədlərlə təsdiq olunur ki, torpaq sahəsinin iddiaçıya satılması barədə bələdiyyə qərarı ilə yanaşı torpaq sahəsinin iddiaçıya satılması barədə iddiaçı ilə bələdiyyə arasında bağlanmış alqı-satqı müqaviləsi, müqavilənin rayon torpaq şöbəsində qeydə alınması barədə məlumat, torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması, kənd daxili olmaqla satılmasının qanunamüvafiqliyi barədə rayon torpaq şöbəsinin rəyi, habelə rayon torpaq şöbəsinin təsdiq etdiyi yer quruluşu planı mövcud olmuşdur. Məhkəmə əlavə olaraq bildirir ki, fərmanda sadəcə olaraq torpaq sahə ilə bağlı rəy verən orqanların adı dəyişdirilmişdir. Həmin fərmanda, eləcə də başqa bir normativ hüquqi aktda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları tərəfindən verilmiş rəylərin etibarsızlığı və ləğv edilməli olması ilə bağlı müddəa mövcud deyildir. Odur ki, iddiaçının mübahisə edilən torpaq sahəsinə mülkiyyət hüququnun təsdiq edilməsi üçün zəruri sənədlərə (torpaqların alqı-satqısına dair akt, mübahisəli torpaq sahəsinin yerləşdiyi yerə uyğun yerquruluşu haqqında plan, həmçinin torpaq sahəsinin satılmağa uyğunluğu barədə səlahiyyətli orqanın rəyi) malik olduğundan onun tələbi əsaslıdır. Məhkəmə Ali Məhkəmənin yuxarıda qeyd edilmiş mövqeyinidə əsas götürməklə hesab edir ki, iddiaçının daşınmaz əmlak üzərində hüququnun qeydə alınmasında imtina belə olan halda iddiaçının etimad hüququnun pozulmasına səbəb olur. Eyni zamanda məhkəmə qeyd edir ki, Göygöl rayon Dövlər Arxivinin xx.xx.2025-ci il tarixli arxiv arayışına əsasən müəyyən edilir ki, Göygöl rayon Bələdiyyəsinin 21 dekabr 2004-cü il tarixli 20 saylı qərarı əsasında bələdiyyənin Qızılqaya qəsəbə ərazisindəki alqısatqı predməti olan yararsız torpaq sahəsindən 1.0 hektar ayrılıb İddiaçı tikinti işlərinin aparılamsı ümün alqı-satqı yolu ilə satıldığı göstərilmişdir. (Əsas: Fond №212, siy. № 1, iş № 28, vpr. 13.14), Xanlar rayon Xanlar bələdiyyəsinin 21 dekabr 2004-cü il tarixli, 20 saylı qərarı ilə iddiaçıya yararsız torpaq sahəsindən 1,0 ha torpaq sahəsi tikinti işlərinin aparılması üçün ayrılmışdır, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi tərəfindən tərtib edilmiş rəydəndə göründüyü kimi satılması nəzərdə tutulan torpaq sahəsi cəmi 1,0 hektar olmaqla yararsız torpaq sahəsidir. Hazırkı mübahisə üzrə cavabdeh orqan torpaq sahəsinin Ərazi İdarəsinin elektron baza (AzCAD) məlumatlarına əsasən bələdiyyə mülkiyyətində olan ehtiyat fondu torpaqlarına, bir hissəsinin isə başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsinə istinad edərək iddiaçının müraciətinin təmin olunmasından imtina edir. Həmin arqumenti əsassız hesab edən məhkəmə qeyd edir ki, işdəki mütəxəssis rəyi o cümlədən cavabdeh orqanın nümayəndəsinin izahatı ilə də müəyyən edilir ki, İddiaçı naturada təqdim etdiyi Göygöl rayonu,Qızılqaya qəsəbəsində yerləşən faktiki istifadəsində olan 1.0 ha tikinti məqsədli torpaq sahəsi Xanlar rayonu Qızılqaya qəsəbəsi X12 Ərazisində Aparılan Torpaq İslahatına X5 Lahiyəsinə (DWJ) əsasən J№58 saylı (kod ********) saylı dövlət aktı ilə üst-üstə düşür.J№58 saylı (kod ********) dövlət aktı ilə ayrılmış 1.0 ha torpaq sahəsi sözü gedən torpaq sahəsinin qonşuluğunda yerləşir və faktiki olaraq qonşuluğunda hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır.Son elektron baza məlumatlarına əsasən üst-üstə düşmə halı yoxdur. Göründüyü kimi, iddiaçının tələbinin təmin olunmamasına əsas verən hallar mövcud deyildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Belə olan halda iddiaçı hazırkı tələbində haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. Xanlar rayon Xanlar bələdiyyəsinin 21 dekabr 2004-cü il tarixli, 20 saylı qərarı ilə İddiaçı satılmış və faktiki istifadəsində olan 1.0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və torpaq sahəsinin plan və ölçüsü sənədinin və çıxarışın verilməsi öhdəliyi cavabdeh orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar