Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-339/2024 14.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı sorğuya rəsmi qaydada cavab vermək öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı sorğuya rəsmi qaydada cavab vermək vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. Məhkəmədə icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun xx.xx.2022-ci il tarixli sorğusuna rəsmi qaydada cavab vermək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2022-ci il tarixli sorğu ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Sorğu səkkiz sualdan ibarət olmaqla, əri X1 2017-ci ilin may ayında, hərbi xidmət zamanı, şərti adı “Tərtər işi” olan işgəncələr prosesində vəhşicəsinə öldürülməsi ilə əlaqədardır.
3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər
4. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilərək hazırlı icraatı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
5. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər.
6. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi:
7. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, hazırkı iddia geri götürülmüş sayılmalı və icraata xitam verilməlidir.
8. Belə ki, iddiaçı onun Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ünvanladığı xx.xx.2022-ci il tarixli sorğusunun cavablandırılmadığını əsas gətirərək, hazırkı iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli sorğusuna rəsmi qaydada cavab vermək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı iddia ərizəsinin qoşması kimi əlavə olunan sənədlərin siyahısında cavabdehə ünvaladığı sorğunun surəti və məktubun göndərilməsi barədə qəbzin surətini qeyd etsə də, Gəncə İnzibati Məhkəməsinin dəftərxana işçiləri tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktla müəyyən edilir ki, iddiaçı tərəfindən göndərilmiş zərf açılarkən iddia ərizəsinin qoşmasında göstərilən sənədlərin iddia ərizəsinə əlavə edilməmişdir.
10. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-25/4/2-5307/2023 nömrəli cavab məktubuna əlavə edilmiş Müdafiə nazirinin Katibliyinin xx.xx.2023-cü il tarixli 3-25-4/2-H-144xx-xx/2023 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı Müdafiə Nazirliyinə xx.xx.2022-ci il tarixində müraciəti daxil olmamışdır.
11. Məhkəmə iclasları bir neçə dəfə təxirə salınmasına baxmayaraq, iddiaçı məhkəməyə gəlmədiyindən ona xx.xx.2023-cü il tarixli bildiriş ünvanlanaraq, işin hallarının araşdırılması üçün məhkəmənin xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirakının zəruri olduğu, iclasa gələrkən iddia ərizəsinin qoşmasında göstərilən sənədləri, o cümlədən cavabdeh orqana xx.xx.2022-ci il tarixdə müraciət etdiyini sorğunu məhkəməyə gətirməsi tələb olunmuş, eyni zamanda məhkəmə iclasının bir neçə dəfə təxirə salnmasına baxmayaraq, əvvəlki məhkəmə iclaslarında da iştirak etməməsinin iddiaya prosessual marağının itdiyini göstərdiyi, təyin edilmiş məhkəmə iclasında iştirak etməyəcəyi halda məhkəmənin bunu icraatından yayınmaq kimi qiymətləndirərək, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən iddiasının geri götürülmüş sayılacağı barədə xəbərdarlıq edilmişdir.
12. Lakin iddiaçı məhkəmə iclasına gəlməmiş və tələb olunan sənədləri təqdim etməmişdir.
13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.
14. Həmin Məcəllənin 55.5-ci maddəsinin birinci cümləsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
15. "M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında İPM-in 55.3-cü maddəsinin məhkəmə təcrübəsində düzgün və dürüst tətbiqinin şərtlərinə dair hüquqi mövqelər ortaya qoyulmuşdur.
16. Konstitusiya Məhkəməsinin sözügedən qərarında aşağıdakılar göstərilmişdir: "İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır. Məhdudiyyətin mütənasibliyinə gəldikdə isə qeyd olunmalıdır ki, qanunvericilik bu meyarın tələblərini nəzərə alaraq iddianın geri götürülmüş sayılması haqqında qərardadın qəbulunu bir neçə qayda ilə şərtləndirmişdir. Belə ki, belə qərardadın çıxarılmasından öncə məhkəmə mütləq tələb irəli sürməlidir. Burada nəzərə almaq lazımdır ki, tələb xəbərdarlıq məqsədi daşıyır. Yəni məhkəmə iddiaçının davranışından artıq görür ki, iddiaçı mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır və bu davranışın hüquqa zidd olduğunu iddiaçının nəzərinə çatdırır. İddiaçının ciddi nəticələrlə üzləşə biləcəyini, habelə məhkəməyə müraciət etmək hüququnun demokratik cəmiyyətdə vacibliyini nəzərə alaraq, məhkəmə bu tələbi iddiaçıya onun davranışı haqqında tutarlı və mötəbər dəlillərə malik olduğu təqdirdə irəli sürə bilər. Bundan əlavə, öz məqsədlərinə nail olmaq üçün tələb aşağıdakı şərtlərə cavab verməlidir: - məhkəmənin iddiaçıdan konket olaraq nə gözlədiyi göstərilməlidir (məsələn, müvafiq sənədləri və digər sübutları təqdim etmək və ya iddianı əsaslandırmaq və s.); tələbin məhz məhkəmə (müvafiq hakim) tərəfindən irəli sürüldüyü aşkar bilinməlidir və buna görə o, hakimin imzası ilə təsdiq olunmalıdır; - tələb iddiaçıya sübut oluna biləcək qaydada çatdırılmalıdır (təqdim olunmalıdır); - tələbin iddiaçı tərəfindən yerinə yetirilməməsinin hüquqi nəticələri (iddianın geri götürülmüş sayılması və prosessual xərclərin ödənilməsi vəzifəsi) qanunun müvafiq maddələrinə istinad edilməklə aydın şəkildə ifadə olunmalıdır. Məhkəmənin bu meyarlara cavab verən tələbinin irəli sürülməsinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia məhkəmə tərəfindən geri götürülmüş sayılır".
17. Göründüyü kimi, hazırkı işdə iddiaçıya yuxarıda qeyd olunan meyarlara tam cavab verən sərəncamlar göndərilməsinə baxmayaraq, 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmışdır.
18. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 55.3-cü maddəsini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı sorğuya rəsmi qaydada cavab vermək öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası geri götürülmüş sayılsın və inzibati iş üzrə məhkəmə icraatına xitam verilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva