Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3391/2023 21.12.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı mənzilin özəlləşdirilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı mənzilin özəlləşdirilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Bərdə rayon X6 İcraiyyə Komitəsi Mənzil İstismar Kontorunun xx.xx.1989-cu il tarixli 640 nömrəli arayışında qeyd edilmişdir ki, mərhum X5 həqiqətən Bərdə şəhəri, Nizami küçəsi, 108 nömrəli evin 2 nömrəli mənzilində vəfat edənə kimi yaşamışdır.
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bərdə rayon Hərbi Komissarlığının xx.xx.2005-ci il tarixli 3/2298 nömrəli arayışına əsasən 1924-cü il təvəllüdlü X5 həqiqətən də 16 sentyabr 1942-ci il tarixdən 20 yanvar 1945-ci il tarixədək X13ndə döyüşən ordunun tərkibində iştirak etmişdir.
3. Bərdə Mənzil Təmir İstismar Sahəsinin xx.xx.2009-cu il tarixli müqaviləsinə əsasən İddiaçı hər ay evin xidmət haqqını, zibil tullantılarını daşıyaraq və kanalizasiya xəttindəki nasazlıqları müntəzəm olaraq aradan qaldıracaq, il ərzində 13-96 manat vəsait ödəyəcəkdir. Müqavilə xx.xx.2009-cu il tarixdən qüvvədədir.
4. Bərdə Rayon İcra Hakimiyyətinin xx.xx.2011-ci il tarixli 189 nömrəli orderində qeyd edilmişdir ki, İddiaçı 3 nəfərdən ibarət ailəsi ilə birlikdə Nizami küçəsində, 108 saylı evdə, 2 saylı mənzil 1-ci blokda 1-ci mərtəbədə iki otaqdan ibarət 30.3 kv.m mənzil sahəsi tutmağa ixtiyarı vardır.
5. Azərbaycan Respublikası Azər Mənzil Komplekt Layihə Təmir Birliyi Bərdə Mənzil Təmir İstismar Sahəsinin xx.xx.2011-ci il tarixli 2214 nömrəli arayışından (Forma 2) məlum olur ki, Bərdə rayon (şəhər XDS) İcraiyyə Komitəsi Mənzil Təmir İstismar Sahəsinin balansında olan ünvan 1 ünvanında yerləşən evin maliyyə şəxsi hesabı xx.xx.2011-ci il tarixdə İddiaçı adına açılmışdır və ailə tərkibi aşağıdakı kimi olmuşdur: arvadı – X7, oğlu – X12 və qızı – X3.
6. Azərbaycan Respublikası Azər Mənzil Komplekt Layihə Təmir Birliyi Bərdə Mənzil Təmir İstismar Sahəsinin Bərdə Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli 61 nömrəli və xx.xx.2023-cü il tarixli 28 nömrəli məktublarında bildirilmişdir ki, şəhərin Nizami (indiki H.Əliyev prospekti) 108/2 ünvanında sahəsi 30.3 kv.m 2 otaqdan ibarət mənzili Bərdə rayon İcraiyyə Komitəsi tərəfindən 1959-cu ildə X13 iştirakçısı 2-ci qrup əlil olmuş X2 bağışlanmışdır. Həmin müddətdən ailəsi ilə birlikdə həmin ünvanda yaşamışlar. Hal-hazırda mərhumun oğlu İddiaçı, yoldaşı X7, oğlu X12 ilə birgə həmin ünvanda yaşayırlar. MTİS-ə mənzilin kirayə haqqını və kommunal borcunu vaxtlı vaxtında ödəyirlər.
7. Azərbaycan Respublikası Azər Mənzil Komplekt Layihə Təmir Birliyi Bərdə Mənzil Təmir İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli 28 nömrəli məktubunda bildirilmişdir ki, H.Əliyev prospekti (Nizami küçəsi), 108/2 saylı mənzildə 1959-cu ildən yaşayan İddiaçı yaşadığı mənzilin rəsmiləşdirmək üçün order sənədi verə bilmirlər.
8. Bərdə rayon qeydiyyat şöbəsinin 01.2023-cü il tarixli arayışına əsasən X5 qəflətən ürək tutmasından xx.xx.1989-cu il tarixdə Bərdə rayonunda ölmüşdür. Bu barədə 1989-cu kitabın 09.09. səhifə 136 qeydiyyat aparılmışdır.
9. İddiaçı ünvan 5 ünvanında yerləşən mənzilin özəlləşdirilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmiş və İdarənin xx.xx.2023-cü il tarixli 3-21-3-46/2-R-00xx-xx/2023 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, aparılan araşdırma zamanı tərəfindən sözügedən mənzil sahəsinin özəlləşdirilməsi üçün hüquqmüəyyənedici sənədin təqdim olunmadığı aşkar edilmişdir. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq bildirilir ki, tərəfindən mənzil üzərində hüquqların dövlət qeydiyyatı üçün sənəd-əsaslar təqdim olunmadığına görə sözügedən mənzilin özəlləşdirilməsi mövcud qanunvericiliyin tələblərinə uyğun deyildir.
10. Məhkəmənin sorğusuna Bərdə rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 161 nömrəli cavab məktubunda bildirilmişdir ki, rayon Dövlət Arxivində 68 saylı fondda mühafizə edilən Bərdə XDS İK-nın fond sənədləri yoxlanılmış, ünvan 6 ünvanının X2 bağışlanması (ayrılması) barədə heç bir məlumata rast gəlinməmişdir.
11. Məhkəmənin sorğusuna Bərdə rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 226 nömrəli cavab məktubunda bildirilmişdir ki, Bərdə Rayon İcra Hakimiyyəti başçısının 2011ci ilə aid sərəncamları rayon Dövlət Arxivinin mühafizəsinə təhvil verilmədiyi üçün sorğuya cavab vermək imkan xaricindədir.
12. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Azər Mənzil Komplekt Layihə Təmir Birliyi Bərdə Mənzil Təmir İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli 76 nömrəli cavab məktubunda bildirilmişdir ki, şəhərin H.Əliyev prospekti, bina 108/2 saylı 30,3 kv.m olan 2 otaqlı mənzil MTİS-nin balansındadır. 1959-cu ildə X1 Vətən müharibəsi iştirakçısı olduğu üçün rayon İcraiyyə Komitəsi tərəfindən verilmişdir. Həmin mənzilin X2 bağışlanması haqqında İdarədə heç bir rəsmi sənəd yoxdur. 1959-cu ildən həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşayıb xx.xx.1989-cu ildə vəfat edib, hal-hazırda həmin mənzildə oğlu İddiaçı ailə üzvləri ilə birgə yaşayır, mənzil kommunal xərclərini vaxtlıvaxtında ödəyir və daimi pasport qeydiyyatındadır. II. Məhkəmədə icraat
13. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Bərdə şəhəri, H.Əliyev prospekti (keçmiş Nizami küçəsi), bina 108 ünvanında yerləşən sahəsi 30.3 kv.m 2 otaqdan ibarət 2 saylı mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bərdə şəhəri, H.Əliyev prospekti (keçmiş Nizami küçəsi) bina 108 ünvanında yerləşən sahəsi 30.3 kv.m 2 otaqdan ibarət 2 saylı mənzili Bərdə Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin tərəfindən 1959-cu il tarixdə mərhum atası X2 bağışlanmışdır. Atası xx.xx.1989-cu ildə vəfat etmişdir. Hazırda həmin mənzildə o ailə üzvləri ilə birlikdə yaşayır və maneəsiz olaraq istifadə edir. Bərdə rayon Mənzil İstismar Sahəsinin verdiyi arayışdan görünür ki, mənzilin kommunal ödənişlərini vaxtlı-vaxtında ödəyir. Bərdə rayon Mənzil İstismar Sahəsinin verdiyi digər arayışdan görünür ki, Bərdə şəhəri, H.Əliyev prospekti (keçmiş Nizami küçəsi) bina 108 ünvanında yerləşən sahəsi 30.3 kv.m 2 otaqdan ibarət 2 saylı mənzili X13 iştirakçısı olduğu üçün Lələkişi Rüstəmova bağışlanmışdır. Qeyd edir ki, sözügedən mənzil üzərində mülkiyyət hüquqlarını qeydə aldırmaq üçün ərizə və sənədlərlə birlikdə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarədən ona xx.xx.2023-cü il tarixli, 3-21-3-46/2-R-00xx-xx/2023 saylı məktubla imtina cavabı verilmişdir.
15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü
16. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
17. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
18. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
19. Cavabdehin yerləşdiyi Bərdə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
20. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
21. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
22. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
23. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
24. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
25. Cavabdehin nümayəndəsi X9 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, tələbin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir.
26. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
27. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Bərdə rayon X6 İcraiyyə Komitəsi Mənzil İstismar Kontorunun xx.xx.1989-cu il tarixli 640 nömrəli arayışı; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bərdə rayon Hərbi Komissarlığının xx.xx.2005-ci il tarixli 3/2298 nömrəli arayışı; - Bərdə Mənzil Təmir İstismar Sahəsinin xx.xx.2009-cu il tarixli müqaviləsi; - Bərdə Rayon İcra Hakimiyyətinin xx.xx.2011-ci il tarixli 189 nömrəli orderi; - Azərbaycan Respublikası Azər Mənzil Komplekt Layihə Təmir Birliyi Bərdə Mənzil Təmir İstismar Sahəsinin xx.xx.2011-ci il tarixli 2214 nömrəli arayışı; - Azərbaycan Respublikası Azər Mənzil Komplekt Layihə Təmir Birliyi Bərdə Mənzil Təmir İstismar Sahəsinin Bərdə Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli 61 nömrəli və xx.xx.2023-cü il tarixli 28 nömrəli məktubları; - Azərbaycan Respublikası Azər Mənzil Komplekt Layihə Təmir Birliyi Bərdə Mənzil Təmir İstismar Sahəsinin Bərdə Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli 28 nömrəli məktub; - Bərdə rayon qeydiyyat şöbəsinin 01.2023-cü il tarixli arayışı; - Məhkəmənin sorğusuna Bərdə rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 161 nömrəli və xx.xx.2023-cü il tarixli 226 nömrəli cavab məktubları; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Azər Mənzil Komplekt Layihə Təmir Birliyi Bərdə Mənzil Təmir İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli 76 nömrəli cavab məktubu; - Cavabdeh orqanın xx.xx.2023-cü il tarixli 3-21-3-46/2-R-00xx-xx/2023 nömrəli imtina məktubu.
Əsaslandırma hissəsi:
Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
28. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
29. İş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Azər Mənzil Komplekt Layihə Təmir Birliyi Bərdə Mənzil Təmir İstismar Sahəsinin Bərdə Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli 61 nömrəli və xx.xx.2023-cü il tarixli 28 nömrəli məktublarında bildirilmişdir ki, şəhərin Nizami (indiki H.Əliyev prospekti) 108/2 ünvanında sahəsi 30.3 kv.m 2 otaqdan ibarət mənzili Bərdə rayon İcraiyyə Komitəsi tərəfindən 1959-cu ildə X13 iştirakçısı 2-ci qrup əlil olmuş X2 bağışlanmışdır. Daha sonra Bərdə rayon (şəhər XDS) İcraiyyə Komitəsi Mənzil Təmir İstismar Sahəsinin balansında olan ünvan 1 ünvanında yerləşən evin maliyyə şəxsi hesabı xx.xx.2011-ci il tarixdə İddiaçı adına açılmışdır.
30. İddiaçı ünvan 10 ünvanında yerləşən mənzilin onun adına qeydə alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş və İdarənin xx.xx.2023-cü il tarixli imtina məktubu ilə mənzilin özəlləşdirilməsi üçün hüquqmüəyyənedici sənədlərin təqdim olunmadığını əsas gətirilməklə, müraciəti təmin edilməmişdir.
31. Məhkəmə aşağıdakılara görə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur.
32. Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır.
33. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi.
34. Göründüyü kimi, iddiaçı cavabdeh orqana ünvan 10 ünvanında yerləşən mənzilin onun adına özəlləşdirilməsinə əsas kimi Azərbaycan Respublikası Azər Mənzil Komplekt Layihə Təmir Birliyi Bərdə Mənzil Təmir İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli 61 nömrəli, xx.xx.2023-cü il tarixli 28 nömrəli məktublarını və xx.xx.2011-ci il tarixli 2214 nömrəli arayışını təqdim etmişdir. Lakin məhkəmənin sorğusuna Bərdə rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 161 nömrəli cavab məktubunda bildirilmişdir ki, rayon Dövlət Arxivində 68 saylı fondda mühafizə edilən Bərdə XDS İK-nın fond sənədləri yoxlanılmış, ünvan 6 ünvanının X2 bağışlanması (ayrılması) barədə heç bir məlumata rast gəlinməmişdir.
35. Bundan başqa, məhkəmənin sorğusuna Azərbaycan Respublikası Azər Mənzil Komplekt Layihə Təmir Birliyi Bərdə Mənzil Təmir İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli 76 nömrəli cavab məktubunda bildirilmişdir ki, şəhərin H,əliyev prospekti, bina 108/2 saylı 30,3 kv.m olan 2 otaqlı mənzil MTİS-nin balansındadır. 1959-cu ildə X1 Vətən müharibəsi iştirakçısı olduğu üçün rayon İcraiyyə Komitəsi tərəfindən verilmişdir. Həmin mənzilin X2 bağışlanması haqqında idarədə heç bir rəsmi sənəd yoxdur. 1959-cu ildən həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşayıb xx.xx.1989-cu ildə vəfat edib, hal-hazırda həmin mənzildə oğlu İddiaçı ailə üzvləri ilə birgə yaşayır, mənzil kommunal xərclərini vaxtlıvaxtında ödəyir və daimi pasport qeydiyyatındadır.
36. Ona görə də, məhkəmə hesab edir ki, bu halda Azərbaycan Respublikası Azər Mənzil Komplekt Layihə Təmir Birliyi Bərdə Mənzil Təmir İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli 61 nömrəli, xx.xx.2023-cü il tarixli 28 nömrəli məktubları və xx.xx.2011-ci il tarixli 2214 nömrəli arayışı iddiaçının hüquqlarının qeydə alınması üçün əsas ola bilməz.
37. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam.
38. Göründüyü kimi, qanunvericilik Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) hüquqların qeydiyyatı üçün əsas qismində dövlət mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamını, orderi və ya mənzil kirayəsi müqaviləsini nəzərdə tutmuşdur.
39. Hazırkı işdə isə həmin xx.xx.2009-cu ilədək sözügedən yaşayış sahəsinin iddiaçının atasına verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamını, orderi və ya mənzil kirayəsinin olması müəyyən edilməmişdir.
40. İddiaçı Nizami küçəsində, 108 saylı evdə, 2 saylı mənzil 1-ci blokda 1-ci mərtəbədə iki otaqdan ibarət 30.3 kv.m mənzil sahəsinə dair verilmiş Bərdə Rayon İcra Hakimiyyətinin xx.xx.2011-ci il tarixli 189 nömrəli orderinə münasibətdə isə məhkəmə qeyd edir ki, həmin sərəncam yeni Mənzil Məcəlləsinin qüvvəyə mindiyi tarixdən sonrakı dövrdə verilmişdir ki, həmin vaxt mövcud olan mənzil qanunvericiliyinə görə Bərdə Rayon İcra Hakimiyyətinin belə bir səlahiyyəti yox idi. Ona görə də, həmin sənəd iddiaçının mübahisəli mənzillə bağlı hüquqlarının qeydə alınması üçün etibarlı sayıla bilməz.
41. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə;
42. Məhkəmə hesab edir ki, iddiaçının mənzilin onun adına özəlləşdirilməsi üçün müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məzmunda sənədləri olmadığından cavabdeh onun hüquqlarını qeydə almaqdan haqlı olaraq imtina etmişdir. Ona görə də, iddia təmin edilməməlidir.
43. İPM-in: - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
44. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
Nəticəvi hissə:
45. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva