Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3393/2023 19.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı dövlət reyestrindən çıxarışın reyestr qeydinin ləğv edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçının vəkil olan nümayəndəsi X7, cavabdehin nümayəndəsi X17 və üçüncü şəxsin vəkil olan nümayəndəsi X12 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs X14) qarşı dövlət reyestrindən çıxarışın reyestr qeydinin ləğv edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. xx.xx.2014-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən satıcı – X13 ona məxsus Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən 0,12 ha torpaq sahəsini alıcı – X1.
2. xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən hədiyyə verən – X15 ona məxsus olan Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən 0,12 ha torpaq sahəsini hədiyyə alan – X8 bağışlamışdır.
3. xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən hədiyyə verən – X9 ona məxsus olan Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən 0,12 ha torpaq sahəsini hədiyyə alan – X8 bağışlamışdır.
4. xx.xx.2014-cü il tarixdə tərtib olunmuş **********85-10301 reyestr nömrəli texniki pasportda Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən 324.4 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin sahibi qismində X6 adı qeyd edilmişdir.
5. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən 0,36 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 324.4 kv.m olan fərdi yaşayış evi üzərində X6 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. II. Məhkəmədə icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən üçüncü şəxs X6 adına xx.xx.2014-cü il tarixli ********** nömrə ilə qeydiyyata alınmış dövlət reyestrindən çıxarışın reyestr qeydinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, üçüncü şəxs Əbülfəz Nəbiyevin qardaşı X18 ilə 2000-ci ildə ailə qurmuşdur. Birgə nikahlarından 3 uşaqları doğulmuşdur. Əvvəlcə Teyyubun valideynlərinə məxsus evdə yaşamışlar. 2007-ci ildə onlar Şiştəpə kəndi, Gülüstan küçəsi, 8 ünvanında yerləşən Şiştəpə bələdiyyəsinə məxsus 0,36 ha torpaq sahəsini özbaşına tutaraq orada ev tikdirmişlər. xx.xx.2007-ci ildə Şəmkir Elektrik şəbəkəsi həmin evə əri Teyyub Nəbiyevin adına elektrik sayğacı quraşdırmışdır. X26 vətəndaşı olduğuna görə torpağı və evi onun adına rəsmiləşdirə bilməmişdir. Qısa müddət ərzində onlar evin bir hissəsini yaşayış üçün yararlı vəziyyətə gətirmiş, hasar çəkdirmiş, darvaza qoydurmuş, 2008-ci ildən orada yaşamağa başlamışlar, 2009-cu ildə isə evin əksər hissəsi yaşayış üçün yararlı vəziyyətə gətirilmişdir. 2012-ci ildə aralarında olan narazılığa görə Teyyub Nəbiyevlə məhkəmə qaydasında boşanmışlar. Teyyub Nəbiyev oğlunu da götürərək Rusiya Federasiyasına getmiş, o isə qızları ilə mübahisəli ünvanda yaşamaqda davam etmişdir və hazırda da orada yaşayır. Evə çəkilmiş qaz təchizatına görə onunla X11 arasında 2016-cı ildə müqavilə bağlanmışdır, illərdir ki, evə görə qaz pulu ödəyir. İşlətdiyi elektrik enerjisinə görə bildirişlər keçmiş əri Teyyub Nəbiyevin adına gəlir ki, onu da o ödəyir. Cavabdeh DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi qanunsuz olaraq 2007-ci ildən yaşadığı evə və torpağa dair üçüncü şəxs Əbülfəz Nəbiyevin adına xx.xx.2014-cü il tarixdə reyestrdən çıxarış vermişdir. X22 çıxarışı əsas tutaraq onu məhkəməyə vermişdir və 16 ildən çox müddətə yaşadığı evdən çıxarılmağını tələb edir. Hesab edir ki, DƏDRX-nin dövlət reyestrində xx.xx.2014-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış çıxarışın reyestr qeydi ləğv edilməlidir.
8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər
9. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X14 iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
10. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur və etiraz onunla əsaslandırılmışdır ki, X14 xx.xx.2014-cü il tarixli, 4Ə-1014 reyestr nömrəli alğı-satqı müqaviləsi əsasında X4 0.12 ha, xx.xx.2014-cü il tarixli, 4Ə-1050 reyestr nömrəli alğı-satqı müqaviləsi əsasında X3 0.12 ha, xx.xx.2014-cü il tarixli, 4Ə-1009 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında X5 0.12 ha həyətyanı torpaq sahələrini əldə etmiş və ümumilikdə torpaq sahəsi 0.36 ha olmaqla Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən fərdi yaşayış evinə layihə təqdim edərək 2014-cü il tarixli, **********85-10301 reyestr nömrəli çıxarış almışdır. Sözügedən fərdi yaşayış evinə dair X8 adına verilmiş xx.xx.2014-cü il tarixli, **********85-10301 reyestr nömrəli çıxarış qanunvericiliyin tələblərinə uyğun verilmişdir.
11. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilmişdir.
12. İddiaçının vəkil olan nümayəndəsi, cavabdehin nümayəndəsi və üçüncü şəxsin vəkil olan nümayəndəsi məhkəmə iclasına gəlmişlər.
13. İddiaçının vəkil olan nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbini müdafiə edərək tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
14. O, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, iddiaçının sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri mövcud deyildir. Heç iddiaçının keçmiş əri X10 da sənədləri olmamışdır. İddiaçı ilə əri həmin torpaq sahəsini özbaşına tutaraq, orada ev tikdirmişlər. İddiaçının qaynı olan üçüncü şəxs X14 isə evin yerləşdiyi torpaq sahəsinə sonradan sənədlər əldə etmişdir və guya o, həmin evin də sahibidir. Halbuki, Əbülfəzin həmin torpaq sahəsinə və evə aidiyyatı olmamışdır. 2007-ci ildən etibarən həmin evdə iddiaçı və ailəsi yaşamışdır. Bunu Şiştəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışı da təsdiq edir. Lakin iddiaçı və əri torpaq sahəsinə və evə dair heç bir sənəd almamışlar. Bununla yanaşı evin təbii qazla təmin edilməsinə dair müqavilə iddiaçı ilə bağlanmış, elektrik enerjisi sayğacı isə iddiaçının keçmiş ərinin adınadır. Bütün bunlar iddiaçının mübahisəli torpaq sahəsinə və onun üzərinə yerləşən evə dair subyektiv hüququnun olduğunu təsdiq edir.
15. Cavabdehin nümayəndəsi X17 məhkəmə iclasında iddia tələbinə etiraz edərək tələbin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
16. Üçüncü şəxsin vəkil olan nümayəndəsi X19 məhkəmə iclasında iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmadığını bildirməklə, iddianın mümkünsüz sayılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi:
17. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
18. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.
19. İş materialları, o cümlədən işin faktiki halları ilə müəyyən edilir ki, X2 rayonu, Şiştəpə kəndində yerləşən 0,12 ha torpaq sahəsini, xx.xx.2014-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasından X4, Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən 0,12 ha torpaq sahəsini xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasında X5, Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən 0,12 ha torpaq sahəsini xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında X3 əldə etmiş və Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən fərdi yaşayış evinin layihəsini Şəmkir RİHB Memarlıq şöbəsi ilə razılaşdırmaqla, 2014-cü il tarixdə ümumilikdə 0.36 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evini vahid daşınmaz əmlak kimi tam mülkiyyət hüququ üzrə qeydə adlrımaqla, **********85-10301 reyestr nömrəli çıxarış almışdır.
20. Hazırda iddiaçı sözügedən torpaq sahəsində yerləşən fərdi yaşayış evinin o və keçmiş əri tərəfindən inşa edilməsini iddia edərək, üçüncü şəxsin adına verilmiş çıxarışın – reyestr qeydinin ləğv olunmasını tələb edir.
21. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinin məzmununa görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
22. İnzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.
23. Hazırkı işdə də iddiaçının ilk növbədə mübahisəli torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə dair başqa şəxsin adına aparılmış qeydiyyatı mübahisələndirmək üçün həmin torpaq sahəsinə və ya evə dair hüququ olmalıdır ki, cavabdeh orqanın apardığı qeydiyyat nəticəsində onun hüquq və mənafeləri pozulmuş olsun.
24. Yəni, şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun subyektiv hüququ ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır.
25. Məhkəmə iddiaçının istinad etdiyi fərdi yaşayış evinin qaz təchizatına dair onunla “Azəriqaz” İstehsalat Birliyi arasında bağlanmış müqaviləyə münasibətdə qeyd edir ki, həmin sənəd sözügedən fərdi yaşayış evinin qaz təchizatı barədə olmaqla, həmin fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənəd deyildir.
26. Hüquqmüəyyənedici sənəd dedikdə isə elə sənədlər başa düşülür ki, məhz həmin sənədlər əsasında şəxsin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqları əmələ gəlmişdir və həmin sənədlər daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı üçün əsasdır.
27. Həmin əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində sadalanmışdır. Məhz həmin sənədlərə malik şəxslər daşınmaz əmlaka hüquq sahibi sayıla bilərlər.
28. Göründüyü kimi, hazırda mübahisə predmeti olan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair İddiaçı adına hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyil.
29. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.
30. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektif hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
31. Məhkəmə qeyd edir ki, İddiaçı sözügedən fərdi yaşayış evinə hər hansı hüquqlarının mövcud olması müəyyən edilmədiyindən hazırda o həmin əmlaka münasibətdə subyektiv hüquq daşıyıcısı deyildir. Yəni, iddiaçının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş tələb hüququ olmadığından, o, hüququnun cavabdeh tərəfindən pozulmasını iddia edə bilməz.
32. Digər tərəfdən, iş materialları ilə müəyyən edilir ki, iddiaçının mübahisələndirdiyi qeydiyyat torpaq sahəsinə münasibətdə alğı-satqı və bağışlama müqavilələri əsasında (eyni zamanda üzərində fərdi yaşayış evi ilə birlikdə vahid daşınmaz əmlak kimi) aparılmışdır.
33. Məhkəmə bununla bağlı qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Həmin qeydiyyat mülki-hüquqi əqdlərin (vərəsəlik şəhadətnaməsi və alğı-satqı müqaviləsi) əsasında aparıldığı üçün bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli Qərarı ilə müəyyən edilmiş hüquqi mövqeyə görə əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır.
35. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarına görə: Bənd 17. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alğı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər.
36. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. Bənd 12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Bənd 17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
37. Göründüyü kimi, reyestrdə aparılmış qeydin mübahisələndirilməsi o zaman inzibati məhkəmədə mümkündür ki, reyestrdəki qeydiyyat inzibati akt əsasında aparılmış və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etmiş olsun, və yaxud reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparıldığ zaman, yəni inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsi olmuş olsun.
38. Beləliklə, hazırkı işdə isə iddiaçının ləğv edilməsini reyestrdə aparılmış qeydiyyatın (çıxarışın) ləğvi tələbinə dair işin məhkəmə aidiyyatı mülki məhkəmə icraatı qaydasında baxan rayon (şəhər) məhkəməsinə aiddir.
39. Ona görə də, iddia mümkün sayılmamalıdır.
40. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:
41. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva