Məhkəmə qərarları › İş №2-1(114)-3395/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3395/2023

15.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3395/2023 15.11.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiya təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuşdur.

2. İddiaçıya məxsus xx.xx.1978-ci il tarixli НЗ ******* nömrəli hərbi biletə əsasən o xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur.

3. İddiaçıya məxsus xx.xx.1978-ci il tarixli Я 043126 nömrəli diploma əsasən İddiaçı 1975-ci ildə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi C.M.Kirov adına X3 Texnikumuna daxil olmuş və 1978-ci ildə meyvə-tərəvəz və üzümçülük ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət İxtisas Komissiyasının xx.xx.1978-ci il tarixli qərarı ilə ona meyvə-tərəvəz və üzümçü aqronom ixtisası verilmişdir.

4. İddiaçıya məxsus xx.xx.1980-ci il tarixli əmək kitabçasına əsasən o, xx.xx.1980ci il tarixli 287K nömrəli əmrlə Zaqafqaziya Tikinti İdarəsinin Hidromexanizasiya Trestinə maşinist işinə qəbul edilmiş, xx.xx.1981-ci il tarixli 75k nömrəli əmrlə işdən azad edilmişdir. xx.xx.1981-ci il tarixli 129 nömrəli əmrlə xx.xx.1981-ci il tarixdən “Əzizbəyov” adına 1 nömrəli Üzüm Emalı zavodunun sənaye sexinə fəhlə qəbul edilmiş, xx.xx.1984-cü il tarixli 83/2 nömrəli əmrlə xx.xx.1984-cü il tarixdən həmin zavodda sürücü keçirilmiş, 04 aprel 1988-ci il tarixli 21/3 nömrəli əmrlə işdən azad edilmişdir. 03 may 1988-ci il tarixli 169 nömrəli əmrlə Şamxor Kolxoz Bazarı nəzdindəki ticarət xidməti bürosuna satıcı təyin edilmiş, xx.xx.1988-ci il tarixli 184 nömrəli əmrlə həmin müəssisəsinin satıcı vəzifəsindən tədarükçü vəzifəsinə keçirilmiş, xx.xx.1988-ci il tarixli 209 nömrəli əmrlə həmin vəzifədən Şamxor rayon mərkəzi kolxoz bazarına tədarükçü vəzifəsinə təyin edilmiş, xx.xx.1989-cu il tarixli 231 nömrəli əmrlə Şamxor rayon mərkəzi kolxoz bazarından tədarükçü vəzifəsindən azad edilmişdir. xx.xx.1989-cu il tarixli 76/6 nömrəli əmrlə xx.xx.1989-cu il tarixdən Şamxor Konyak zavoduna vaqon bələdçisi işinə qəbul edilmiş, xx.xx.2004-cü il tarixli 34 nömrəli əmrlə işdən azad edilmişdir.

5. Azərbaycan Respublikası Dövlət X2 xx.xx.2020-ci il tarixli K-1-25 nömrəli arxiv arayışlarına əsasən İddiaçı xx.xx.1981-ci il tarixli 129 nömrəli əmrlə xx.xx.1981-ci il tarixdən “Əzizbəyov” adına 1 nömrəli Üzüm Emalı zavodunun sənaye sexinə fəhlə qəbul edilmiş, xx.xx.1984-cü il tarixli 83/2 nömrəli əmrlə xx.xx.1984-cü il tarixdən həmin zavoda sürücü keçirilmiş, 04 aprel 1988-ci il tarixli, 21/3 nömrəli əmrlə işdən azad edilmişdir. İddiaçı xx.xx.1989-cu il tarixli 76/6 nömrəli əmrlə Şamxor Konyak zavoduna vaqon bələdçisi işinə qəbul edilmiş, xx.xx.2004-cü il tarixli 19 nömrəli əmrlə işdən azad edilmişdir.

6. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı xx.xx.2023-cü il tarixli imtina cavabı ilə ona bildirmişdir ki, təqdim etdiyi sənədlərin surətinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən sığorta stajı (xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 15 il 6 ay 24 gün təşkil edir. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 14 il 6 ay 24 gün sığorta stajına uyğun olaraq 13494,16 manat, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 391,60 manat olmaqla, ümumilikdə 13885,75 manat təşkil edir ki, bu məbləğ pensiya yaşı tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Təqdim etdiyi arxiv arayışında qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1989-cu il tarixindən xx.xx.2004-cü il tarixinədək X6 əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Fondun 2 saylı Qazax-Tovuz regional filialının X7 filialında xx.xx.2022-ci il tarixində keçirdiyi monitorinqin nəticəsinə əsasən arxiv arayışında qeyd olunmuş X6 əmək fəaliyyəti zamanı əmr kitablarında xx.xx.1989-cu il tarixində işə daxil olma əmri qeyd olunsa da, işdən çıxma əmri qeyd edilməyib və xx.xx.1991-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək adına əmək haqqı ödənilmədiyi məlum olmuşdur. Həmçinin 1996-cı il tarixindən sonrakı dövr üçün əmək haqqının hesablanması kitabları Şəmkir rayon Dövlət Arxivinə təhvil verilmədiyindən, həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilib. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-2-ci maddəsinə uyğun olaraq ötən dövr üçün hesablanan müavinətin ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq müavinətinin üzərinə əlavə edilməklə ödəniləcəkdir. Müavinət kartını əldə etmək üçün "xxxx" ASC-yə müraciət etməyi tövsiyə olunur. Məlumat üçün bildirilir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər.

7. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı xx.xx.2023-cü il tarixli imtina cavabı ilə iddiaçıya bildirilmişdir ki, ümumi sığorta stajı 1 il 1 ay təşkil edir. Eyni zamanda Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 475,95 manat pensiya kapitalı qanunvericiliklə tələb olunan 40.320,00 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280,00 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilib. Müavinət kartını əldə etmək üçün "xxxx" ASC-yə müraciət etməyi tövsiyə olunur. Qeyd olunanlara əsasən bildirilir ki, ümumi iş stajını təsdiq edən zəruri sənədləri (əmək kitabçası, əyani təhsil haqqında diplom və hərbi bilet) və ya notariat qaydada təsdiq olunmuş surətini Fondun 2 saylı Qazax-Tovuz regional filialına təqdim etdikdən sonra təkrar müraciəti əsasında yaşa görə əmək pensiyası hüququna qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən baxılacaqdır.

8. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Dövlət X2 xx.xx.2023-cü il tarixli 3-48-13F/2-131/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, Şəmkir Filialında mühafizə olunan Şamxor rayon Konyak zavodunun işçilərinə aid əmr kitablarına əsasən İddiaçı zavodun xx.xx.1989-cu il tarixli 76/6 nömrəli əmri ilə zavoda vaqon bələdçisi vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2004-cü il tarixli 19 nömrəli ilə işdən azad olunmuşdur. 1990-cı ilin may-dekabr ayları və 1991-ci ilin yanvar-may ayları əmək haqqı almışdır. 1991-1996-cı illərə aid əmək haqqı kitablarında adı aşkar edilməmişdir. Konyak zavodunun 1996-cı ildən sonrakı illərə dair əmək haqqı kitabları filiala təhvil verilmədiyi üçün İddiaçı 1996-cı ildən sonra işləyərək qazandığı əmək haqqı barədə məlumat verilməsi mümkün deyildir.

9. Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Şəmkir rayon Statistika İdarəsinin xx.xx.2023-cü il tarixli 3-34-78/2-94/2023 nömrəli cavab məktubundan məlum olur ki, Şamxor rayonu “Konyak” zavodu 1989-2004cü illərdə fəaliyyət göstərmişdir.

10. Məhkəmənin sorğusu əsasında əldə edilmiş xx.xx.1989-cu il tarixli 77 nömrəli və xx.xx.2004-cü il tarixli 19 nömrəli əmrlərin təsdiqli surətlərindən görünür ki, İddiaçı xx.xx.1989-cu il tarixli 76/6 nömrəli əmrlə Şamxor Konyak zavoduna vaqon bələdçisi işinə qəbul edilmiş, xx.xx.2004-cü il tarixli 19 nömrəli əmrlə zavodun maliyyə və istehsalat çətinliyinin əmələ gəlməsinə görə işdən azad edilmişdir. II. Məhkəmədə icraat

11. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı ərizə ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixə kimi Zaqafqaziya Tikinti İdarəsinin Hidromexanizasiya Trestində maşinist, xx.xx.1981-ci il tarixdən xx.xx.1984-cü il tarixə kimi "Əzizbəyov“ adına 1 nömrəli Üzüm Emalı zavodunun sənaye sexində fəhlə, xx.xx.1984-cü il tarixdən xx.xx.1988-ci il tarixə kimi həmin zavodda sürücü, 03 may 1988-ci il tarixdən xx.xx.1988-ci il tarixə kimi Şamxor Kolxoz Bazarı nəzdindəki ticarət xidməti bürosunda satıcı, xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci ilə kimi tədarükçü, xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixə kimi Şamxor rayon mərkəzi kolxoz bazarında tədarükçü, xx.xx.1989-cu il tarixdən xx.xx.2004cü il tarixə kimi X6 vaqon bələdçisi işlədiyi illərin ümumi sosial sığorta stajıma daxil edilərək ona yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1958-ci ildə Şəmkir rayonu Təzəkənd kəndində anadan olmuşdur. xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilə kimi hərbi xidmətdə olmuşdur. xx.xx.1980-ci il tarixli 287K nömrəli əmrlə Zaqafqaziya Tikinti İdarəsinin Hidromexanizasiya Trestinə maşinist işinə qəbul edilmiş, xx.xx.1981-ci il tarixli 75k nömrəli əmrlə işdən azad edilmişdir. xx.xx.1981-ci il tarixli, 129 nömrəli əmrlə xx.xx.1981-ci il tarixdən “Əzizbəyov” adına 1 nömrəli Üzüm Emalı zavodunun sənaye sexinə fəhlə qəbul edilmiş, xx.xx.1984-cü il tarixli 83/2 nömrəli əmrlə xx.xx.1984-cü il tarixdən həmin zavodda sürücü keçirilmiş, 04 aprel 1988-ci il tarixli 21/3 nömrəli əmrlə işdən azad edilmişdir. 03 may 1988-ci il tarixli 169 nömrəli əmrlə Şamxor Kolxoz Bazarı nəzdindəki ticarət xidməti bürosuna satıcı təyin edilmiş, xx.xx.1988-ci il tarixli 184 nömrəli əmrlə həmin müəssisəsinin satıcı vəzifəsindən tədarükçü vəzifəsinə keçirilmiş, xx.xx.1988ci il tarixli 209 nömrəli əmrlə həmin vəzifədən Şamxor rayon mərkəzi kolxoz bazarına tədarükçü vəzifəsinə təyin edilmiş, xx.xx.1989-cu il tarixli 231 nömrəli əmrlə Şamxor rayon mərkəzi kolxoz bazarından tədarükçü vəzifəsindən azad edilmişdir. xx.xx.1989-cu il tarixli 76/6 nömrəli əmrlə Şamxor Konyak zavoduna vaqon bələdçisi işinə qəbul edilmiş, xx.xx.2004-cü il tarixli 19 nömrəli əmrlə işdən azad edilmişdir. İşlədiyi bu yerlər haqqında əmək kitabçasında müvafiq qeydlər aparılmış, həmçinin işlədiyi yerlər barədə X7 Rayon Filialından arxiv arayışları verilmişdir. Əmək kitabçasında işə daxil olmağı və işdən azad edilməyi, həmçinin başqa vəzifələrə keçirilməyi barədə qeydlər aparılmışdır. Göstərilənləri nəzərə alaraq cabadeh orqan Azərbaycan Respublikası Omək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ona yaşa görə əmək pensiyası təyin olunması üçün rəsmi şəkildə müraciət etmişdir. Lakin, cavabdeh 28 aprel 2023-cü il tarixli məktubu ilə müraciətinin təmin olunmasından imtina etmişdir. Hesab edir ki, cavabdehin sözügedən imtinası qanuni və əsaslı olmamışdır. Halbuki onun əmək kitabçasında və arxiv arayışında işlədiyi yerlərin hamısı qeyd olunmuşdur.

13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

14. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

15. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

16. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

17. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Şəmkir rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

18. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

19. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

20. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

21. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər.

22. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1991-ci il tarixdən xx.xx.2004-cü il tarixədək X6 işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və həmin tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

23. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

24. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur.

25. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Zaqafqaziya Tikinti İdarəsinin Hidromexanizasiya Trestinə maşinist, xx.xx.1981-ci il tarixdən xx.xx.1984-cü il tarixədək “Əzizbəyov” adına 1 nömrəli Üzüm emalı zavodunun sənaye sexində fəhlə, xx.xx.1984-cü il tarixdən xx.xx.1988-ci il tarixədək həmin zavodda sürücü, xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Şamxor Kolxoz Bazarı nəzdindəki ticarət xidməti bürosunda satıcı, xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək tədarükçü, xx.xx.1988- ci il tarixdən xx.xx.1989-cu il tarixədək Şamxor rayon mərkəzi kolxoz bazarında tədarükçü, xx.xx.1989-cu il tarixdən xx.xx.2004-cü il tarixədək X6 vaqon bələdçisi işlədiyini iddia edir. Hesab edirlər ki, iş üzrə iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Belə ki, iddiaçı R.X4 təqdim etdiyi xx.xx.1980-ci il tarixli əmək kitabçasının və hərbi biletin surətinə əsasən sığorta stajı 15 il 6 ay 24 gün təşkil edir. Həmçinin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 01.01,2006-cı il tarixədək 14 il 6 ay 24 gün sığorta stajına uyğun olaraq 13494,16 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 391,60 manat olmaqla, ümumilikdə 13885.75 manat təşkil edir, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Bu məbləğ isə pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Belə ki, iddiaçı xx.xx.1958-ci il təvəllüdlü İddiaçı qanunvericilikdə nəzərdə tutulmuş yaşa görə əmək pensiyası hüququ verən yaş həddinə Qanunun 7-ci maddəsinə müvafiq olaraq 65 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdə çatmışdır. İddiaçı təqdim etdiyi diplomun surətinə əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1978-ci il tarixədək 2 il 6 ay 3 gün təhsil illəri, hərbi biletin surətinə əsasən onun xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək 2 il 8 gün hərbi xidmət dövrü, xx.xx.1980-ci il tarixli əmək kitabçasının surətinə əsasən xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Zaqafqaziya Tikinti İdarəsinin Hidromexanizasiya Trestinə maşinist vəzifəsində işlədiyi 6 ay 7 gün əmək fəaliyyəti dövrləri; xx.xx.1981-ci il tarixdən xx.xx.1988-ci il tarixədək “Əzizbəyov” adına 1 nömrəli Üzüm emalı zavodunun sənaye sexində fəhlə vəzifəsində işlədiyi 6 il 8 ay 20 gün əmək fəaliyyəti dövrləri; xx.xx.1978-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Şamxor Kolxoz Bazarı nəzdindəki ticarət xidməti bürosunda satıcı və Şamxor rayon mərkəzi kolxoz bazarında tədarükçü vəzifələrində işlədiyi 11 ay 16 gün əmək fəaliyyəti dövrləri; xx.xx.1978-ci il tarixdən xx.xx.1991-ci il tarixədək X6 vaqon bələdçisi vəzifəsində işlədiyi 2 il 1 ay 11 gün əmək fəaliyyəti dövrləri. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən 1 il 1 ay əmək fəaliyyəti dövrü nəzərə alınmaqla sığorta stajı, ümumilikdə 15 il 7 ay 5 gün mübahisələndirilməyən təşkil edir və qanunvericiliyin minumum 25 il sosial sığorta stajı tələbi ödənilmir. İddiaçının mübahisələndirilən əmək fəaliyyəti dövləri xx.xx.1991-ci il tarixdən xx.xx.2004-cü il tarixədək X6 vaqon bələdçisi işlədiyi 13 il 6 ay əmək fəaliyyəti dövrləridir. İddiaçıin xx.xx.1980-ci il tarixli əmək kitabçasında həmin dövrlərə dair qeydlərin mötəbərliyinə əsaslı şübhələr olduğundan qeyd olunan dövrlər sığorta stajına daxil edilməmişdir. Belə ki, Fondun 2 saylı Qazax-Tovuz regional filialının Dövlət X2 xx.xx.2022ci il tarixli aktına əsasən əmr kitabında İddiaçı X6 xx.xx.1989-cu il tarixdə işə daxil olma əmri qeyd olunsa da, işdən çıxma əmri qeyd edilməmişdir. Eyni zamanda, həmin aktla müəyyən olunur ki, xx.xx.1991-ci il tarixdən xx.xx.2004-cü il tarixədək iddiaçının adına əməkhaqqı ödənilməmişdir. Həmçinin, iddiaçının təqdim etdiyi xx.xx.1980-ci il tarixli əmək kitabçasında xx.xx.2000-ci il tarixli qeyd qaralanmış, 2000-ci il tarixi 2004-cü il tarixi kimi göstərilmişdir. Bundan başqa, xx.xx.1980-ci il tarixli əmək kitabçası kiril əlifbasından istifadə edilməklə doldurulmuşdur. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3-cü maddəsinə uyğun olaraq xx.xx.1991-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan əmək fəaliyyəti dövrləri üzrə əmək kitabçasının doldurulma qaydalarına riayət olunmamış və bu səbəblərdən 13 il 6 ay mübahisələndirilən dövr kimi sığorta stajına daxil edilməmişdir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Həmçinin, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq iddiaçıya xx.xx.2023-ci il tarixdən 220 manat məğləğində yaşa görə sosial müavinət təyin edilmişdir.

26. Cavabdehin nümayəndəsi X5 iddiaya etiraz edərək, etirazda göstərilənləri müdafiə etdiyini bildirməklə iddianın rədd edilməsini xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

27. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - İddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi; - İddiaçıya məxsus xx.xx.1978-ci il tarixli НЗ ******* nömrəli hərbi bilet; - İddiaçıya məxsus xx.xx.1978-ci il tarixli Я 043126 nömrəli diplom; - İddiaçıya məxsus xx.xx.1980-ci il tarixli əmək kitabçası; - Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktubları; - Azərbaycan Respublikası Dövlət X2 xx.xx.2020-ci il tarixli K-1-25 nömrəli arxiv arayışı; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli məktubları; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Dövlət X2 xx.xx.2023-cü il tarixli 3-48-13F/2-131/2023 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Şəmkir rayon Statistika İdarəsinin xx.xx.2023-cü il tarixli 3-34-78/2-94/2023 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusu əsasında əldə edilmiş xx.xx.1989-cu il tarixli 77 nömrəli və xx.xx.2004-cü il tarixli 19 nömrəli əmrlərin təsdiqli surətləri; - İddiaçının pensiya işi üzrə icraat materialları.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

28. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

29. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə onun xx.xx.1991-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi illəri onun sosial sığorta stajı kimi qəbul etməyərək, sığorta stajının 25 ildən az - (təhsil və hərbi xidmət illəri də nəzərə alınmaqla) 15 il 7 ay 5 gün təşkil etdiyi qeyd edərək, müraciətini təmin etməkdən imtina etmiş və bu barədə xx.xx.2023-cü il tarixli imtina məktubu göndərmişdir.

30. Həmin məktubda cavabdehin imtinasının əsas dəlili ondan ibarət olmuşdur ki, X6 əmək fəaliyyəti zamanı əmr kitablarında xx.xx.1989-cu il tarixində işə daxil olma əmri qeyd olunsa da, işdən çıxma əmri qeyd edilməyib və xx.xx.1991-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək adına əmək haqqı ödənilmədiyi məlum olmuşdur. Həmçinin 1996-cı il tarixindən sonrakı dövr üçün əmək haqqının hesablanması kitabları Şəmkir rayon Dövlət Arxivinə təhvil verilmədiyindən, həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır.

31. Məhkəmə cavabdeh orqanın imtina əsaslarını nəzərə alaraq, cavabdehin dəlilinə qiymət verməklə, aşağıdakılara görə onun mövqeyini əsassız hesab edir.

32. Azərbaycan Respublikasının Konstitusiyasına görə: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

33. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 1.0.2. Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1 Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

34. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə: Maddə 87. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

35. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.

36. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına görə: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə görə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

38. Göründüyü kimi, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olması.

39. İddiaçının xx.xx.1958-ci il tarixdə doğulması, xx.xx.2023-cü il tarixdə, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz halıdır.

40. İddiaçının tələb olunan 25 il sığorta stajına malik olması da iş materialları ilə öz təsdiqini tapır.

41. Belə ki, iddiaçıya məxsus əmək kitabçasında onun xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixə kimi Zaqafqaziya Tikinti İdarəsinin Hidromexanizasiya Trsetinə maşinist, xx.xx.1981-ci il tarixdən xx.xx.1984-cü il tarixə kimi "Əzizbəyov“ adına 1 nömrəli Üzüm Emalı zavodunun sənaye sexində fəhlə, xx.xx.1984-cü il tarixdən xx.xx.1988-ci il tarixə kimi həmin zavodda sürücü, 03 may 1988-ci il tarixdən xx.xx.1988-ci il tarixə kimi Şamxor Kolxoz Bazarı nəzdindəki ticarət xidməti bürosunda satıcı, xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci ilə kimi tədarükçü, xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixə kimi Şamxor rayon mərkəzi kolxoz bazarında tədarükçü, xx.xx.1989-cu il tarixdən xx.xx.2004cü il tarixə kimi X6 vaqon bələdçisi işləməsi qeyd edilmişdir.

42. İddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən iş stajı 15 il 7 ay 5 gün təşkil edir.

43. Cavabdeh inzibati xx.xx.1991-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi müddəti əmək kitabçasının doldurulma qaydasının pozulması və xx.xx.1991-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək adına əmək haqqı ödənilməməsi əsası ilə mübahisələndirmişdir.

44. Məhkəmə bununla bağlı qeyd edir ki, yuxarıda sadalanan normaların məzmunundan da göründüyü kimi, işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd əmək kitabçası hesab edilir və iddiaçının əmək kitabçasında onun xx.xx.1989cu il tarixdən xx.xx.2004-cü il tarixə kimi X6 vaqon bələdçisi işləməsi qeyd edilmişdir.

45. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na görə: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na görə: Bənd 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası. 3.6. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur.

46. Göründüyü kimi, istinad olunan Qaydalarda "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İddiaçı isə qeyd edilən müddətdə işləməsinə dair əmək kitabçasını təqdim etmişdir. İddiaçının hazırda mübahisələndirilən iş stajı da (xx.xx.1991-ci il tarixdən xx.xx.2004-cü il tarixədək X6 işlədiyi müddət) həmin qanun qüvvəyə minənədək olan dövrləri əhatə edir.

47. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

48. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının əmək kitabçasında onun işdən çıxma əmri kimi xx.xx.2004-cü il tarixli 34 nömrəli əmr qeyd edilmişdir. Lakin məhkəmə sorğusu əsasında X7 Filialından əldə edilmiş əmrin tarixi isə xx.xx.2004-cü il tarixli 19 nömrəli əmrdir ki, həmin əmrlə zavodun maliyyə və istehsalat çətinliyinin əmələ gəlməsinə görə işdən azad edilən işçilərin arasında İddiaçı adı qeyd edilmişdir.

49. Bununla belə, məhkəmə hesab edir ki, əmək kitabçasının doldurulması işçi (hazırkı halda iddiaçı) tərəfindən deyil, işəgötürən tərəfindən həyata keçirilir və iddiaçının işdən azad olma əmrinin tarixinin və nömrəsinin fərqli qeyd edilməsi iddiaçının hüquqlarının məhdudlaşdırılmasına səbəb olmamalıdır. Əmək kitabçasının tərtib olunması və orada məlumatların qeyd edilməsi işəgötürən tərəfindən həyata keçirildiyindən onun düzgün tərtib olunması işəgötürənin məsuliyyət sferasına aiddir.

50. Baxmayaraq ki, arxivdən əldə edilmiş sənədlərdə iddiaçının xx.xx.2004-cü il tarixli 19 nömrəli əmrlə işdən çıxması müəyyən edilmişdir, iddiaçı öz tələbində əmək kitabçasında göstərilmiş - xx.xx.2004-cü il tarixədək olan stajının daxil edilməsini tələb etmişdir (yəni, işlədiyindən daha az müddəti).

51. Həm həmin əmrin tarixinin əmək kitabçasında düzgün qeyd edilməməsi, həm də xx.xx.1991-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək iddiaçının adına əmək haqqı ödənilməməsi iddiaçının təqsiri ilə bağlı olmayan haldır və həmin hallar özü-özlüyündə iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş sosial təminat - pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz.

52. Göründüyü kimi, iddiaçının cavabdeh orqan tərəfindən mübahisələndirilən dövr 13 il 6 ay (xx.xx.1991-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi illər) təşkil edir və həmin müddət yuxarıda qeyd edilənlərə əsasən onun sosial sığorta stajına daxil edilməlidir.

53. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hərbi xidmət və təhsil müddəti daxil olmaqla mübahisələndirilməyən əmək fəaliyyəti dövrü (15 il 7 ay 5 gün), mübahisələndirilən əmək fəaliyyəti dövrü (13 il 6 ay), cəmi 29 il 1 ay 15 gün təşkil etməsi nəzərə alındıqda, iddiaçıya münasibətdə qanunvericiliklə nəzərdə tutulmuş dispozisiya şərtlərinin, yəni həm 25 il sığorta stajı və həm də yaş həddi ilə bağlı şərtlərin mövcudluğu müəyyən olunur.

54. Buna görə də iddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuş, cavabdeh orqanın bundan imtinası isə əsassız olmuşdur.

55. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

56. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

57. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.2004-cü il tarixədək X6 vaqon bələdçisi işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar