Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3396/2023 26.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı xx.xx.2012-ci il tarixdən müəyyən edilmiş 2-ci dərəcəli əlilliyin səbəb əlaqəsinin “ümumi xəstəlik”dən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” müəyyən edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı əlillik vəziyyəti xx.xx.2012-ci il tarixdə qiymətləndirilmiş və Agentliyin 8 nömrəli TSEK-in xx.xx.2012-ci il tarixli qərarı ilə ona “Keçirilmiş kəllə-beyin travmasının qalıq əlamətləri, psixi pozuntular, şəxsiyyətin dəyişikliyi” diaqnozu ilə ümumi xəstəlik ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir.
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 2 nömrəli qərarında “Keçirilmiş kəllə-beyin travmasının qalıq əlamətləri, psixi pozuntular. Şəxsiyyət dəyişməsi” diaqnozlu travmanın səbəb əlaqəsi Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin Tibbi-sosial ekspert komissiyasının fevral 2023-cü il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 70 faiz pozulması barədə qərar qəbul edilmişdir.
4. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə etdiyi müraciətə Agentliyin xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, o, xx.xx.2023-cü il tarixdə Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adına rəsmiləşdirilən göndərişdə qeyd edilmiş diaqnozların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, ona xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən müddətsiz orqanizmin funksiyalarının 70 faiz pozulmasına görə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. II. Məhkəmədə icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə təyin olunmuş 2-ci qrup əlilliyin xx.xx.2012-ci il tarixdən müəyyən olunması (təyin olunması) vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Birinci Qarabağ müharibəsi iştirakçısı olmuşdur. Döyüşlər zamanı 1993-cü il tarixində əsir düşmüş və 1996-cı il tarixinədək erməni əsarətində olmuşdur. Ağır işgəncələrə məruz qalmışdır. 1996-cı ildən azadlığa buraxılmışdır. Keçirdiyi ağır kəllə-beyin travmalarından Gəncə şəhər Psixonevroloji Dispanserdə uzun müddət müalicə almışdır. TSEK tərəfindən xx.xx.2012-ci il tarixdə mənə səhvən ümumi xəstəliklə 2-ci qrup əlillik təyin olunmuşdur. Əlillərin bərpa mərkəzinə müraciət etdikdən sonra ona yalnız xx.xx.2023-cü ildən 2-ci dərəcəli müharibə əlili müəyyən edilmiş və Prezident təqaüdçüsü olmuşdur. Bununla bağlı o, cavabdeh təşkilata müraciət edərək səhvən xx.xx.2012-ci il tarixdə ümumi xəstəliklə 2-ci qrup əlilliyin təyin olunduğunu, həmin dövrdən 2-ci dərəcəli müharibə əlili müəyyən olunmasının və köhnə illərinin Prezident təqaüdü və müharibə əlilinə təyin olunan təqaüdün fərqinin verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən ona ünvanlanan məktubda əlillik vəziyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarxli 11 nömrəli Qərarı ilə təsdiq edilmış "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinizin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunkisonal dəyişikliklər, o cümlədən adına rəsmiləşdirilən göndərişdə qeyd edilmiş diaqnozların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 287 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları" na müvafiq olaraq, ona xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən müddətsiz orqanizmin funkisyalarının 70 faiz pozulmasına görə əlillik müəyyən edilməsinə dair qərar qəbul edildiyi göstərilmişdir. Agentliyin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinə əsasən Agentlik əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərin reabilitasiya istiqamətində fəaliyyət göstərir. Qeyd etdiyi digər məsələ ilə əlaqədar aidiyyəti dövlət qurumlarına müraciət etməyi tövsiyyə olunmuşdur. Göstərilənlərə əsasən heab edir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar onun erməni əsirlikdə olduğu müddətdə orqanizminin funkisyalarının 70 faiz pozulmasına görə ümumi əsaslarla xx.xx.2012-ci il tarixdə TSEK tərəfindən ona ümumi xəstəliklə 2-ci qrup əlilliyin təyin edilməsi qanunsuzdur və ona həmin tarixdən, yani xx.xx.2012-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2-ci qrup əlillik təyin olunmalı idi.
7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər
8. Məhkəmə tərəfindən hüquqi yardım göstərildikdən sonra İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin qeyd edilməsini xahiş etmiş və xx.xx.2023-cü il tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.
9. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərin iddia ərizəsində göstərilmiş ünvanlarına məhkəmə bildirişi göndərilmişdir.
10. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər.
11. İddiaçı həmin məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2012-ci il tarixdən müəyyən edilmiş 2-ci dərəcəli əlilliyin səbəb əlaqəsinin “ümumi xəstəlik”dən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” müəyyən edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmə qərardadı ilə ərizə icraata qəbul edilmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
12. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, tələbin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Cavabdeh iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
14. İddiaçı məhkəmə iclasında müddətin bərpasına dair ərizə təqdim edərək, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə iddia qaldırmamasının səbəbinin xəstəliyi ilə əlaqədar olduğunu bildirmiş və ötürülmüş müddətin üzrlü hesab edilərək bərpa olunmasını xahiş etmişdir.
15. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddiaçının müddətin bərpasına dair ərizəsinin təmin edilməməsini və müddətin ötürülməsi əsası ilə iddianın mümkün sayılmamasını xahiş etmişdir.
Əsaslandırma hissəsi:
16. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia tələbi mümkün sayılmamalıdır.
17. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bənd 9. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
18. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
19. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
20. İşin müəyyən edilmiş hallarına görə, İddiaçı əlillik vəziyyəti xx.xx.2012-ci il tarixdə qiymətləndirilmiş və Agentliyin 8 nömrəli TSEK-in xx.xx.2012-ci il tarixli qərarı ilə ona “Keçirilmiş kəllə-beyin travmasının qalıq əlamətləri, psixi pozuntular, şəxsiyyətin dəyişikliyi” diaqnozu ilə ümumi xəstəlik ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 2 nömrəli qərarında “Keçirilmiş kəllə-beyin travmasının qalıq əlamətləri, psixi pozuntular. Şəxsiyyət dəyişməsi” diaqnozlu travmanın səbəb əlaqəsi Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin Tibbi-sosial ekspert komissiyasının fevral 2023-cü il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 70 faiz pozulması barədə qərar qəbul edilmişdir.
21. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə etdiyi müraciətə Agentliyin xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, o, xx.xx.2023-cü il tarixdə Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adına rəsmiləşdirilən göndərişdə qeyd edilmiş diaqnozların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, ona xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən müddətsiz orqanizmin funksiyalarının 70 faiz pozulmasına görə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir.
22. Hazırda iddiaçı ümumi xəstəlik ilə əlaqədar ikinci dərəcə müddətsiz əlillik təyin edilməsi barədə Agentliyin 8 nömrəli TSEK-in xx.xx.2012-ci il tarixli qərarını mübahisələndirərək, həmin tarixdə təyin edilmiş əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsini xahiş edir.
23. Bu halda iddiaçının tələbi mübahisələndirmə haqqında iddia növünə aid olduğundan həmin növ iddianın mümkün sayılması üçün xüsusi mümkünlük şərti olan müddətə riayət edilib-edilməməsi yoxlanılmalıdır.
24. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinə görə: Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
25. «İnzibati icraat haqqında» Qanuna görə: Maddə 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Maddə 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
26. İddiaçının sözügedən qərardan 2012-ci ildən məlumatlı olması, lakin onu qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməməsi və müddəti ötürməsi işin mübahisə olunmayan halıdır.
27. İddiaçı iddia müddətini ötürməsinin səbəbi kimi ərizəsində və iclasda verdiyi izahatında özünün xəstəliyi ilə əlaqələndirmiş, lakin ötən 11 il ərzində iddia qaldırmasına maneə törətmiş və ya məhdudiyyət yaratmış xəstəliklə bağlı edən sənədlər təqdim etməmişdir.
28. Məhkəmə iddiaçının xəstə olması ilə bağlı dəlillərini müddətin buraxılmasının üzrlü səbəbi kimi qəbul etmir və qeyd edir ki, iddiaçı xəstə ola bilər, lakin bu xəstəlik halı onun vaxtında iddia qaldırmasını mümkünsüz etməlidir ki, bunu da iddiaçı sübuta yetirməlidir.
29. Yəni, müddətin bərpası üçün elə səbəblər üzrlü hesab edilə bilər, onların mövcudluğu şəxsin iradəsindən asılı olmasın, onların yaranması və dəf edilməsi şəxsin imkanı xaricində olsun və bu səbəblər şəxsin müddəti ötürmədən iddia qaldırmasına maneə törətsin və ya məhdudiyyət yaratmış olsun.
30. Hazırkı işdə isə iddiaçının ərizəsində gətirdiyi arqument sadalanan üzrlülük meyarlarına cavab vermir.
31. Məhkəmə qeyd edir ki, qanunvericilikdə təsbit olunan müddətlərin, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunan müddətlərin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir; ikinci, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır.
32. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olubolmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21).
33. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir.
34. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır.
35. Prosesual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır.
36. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “K.N.Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMKnın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetiriməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhəddində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
38. Avropa İnsan Hüquqları Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolaho və digərləri” İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
39. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
40. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
41. Beləliklə, iddiaçı iddia qaldırmaq üçün qanunda nəzərdə tutulmuş müddəti üzrlü səbəblər olmadan ötürdüyündən onun müddətin bərpasına dair ərizəsi təmin edilməməli və iddia müddətinə dair mümkünlük şərti ödənilmədiyindən iddia mümkün sayılmamalıdır.
42. İPM-ə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:
43. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.2, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva