Məhkəmə qərarları › İş №2-1(114)-3401/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3401/2023

06.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3401/2023 06.07.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bərdə Regional “Asan xidmət” mərkəzində notariat ofisinə qarşı miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı cavabdeh Bərdə Regional “Asan xidmət” mərkəzində notariat ofisinə qarşı miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0.40 ha torpaq sahəsi və 165.6 kv.m-dən ibarət olan fərdi yaşayış evi üzərində X2 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Bərdə Regional “Asan xidmət” mərkəzində notariat ofisinin DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinə ünvanlandığı xx.xx.2023-cü il tarixli 1321/2023 nömrəli məktubda qeyd edilmişdir ki, Bərdə Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli 2(021)-564/2023 nömrəli məktubuna əsasən 07 sentyabr 2002-ci il tarixdə vəfat etmiş X3 məxsus olan və Bərdə rayonu, Nazırlı kəndində yerləşən 0.40 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə dair oğlu X5 verilmiş 05 avqust 2016-cı il tarixli 2V-415 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Bərdə Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 2(021)-564/2023 nömrəli qətnaməsinə əsasən ləğv edilmişdir. II. Məhkəmədə icraat

3. İddiaçı cavabdeh Bərdə Regional “Asan xidmət” mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, anasından miras qalmış Bərdə rayonu, Nazırlı kəndində yerləşən anasına məxsus yaşayış evi və həmin evin yerləşdiyi 0.40 ha torpaq sahəsinə dair vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün buraxılmış müddəti bərpa etməklə, vərəsəlik haqqında şəhadətnamə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum anası X3 məxsus Bərdə rayon Nazirli kəndində yaşayış evi və torpaq sahəsi ailə üzvlərinin və vərəsələrin məlumatı olmadan Bərdə RİHB-nin Şatırlı kənd İƏD üzrə sabiq icra nümayəndəsi X1 cinayətkar əməli nəticəsində-vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi nəticəsində özgəninkiləşdirildiyi onlara məlum olmuşdur. Bu barədə X1 barəsində Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə Bərdə rayon prokurorluğunda istintaq olunmuş ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə bəraətverici əsaslar olmadan 30 mart 2022-ci il tarixdə xitam verilmişdir. Qeyd edilənlərə əsasən Bərdə Rayon Məhkəməsində saxta sənəd əsasında mərhum qardaşı X4 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilmişdir. X9 "Asan xidmət" mərkəzində notariat ofisi 25 may 2023-cü il tarixli məktubu ilə Bərdə rayon Nazırlı kəndində yerləşən anasına məxsus yaşayış evi və həmin evin yerləşdiyi 0.40 ha torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün mirasın qəbulu barədə qanunla müəyyən edilmiş müddətdə tərəflərindən ərizə təqdim edilmədiyindən və mirasın faktiki qəbulu barədə mötəbər sənəd təqdim etmədiyindən məhkəməyə müraciət etmələrini tövsiyyə etmişdir. Qeyd edilənlərə əsasən Bərdə Rayon Məhkəməsində saxta sənəd əsasında mərhum qardaşı X4 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilmişdir. Hesab edir ki, notariat ofisi üzərinə düşən vəzifəni icra etməkdən boyun qaçırır. Bərdə rayon Nazırlı kəndində yerləşən anasına məxsus yaşayış evi və həmin evin yerləşdiyi 0.40 ha torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün mirasın qəbulu barədə qanunla müəyyən edilmiş müddət tərəflərindən buraxılmamış, onlar baş vermiş cinayətlə əlaqədar Bərdə rayon prokurorluğuna müraciət etmişlər və nəticədə mərhum qardaşı Salehin adına verilmiş etibarnamənin etibarsız sayılması barədə qətnamə qəbul edilmiş və məhkəmə qətnaməsi qüvvəyə mindikdən dərhal sonra vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün dərhal notariat ofisinə müraciət etmişlər. Ona görə də buraxılmış müddət üzürlü sayılmalı və vərəsəlik haqqında şəhadətnamə verilməsi vəzifəsi notariat ofisinin üzərinə qoyulmalıdır.

5. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

Əsaslandırma hissəsi:

6. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

7. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. Bənd 12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Bənd 17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

8. İddia ərizəsindən məlum olur ki, iddiaçı Bərdə rayon Nazırlı kəndində yerləşən anasına məxsus yaşayış evi və həmin evin yerləşdiyi 0.40 ha torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Bərdə Regional "Asan xidmət" mərkəzində notariat ofisinə müraciət etmiş, həmin orqanın 25 may 2023-cü il tarixli məktubu ilə mirasın qəbulu barədə qanunla müəyyən edilmiş müddətdə ərizə təqdim edilməməsi və mirasın faktiki qəbulu barədə mötəbər sənəd təqdim edilməməsi əsası ilə məhkəməyə müraciət etmələri tövsiyyə edilmişdir.

9. Yəni, iddiaçının hazırkı marağı anasından miras qalmış torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaqdır və həmin mirasın qəbulu barədə qanunla müəyyən edilmiş müddəti ötürdüyü üçün notariat ofisi tərəfindən bundan imtina edilmişdir.

10. Bu halda iddiaçı hüquqi marağına uyğun olaraq mirasın qəbulu faktının müəyyən edilməsi barədə iddia qaldırmalıdır. Lakin, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi özəl hüquq münasibətlərini tənzimləyən hüquq normalarına əsasən ümumi (rayon) məhkəmələr tərəfindən baxıldığından və inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növlərinə uyğun olmadığından hazırkı tələbə inzibati icraat qaydasında baxıla bilməz.

11. Məhkəmə qeyd edir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüququ, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüququ münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüququ şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir.

12. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatına zəmanət yaradan şərtlərdən biri olduğundan, qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə, məhkəmə aidiyyəti məsələsində qeyri-müəyyənlik yaranmış olur, bu isə məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında ciddi maneələr yarada və şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər.

13. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarına görə: Bənd 8. Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 10 iyun 2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə MPMin XXXVİİİ fəsli (“Notariat hərəkətlərindən və ya həmin hərəkətlərinin aparılmasından imtinaya dair şikayətlər”) həmin Məcəllədən çıxarılsa da, “notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə” xüsusi icraat qaydasında baxılması MPM-in 305.1, 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də, “notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə” xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə görə: Maddə 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır.

15. Göründüyü kimi, tələb inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növlərinə aid deyildir və notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmədə deyil, mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxılmalıdır.

16. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarına görə: Bənd 15.2. ... İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bənd 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır.

17. Beləliklə, hazırkı mübahisənin aidiyyəti mülki məhkəmə icraatı qaydasında işə baxan məhkəmələrə aid olduğundan və inzibati prosessual qanunvericilikdə mülki məhkəmə icraatı qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi nəzərdə tutulmadığından iddia mümkün sayılmamalı və iddiaçıya hazırkı tələblə ərazi aidiyyat qaydalarına riayət etməklə müvafiq şəhər (rayon) məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir.

18. İddianın mümkünlüyü məsələsinə baxılarkən məhkəmənin yardım etmə vəzifəsi ilə bağlı qeyd edilməlidir ki, İnzibati Prosessual Məcəllənin 48-ci maddəsi məhkəmə icraatının effektivliyinin artırılması və icraatın tezləşdirilməsinin təmin edilməsi məqsədilə həmin Məcəllənin “məhkəmədə işin hallarının araşdırılması” prinsipinə riayət olunmasını tələb edir. Belə ki, həmin Məcəllənin 48.1-ci maddəsinə görə sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.

19. Baxılan iş üzrə isə iddiaçının məqsədinə hazırkı iddia vasitəsilə çatmaq mümkün olmadığına görə “prosessual qənaət” prinsipinə müvafiq olaraq məhkəmə tərəfləri dinləmədən iddianın mümkünsüz sayılmasını məqsədəuyğun hesab etmişdir.

20. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:

21. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. İddiaçıya izah edilsin ki, hüquqi marağına uyğun tələblə ərazi aidiyyat qaydalarına riayət etməklə müvafiq şəhər (rayon) məhkəməsinə müraciət edə bilər. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar