Məhkəmə qərarları › İş №2-1(114)-3402/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3402/2025

17.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3402/2025 17.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı ““Müharibə veteranı” vəsiqəsi aldığı xx.xx.2018-ci il tarixdən əvvəlki 3 il üçün nəzərdə tutulan sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, o müharibə veteranı olduğundan, müharibə veteranları üçün aylıq verilən müavinəti əvvəlki illər üçün almadığından, müharibə veteranlarına verilən aylıq müavinətin almadığı illər üçün hesablanaraq ona verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1983-cü il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Gəncə şəhəri Mühafizə İdarəsində xidmətə qəbul edilmişdir. 1-ci Qarabağ müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və 1993-cü ildə təxris olunmuşdur. İddiaçı müharibədən qayıtdıqdan sonra, bir neçə dəfə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün müraciət etsə də, ona uzun müddət müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Buna baxmayaraq, bir müddətdən sonra, o, müraciətini dayandırmayaraq yenidən müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün müraciət etmişdir. Nəhayət 02 aprel 2018-ci il tarixdə haqq-ədalət öz yerini taparaq ona müharibə iştirakçısı adı verilməklə 032254 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir. İddiaçıya müharibə veteranı adı və vəsiqəsi verildikdən sonra, müharibə veteranları üçün aylıq verilən 50 (əlli) manat, sonradan isə 80 (səksən) manat müavinət də verilməyə başlanılmışdır. İddiaçı ona verilən aylıq veteran pulunun əvvəlki illər üçün (ödənilməyən illər üçün) verilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş, lakin oradan ona 26 fevral 2025-ci il tarixli, 3-171/2-S- 46751/2025 saylı məktubla imtina verilmişdir və narazı qaldığı təqdirdə məhkəməyə şikayət etməyi tövsiyyə olunmuşdur. İddiaçı veteranlar üçün verilən aylıq müavinəti əvvəlki illər üçün almadığından, hazırda həmin müavinəti verən orqan bundan imtina etdiyindən o məcbur olub hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddiaçı müharibə veteranı olduğundan, müharibə veteranları üçün aylıq verilən müavinəti əvvəlki illər üçün almadığından, müharibə veteranlarına verilən aylıq müavinətin almadığı illər üçün hesablanaraq ona verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-3402/2025 nömrəli qərardadı ilə iddia tələbi ““Müharibə veteranı” vəsiqəsi aldığı xx.xx.2018-ci il tarixdən əvvəlki 3 il üçün nəzərdə tutulan sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, iddiaçı ərizəsinin əsasları kimi qeyd edir ki, o, xx.xx.1983-cü il tarixində Azərbaycan Respublikasının Daxili işlər Nazirliyinin Gəncə şəhər Mühafizə İdarəsində xidmətə qəbul edilmişdir. Ölkənin ərazi bütövlüyü uğrunda gedən 1-ci Qarabağ döyüşlərində iştirak etmiş və 1993-cü ildə ordu sıralarından tərxis olunmuşdur. Müharibədən sonra veteran adının və vəsiqəsinin verilməsi üçün bir neçə dəfə müraciət etmiş və xx.xx.2018-ci il tarixdə müharibə veteranı adı və vəsiqəsi verilmişdir. Lakin qeyd edilən müavinətin isə əvvəlki illər üçün ödənilməsini tələb etsə də, həmin müavinət əvvəlki illər üçün ödənilməmişdir. İddiaçı Ş.İbrahimovun müraciətinə cavab olaraq Mərkəzi Filialın xx.xx.2025-ci il tarixli 3-17-1/2-Ş- 46751/2025 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, xx.xx.2011-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək əlilliyə görə əmək pensiyası aldığından ona ərizədə qeyd etdiyi dövr üzrə sözügedən müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında" xx.xx.2005-ci il tarixli 257 nömrəli Fərmanına əsasən xx.xx.2005-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün hər ay 55.000 (əlli beş) min manat (2006-cı il yanvarın 1-dən öncə Azərbaycan manatının denominasiya olunmasından əvvəl olan nominal dəyər) məbləğində müavinət təyin edilirdi. "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq nəzərdə tutulmuş güzəştlər Veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun xx.xx.2019-cu il tarixinədək qüvvədə olmuş 19.1.6-cı maddəsinə əsasən döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara 11 manat məbləğində əmək pensiyasının sığorta hissəsinə əlavə hesablanırdı. "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2013-cü il tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli 640 nömrəli Fərmanına əsasən "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2013-cü il tarixli 973 nömrəli Fərmanın Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55.000 (əlli beş min) manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. İddiaçı 032254 nömrəli veteran vəsiqəsi xx.xx.2018-ci il tarixində verilmişdir. "Veteranlar haqqında" Qanunun 7-ci maddəsində qeyd olunur ki, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Bu onu göstərir ki, səxsin istər təqaüd, istərsə də sosial müavinət almaga hüququ veteran vəsiqəsini aldığı tarixdən yaranır. Ona görə də iddiaçının vəsiqəni aldığı tarixdən əvvəlki dövrü tələb etməsinin hüquqi əsası yoxdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərmanı əsasında müharibə veteranlarına 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və xx.xx.2019-cu il tarixindən sözügedən müavinət Prezident təqaüdü ilə əvəz edilmişdir. Müvafiq olaraq iddiaçıya xx.xx.2019-cu il tarixindən (Prezident təqaüdünün təsis edildiyi tarixdən) 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdu təyin edilib və hazırda ödənişi davam etdirilir. Həmçinin "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanuกมกนก 7.0.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda təyin edilir. xx.xx.2011-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edildiyindən iddia ərizəsində qeyd edilən dövr üzrə sözügedən müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın təmin olunmamasını xahiş etdi. İşin halları İddiaçı barəsində olan pensiya işindən görünür ki, ona 2011-ci il tarixdən 2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən İddiaçı xx.xx.2018-ci il tarixdə 032254 nömrəli Müharibə Veteranı vəsiqəsi verilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli “ötən dövr üzrə sosial müavinətin təyin edilməsinin mümkün olmaması haqqında” məktubdan görünür ki, ona xx.xx.2019-cu il tarixdən (Prezident təqaüdünün təsis edildiyi tarixdən) 80 manat məbləğində Azərbaycan Respublikasının Prezidentinin təqaüdü təyin edilmiş və hazırda ödənişi davam etdirilir. xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əlilliyə görə pensiya aldığından ona ərizədə qeyd edilən dövr üzrə sözügedən müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı müharibə veteranları üçün nəzərdə tutulan 80 manat məbləğində Prezident təqaüdü alır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati-Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Veteranlar haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 2. Veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və Azərbaycan Respublikasının sosial-məişət, nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsində və başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir. Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Sosial müavinətlər haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti; Maddə 4. Müavinətlərin növləri 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1. aylıq müavinətlər: 4.0.1.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət; Maddə 7. Müavinətlərin təyin olunması şərtləri 7.0. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda; Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2001-ci il tarixli, 613 nömrəli Fərmanı Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq vətəndaşlara kommunal, nəqliyyat və digər xidmətlər üzrə verilən güzəştlərin müvafiq müavinətlərlə əvəz olunması ilə əlaqədar aztəminatlı ailələrin sosial müdafiəsini təmin etmək məqsədi ilə qərara alıram: Böyük Vətən müharibəsi iştirakçılarına - 25 manat;

7. Bu Fərman 01 yanvar 2002-ci il tarixindən qüvvəyə minir.

Sosial müavinətlərin məbləğinin artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 29 avqust 2013-cü il tarixli 973 nömrəli Fərmanı

1. Sosial müavinətlərin məbləği aşağıdakı kimi müəyyən edilsin: 1.1. Aylıq müavinətlər: 1.1.7. əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, 1941-1945-ci illərdə keçmiş sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş, müharibə illərində orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri kimi iştirak etmiş şəxslərə müavinət — 55 manat.

“Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 640 nömrəli Fərmanı

1. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 916; 2014, № 3, maddə 251; 2016, № 1, maddə 69; 2018, № 7 (İ kitab), maddə 1454) aşağıdakı dəyişikliklər edilsin: 1.7. 1.1.7-ci yarımbənd ləğv edilsin.

3. Bu Fərman 2019-cu il aprelin 1-dən tətbiq edilir.

“Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanı

1. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 80 manat müəyyən olunsun.

2. Müəyyən edilsin ki: 2.1. bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2.1.1. 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir.

5. Bu Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilir.

Məhkəmənin mövqeyi

Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2018-ci il tarixdə Daxili İşlər Nazirliyi tərəfindən Müharibə Veteranı vəsiqəsi verilmişdir. İddiaçıya cavabdeh orqan tərəfindən xx.xx.2019-cu il tarixədək müharibə veteranları üçün nəzərdə tutulan sosial müavinət, həmin tarixdə sonra isə Prezident təqaüdü ödənilir. Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2001-ci il tarixli, 613 nömrəli Fərmanına əsasən, vətəndaşlara kommunal, nəqliyyat və digər xidmətlər üzrə verilən güzəştlərin müvafiq müavinətlərlə əvəz olunması ilə əlaqədar aztəminatlı ailələrin sosial müdafiəsini təmin etmək məqsədi ilə Böyük Vətən müharibəsi iştirakçılarına - 25 manat məbləğin ödənilməsi qərara alınmışdır. Sosial müavinətlərin məbləğinin artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 29 avqust 2013-cü il tarixli 973 nömrəli Fərmanına görə, əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə münasibətdə aylıq müavinətin məbləği 55 manat müəyyən edilmişdir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 640 nömrəli Fərmanından görünür ki, əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə münasibətdə aylıq müavinət nəzərdə tutan yarımbənd ləğv edilmişdir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanı ilə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmiş və onun aylıq məbləği 80 manat müəyyən olunmuşdur. Qeyd olunan Fərmanların tələblərindən görünür ki, 1 yanvar 2002-ci il tarixdən 1 aprel 2019-cu ilədək müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlər üzrə müavinətin ödənilməsi nəzərdə tutulmuşdur. Hazırkı iddia tələbi ilə iddiaçı ona müharibə veteranı vəsiqəsinin verildiyi tarixdən əvvəlki üç il üçün, yəni xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə müharibə veteranlarına ödənilən sosial müavinətin verilməsini xahiş edir. 1 yanvar 2006-cı il tarixdən qüvvədə olan Sosial müavinətlər haqqında Azərbaycan Respublikasının Qanununun 7.0.6-cı maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda təyin edilir. İş materiallarından görünür ki, İddiaçı 2011-ci il tarixdən 2021-ci il taixədək əlilliyə görə əmək pensiyası ödənilmişdir. Məhkəmə qeyd edir ki, göründüyü kimi qanunvericiliyin tələbinə əsasən, müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət əmək pensiyası hüququ olmayan şəxslərə verilir. İddiaçı isə 2011-ci il tarixdən başlayaraq, həmçinin, 2015-2018-ci illərdə əlilliyə görə əmək pensiyası almışdır. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan dövr üzrə iddiaçıya müharibə veteranları üçün nəzərdə tutulan sosial müavinətin ödənilməsi qanunvericiliyin tələblərinə ziddir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən verilmiş iddia təmin edilməməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı İddiaçı tərəfindən verilmiş iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar