Məhkəmə qərarları › İş №2-1(114)-3403/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3403/2023

06.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3403/2023 06.09.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı yas mərasiminin təşkili üçün maliyyə yardımının ödənilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı yas mərasiminin təşkili üçün müəyyən edilmiş 3000 manat məbləğində maliyyə yardımının ödənilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. 25.07.2018-ci il tarixdə verilmiş ölüm haqqında AZ-İ № 948221 nömrəli şəhadətnaməyə əsasən X2 xx.xx.1993-cü il tarixdə düşmən quldurları tərəfindən qətlə yetirilmişdir.

2. Ağdam ƏSMM-nin verdiyi 002173 saylı vəsiqəyə əsasən İddiaçı şəhid ailəsidir.

3. İddiaçı maliyyə yardımının ödənilməsi barədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə etdiyi müraciətinə həmin orqanın xx.xx.2023-cü il tarixli imtina məktubu ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bildirilən rəy va təkliflərə əsasən "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Qanununun 85.1-ci maddəsinə uyğun olaraq Qanunlar, Fərmanlar və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə mindiyi və Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinəni Vll hissəsində fiziki və hüquqi şəxslərin maddi vəziyyətinin deyil, hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsinin təsbit olunduğu bildirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 374 nömrəli qərarının tətbiqinə dair mübahisəli məsələ ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir.

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, yas mərasiminin təşkili üçün müəyyən edilmiş 3000 manat məbləğində yardımın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, qardaşı X2 10 may 1993-cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olmuşdur. Ərizəyə əlavə edilmiş ƏƏSMN-nin qardaşı X1 adına verilmiş ******* saylı vəsiqədəndə göründüyü kimi, o, şəhid ailəsidir. O, yas mərasiminin təşkili üçün müəyyən edilmiş 3000 manat məbləğində maliyyə yardımının ödənilməsini xahiş etmişdir. Şəhid ailəsi kimi dəfn xərcinin alınması onun hüququ olsa da, cavabdeh orqan tərəfindən maliyyə yardımı ona vaxtında ödənilməmişdir.

6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. İddianın növü və mümkünlüyü

7. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

8. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

9. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

10. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Ağdam rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

11. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşayış ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

12. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. III. Prosessual məsələlər

13. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

14. İddiaçının iddia ərizəsində göstərilmiş ünvanına məhkəmə bildirişi göndərilmiş, həmçinin Elektron məhkəmə informasiya sistemi vasitəsilə göndərilmiş sms-xəbərdarlıq ona çatdırılmışdır

15. Cavabdeh məhkəmə ünvanladığı yazılı etirazda məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmiş, iddiaçı isə məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir.

16. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

16. Cavabdeh iddiaya qarşı yazılı etiraz ünvanlamışdır. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 39-VQD nömrəli Qanunu ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrin Qarnizon və qarovul xidmətləri Nizamnamə”nə dəyişiklik edilərək 16 saylı “Dəfn mərasiminin təşkili və keçirilməsi Qaydaları” təsdiq edilmişdir. Həmin əlavənin 1.7-ci bəndinə görə Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən maliyyə yardımı göstərilir. Bu dəyişikliyə qədər isə həmin maliyyə yardımının göstərilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi"nir 16 saylı əlavəsinin 1.7-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinin Vİİ hissəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikas Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi"nir 16 saylı əlavəsinin - "Dəfn mərasiminin təşkili və keçirilməsi Qaydaları"nın 1.7-ci maddəsinə uyğun olaraq, həmin Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin yas mərasiminir təşkili üçün nəzərdə tutulmuş maliyyə yardımının 1991-2016-cı illərdə həlak olmuş və şəhid statusu verilmiş hərbi qulluqçuların valideynlərinə (yaxın qohumlarına və ya qanun nümayəndələrinə) verilməsi həmin normativ hüquqi aktın hüquqi məqsəd və təyinatından kənar olduğundan, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinir müddəalarının tətbiqi istisna edilir.

17. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

18. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Ağdam ƏSMM tərəfindən verilmiş 002173 nömrəli vəsiqə; - Ölüm haqqında şəhadətnamənin surəti; - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli imtina məktubu.

Əsaslandırma hissəsi:

19. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

20. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

21. İş materiallarından müəyyən olur ki, iddiaçının qardaşı X2 xx.xx.1993-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı həlak olmuşdur. İddiaçı şəhid oğlunun dəfn mərasiminin təşkilinə görə maliyyə yardımının ödənilməsi barədə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən onun müraciətinə xx.xx.2023-cü il tarixdə imtina cavabı verilmişdir.

22. Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 39-VQD nömrəli Qanunu ilə “Azərbaycan Respublikasının 1994-cü il 23 senyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nə dəyişikliklər edilmiş və 16 saylı “Dəfn mərasiminin təşkili və keçirilməsi Qaydaları” təsdiq edilmişdir. Həmin əlavənin 1.7-ci bəndinə görə Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən maliyyə yardımı göstərilir.

23. “Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 39-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 yanvar tarixli 727 nömrəli Fərmanının 1.1.4-cü hissəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinə həmin Nizamnamənin 16 saylı əlavəsinin 1.7-ci maddəsinə uyğun olaraq, dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün maliyyə yardımı göstərilməsi qaydasını və həmin yardımın məbləğini müəyyən etməsi və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməsi tapşırılmışdır.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün maliyyə yardımının göstərilməsi qaydası və məbləğinin müəyyən edilməsi barədə” 2016-cı il 29 sentyabr tarixli 374 nömrəli Qərarı təsdiq edilmişdir. Həmin Qərarın 1-ci hissəsində “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi” 16 saylı əlavəsinin 1.7-ci maddəsinə uyğun olaraq dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün 3000 (üç min) manat maliyyə yardımının verilməsi müəyyən edilmişdir. Həmin Qərarın 5-ci hissəsində “Azərbaycan Respublikası Silahlı Qüvvələrin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 333-cü maddəsində göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili ilə əlaqədar maliyyə yardımının göstərilməsi hər il üçün dövlət büdcəsində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saxlanılması xərclərinin tərkibində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilməsi müəyyən edilmişdir.

25. Göründüyü kimi, Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 39- VQD nömrəli Qanunu ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrin Qarnizon və qarovul xidmətləri Nizamnamə”nə dəyişiklik edilərək 16 saylı “Dəfn mərasiminin təşkili və keçirilməsi Qaydaları” təsdiq edilmiş və həmin Əlavənin 1.7-ci bəndinə görə Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün maliyyə yardımının göstərilməsi müəyyən edilmiş və həmin maliyyə yardımının göstərilməsi qaydası və məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 29 sentyabr tarixli 374 nömrəli Qərarı ilə müəyyən edilmişdir.

26. Yəni, həmin qərarın qəbul edilməsindən və qüvvəyə minməsindən sonra Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün 3000 manat maliyyə yardımı göstərilməyə başlamış, eyni zamanda bu maliyyə yardımının hər il üçün dövlət büdcəsində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saxlanılması xərclərinin tərkibində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilməsi təsbit edilmişdir.

27. “Normativ hüquqi aktlar” haqqında AR Qanununun 85.1-ci maddəsinə görə, qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir.

28. Azərbaycan Respublikasının Nazirlər Kabineti Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 85.1-ci maddəsinin tələbləri baxımından yas mərasiminin təşkili üçün müəyyən olunmuş maliyyə yardımının 1991-2016-cı illər ərzində həlak olan şəhid statusu verilmiş hərbi qulluqçuların valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) şamil edilib-edilməməsi ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət etmiş və həmin müraciətlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qəbul etdiyi “Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.7-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarı ilə qərara alınmışdır ki, Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”nin 16 saylı əlavəsinin - “Dəfn mərasiminin təşkili və keçirilməsi Qaydaları”nın 1.7-ci maddəsinə uyğun olaraq, həmin Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin yas mərasiminin təşkili üçün nəzərdə tutulmuş maliyyə yardımının 1991-2016-cı illərdə həlak olmuş və şəhid statusu verilmiş hərbi qulluqçuların valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) verilməsi həmin normativ hüquqi aktın hüquqi məqsəd və təyinatından kənar olduğundan, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin müddəalarının tətbiqi istisna edilir.

29. Plenum həmin Qərarında qeyd etmişdir ki: - Hər hansı normativ hüquqi aktın bu və ya digər norması tətbiq olunarkən həmin aktın qəbulunda güdülən məqsəd, normanın yerinə yetirdiyi hüquqi funksiya diqqətə alınmalıdır. Nizamnamənin 16 saylı əlavəsinin – “Dəfn mərasiminin təşkili və keçirilməsi Qaydaları”nın 1.7-ci maddəsinin əsas məqsəd və təyinatını isə həlak olmuş hərbi qulluqçuların xatirəsinə ehtiram olaraq onların valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) hərbi qulluqçuların məhz dəfn və yas mərasimlərinin təşkili və keçirilməsi üçün birdəfəlik dövlət yardımının ayrılması təşkil edir. Odur ki, 2016-cı il tarixinədək həlak olmuş və dəfn olunmuş hərbi qulluqçuların valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) Nizamnamənin 16 saylı əlavəsinin 1.7-ci maddəsi üzrə birdəfəlik maliyyə yardımının ödənilməsi həmin aktın hüquqi təyinat, məqsəd və funksiyası ilə də uzlaşmır. - Göstərilənlərə əsasən, dəfn və yas mərasiminin təşkili üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən göstərilən bu yardım vəfat etmiş (həlak olmuş) hərbi qulluqçuların valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) həmin şəxslərin sosial rifahının yaxşılaşdırılmasına yönələn vəsait və ya kompensasiya kimi qiymətləndirilə bilməz.

30. Məhkəmə yuxarıda qeyd olunanları, o cümlədən həmin 3000 manat maliyyə yardımının sırf dəfn və yas mərasimlərinin təşkili üçün nəzərdə tutulmasını, iddiaçının qardaşının isə xx.xx.1993-cü il tarixdə şəhid olmaqla, həmin vaxt dəfn edilməsini və yas mərasiminin keçirilməsini, eyni zamanda həmin yardımın verilməsinə dair Qərarın xx.xx.2016-cı il tarixdən qüvvəyə minməsini və hər il üçün dövlət büdcəsində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saxlanılması xərclərinin tərkibində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilməsini nəzərə alaraq, hesab edir ki, cavabdeh orqanın imtinası qanuni və əsaslıdır.

31. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

32. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

Nəticəvi hissə:

33. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar