Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3403/2025 19.03.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Nurəli Əvəz oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xx.xx.2002-ci il tarixdə ehtiyata buraxılarkən ödənilməmiş 5 aylıq vəzifə maaşı həcmində (130 №-li hərbi hissənin raket artileriya xidməti vəzifəsinin bu gün mövcud olan vəzifə maaşı əsas götürülməklə) birdəfəlik müavinətin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında baxaraq aşağıdakı qərardadı qəbul etdim. Təsviri hissə: İddiaçı (bundan sonra məntdə - iddiaçı) xx.xx.1956-cı il tarixdə Gədəbəy rayonun, Arıqıran kəndində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. İddiaçı uzun illə ərzində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 130 saylı Hərbi Hissədə RAS Xidmətində müxtəlif xidmətlərdə, ən sonda 130 saylı Hərbi Hissədə RAS xidmətin rəisi vəzifələrdə işləmiş və yaş həddi ilə əlaqədar 2002-ci ildə təqaüdə çıxmışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə - cavabdeh) qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2002-ci il tarixdə ehtiyata buraxılarkən ödənilməmiş 5 aylıq vəzifə maaşı həcmində (130 №-li hərbi hissənin raket artileriya xidməti vəzifəsinin bu gün mövcud olan vəzifə maaşı əsas götürülməklə) birdəfəlik müavinətin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, AR Müdafiə Nazirinin 0629 nömrəli, xx.xx.2001-ci il tarixli əmri ilə “Hərbi XidmətKeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “B” bəndinə əsasən (yaşa görə) N Nə-li hərbi hissədən RAS xidməti rəisi vəzifəsindən ehtiyata buraxılmışdır. Lakin bu zaman ona birdəfəlik müavinət verilməmişdir. Belə ki, ehtiyata buraxılma haqqında N nömrəli hərbi hissə komandirinin onun ehtiyata buraxılması haqqında xx.xx.2002-ci il tarixli əmrində ona birdəfəlik müavinətinin verilməsi göstərilməmişdir. O, xx.xx.2025-ci il tarixdə etibarnamə üzrə nümayəndəsi vasitəsi ilə AR Müdafiə Nazirliyinə müraciət edərək xx.xx.2002-ci il tarixdə ehtiyata buraxılarkən ödənilməmiş 5 aylıq vəzifə maaşı həcmində (N nömrəli hərbi hissənin raket artileriya xidməti vəzifəsinin bu gün mövcud olan vəzifə maaşı əsas götürülməklə) birdəfəlik müavinətin hesablanaraq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin müraciətinə cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli məktubla imtina cavabı verilmişdir. İmtinanı əsassız və qanunsuz hesab edir. Birdəfəlik müavinətin verilməsi o vaxt qüvvədə olan (xx.xx.2002-ci il tarixədək qüvvədə olmuş) Azərbaycan Respublikası Müdafiə Nazirinin 249 nömrəli, xx.xx.1993-cü il tarixli əmri ilə qüvvəyə minmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi qulluqçularının pul təminatı haqqında” Əsasnamənin 228-ci maddəsində nəzərdə nəzərdə tutulmuşdur. Həmin maddədə qeyd yazılmışdır: Yaşına, xəstəliyə, xidmət illərinə görə, ştatlarının ixtisarına görə hərbi qulluqdan təxris olunan, pensiya hüququ olan zabitlərə, gizirlərə, miçmanlara və müddətdən artıq xidmət hərbi qulluqçularına işdən çıxarkən 5 aylıq maaş miqdarında, başqa əsaslarla işdən çıxanlara isə 2 ayhq maaş miqdarında birdəfəlik müavinət ödənilir. O, zabit kimi kapitan hərbi rütbəsində yaşa görə ehtiyata buraxılmışa və hazırda həmin tarixdən yaşa görə əmək pensiyası alır. Lakin hərbi hissə üzrə ehtiyata buraxılma əmrində ona birdəfəlik müavinətin ödənilməsi göstərilmədiyindən birdəfəlik müavinət ona ödənilməmişdir. Ona görə də hazırki tələblə məhkəməyə müraciət etmişdir. Əsaslandırma hissəsi: İddia ərizəsi və iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, hazırkı iddia mümkün sayılmamalıdır. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Belə ki, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. 2011-ci il 1 yanvar tarixinədək müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti 2000-ci il 1 sentyabr tarixindən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsi ilə, 2011-ci il 1 yanvar tarixindən isə iddia müddəti tətbiq edilən iddialar üzrə iddia müddəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə tənzimlənir. 2000-ci il 1 sentyabr tarixindən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni xx.xx.2011-ci il tarixədək inzibati orqanların qərarlarının və hərəkətlərinin (hərəkətsizliyinin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti xx.xx.2011-ci il tarixədək ötürülmüşdürsə, onlar yeni qanuna görə mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta və ya hərəkətə (hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. (Misal üçün: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-1216/2024 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2107/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)- 2645/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2394/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)- 2985/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2940/2023 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-384/2024 nömrəli qərarları). Belə yanaşma hüquqi müəyyənlik prinsipinə əsaslanır. İşin araşdırılan hallarından da göründüyü kimi, iddiaçı xx.xx.2002-ci il tarixdə ehtiyata buraxılarkən ödənilməmiş 5 aylıq vəzifə maaşı həcmində (130 №-li hərbi hissənin raket artileriya xidməti vəzifəsinin bu gün mövcud olan vəzifə maaşı əsas götürülməklə) birdəfəlik müavinətin hesablanaraq ödənilməsi barədə tələblə bağlı əvvəllər məlumatlı olduğu halda, o, iddianı MPM-in 298-ci maddəsi üzrə müəyyən edilmiş müddəti buraxmaqla qaldırmışdır. Məhkəmə hesab edir ki, belə situasiyalarda hər bir halda hüquqi müəyyənlik prinsipinin xüsusi əhəmiyyəti və həmin prinsipin təmin olunması ilə bağlı ictimai maraq nəzərə alınmalıdır. Hazırkı mübahisəyə münasibətdə xx.xx.2002-ci il tarixdə ehtiyata buraxılarkən ödənilməmiş 5 aylıq vəzifə maaşı həcmində (130 №-li hərbi hissənin raket artileriya xidməti vəzifəsinin bu gün mövcud olan vəzifə maaşı əsas götürülməklə) birdəfəlik müavinətin hesablanaraq ödənilməsindən cavabdehin imtinasının iddiaçı tərəfindən 2011-ci il 1 yanvar tarixinədək mübahisələndirildiyi iş üzrə materiallardan görünmür və bu baxımdan onun yeni qanunvericiliyə əsasən həmin imkanı itirdiyi qəbul olunmalıdır. Belə ki, iddiaçı cavabdehin həmin hərəkətlərinin mübahisələndirilməsi barədə həmin dövrdə və həmin zaman kəsiyində iddia qaldırmaq imkanına malik olmasına rəğmən, həmin zaman kəsiyində müvafiq hüquqi müdafiə imkanlarından yararlanmamışdır. İddia müddətinə əməl olunması şəxsin iradəsinə bağlıdır və onun məsuliyyət sferasına aid edilməlidir. Bu baxımdan şəxs müddətin ötürülməsinin onun təqsirkar davranışına bağlı hüquqi nəticələrini qəbul etməyə borcludur. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər. Məhkəmə qeyd edir ki, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmə tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Belə olan məhkəmə hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xx.xx.2002-ci il tarixdə ehtiyata buraxılarkən ödənilməmiş 5 aylıq vəzifə maaşı həcmində (130 №-li hərbi hissənin raket artileriya xidməti vəzifəsinin bu gün mövcud olan vəzifə maaşı əsas götürülməklə) birdəfəlik müavinətin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair ərizəsi mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nurəli Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-3403/2025
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3403/2025
19.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver