Məhkəmə qərarları › İş №2-1(114)-3406/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3406/2025

17.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3406/2025 17.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlilliyin müəyyən edilərək təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı ona təyin edilmiş “əlilliyə görə əmək pensiyası”nın 18 yanvar 2022-ci il tarixdən etibarən 3-cü dərəcəli hərbi əlillik pensiyasına bəpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş etiraz və ona əlavə olunmuş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi barədə müraciətinə cavab məktubunda bildirilmişdir ki, o, xx.xx.2023cü il tarixində Agentlikdə qəbulda olmuş, təqdim edilən tibbi sənədlər və ətraflı əyani müayinənin nəticəsi olaraq təqdim etdiyi xx.xx.1992-ci il tarixli 4566 nömrəli şəhadətnamədə göstərilən səbəb və diaqnoz öz təsdiqini tapmamış, lakin ümumi xəstəlikdən olan yanaşı xəstəliyi əlillik təyinatının aparılmasına əsas verdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə uyğun olaraq ona xx.xx.2022-ci il tarixindən ümumi xəstəlik (gözdən əlilliyi olan şəxs) səbəbindən müddətsiz üçüncü dərəcə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. II. Məhkəmədə icraat

2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona təyin edilmiş “əlilliyə görə əmək pensiyası”nın 18 yanvar 2022-ci il tarixdən etibarən 3-cü dərəcəli hərbi əlillik pensiyasına bəpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hərbi biletinin surətindən görünür ki, 05 sentyabr 1992-ci il tarixində Tərtər rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və dərhal hərbi hissənin tərkibində Azərbaycan Respulikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Sentyabr ayının sonlarında döyüşlərdə ağır yaralandığından Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında müayinə və müalicə olunmuş, orada qoyulmuş diaqnoza əsasən hərbi xidmətdən tərxis edilmişdir. Bundan sonra Hərbi Həkim Komissiyasının arayışı ilə ona müddətsiz İİİ qrup əlillik verilmiş və müvafiq olaraq hərbi əlillik pensiyası təyin edilmişdir. Lakin 2016-cı ilin fevral ayında cavabdeh orqan tərəfindən yenidən müaniyəyə çağrılmış və müayinədən keçdikdən sonra 11 fevral 2016-cı il tarixindən 11 fevral 2021-ci il tarixinədək müddətli 3-cü dərəcəli hərbi əlillik pensiyası təyin edilmişdir. Əlillik müddəti bitdikdən sonra müraciəti əsasında cavabdeh orqan tərəfindən ona artıq hərbi deyil ümumi əsaslarla müddətsiz 3-cü dərəcəli əlillik müəyyən edilərək pensiya təyin edilmişdir. Əlilliyə səbəb Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə aldığı travma olduğundan yeni təyin edilmiş əlillik hərbi əlillik kateqoriyasına aid edilməli idi. Bununla bağlı cavabdehə dəfələrlə müraciət etmiş və qəbulda olmuşdur. Yalnız 19 yanvar 2024-cü il tarixində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən müraciətinə imtina edilmişdir. Hesab edir ki, cavabdeh tərəfindən hüququ kobud surətdə pozulmuşdur. Odur ki, mübahisənin inzibati qaydada məcburetmə yolu ilə məhkəmədə həll edilməsi zərurəti yaranmışdır. III. Prosessual məsələlər

4. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq iddiaçıya hüquqi yardım göstərilməsi məqsədilə xx.xx.2025-ci il tarixdə sərəncam göndərilərək bildirilmişdir ki, ona cavabdeh orqanın xx.xx.2023-cü il tarixli 3-17-4/3-449/2023 nömrəli qərarı ilə xx.xx.2022-ci il tarixdən ümumi xəstəlik səbəbi ilə müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. Ona görə də, o hüquqi marağına çatmaq üçün həmin qərarı mübahisələndirməlidir. Bu halda tələbi mübahisələndirmə haqqında iddia növünə aid olmaqla həmin növ iddianın mümkün sayılması üçün İPM-in 38-ci maddəsində nəzərdə tutulmuş müddətlərə riayət edilməli olduğu, belə ki, 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) vəya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla biləcəyi, bu səbəbdən hazırkı iddianın qaldırılması üçün nəzərdə tutulmuş iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinin də aydınlaşdırılması zəruriyi izah olunmuşdur. Odur ki, ondan həmin məsələyə münasibət bildirilməsi tələb olunmuş, eyni zamanda bildirilmişdir ki, müddəti ötürdüyünü hesab edəcəyi təqdirdə, onun buraxılmış müddətin bərpa edilməsinə dair ərizə vermək hüququ da vardır. Sadalanan xətaların aradan qaldırılması üçün məhkəmə iclasınadək (xx.xx.2025-ci il) müddət təyin edilmiş, əks təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.

5. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

6. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir.

7. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə tərəflərin iştirakları olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir.

Əsaslandırma hissəsi:

8. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

9. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.

10. İddia tələbində ona təyin edilmiş “əlilliyə görə əmək pensiyası”nın 18 yanvar 2022-ci il tarixdən etibarən 3-cü dərəcəli hərbi əlillik pensiyasına bəpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması xahiş etmişdir.

11. Halbuki, cavabdeh tərəfindən təqdim edilmiş sənədlərlə müəyyən edilir ki, ona xx.xx.2022-ci il tarixindən ümumi xəstəlik (gözdən əlilliyi olan şəxs) səbəbindən müddətsiz üçüncü dərəcə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir.

12. Ona görə də, qanunun tələblərinə və hüquqi marağına uyğun olaraq həmin qərarı mübahisələndirməlidir.

13. Bundan başqa, əlilliyi sonuncu dəfə xx.xx.2022-ci il tarixdə qiymətləndirilərək, ümumi xəstəlik (gözdən əlilliyi olan şəxs) səbəbindən üçüncü dərəcə müddətsiz əlillik qəbul edilmiş, xx.xx.2023-cü il tarixində isə sistemə daxil edilmişdir. İddiaçı isə xx.xx.2025ci il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

14. Məhkəmə bununla bağlı qeyd edir ki, iddia tələbi məcburetmə haqqında iddia növünə aid olmaqla həmin növ iddianın mümkün sayılması üçün İPM-in 38-ci maddəsində nəzərdə tutulmuş müddətlərə riayət edilməlidir. Həmin maddəyə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Bu səbəbdən hazırkı iddianın qaldırılması üçün nəzərdə tutulmuş iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinin də aydınlaşdırılması zəruridir.

15. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq iddiaçıya hüquqi yardım göstərilməsi məqsədilə xx.xx.2025-ci il tarixdə sərəncam göndərilərək, hüquqi marağına uyğun iddia tələbini dəqiqləşdirməsi təklif olunmuş, bununla əlaqədar qeyd edilən xətanın aradan qaldırılması üçün vaxt verilmişdir.

16. Lakin iddiaçı tərəfindən sərəncamda göstərilən nöqsanlar aradan qaldırılmamışdır.

17. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.

18. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Nəticəvi hissə:

19. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. İddiaçının nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması, mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar