Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-341/2023 24.08.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, ona məxsus İT-İN ******* saylı əmək kitabçasında qeyd edilmiş iş illərinin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1957-ci ildə anadan olmuşdur, pensiya yaşına çatdığı üçün sənədlərini cavabdehə təqdim etmişdir. xx.xx.1975-ci ildən əmək fəaliyyətinə başlamış, hərbi xidmət keçmiş, 2005-ci ilə kimi işləmişdir. Lakin fond tərəfindən ona bildirilmişdir ki, onun ümumilikdə 18 il 7 ay 25 gün iş stajı vardır. Halbuki onun ümumilikdə 36 il iş stajı var. Buna baxmayaraq fond tərəfindən onun işlədiyi illərdə idarə tərfindən sosial sığorta stajı ödənilmədiyi qeyd edilərək ona əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İddiaçı müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi “işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və pensiyanın təyin edilməsi” tələbinə dəyişdirilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının surətinə, hərbi xidmət haqqında arayışa və digər sənədlərə əsasən sığorta stajı xx.xx.1976-ci il tarixdən 18 11.1978-ci tarixədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla 18 il 7 ay 25 gün təşkil edir. Fondun Qarabağ regional filialının müvafiq aktına əsasən, xx.xx.1979-cu il tarixdən xx.xx.1994-cü il tarixədək əmək kitabçasının surətində qeyd olunmuş "Xanagah" kənd mağazasına xx.xx.1979-cu il tarixli 235 nömrəli əmrlə işə qəbul edilməyi, Bərdə "xxxx"nin xx.xx.1994-cü il tarixli 261 nömrəli sərəncamına əsasən "xxxx"yə keçirilməyi, Bərdə "xxxx"nin xx.xx.2012ci il tarixli 40 nömrəli sərəncamına əsasən tutduğu vəzifədən azad olunmağı aşkar edilmişdir. Eyni zamanda xx.xx.1994-cü il tarixli 60 nömrəli əmrlə Bərdə rayon "xxxx"nin X2 Birliyinə 53 nömrəli yeməkxanaya işə qəbul edilməyi, xx.xx.2006-cı il tarixli 7 nömrəli əmrlə işdən azad edilməyi aşkar edilmişdir. 1979-1995-ci illərə dair əməkhaqqı cədvəllərinə baxış zamanı adı aşkar edilmiş və qeyd olunan dövrlər sığorta stajına daxil edilmişdir. 1996-2012-ci illər üzrə "xxxx"də əmək fəaliyyəti zamanı iddiaçıya əməkhaqqı hesablanmadığı müəyyən edilmiş və həmin dövrlər sığorta stajına daxil edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçalarında göstərilən müvafiq dövrlər (xx.xx.1994-xx.xx.2006-cı illər, xx.xx.2001-xx.xx.2005-ci illər, xx.xx.1996-xx.xx.2012-ci illər) əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.2012-ci il tarixədək ayrı-ayrı vaxtlarda ayrı-ayrı müəssisələrdə işləmişdir. -surəti işə əlavə edilmiş ЖB 028951 nömrəli əmək kitabçasından görünür ki, İddiaçı 1975-1982-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil almışdır. -surəti işə əlavə edilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin xx.xx.2014-cü il tarixli, 114 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olmuşdur. - işə əlavə edilmiş Bərdə rayon Mehdili bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 25 nömrəli arayışından görünür ki, İddiaçı Mehdili bələdiyyəsinin əmrlər kitabına əsasən 02 yanvar 2001-ci ildə Mehdili bələdiyyəsində "məsləhətçi" vəzifəsinə qəbul edilmiş, 02 yanvar 2003-cü ildən 14 №-li əmrə əsasən məsləhətçi vəzifəsindən azad edilərək, vergi müfəttişi vəzifəsinə təyin edilmiş, 21 №-li əmrə əsasən isə 02 yanvar 2005-ci ildə həmin tarixdən vergi müfəttişi vəzifəsindən azad edilmişdir -işə əlavə edilmiş Bərdə şəhər X2 Birliyinin xx.xx.2018-ci il tarixli, 6 nömrəli arayışında İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2006-ci il tarixə kimi Bərdə şəhər 11MBnin 53 saylı yeməkxanasında bufetçi vəzifəsində işləməsi və həmin müddətlərdə üzrə əmək haqqı alması qeyd olunmuşdur. -işə əlavə edilmiş Bərdə Rayon Kooperativ Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 10 nömrəli arayışından görünür ki, İddiaçı işlədiyi dövr ərzində 1995-ci ilin iyul ayınadək əmək haqqı almışdır. -işə əlavə edilmiş Bərdə Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 189 nömrəli məktubundan görünür ki, Bərdə Rayon Kooperativ Cəmiyyətinin şəxsi heyətə aid əmr və əmək haqqı kitabları rayon Dövlət Arxivinin mühafizəsinə təhvil verilməmişdir. -işə əlavə edilmiş Bərdə Rayon Kooperativ Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 03 nömrəli arayışında bildirilir ki, cəmiyyətdə 1994-cü ildən kommersiya mağazalarından başqa (dövriyyə etdikləri üçün) mağaza işçilərinə dövriyyə etmədikləri üçün əmək haqqı yazılmamışdır. -DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli, **********4 nömrəli məktubundan görünür ki, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə iş stajını təsdiq edən sənədlərlə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan iddiaçının ümumi iş stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğuna görə ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun; -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -3.1. maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. -22.2-ci maddəsinə görə sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının:- -3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda əmək pensiyasının təyin edilməsi üçün əsas hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının mübahisələndirilməyən sığorta stajı hərbi xidmət dövrü də daxil olmaqla 18 il 7 ay 25 gün təşkil edir. İddiaçının mübahisələndirilən ümumi iş stajı isə xx.xx.1994-xx.xx.2006-cı illər, xx.xx.2001-xx.xx.2005-ci illər, xx.xx.1996-xx.xx.2012-ci illər olan dövrdür. Mübahisələndirilən xx.xx.2001-xx.xx.2005-ci illər üzrə olan dövrlərə bağlı məhkəmə qeyd edir ki, iddiaçının qeyd olunan müddətdə Bərdə rayon Mehdili bələdiyyəsində işləməsi həm əmək kitabçası, həm də arxiv arayışı ilə öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə həmin dövrlərin onun sosial sığorta stajına daxil edilməsini məqsədəmüvafiq hesab edir. Bundan əlavə, qeyd edilməlidir ki, məhkəmə iddiaçının 1994-2006-cı illərdə əmək haqqı alması barədə X5 Müəssisəsinin xx.xx.2018-ci il tarixli arayışını mötəbər hesab etmir, çünki həmin müəssisənin işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 03 nömrəli arayışında iddiaçıya 1994-cü ildən əmək haqqı hesablanmadığı bildirilmişdir. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Bu səbəbdən də onun əmək haqqı almadığı dövlər, yəni 1994-2012-ci illər üzrə müddətlər onun sosial sığorta stajına daxil edilə bilməz. Beləliklə müəyyən olunur ki, iddiaçının cavabdeh tərəfindən hesablanan 18 il 7 ay 25 gün sığorta stajı və məhkəmə tərəfindən nəzərə alınan sığorta stajı- 4 il (xx.xx.2001xx.xx.2005-ci illər) nəzərə alındıqda onun ümumilikdə 22 il 7 ay 25 gün sığorta stajının olması təsdiq olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin mətnindən aydın olur ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 əsas eyni anda mövcud olmalıdır: 1) Vətəndaşın yaşı bu qanunda göstərilən yaş həddinə çatmalıdır; 2) Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir yaxud azı 25 il sığorta stajı olmalıdır. İddiaçıya nəzərən birinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır. Belə ki, iddiaçı xx.xx.1957-ci il tarixdə anadan olduğundan onun yaşa görə əmək pensiyası almaq hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq xx.xx.1957-ci il tarixində yaranmışdır. İkinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən 18 il 7 ay 25 gün sığorta stajı və məhkəmə tərəfindən müəyyən olunan 4 il müddət də nəzərə alındıqda ümumilikdə 22 il 7 ay 25 gün sığorta stajının olması müəyyən olunur. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisələndirilən dövrlərdən bir hissəsi xx.xx.2001-xx.xx.2005-ci illər onun sosial sığorta stajı kimi nəzərə alınsa belə, onun ümumilikdə 22 il 7 ay 25 gün sığorta stajı yaranmış olur və bu staj ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli deyil. Beləliklə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən iddiaçıya yaşaa görə əmək pensiyası təyin edilməsi üçün 25 il sosial sığorta stajı tələb olunduğuna və iddiaçı həmin tələbi ödəmədiyinə, eləcə də onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığına görə onun yaşa görə əmək pensiyası hüququ yaranmır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqanın ona pensiya təyin etməklə bağlı imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 33, 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-341/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-341/2023
24.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver