Məhkəmə qərarları › İş №2-1(114)-341/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-341/2025

30.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-341/2025 30.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.1983-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, hazırda Gəncə şəhəri, X3 küçəsi, döngə 6, ev 10 ünvanında qeydiyyatdadır. İddiaçı xx.xx.2011-ci il tarixindən İİİ qrup müddətsiz əlilliyə görə müavinət, xx.xx.2017-ci il tarixindən əlillik qrupunun dəyişməsi səbəbindən İ qrup əlilliyə görə müavinət, xx.xx.2017-ci il tarixindən İ qrup əlilliyə görə sosial müavinət ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sonuncu müayinəyə dair məlumatına əsasən vətəndaşın əlilliyi etibarsız hesab edilmiş və nəticədə 6015 manat məbləğində artıq alınmış vəsait yaranmışdır. İddiaçı tərəfindən 6015 manat vəsaitin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə hesaba ödənilmədiyindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF publik hüquqi şəxsinin Gəncə şəhər Kəpəz rayon filialı tərəfindən Tələbin icraya yönəldilməsi barədə 16.0.2020-ci il tarixli **********4 nömrəli qərar qəbul edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Gəncə şəhəri Kəpəz rayon filialı tərəfindən tələbin icraya yönəldilməsi barədə xx.xx.2020-ci il tarixli, **********4 nömrəli Qərara əsas olmuş 6015 manat məbləğində artıq alınmış vəsaitin ödənilməsinə dair qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Gəncə şəhəri Kəpəz rayon filialı tərəfindən tələbin icraya yönəldilməsi barədə xx.xx.2020-ci il tarixli, **********4 nömrəli qərar qəbul edilmişdir. Qərarda qeyd edilmişdir ki, o, xx.xx.1983-cü il təvəllüdlü İddiaçı xx.xx.2017-ci il tarixdən-xx.xx.2020-ci il tarixədək İ qrup əlilliyə görə təqaüd ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövləi Tibbi Sosial Eksperiza və Reabiltasiya Agentliyinin sonuncu müayinəyə dair məlumatlarına əsasən 1 qrup əlillik kimi qiymətləndirilmiş, lakin həmin tarixdən etibarsız hesab edildiyi üçün nəticədə 6015 manat məbləğində artıq alınmış vəsait yaranmışdır. Yuxarda qeyd olunan qərarı, yəni inzibati aktı, qeyri obyektiv və qanunsuz hesab edir. Belə ki, Dövlət Tibbi Sosial Eksperiza və Reabiltasiya Agentliyinin yoxlanışından keçərək müvafiq olaraq xx.xx.2017-ci il tarixdən əlillik qrupu almışdır. Həmin qrup əsasında da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Gəncə şəhər Kəpəz rayon filialı tərəfindən ona müvafiq olaraq əlillik üzrə təqaüd təyin edilmişdir. Lakin bundan sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Eksperiza və Reabilitasiya Agentliyi tərəfindən ona heç bir rəsmi qərar göndərilmədən təyin olunmuş təqaüd dayandırılmışdır. Əlilliyə görə edilmiş təqaüd müvafiq komissiyanın qərarı ilə onun müraciəti əsasında rəsmi sənədlərin yoxlanılmasına əsasən araşdırılaraq təyin edilmiş, sonradan isə heç bir əsas gətirilmədən təqaüd dayandırılmış və əlillik dərəcəsi ləğv edildiyi bildirilmişdir. Ləğv edilməyə dair heç bir əsaslı qərar indiyədək onun rəsmi ünvanına göndərilməmişdir. Halbu ki, qərarda ünvana göndərildiyi qeyd olunur. Dövlət Sosial Müdafiə X4 şəxsin Gəncə şəhəri Kəpəz rayon filialı tərəfindən tələbin icraya yönəldilməsi barədə xx.xx.2020-ci il tarixli. **********4 nömrəli Qərardan saxlanılaraq icra xidmətinə aparılanda xəbər tutmuşdur və ərizə ilə müraciət edərək qərarı almışdır. Əlilliyə görə təyin olunan təqaüd xx.xx.2020-ci il tarixdə kəsildikdən sonra DSMF-yə şifahi müraciət etdikdə ümumi şəkildə hamının təqaüd təminatının kəsilməsini və qısa müddətdə bərpa olunacağı və bu haqda əlavə xəbər veriləcəyi bildirilmişdir. Cavabdeh orqan məhkəməyə xx.xx.2024-cü il tarixli etiraz ünvanlamışdır. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbi əsassızdır və aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. Belə ki, xx.xx.1983-cü il təvəllüdlü İddiaçı xx.xx.2017-ci il tarixdən xroniki böyrək çatışmazlığı əsası ilə ümumi xəstəlik səbəbindən müddətsiz olaraq 1-ci qrup əlillik təyin edilmişdir. Həmin tarixdən iddiaçıya əlilliyə görə müavinət ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sonuncu müayinəyə dair məlumatına əsasən iddiaçının adı hemodializ xəstələrinin siyahısında aşkar edilmədiyi üçün xx.xx.2020-ci il tarixdə əlilliyi etibarsız hesab edilmişdir. Nəticədə 6015 manat məbləğində artıq ödənilmiş vəsait yaranmışdır. Yaranmış 6015 manat vəsaitin Dövlət Sosial Müdafiə X4 şəxsin Gəncə şəhər Kəpəz rayon filialının hesabına qaytarılması haqda **********9 nömrəli bildiriş göndərilmişdir. Lakin artıq ödənilmiş 6015 manat məbləğində vəsaitin bərpası təmin edilməmişdir. Bu səbəbdən cavabdeh orqan tərəfindən qəbul edilmiş **********4 nömrəli xx.xx.2020-ci il tarixli qərara əsasən, İddiaçı tərəfindən 6015 manat vəsait qanunvericilliklə nəzərdə tutulan müddətdə hesaba ödənilmədiyindən vəsaitin bərpası icraya yönəldilmişdir. Odur ki, İddiaçı təkrar müayinəsi aparılmışdır. Nəticədə əlilliyin qiymətləndirilməsinə əsas verən 0346003AAHFS saylı göndərişin əsassız rəsmiləşdirildiyi bildirilmiş, həmçinin iddiaçının adı hemodializ xəstələrinin siyahısında aşkar edilmədiyindən qiymətləndirmə əlillik altsistemində etibarsız edilmişdir. İddiaçı əsassız olaraq sosial təminat hüququ verildiyindən, cavabadeh orqan tərəfindən qəbul edilmiş **********4 nömrəli xx.xx.2020-ci il tarixli qərarla sözügedən qanunsuz inzibati akt ləğv edilmişdir. Qanunsuz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmalıdır. Bu səbəbdən maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və əşyanının əvəzini ödəməyə borcludur. Ödəməmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Cavabdehin **********4 nömrəli xx.xx.2020- ci il tarixli qərarı icraya yönəldilməsinə baxmayaraq inzibati orqan tərəfindən inzibati aktın icrasını təmin etmək üçün hər hansı tutulma aparılmamışdır. Belə ki, vətəndaşlara artıq ödənilmiş pensiya və ya müavinətlərin məbləği inzibati orqan tərəfindən vətəndaşa təyin olunmuş sosial təminat növlərinin birindən qanunvericilliklə nəzərdə tutulmuş qaydada tutula bilər. İddiaçı S.lbrahimova hal-hazırda hər hansı sosial təminat növü ilə təmin olunmadığından sözügedən qərarın həyata keçirilməsi mümkün deyildir. Göründüyü kimi, **********4 nömrəli xx.xx.2020-ci il tarixli qərarın mövcudluğu hazırda iddiaçının hüquqi vəziyyətini ağırlaşdırmadığından həmin qərarın mübahisələndirilməsi və ya məhkəmə qaydasında ləğv edilməsi heç bir hüquqi əhəmiyyət daşımır. Həmçinin sözügedən qərarın mövcudluğu ididaçının hüquq və mənafelərinin həyata keçirilməsinə maneə olmur, bu səbəbdən də həmin qərarın ləğvi iddiaçı üçün hər hansı bir hüquqi nəticə yaratmayacaqdır. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasın gəlmişlər. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Həmçinin iddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2020-ci il tarixli, **********4 nömrəli qərarın ləğv edilməsini xahiş etmiş,ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya qarşı etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini iddiaçının cavabdehə ünvanladığı ərizələri, cavabdehin imtinası, cavabdehin məktubu ilə məhkəməyə təqdim edilmiş pensiya işin və müavinət işinin materialları təşkil etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. İnsan hüquqlarının, o cümlədən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri qanunvericilik siyasətinin gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətləri iştirakçılarının davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsini təmin etməklə, rəsmi tanınmış hüquqi statuslarının, əldə edilmiş hüquqlarının dəyişilməzliyində əminlik yaratmaqla, onların dövlətin hüquq siyasətinə etibarını artırır. Bu mənada, əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin qorunmasında, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur. Bu sahədə aparılan islahat tədbirləri sığortaolunana münasibətdə ədalətliliyin gözlənilməsinə yönəlmişdir. “Əmək pensiyaları haqqında” Qanun özündə pensiya təminatı sistemində əmək pensiyası hüquqları ilə bağlı olan mümkün və lazımi davranışın (hüquq və vəzifələr) növü və ölçüsünü (qaydalarını) və həmin hüquq normalarının mümkün pozuntularının mənfi nəticələrinin (hüquqi məsuliyyətin) aqibətini əks etdirir. Məhkəmə qeyd edir ki, hazırki mübahisə ilə bağlı yaranmış münasibətlər “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin tənzimləməsi altına düşür. Həmin normanın birinci bəndi aşkar olaraq tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Odur ki, artıq ödənilmiş vəsaitlərin (əmək pensiyası və əmək pensiyasına əlavənin) geri qaytarılmasının iki qaydası təsbit olunur: ya könüllü, ya da məcburi. Aydındır ki, könüllü qaytarılma yalnız əmək pensiyaçısının razılığı ilə mümkündür. Məcburi geri qaytarılma isə belə razılıq olub-olmamasından asılı olmayaraq tətbiq olunur. Əmək pensiyaçısının artıq ödənilmiş vəsaitlərlə bağlı könüllü olaraq geri dönüş etməsinə razılıq verməsi inzibati orqana məhkəmədənkənar qaydada inzibati akt qəbul etmək səlahiyyəti verir. Başqa sözlə, əgər inzibati orqan məhkəməyə müraciət etmədən inzibati akt qəbul etməklə artıq ödənilmiş vəsaitlərin geri qaytarılmasına nail olmaq istəyirsə, bunun yeganə yolu əmək pensiyaçısının razılığının alınmasıdır. Əgər bununla bağlı tərəflər arasında mübahisə vardırsa, və yaxud əmək pensiyaçısının bununla bağlı aşkar görünən razılığı yoxdursa, inzibati orqan müvafiq məzmunda inzibati akt qəbul etmək səlahiyyətinə malik olmayacaqdır. Hazırki mübahisə üzrə də cavabdeh inzibati orqan tərəfindən artıq ödəmə ilə bağlı qərar qəbul edilən zaman iddiaçı inzibati icraata cəlb olunmamışdır.

1. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Maddə 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.

2. Digər tərəfdən, sadalanan normlardan göründüyü kimi, inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Lakin hazırkı işdə inzibati orqanın iddiaçının barəsində qərar qəbul edən zaman inzibati icraatı düzgün aparmamış və icraatla bağlı hüquq pozuntularına yol verilmişdir.

3. Göründüyü kimi, inzibati orqanın qərarı ilə pensiyadan tutulmalar aparılması qanunvericilik aktlarında nəzərdə tutulmamışdır.

4. Beləliklə, hazırkı mübahisə üzrə artıq ödənilmiş sosial müavinət məbləğinin tutulması barədə müavinət alan şəxsin razılığı olmadığından, habelə həmin artıq məbləğin məhkəmə qaydasında tutulması barədə məhkəmə aktı mövcud olmadığından inzibati orqan tərəfindən qanunsuz olaraq qərar qəbul edilmişdir. Ona görə də, həmin qərar ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. xx.xx.2020-ci il tarixli, **********4 nömrəli qərar ləğv edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar