Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3414/2025 19.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı “əmrin ona aid hissədə ləğv edilməsi” tələbinə dair Giriş hissəsi: Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı “əmrin ona aid hissədə ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı iddia ərizəsi ilə, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə təqdim edərək, xx.xx.2025-ci il tarixli, 3-13- 17/Ə78/2025 saylı əmrin ona aid olan hissədə ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2005-ci il tarixdən polis orqanlarında işləyir, işlədiyi müddətdə hər hansı töhmət və xəbərdarlıq almamışdır. xx.xx.2025-ci il tarixdə o bilmişdir ki, xx.xx.2025-ci il tarixdən azad edilmişdir. İddiaçı qeyd edir ki, işdən hansı əsasla çıxmağını soruşduqda isə ona “məhkəmədə məlumat verəcəyik” bildirmişlər. İddiaçı hesab edir ki, onun işdən çıxarılmağı qanunsuz və əsassızdır. O, prosessual hüquq normaları ilə üzərinə qoyulmuş sübutetmə vəzifəsindən və yükündən azad edilərək işdən çıxarılma əsaslarının və səbəblərinin qərəzli və qanunsuz olmasını təsdiq edə biləcək sübut və dəlil gətirmədən əz əvvəlki işinə bərpa olunmaq imtiyazı əldə edir. Ona görə də, o, məhkəmə müdafiəsi hüququndan istifadə edərək məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır.
3. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-13-17/2- 6206/2025 nömrəli məktuba qoşma şəklində əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-17/Ə78/2025 nömrəli əmrinə əsasən, idarənin polis nəfəri, polis serjantı İddiaçı daxili işlər orqanlarında xidmətin nüfuzunu möhkəmləndirməli, öz adını və şərəfini uca tutmalı olduğu halda xidmətdən kənar vaxtlarında gəlir əldə etmək məqsədi ilə polisdə xidmətlə bir araya sığmayan dəmirçi-usta fəaliyyəti ilə məşğul olaraq vətəndaşlara xidmət göstərməsi səbəbi ilə Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir.
4. Cavabdehin nümayəndəsi tərəfindən məhkəmə iclasında təqdim edilmiş sənədlərə əsasən: - xx.xx.2025-ci il tarixli İddiaçı izahatına əsasən, o, 2005-ci ilin may ayından 2020-ci ilin iyul ayına qədər X3 İdarəsində polis nəfəri vəzifəsində xidmət etmiş, həmin vaxtdan isə öz arzusu ilə xidmətdən xaric olunmuş, xaric olunduqdan sonra müxtəlif işlər görərək, o cümlədən dəmirçi, qaynaqçı işləri görərək ailəsini dolandırmışdır. 2023-cü ilin oktyabr ayının 11-də o, yenidən xidmətə qəbul edilmiş, həmin vaxtdan sonra vətəndaşlara ödənişli xidmət göstərməmişdir. Bununla yanaşı, yaxın dostları və qohumları onun müxtəlif işləri bacardığını bildikləri üçün bəzən onların evlərində xırda işləri görməyi xahiş etmiş, o isə onların xahişlərini yerə salmayaraq müəyyən işləri təmənnasız görmüşdür. Sonuncu dəfə kimin belə xahiş etdiyi onun yadında deyil və bu işlərə görə o onlardan pul almamışdır. Onun belə bir məqsədi olmayıbdır. İzahatı özü düzgün yamış, əlavə yoxdur.
5. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-13-17/2- 8575/2025 nömrəli məktuba əsasən, X3 İdarəsinin sabiq polis nəfəri, polis serjantı İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında Baş Mühafizə İdarəsinin rəis müavini polis polkovniki Daşqın Mehdiyev tərəfindən izahatına müdaxilə olunduğunu və bəzi cümlələrin sonuncunun təkidi ilə yazıldığını bildirmişdir. Cari ilin fevral ayında D.Mehdiyevin Gəncə şəhərinə ezam olunması barədə Baş Mühafizə İdarəsinin rəhbərinə və DİN-nin rəhbərliyinə rəsmi qaydada heç bir muraciət olmamışdır. Həmçinin o da bildirilmişdir ki, 27 fevral 2025-ci il tarixdə İddiaçı izahatı Gəncə şəhərində yerləşən X3 İdarəsinin inzibati binasında bununla bağlı xidməti yoxlamanı aparan Gəncə şəhərinə ezam olunmuş Baş Mühafizə İdarəsinin təşkilati-inspektor şöbəsinin inspektoru İlqar Malışov tərəfindən alınmışdır. Odur ki, X3 İdarəsinin sabiq polis nəfəri, polis serjantı İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında verdiyi izahatın həqiqətə uyğun olmadığından protokoldan və sübutların siyahısından çıxarılması xahiş edilmişdir.
6. Cavabdeh tərəfindən məhkəməyə “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə ünvanlanmış X3 İdarəsinin rəisi tərəfindən imzalanaraq möhürlə təsdiqlənmiş xx.xx.2025-ci il tarixli xidməti-xasiyyətnaməyə əsasən, 1984-cü il təvəllüdlü, azərbaycanlı, orta-ixtisas tehsilli, X2 İdarəsinin sabiq polis nəfəri İddiaçı İddiaçı 24 may 2005-ci il tarixdən 24 iyul 2020-ci il tarixədək X3 İdarəsində polis nəfəri vəzifəsində xidmət etmişdir. Azərbaycan Respublikası DİN-in Baş Mühafizə İdarəsinin 24 iyul 2020-ci il tarixli 9910Ş/h-038-20 nömrəli əmri ile DİO-dan xaric edilmiş, 11 oktyabr 2023-cü il tarixdə BMİnin 3-13-17/Ə(Ş/h)1704/2023 nömrəli əmri ile DiO da xidmətə bərpa edilmiş və 06 mart 2025-ci il tarixədək X3 İdarəsində polis nəfəri vəzifəsində xidmət etmişdir. DİN-in əmr və göstərişlərinin tələblərini qismən bilib, xidməti vəzifələrinin icrasına etinasız münasibət göstərmişdir. Kollektivdə müsbət nüfuza malik olamamış, iş yoldaşlarına və komandir heyətinə qarşı qeyri-səmimilik göstərmiş, xasiyyətcə aqresivdir və törətdiyi əməllərə bəraət qazandırmağa səy göstərmişdir. Xidmətdə mənfi xarekterizə olunmuşdur. Xidmət etdiyi müddətdə nizam-intizama və rəhbərlik tərəfindən verilən göstəriş və tapşırırqları vaxtında, məsuliyyətlə yerinə yetirməyən, bilik, intellekt dünyagörünüşünün müasir tələblərə cavab vermədiyini, həmçinin öz üzərində çalışmadığını büruzə vermiş, gündəlik işini DİN-nin əmr və göstərişləri əsasında tam qurmağı bacarmamışdır. Xidmətə gecikmə, geyim formasını daşıma qaydalarını pozması, saç düzümünün qaydasında olmaması, xidməti postda olarkən idarənin növbətçi hissəsi ilə əlaqə saxlamadığına görə onunla fərdi söhbət kitabında profilaktiki söhbətlərin aparılması qeydiyyata alınmışdır. Sabiq polis nəfəri xidmət müddəti ərzində dəfələrlə rəis və komandirlər tərəfindən nizam-intizama dəvət olunmuş, bununla bağlı fərdi söhbət aparılmasına baxmayaraq, yenidən nizamsızlıq etmiş, lakin idarə rəhbərliyi tərəfindən dəfələrlə nəzərə alınaraq şifahi xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13- 17/Ə78/2025 nömrəli əmri ilə DİO-dan xaric edilmişdir.
7. Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı etiraz məhkəməyə daxil olmuş və etirazda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2005-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər DİN-nin Baş Mühafizə İdarəsinin X3 İdarəsində polis nəfəri vəzifəsində işləmişdir. Daha sonra İddiaçı xx.xx.2020-ci il tarixdə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135.1 (öz arzusu ilə) maddəsi ilə daxili işlər orqanlarında xidmətdən xaric edilmiş və xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixə kimi yenidən X3 İdarəsində polis nəfəri vəzifəsində işləmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı X3 İdarəsində polis nəfəri vəzifəsində işləyərkən DİN-nin aidiyyəti qurumu tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri ərazisində dəmirçi-usta kimi işlədiyi müəyyən edilmişdir. DİN-nin Baş Mühafizə İdarəsi tərəfindən həmin əməkdaş barəsində xidməti araşdırma aparılmış və xx.xx.2025-ci il tarixdə 3-3-17/Ə78/2025 nömrəli əmr ilə xidmətdə və xidmətdən kənar vaxtlarda daxili işlər orqanlarının əməkdaşı adını uca tutmalı, daxili işlər orqanlarında xidmətin nüfuzunu möhkəmləndirməli, öz adını və şərəfini uca tutmalı olduğu halda xidmətdən kənar vaxtlarında gəlir əldə etmək məqsədilə polisdə xidmətlə bir araya sığmayan dəmirçi-usta fəaliyyəti ilə məşğul olaraq vətədaşlara xidmət göstərdiyinə, həmin hərəkəti ilə “Polis haqqında” Azərbaycan Respublikasının Qanununun 32-ci maddəsinin İ hissəsinin, “Azərbaycan Respublikası daxili işlər orqanlarının İntizam Nizamnaməsi"nin 3.2 və 3.9-cu bəndlərinin və “Daxili işlər orqanları əməkdaşlarının etik davanış kodeksi"nin 2.1, 5.1, 9.1, 25.1, 25.2 və 34.1-ci maddələrinin tələblərini pozduğuna, bununla da daxili işlər orqanları əməkdaşının adına və polisin nüfuzuna xələl gətirdiyinə görə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. İddianın təmin edilməməsi xahiş edilmişdir.
8. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
9. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi məhkəməyə təqdim edilmiş etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
10. Məhkəmə araşdırmasının predmetini aşağıdakı inzibati məhkəmə icraatı materialları təşkil etmişdir: - cavabdehin xx.xx.2025-ci il tarixli 3-13-17/Ə78/2025 nömrəli əmr; - cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər; - cavabdehin xx.xx.2025-ci il tarixli, 3-13-17/2-8575/2025 nömrəli məktubu.
Əsaslandırma hissəsi:
11. İddia mümkün iddiadır. Belə ki, iddiaçılar iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşlar, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur.
12. Məhkəmə ilk növbədə iddia müddəti məsələsi ilə bağlı onu qeyd etmək istəyir ki, hazırkı tələblə bağlı İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia qaldırılmışdır. Həmçinin, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəlləni 38.2-ci maddəsində nəzərdə tutulmuş iddianın qaldırılması ilə bağlı müddətə riayət edilmişdir. Belə ki, mübahisələndirilən əmr xx.xx.2025-ci il tarixdə qəbul edilmiş, iddaçı tərəfindən iddia tələbi məhkəmədə xx.xx.2025-ci il tarixdə qaldırılmış və gözlənilən müddət ötürülməmişdir. Bu baxımdan iddianın qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət açıq-aşkar gözlənilmişdir.
13. Bu səbəbdən də inzibati aktın maddi-hüquqi cəhətdən qanuniliyi yoxlanılmalı, mübahisələndirilən əmrin əsasları ilə bağlı araşdırma aparılmalı, həmin əsaslara hüquqi qiymət verilməlidir.
14. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir.
15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 22. İşə baxılmasında qərəzsizlik 22.1. İnzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 61. İnzibati aktın əsaslandırılması 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
16. “Polis haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar polis əməkdaşı - polis orqanlarında müəyyən vəzifə tutan və bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur; Maddə 32. Polisdə xidmətlə bir araya sığmayan fəaliyyət İ. Polis əməkdaşı heç bir başqa seçkili və təyinatlı vəzifə tuta bilməzlər, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər, əmək haqqından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldıqları vəsaitdən başqa məvacib ala bilməz. İİ. Polis əməkdaşı siyasi fəaliyyətlə məşğul ola bilməz və siyasi partiyanın üzvü ola bilməz. Maddə 33. Polis əməkdaşının məsuliyyəti İ. Polis əməkdaşı aşağıdakı əsaslara görə intizam məsuliyyətinə cəlb edilir: 3) polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə. İİ. Polis əməkdaşına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: 7) xidmətdən xaric edilmə Maddə 34. Polis əməkdaşının xidmətdən xaric edilməsi İ. Polis əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: 4) polisdə xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olduqda; 9) polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə.
17. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə
135. Daxili işlər orqanlarının əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: 1) öz arzusu ilə daxili işlər orqanlarında xidmətdən çıxmaq barəsində yazılı ərizə verdikdə; 2) and içməkdən imtina etdikdə; 3) cinayət törətdiyinə görə barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqi haqqında qərar olduqda; 4) daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olduqda; 5) xidmətdə olmanın son yaş həddinə çatdıqda; 6) səhhətinə görə, o cümlədən uzun müddətli (6 aydan artıq) xəstəliklə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə tibbi-həkim komissiyasının rəyi olduqda; 7) daxili işlər orqanlarında xidmətə tam yararsız olması barəsində attestasiya komissiyasının rəyi olduqda; 8) başqa dövlətin vətəndaşlığını qəbul etdikdə, Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə və ya digər dövlət qarşısında öhdəlik götürdükdə; 9) daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə; 10) intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda; 11) ştatlar ixtisar edildikdə; 12) fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə qaydasında müəyyənləşdirildikdə;
18. Məhkəmə ilk öncə onu vurğulamağı zəruri hesab edir ki, cavabdeh orqanın yekun qərarı əsassız olmuş və bu, iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir.
19. Belə ki, cavabdeh orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin İddiaçı barəsində qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərarın qəbul edilməsinə səbəb olmuş əsas mübahisəli məsələ kimi sonuncunun daxili işlər orqanlarının əməkdaşı ola-ola əlavə gəlir əldə etmək məqsədi ilə pul qarşılığında qanunvericiliklə daxili işlər orqanlarının fəaliyyət istiqamətinə və səlahiyyətinə aid olmayan işlərlə məşğul olması, yəni ustalıqla məşğul olmasını göstərilmişdir.
20. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş izahata əsasən o bildirmişdir ki, 2005-ci ildən 2020-ci ilə qədər daxili işlər orqanlarında işləmiş, daha sonra öz arzusu ilə xidmətdən xaric edilmiş, 2023-cü ildə yenidən xidmətə qəbul edilmişdir. Həmin müddətdən sonra vətəndaşlara ödənişli əsaslarla xidmət göstərmədiyini, yalnız yaxın qohum və tanışların xahişləri ilə onların evlərində təmənnasız işləməsini və onlardan pul almamasını qeyd etmişdir.
21. Cavabdeh tərəfindən mübahisələndirilən hal, yəni iddiaçının istər rəsmi iş vaxtı, istərsə də işdən kənar və ya asudə vaxtlarında sonuncu tərəfindən müəyyən pul qarşılığında “dəmirçi-usta” kimi işləməsi faktı nə məhkəməyə qədər, nə də ki inzibati məhkəmə icraat zamanı öz təsdiqini tapmamışdır.
22. Məhkəmə hesab edir ki, həmin faktla bağlı cavabdeh tərəfindən heç bir araşdırılma aparılmadan və əsas faktiki hallara istinad edilmədən belə bir qərara gəlinmiş, habelə, məhkəmə araşdırılması zamanı da iddiaçının qeyd olunan - cavabdeh tərəfindən iddia edilən iş ilə əlaqədar “muzdlu” olaraq işləməsi halı ilə bağlı məsələ öz təsdiqi tapmamışdır.
23. Məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixdə baş tutmuş və cavabdehin nümayəndəsinin də iştirak etdiyi məhkəmə iclasına qədər, cavabdehə iddiaçının işdən azad edilməsinə səbəb olan qəbul edilmiş əmrin qanuni və əsaslı olmasını təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi üçün vaxt verilməsinə baxmayaraq, cavabdeh tərəfindən “muzd” müqabilində işləməsinə dair heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.
24. İddiaçı tərəfindən istər məhkəməyədək icraat zamanı, istərsə də məhkəmə icraatı zamanı cavabdeh tərəfindən göstərilən əsaslar inkar edilmişdir.
25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
26. Lakin məhkəmə icraatı zamanı cavabdeh inzibati orqan xx.xx.2025-ci il tarixli, 3- 13-17/Ə78/2025 nömrəli əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
27. Həmçinin cavabdeh tərəfindən iddiaçı barəsində xx.xx.2025-ci il tarixli, 3-13- 17/Ə78/2025 nömrəli əmr qəbul edilərkən Daxili işlər orqanlarında xidmət keçmə haqqında qanunvericiliyin tələbləri kobu şəkildə pozulmuşdur.
28. Belə ki, cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli, 3-13-17/Ə78/2025 nömrəli əmr qəbul edilərkən iddiaçının “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 32ci maddəsinin 1-ci hissəsini, “Azərbaycan Respublikası Daxili işlər orqanlarının “İntizam Nizamnaməsi”nin 3.2 və 3.9-cu bəndlərini, “Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi”nin 2.1, 5.1, 9.1, 25.1, 25.2 və 34.1-ci bəndlərinin tələblərini pozması əsas gətirilərək, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə 135-ci bəndinin 9-cu hissəsinə əsasən daxili işlər orqanlarından xaric edilmişdir.
29. Hazırda mübahisələndirilən xx.xx.2025-ci il tarixli, 3-13-17/Ə78/2025 nömrəli əmrin məzmundan, eləcə də məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələrinin izahatlarından müəyyən edilir ki, iddiaçının işdən azad edilməsinə səbəb iddiaçının boş vaxtlarında ustalıqla məşğul olmaqla əlavə gəlir əldə etməsi ilə əsaslandırılmışdır.
30. “Polis haqqında” Azərbaycan Respublikası Qanunun 32-ci maddəsinin (Polisdə xidmətlə bir araya sığmayan fəaliyyət adlandırılmışdır.) 1-ci hissəsinə əsasən, Polis əməkdaşı heç bir başqa seçkili və təyinatlı vəzifə tuta bilməzlər, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər, əmək haqqından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldıqları vəsaitdən başqa məvacib ala bilməz. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə 135-ci bəndinin 4-cü hissəsinə əsasən daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olduqda daxili işlər orqanlarının əməkdaşı xidmətdən xaric edilə bilər.
31. Cavabdeh tərəfindən iddiaçının “Polis haqqında” Azərbaycan Respublikası Qanunun 32-ci maddəsinin (Polisdə xidmətlə bir araya sığmayan fəaliyyət adlandırılmışdır.) 1-ci hissəsinin tələblərini pozduğuna əsaslanaraq “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci bəndinin 9-cu (daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə) hissəsinə əsasən xidmətdən xaric edilməni məhkəmə ciddi prosessual pozuntu hesab edir.
32. Belə ki, iddiaçı tərəfindən edildiyi iddia edilən pozuntu usta işləyərək gəlir əldə edilməsi “Polis haqqında” Azərbaycan Respublikası Qanunun 32-ci maddəsinin 1-ci hissəsinin məzmunundan (ümumiyyətlə maddənin adından da) da göründüyü kimi daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət kimi deyil, polisdə xidmətlə bir araya sığmayan fəaliyyət kimi qiymətləndirilmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının etdiyini bildirdiyi (usta kimi gəlir əldə etmə) daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət kimi qiymətləndirilmişdir. Bu halı da məhkəmə əsaslı hesab etmir.
33. Yuxarıda qeyd olunan normaların tələblərindən də göründüyü kimi, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə, öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. Həmçinin, inzibati orqanlar inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur və maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. O cümlədən, inzibati orqanlar inzibati aktı yazılı şəkildə əsaslandırılmalıdır.
34. Göründüyü kimi, cavabdeh orqan tərəfindən qanunun tələbləri gözlənilməmiş və qanunsuz inzibati akt qəbul edilmişdir.
35. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-17/Ə78/2025 nömrəli əmri İddiaçı aid hissədə ləğv edilsin. İddiaçı X3 İdarəsinin polis nəfəri vəzifəsinə bərpa edilsin və ona işləmədiyi dövr üçün əmək haqqın ödənilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Nurəli Hüseynov