Məhkəmə qərarları › İş №2-1(114)-3415/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3415/2024

17.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3415/2024 17.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Mən, hakim Quliyev Zəfər Arif oğlu iddiaçılar "xxxx" MMC-nin direktoru X2, mülkiyyətçi və təsisçi X1 Cavabdehnə qarşı icra məmurunun xx.xx.2024-cü ildə hərracın keçirilməsi üçün "xxxx" MMC-yə göndərdiyi sifarişin qismən ləğvi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinə inzibati məhkəmə icraatı qaydasında məhkəmə binasında baxaraq müəyyən etdim: İddiaçılar "xxxx" MMC-nin direktoru X2 və X1 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək icra məmurunun 1,70 ha torpaq sahəsində yerləşən 441 kv/m daş sexinin 360,000 manata xx.xx.2014-cü ildə hərracın keçirilməsi üçün "xxxx" MMC-yə göndərdiyi sifarişin 1,70 ha torpaq sahəsinə dair sifarişin qismən ləğvi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İş materiallarını nəzərdən keçirərək qeyd edirəm ki, iddia ərizəsində qaldırılan məsələ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsinin icrası ilə bağlı icra məmurunun hərəkətlərindən şikayətdir, məqsəd də icra işi ilə bağlı "xxxx" MMCyə göndərilmiş sənədin geri götürülməsinə nail olmaqdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati iddianın ilkin ümumi mümkünlük şərti mübahisənin inzibati hüquq münasibətləri ilə əlaqədar yaranmış olmasıdır. Lakin hazırkı halda inzibati mübahisə mövcud olmadığından iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz və buna görə iddia mümkün sayılmamalıdır. Belə ki, icra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır; 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. Birinci hal üzrə nəzərə alınmalıdır ki, məhkəmə qərarının icrası məhkəməyə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təstiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. “İcra haqqında” Qanun hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Eyni zamanda, “İcra haqqında” Qanun məcəlləşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə (mülki prosessual, cinayət-prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. İkinci hal üzrə isə qeyd olunmalıdır ki, icra məmurunun icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan qanunsuz qərarları, eləcə də hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı bir tərəfə (borclu və ya tələbkara, eləcə də üçüncü şəxslərə) ziyan vurulduğu iddia edilirsə, həmin mübahisələrə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinə müvafiq olaraq inzibati məhkəmədə baxıla bilər. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1, 69.1 və 69.2-ci maddələrinə əsasən hüquqi şəxs iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər, bu zaman iddia ərizəsi hüquqi şəxs adından verilir və həmin ərizə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər tərəfindən imzalanır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.3 və 2.1ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçılar "xxxx" MMC-nin direktoru X2, mülkiyyətçi və təsisçi X1 Cavabdehnə qarşı icra məmurunun xx.xx.2024-cü ildə hərracın keçirilməsi üçün "xxxx" MMC-yə göndərdiyi sifarişin qismən ləğvi vəzifəsinin icra məmurunun üzərinə qoyulması tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar