Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-342/2025 13.02.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlillik dərəcəsinin müəyyən edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Gəncə İnzibati Məhkəməsinin hakimi Əliyeva Gülşən Talıb qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlillik dərəcəsinin müəyyən edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun müharibə əlili əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
3. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə xx.xx.1974-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) yaşadığı Gəncə şəhərində əyani müayinəyə cəlb olunmaqla, habelə təqdim edilmiş tibbi sənədlər nəzərə alınmaqla onun əlilliyinin yenidən qiymətləndirilməsi, qiymətləndirmənin 30 gün müddətində həyata keçirilməsi və bununla bağlı inzibati aktın qəbul edilərək, məhkəməyə məlumat verilməsinin “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinə həvalə edilməsi qərara alınmışdır.
4. Məhkəmənin qərardadına uyğun olaraq vətəndaş xx.xx.2024-cü il tarixdə 08 nömrəli Tibbi-sosial ekspert komissiyasının ekspert-həkimləri tərəfindən yaşadığı ünvanda əyani müayinə olunmuş və müayinənin nəticəsi olaraq xx.xx.2023-cü il tarixli ümumi xəstəlik səbəbilə müddətsiz orqanizmin funksiyalarının 85 faiz pozulması barədə qərar qüvvədə saxlanılmışdır.
5. İddiaçının nümayəndəsi X1 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, həyat yoldaşı İddiaçı vəfat etdiyinə görə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
6. Ərizəyə əlavə edilmiş Ölüm haqqında xx.xx.2025-ci il tarixli AZ-İİ 472128 nömrəli şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə durğunluq, ürək çatmamazlığı səbəbindən vəfat etmişdir.
Əsaslandırma hissəsi:
7. Məhkəmə iş üzrə icraata xitam verilməsinə dair ərizəni nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməli, hazırkı iş üzrə iddiaçı öldüyünə görə icraata xitam verilməlidir.
8. Belə ki, Ölüm haqqında xx.xx.2025-ci il tarixli AZ-İİ 472128 nömrəli şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə durğunluq, ürək çatmamazlığı səbəbindən vəfat etmişdir. Hazırkı vəziyyətdə isə mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermir.
9. Azərbaycan Respublikası İPM-ə görə: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
10. Azərbaycan Respublikası MPM-yə görə: Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə.
11. Beləliklə, iddiaçı öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verilmədiyinə görə hazırkı iş üzrə icraata xitam verilməlidir.
Nəticəvi hissə:
12. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.7-ci maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlillik dərəcəsinin müəyyən edilməsi tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva