Məhkəmə qərarları › İş №2-1(114)-3428/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3428/2023

07.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3428/2023 07.09.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qərarın ləğvi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı tələbin icraya yönəldilməsi barədə xx.xx.2021-ci il tarixli **********7 nömrəli qərarın ləğv edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Tibb müəssisəsinin göndərişinə əsasən İddiaçı əlilliyi xx.xx.2018-ci il tarixdə qiymətləndirilmiş və ona həmin tarixdən İİİ dərəcə əlillik təyin edilmişdir.

2. İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək İİİ dərəcə əlilliyə görə pensiya ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sonuncu müayinəyə dair məlumatına əsasən vətəndaşın əlilliyi etibarsız hesab edilmiş və nəticədə 10439,67 manat məbləğində artıq alınmış vəsait yaranmışdır.

3. İddiaçı tərəfindən 10439,67 manat vəsait qanunvericilikdə nəzərdə tutulmuş müddətdə hesaba ödənilmədiyindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF X4in 18 saylı Regional Ərazi Filialı tərəfindən Tələbin icraya yönəldilməsi barədə xx.xx.2021-ci il tarixli **********7 nömrəli qərar qəbul edilmişdir. II. Məhkəmədə icraat

4. İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 18 saylı Regional Ərazi Filialı tərəfindən Tələbin icraya yönəldilməsi barədə xx.xx.2021-ci il tarixli **********7 nömrəli qərara əsas olmuş 10439,67 manat məbləğində artıq alınmış vəsaitin ödənilməsinə dair qərarın qanunsuz hesab edilməsini xahiş etmişdir.

5. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 18 saylı regional ərazi filialı tərəfindən Tələbin icraya yönəldilməsi barədə xx.xx.2021-ci il tarixli, **********7 saylı qərar qəbul edilmişdir. Qərarda qeyd edilmişdir ki, ona xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək İİİ dərəcə əlilliyə görə əmək pensiyası ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Eksperiza və Reabiltasiya Agentliyinin sonuncu müayinəyə dair məlumatına əsasən müayinə nəticəsi İİİ dərəcə əlillik kimi qiymətləndirilmiş, lakin xx.xx.2020-ci il tarixdən etibarsız hesab edildiyi üçün nəticədə 10439.67 manat məbləğində artıq alınmış vəsait yaranmışdır. Yuxarda qeyd olunan qərarı, yəni inzibati aktı, qeyri obyektiv və qanunsuz hesab edir. Belə ki, Dövlət Tibbi Sosial Eksperiza və Reabiltasiya Agentliyinin yoxlanışından keçərək müvafiq olaraq xx.xx.2018-ci il tarixdən əlillik dərəcəsi almışdır. Həmin dərəcə əsasında da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 18 saylı regional ərazi filialı tərəfindən ona müvafiq olaraq əlillik üzrə əmək pensiyası təyin edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ona heç bir rəsmi qərar göndərilmədən təyin olunmuş təqaüd dayandırılmışdır. Əlilliyə görə təyin edilmiş təqaüd müvafiq komissiyanın qərarı ilə onun müraciəti əsasında rəsmi sənədlərin yoxlanılmasına əsasən araşdırılaraq təyin edilmiş, sonradan isə heç bir əsas gətirilmədən təqaüd dayandırılmış və əlillik dərəcəsi ləğv edildiyi barədə məlumat verilməmişdir. Ləğv edilməyə dair heç bir əsaslı qərar indiyədək onun ünvanına göndərilməmişdir. Halbuki, qərarda ünvana göndərildiyi qeyd olunur. Dövlət Sosial Müdafiə Fondu X4 18 saylı regional ərazi filialı tərəfindən Tələbin icraya yönəldilməsi barədə xx.xx.2021-ci il tarixli, **********7 saylı qərardan sırf təsadüf nəticəsində məlumatı olmuş və dərhal xx.xx.2023-cü ildə DSMF X4 Gəncə-Daşkəsən Regional filialına ərizə ilə müraciət edərək xx.xx.2023-cü ildə qərarı rəsmi surətdə almışdır. Əlilliyə görə təyin olunan təqaüd xx.xx.2020-ci il tarixdə kəsildikdən sonra həmin ay özü DSMF-yə şifahi müraciət etdikdə ümumi şəkildə hamının təqaüdünün kəsilməsi və bərpa olunacağı bildirilmişdir. Ancaq ona heç bir məlumat verilməmiş, əlaqə saxlanılacağı deyilmişdir. Göründüyü kimi əlillik təyinatı və təqaüd üzrə ödəniş səlahiyyətli orqan tərəfindən qanuna müvafiq surətdə verilmişdir. Yəni, təqaüd ödənişinin həyata keçrilməsində onun hər hansı bir qüsurlu hərəkəti olmamışdır.

6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

7. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

8. Hazırkı iddia İPM-in 2.2.2-cü maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia). Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Maddə 8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir.

9. Mübahisələndirmə haqqında iddia növünə aid iddianın mümkün sayılması üçün İPM-in 38-ci maddəsində nəzərdə tutulmuş müddətlərə riayət edilməlidir. Həmin maddəyə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

10. Bu səbəbdən hazırkı iddianın qaldırılması üçün nəzərdə tutulmuş iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinin aydınlaşdırılmasına zərurət yaranmış və müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi Tələbin icraya yönəldilməsi barədə xx.xx.2021-ci il tarixli **********7 nömrəli qərar cavabdeh tərəfindən iddiaçıya rəsmi qaydada göndərilməmiş, yalnız iddiaçının özünün xx.xx.2023-cü il tarixli müraciətindən sonra xx.xx.2023-cü il tarixli məktubla ona göndərilmişdir.

11. İddiaçı hazırkı iddia ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir ki, məhkəmə sözügedən qərarın surətinin ona öz müraciətindən sonra xx.xx.2023-cü il tarixli məktubla rəsmi qaydada göndərilməsini nəzərə almaqla, qanunda nəzərdə tutulmuş iddia müddətinin ötürülmədiyi və müddətlə bağlı mümkünlük şərtinin ödənilməsi qənaətinə gəlir.

12. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan olduğundan iddia ərizəsi iddiaçının yaşayış yeri üzrə (Gəncə şəhəri, F.X.Xoyski küçəsi, ev 52) verilmişdir və Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

13. Məhkəmə hazırkı iddianın mübahisələndirmə haqqında iddia növünə aid olduğunu və iddiaçının yaşayış ünvanını nəzərə alaraq hesab edir ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilmişdir, hazırkı işə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

14. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

15. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixli sərəncam ilə iddiaçıya hüquqi yardım göstərildikdən sonra iddiaçı idda tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF X4in 18 saylı Regional Ərazi Filialının Tələbin icraya yönəldilməsi barədə xx.xx.2021-ci il tarixli **********7 nömrəli qərarının ləğv edilməsini xahiş etmiş və məhkəmənin qərardadı ilə ərizə məhkəmə icraatına qəbul edilmişdir.

16. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir.

17. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

18. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

19. Cavabdehin nümayəndəsi X2 şifahi məhkəmə baxışı iclasında iddiaya etiraz edərək, iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən əsas gətirilən dəlilə istinad etmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

20. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur.

21. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək İİİ dərəcə əlilliyə görə əmək pensiyası ödənilmişdir. Nazirlik tabeliyində X6 Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçının sonuncu müayinəsinə dair məlumatına əsasən, ona xx.xx.2018-ci il tarixdən təyin edilmiş İİİ dərəcə əlillik həmin tarixdən etibarsız hesab olunmuşdur. Nəticədə əlillik dərəcəsi həmin tarixdən etibarsız hesab edildiyi üçün 10.439 manat 67 qəpik məbləğində artıq ödənilmiş vəsait aşkar edilmişdir. Sözügedən artıq ödənilmiş vəsaitin Fondun hesabına qaytarılması haqqında iddiaçıya bildiriş göndərilmiş, lakin halhazıradək artıq ödənilmiş vəsaitin geri qaytarılmas təmin edilməmişdir. Filial tərəfindən qərar qəbul edilərkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 82.3cü maddəsinə tələblərinə tam olaraq riayət edilmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

22. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Tələbin icraya yönəldilməsi haqqında xx.xx.2021-ci il tarixli **********7 nömrəli qərar; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu punlik hüquqi şəxsin Gəncə Daşkəsən regional filialının xx.xx.2021-ci il tarixli **********7 nömrəli və xx.xx.2023-cü il tarixli 3-17-1/2-H-133759/2023 nömrəli məktubları; - xx.xx.2021-ci il tarixli akt.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

23. Məhkəmə proses iştirakçılarılarının izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

24. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək İİİ dərəcə əlilliyə görə pensiya ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sonuncu müayinəyə dair məlumatına əsasən müayinə nəticəsi İİİ dərəcə əlillik kimi qiymətləndirilmiş, lakin xx.xx.2020-ci il tarixdən etibarsız hesab edildiyi üçün nəticədə 10439,67 manat məbləğində artıq alınmış vəsait yaranmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF X4in Gəncə şəhər Kəpəz rayon filialı tərəfindən Tələbin icraya yönəldilməsi barədə xx.xx.2021-ci il tarixli **********7 nömrəli qərar qəbul olunmuşdur.

25. İddiaçı hazırda həmin qərarı mübahisələndirərək göstərmişdir ki, əlillik təyinatı və pensiya üzrə ödəniş səlahiyyətli orqan tərəfindən qanunamüvafiq surətdə verilmişdir və onun hər hansı qüsurlu hərəkəti olmamışdır.

26. “Əmək pensiyaları haqqında” Qanununa görə: Maddə 39.1-ci maddəsinə əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

27. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə ilə bağlı yaranmış münasibətlər “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin tənzimləməsi altına düşür. Həmin normanın birinci bəndi tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

28. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Odur ki, artıq ödənilmiş vəsaitlərin (əmək pensiyası və əmək pensiyasına əlavənin) geri qaytarılmasının iki qaydası təsbit olunur: ya könüllü, ya da məcburi. Aydındır ki, könüllü qaytarılma yalnız əmək pensiyaçısının razılığı ilə mümkündür. Məcburi geri qaytarılma isə belə razılıq olubolmamasından asılı olmayaraq tətbiq olunur. Əmək pensiyaçısının artıq ödənilmiş vəsaitlərlə bağlı könüllü olaraq geri dönüş etməsinə razılıq verməsi inzibati orqana məhkəmədənkənar qaydada inzibati akt qəbul etmək səlahiyyəti verir.

29. Başqa sözlə, əgər inzibati orqan məhkəməyə müraciət etmədən inzibati akt qəbul etməklə artıq ödənilmiş vəsaitlərin geri qaytarılmasına nail olmaq istəyirsə, bunun yeganə yolu əmək pensiyaçısının razılığının alınmasıdır. Əgər bununla bağlı tərəflər arasında mübahisə vardırsa, və yaxud əmək pensiyaçısının bununla bağlı aşkar görünən razılığı yoxdursa, inzibati orqan müvafiq məzmunda inzibati akt qəbul etmək səlahiyyətinə malik olmayacaqdır.

30. Hazırkı iş üzrə də mübahisələndirilən qərar qəbul edilərkən iddiaçının razılığının alınması halı müəyyən edilmir.

31. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Maddə 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.

32. Digər tərəfdən, sadalanan normlardan göründüyü kimi, inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Lakin hazırkı işdə inzibati orqanın iddiaçının barəsində qərar qəbul edən zaman inzibati icraatı düzgün aparmamış və icraatla bağlı hüquq pozuntularına yol verilmişdir.

33. Göründüyü kimi, inzibati orqanın qərarı ilə pensiyadan tutulmalar aparılması qanunvericilik aktlarında nəzərdə tutulmamışdır.

34. Beləliklə, hazırkı mübahisə üzrə artıq ödənilmiş pensiya məbləğinin tutulması barədə əmək pensiyaçısının razılığı olmadığından, habelə həmin artıq məbləğin məhkəmə qaydasında tutulması barədə məhkəmə aktı mövcud olmadığından inzibati orqan tərəfindən qanunsuz olaraq xx.xx.2021-ci il tarixli **********7 nömrəli qərar qəbul edilmişdir. Ona görə də, həmin qərar ləğv edilməlidir.

35. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

36. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

37. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4in 18 saylı Regional Ərazi Filialının “Tələbin icraya yönəldilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********7 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar