Məhkəmə qərarları › İş №2-1(114)-3428/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3428/2025

26.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3428/2025 26.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb çıxarışın verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı Tovuz rayon, Hunanlar kəndi ərazisində yerləşən və 1998-ci ildən faktiki istifadəsində olan 0.60 ha torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Azərbaycan Respublikası Tovuz Rayon İHB-nın Hunanlar kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 5-79-302/2-09/2025 nömrəli məktubu və ona əlavə olunmuş ev təsərrüfatının 04 nömrəli uçot kitabında qeyd olunmuşdur ki, 1996-cı ildə torpaq islahatı ilə əlaqədar olaraq Təsərrüfat Başına Kitablar üzrə kənd sakinlərinin siyahısı hazırlanaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə göndərilmişdir. Lakin sonradan məlum olmuşdur ki, bir qrup kənd sakinlərinə və nümayəndəliyin 4N-li Təsərrüfatı Başına Kitabın səhifə 77-də qeydiyyatda olan İddiaçı 4 nəfərdən ibarət ailə üzvlərinə də Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı texniki səhv olaraq işlənilməmiş, buna baxmayaraq 1998-ci ildə X7 Komitəsi tərəfindən İddiaçı 4 nəfərdən ibarət ailə üzvlərinə İddiaçı 4 nəfərdən ibarət ailə üzvlərinə hər nəfərə 0.15 ha olmaqla, cəmi 0.60 ha torpaq sahəsi naturada ölçülərək təmin edilmiş, hal-hazıra kimi həmin pay torpaq sahəsi İddiaçı ailəsinin istifadəsindədir və ailəsi tərəfindən kənd təsərrüfatı məhsulları əkilib becərilir.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-37/2-R-00xx-xx/2024 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, Tovuz rayonu, Hunanlar kəndində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas hesab edilən sənədlərin qanunauyğunluğu yoxlanılarkən müəyyən olunmuşdur ki, hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunan hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir.

3. Məkəmə sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞnin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-37/2-2314/2025 nömrəli cavab məktubunda İddiaçı xx.xx.2024-cü il tarixli müraciətləri və cavab məktublarına əlavə olaraq bildirilmişdir ki, Tovuz rayonu, Hunanlar kəndində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas hesab edilən sənədlərin qanunauyğunluğu yoxlanılarkən müəyyən olunmuşdur ki, hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunan hüquqmüəyyənedici sənəd təqdim edilməmiş, ona görə də İddiaçı faktiki naturada təqdim etdiyi torpaq sahəsinə baxış keçirilməmişdir.

4. Məkəmə sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Kadastrı və Yerquruluşu Layihə-Təhqiqat Mərkəzi MMC-nin xx.xx.2025-ci il tarixli 3-21-3- 60/2-1509/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, Tovuz rayonu, Hunanlar (Girzan) kəndi (keçmiş “Günəşli” sovxozu) üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısında İddiaçı və onun ailə üzvlərinin (Rüstəmov Hicran Musa qızı, X3 və X1) adları aşkar edilməmişdir. II. Məhkəmədə icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞnin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Tovuz rayon, Hunanlar kəndi ərazisində yerləşən və 1998-ci ildən faktiki istifadəsində olan 0.60 ha torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Tovuz rayon Hunanlar kəndində yaşayır, 1996-cı ildə torpaq islahatı ilə əlaqədar olaraq kənd sakinlərinin siyahısı hazırlanaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə göndərilmişdi. Mənim və ailə üzvlərinin adı Təsərrüfatbaşına kitabda qeyd olunsa da dövlət aktı ilə təmin edilməmişdir. Lakin 1998-ci ildə X7 Komitəsi tərəfindən naturada ayrılaraq paylanan zaman ailə üzvlərinin sayına uyğun olaraq hərəsinə naturada 0.15 ha torpaq sahəsi olmaqla 0.60 ha torpaq sahəsi istifadəsinə verildi. 1998-ci ildən bəri həmin torpaq sahəsi faktiki istifadəsindədir və hər il kənd təsərrüfatlı məhsulların əkin biçini ilə məşğul olur. Bu illər ərzində dəfələrlə kənd icra nümayəndəliyinə və s. müraciət etsə də, texniki səhv kimi islahatda onun və ailə üzvlərinin adının qeyd olunmadığını bildirirlər. Sadəcə qonşularına məxsus ətraf torpaq sahələrinin koordinatları qeyd olunan sxemlərdə kənd icra nümayəndələri tərəfindən torpaq sahibi kimi onun adı qeyd olunub. İstifadəsində olan torpaq sahəsinə dair digər qonşularla heç bir mübahisə torpaq sahələrinin üst-üstə düşmə faktı kimi hallar yoxdur. Təqribən 30 ildir ki, torpaq mübahisəsiz və fasiləsiz onun istifadəsindədir. Qonşuluqda olan bütün digər torpaq sahələrinə dair isə qonşularına dövlət aktları təqdim olunmuşdur. O, torpaq sahəsinin adına dövlət reyestrində qeydə alınmasına üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət etdikdə hüquqların dövlə qeydiyyatə üçün əsas olan hüquqmüəyyənedici sənədlər olmadığı üçün mülkiyyət hüququnun qeydə alınmasından imtina olunmuşdur. Odur ki, Tovuz rayon, Hunanlar kəndi ərazisində yerləşən və 1998-ci ildən faktiki istifadəsində olan 0.60 ha torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb çıxarışın verilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur.

7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. III. Prosessual məsələlər

8. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq digər prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxış iclası ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

9. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

10. Cavabdeh orqanın yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz imtina məktubunda göstərilənlərlə əsaslandırılmışdır (qərarın 2-ci bəndi).

11. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, onun təmin edilməsini xahiş etdi.

12. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddiaçının sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri olmadığını bildirərək, iddianın mümkünsüz sayılmasını xahiş etmişdir.

Əsaslandırma hissəsi:

13. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

14. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.

15. Hazırda iddiaçı islahat zamanı istifadəsinə verilmiş, lakin dövlət aktı tərtib edilməmiş 0.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb edir.

16. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinin məzmununa görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

17. İnzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.

18. Hazırkı işdə də iddiaçının ilk növbədə mübahisəli daşınmaz əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün həmin əmlaka dair hüququ olmalıdır ki, cavabdeh orqanın hərəkəti (hərəkətsizliyi) nəticəsində onun hüquq və mənafeləri pozulmuş olsun.

19. Yəni, şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun subyektiv hüququ ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır.

20. Hazırki işdə isə iddiaçının mübahisə predmeti olan torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədləri mövcud deyildir.

21. Hüquqmüəyyənedici sənəd dedikdə elə sənədlər başa düşülür ki, məhz həmin sənədlər əsasında şəxsin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqları əmələ gəlmişdir və həmin sənədlər daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı üçün əsasdır.

22. Həmin əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində sadalanmışdır. Məhz həmin sənədlərə malik şəxslər daşınmaz əmlaka hüquq sahibi sayıla bilərlər.

23. Göründüyü kimi, hazırda mübahisə predmeti olan daşınmaz əmlaka dair iddiaçının adına hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyil.

24. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.

25. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektif hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

26. Məhkəmə qeyd edir ki, iddiaçının sözügedən torpaq sahəsinə hər hansı hüquqlarının mövcud olması müəyyən edilmədiyindən hazırda o həmin daşınmaz əmlaka münasibətdə subyektiv hüquq daşıyıcısı deyildir. Yəni, iddiaçının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş tələb hüququ olmadığından, o, hüququnun cavabdeh tərəfindən pozulmasını iddia edə bilməz.

27. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.

28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Nəticəvi hissə:

29. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar